Taun. Альбер КамюЧитать онлайн книгу.
e>
1
Kitabda yazılan qəribə əhvalatlar 194…-cı ildə Oran şəhərində baş verib. Bu yerlərdə belə bir hadisə görünmədiyindən, bəla hamını qəfil yaxalamışdı. Bu şəhər Əlcəzairin dəniz sahilində yerləşsə də, fransızların nəzarətində idi.
Şəhər heç nə ilə göz oxşamırdı. Onu başqa ticarət şəhərlərindən fərqləndirən cəhətlər çətin gözə dəyirdi. Deyin görüm, göyərçinsiz, ağacsız, qanad çırpıntısı, yarpaq xışıltısı eşidilməyən bir şəhəri sizə necə təsvir eləyim? Götürək fəsillərin dəyişməsini: baharın gəlişi havanın ətrindən və tacirlərin əyalətdən gətirib satdıqları gül dəstələrindən duyulur. Yayda istidən dam örtüyü qızmış evlər od tutub yanır. Qapı-pəncərəni bağlayıb evdə gizlənməli olursan. Payızda isə leysandan sonra hər yan palçığa dönür. Vur-tut qış gələndə mülayim günlər başlayır.
Bir şəhəri tanımaq üçün əvvəlcə orada adamların necə işlədiyini, necə sevdiyini və necə öldüyünü öyrənmək lazımdır. Bizim bu balaca şəhərdə isə sadaladıqlarımın hamısı elə iqlimin özü kimi qarışıq və cansıxıcıdır. Burada adam darıxır və başını necəsə qatmağa çalışır. Bizim şəhər camaatı çox işləyir; özü də varlanmaq üçün işləyir. Əsasən, ticarətlə məşğul olurlar. Amma kiçik əyləncələri də yaddan çıxarmırlar: kinoya gedir, dənizdə çimirlər. Belə əyləncələri, təbii olaraq, şənbə-bazar günlərinə saxlayır, həftənin qalan günlərini isə pul qazanmağa çalışırlar. Axşamlar işdən çıxanda vədələşib kafelərdə görüşür, bulvarda gəzişir, yaxud da öz eyvanlarında otururlar.
Mənə etiraz eləyə bilərlər ki, bu cəhətlər ancaq bizim şəhərə aid deyil, elə hər yerdə belə yaşayırlar. Doğrudur, adamların bütün gününü, yaxud işdən sonrakı vaxtını əyləncə yerlərinə pul tökməyə, boşboğazlıq etməyə sərf etmələri adi haldır. Amma elə şəhərlər və ölkələr də var ki, oranın camaatı hərdən başqa işlər haqqında da fikirləşirlər.
Bizim şəhərin ən maraqlı cəhəti burada ölümün də çətinliklə başa gəlməyidir. Əslində, bu çətinliyi «narahatlıq» adlandırmaq daha düzgün olar. Xəstəliyi heç kim xoşlamır və hamı xəstəlikdən qorxur. Amma elə şəhərlər, ölkələr var ki, orada xəstələrə xüsusi qayğı göstərirlər. Belə yerdə rahatca ölə də bilərsən. Xəstəyə qayğı göstərilməsi təbii haldır. Oranda isə iqlimə, iş-gücə, göz oxşamayan mənzərələrə, axşamın tez düşməsinə və yorucu, darıxdırıcı əyləncələrə dözə bilmək üçün sağlam can gərəkdir. Burada xəstə köməksiz qalır. Belə cansıxıcı yerdə can verən hər kəs ölümün necə əziyyətli olduğunu daha aydın duyur.
Sadaladığım cəhətlər, bəlkə də, şəhərimiz haqqında müəyyən təsəvvür yaradır. Geniş təsəvvür yaratmağa ehtiyac yoxdur. Əsas məqsəd şəhərin yöndəmsiz görkəmini və əhalinin darıxdırıcı həyatını nəzərə çatdırmaq idi. Adam müəyyən bir həyat tərzinə adət eləyəndə yaşamaq da onun üçün yüngülləşir. Gözəlliyi, yaşıllığı olmayan bu şəhərə də adam əvvəl-axır adət edir və burada ilişib qalır. Onu da demək lazımdır ki, şəhər təpələrin əhatə etdiyi boş bir düzənlikdə, arxası dənizə salınıb. Dənizi görmək üçün gərək dəniz kənarına gedəsən.
Bu ilin yazında baş verən əhvalatlar, daha sonra şəhəri bürüyəcək və bizim nəql edəcəyimiz bədbəxtliklər heç kəsin ağlına belə gəlməzdi. Həmin əhvalatlar bəzilərinə təbii, bəzilərinə isə ağlasığmaz görünəcək. Amma salnaməçi gərək bu cür fikirlərə əhəmiyyət verməsin. Onun borcu odur ki, hər şeyi olduğu kimi yazsın.
Bu əhvalatı danışan adamın kimliyini vaxt gələndə öyrənəcəksiniz. Onun belə bir əhvalatda iştirakı da şərtidir. Təsadüf onu hadisənin iştirakçıları ilə görüşdürüb, şahidlərin söylədiklərindən qeydlər götürüb və sonradan bu əhvalatı qələmə almağa girişib.
Deyəsən, giriş sözü uzun çəkdi. Əhvalatı danışmağa başlamaq lazımdır.
2
Aprelin 16-da səhər həkim Bernar Ryö otağından çıxanda qapının ağzında bir siçovul ölüsü gördü. O, çəkinmədən ayağı ilə siçovulu kənara itələyib, pilləkənlə aşağı endi. Amma küçəyə çıxanda qapısı ağzında siçovul görməsi ona təəccüblü göründü, odur ki dalandarı xəbərdar etmək üçün geri döndü. Dalandar – qoca Mişel siçovul ölüsü haqqında eşidəndə dəhşətə gəldi. Onun fikri qəti idi: evdə siçovul yoxdur, vəssalam. Yəqin, həmin siçovulu çöldən gətiriblər. Bir sözlə, kimsə zarafat edib.
Elə həmin axşam Bernar Ryö binanın girişində iri bir siçovul gördü. Heyvan az qala yanpörtü yeriyirdi. Sonra dayandı, müvazinətini düzəltmək istədi, yenə irəlilədi, sonra yerində fırlandı, astaca civildəyib yıxıldı və burun dəliklərindən qan açıldı. Həkim bir az ona tamaşa edib, öz mənzilinə qalxdı. Heyvanın burnundan qan fışqırması Bernar Ryönün fikrini qarışdırdı.
Həkimin arvadı bir il olardı xəstə idi. Ertəsi gün onu dağa, sanatoriyaya yola salacaqdı. İçəri girəndə gördü ki, arvadı onun tapşırığına əməl edərək çarpayıda uzanıb. Belə istirahətdən sonra sabahkı yolun yorğunluğu qadını çox da üzməzdi.
– Çalış, bir az yuxula, – həkim dedi. – Şəfqət bacısı saat on birdə gələcək, sizi saat on iki qatarı ilə yola salaram.
Ertəsi gün aprelin 17-si səhər saat səkkizdə dalandar həkimin yolunu kəsib şikayətləndi ki, kimsə yenə şit zarafat edib, girəcəyə üç siçovul ölüsü atıb. Özü də siçovullar al qanın içindədir və yəqin ki, onları iri dişli tələ ilə tutublar. Dalandar ölü siçovulları əlində sallayıb, qapı ağzında durmuşdu ki, bəlkə, qonşulardan kimsə şit zarafatını necəsə büruzə verdi.
– Eybi yox, əvvəl-axır əlimə keçəcəklər, – dalandar donquldandı.
Əhvalata marağı artmış Ryö bugünkü işinə ən kasıb məhəllələrdən başlamağı qərara aldı. Belə məhəllələrdə həyətlərin zibili daha gec daşınır, tozlu küçələrin səkiləri boyu düzülmüş zibil yeşikləri gün qalxana qədər dolu qalırdı. Keçdiyi küçələrdən birində həkim tərəvəz tullantılarının, çirkli əsgilərin arasında on ikiyə yaxın siçovul ölüsü gördü.
Həkimin evinə baş çəkdiyi ilk xəstə çarpayıda uzanıqlı vəziyyətdə idi. Mənzilin yeganə otağı həm yemək, həm də yataq otağı sayılırdı. Xəstə üz-gözü qırışlı, iti baxışlı qoca ispan idi.
Həkim ona iynə vuranda qoca dilləndi:
– Hə, doktor, siçovullar çıxmağa başlayıblar, görmüsünüz?
– Elədir, qonşular da siçovul ölüsü tapıb, – deyə arvadı əlavə etdi.
Ryö başa düşdü ki, məhəllədə hamı siçovullardan danışır. O, digər xəstələrinə də baş çəkib evə qayıtdı.
Qapıda qoca Mişellə rastlaşdı.
– Sizə teleqram gətiriblər, – dalandar dedi.
Həkim ondan yenə siçovul görüb-görmədiyini soruşdu.
– Daha yoxdur! – dalandar cavab verdi. – Bu əclaflar bura siçovul atmağa daha cəsarət eləməzlər.
Həkim teleqramı oxumağa başaldı: orada anasının ertəsi gün gələcəyi xəbər verilirdi. Xəstə arvadı burada olmadığı müddətdə ev işlərini anası görəcəkdi. Şəfqət bacısı artıq gəlmişdi. Arvadı isə paltarını geyinib, üzünə kirşan çəkmişdi. Həkim gülümsədi:
– Bax belə… hər şey yaxşıdır.
Vağzalda arvadını yataqlı kupeyə mindirdi. Arvadı kupeni nəzərdən keçirdi:
– Yəqin, bizim cibimizə görə çox bahadır, eləmi?
– Belə lazımdır, – əri cavab verdi.
– Bu siçovul əhvalatı nədir, danışırlar?
– Bilmirəm. Qəribə əhvalatdır, amma keçib-gedər.
Sonra üzrxahlıq elədi ki, qayğısına yaxşı qala bilməyib, çox vaxt ona qarşı diqqətsiz olub. Arvadı başını buladı – sanki susmasını xahiş eləyirdi. Həkim axırda dedi:
– Sən