Amfibiya adam. Александр БеляевЧитать онлайн книгу.
ction>
BİRİNCİ HİSSƏ
«DƏNİZ İBLİSİ»
Argentinanın bürkülü yanvar gecəsi idi. Qara səmada ulduzlar sayrışırdı. «Meduza» gəmisi lövbər atıb sakit dayanmışdı. Gəminin göyərtəsində yarıçılpaq mirvariaxtaranlar uzanmışdılar. Gərgin işdən sonra əldən düşmüş bu adamlar yuxuda ahıldayır, qışqırırdılar, bəlkə də, onlara tez-tez hücum edən köpəkbalıqları yuxularına girirdi.
Gecə növbəsində hindu Baltazar dayanmışdı. O, «Meduza» gəmisinin sahibi kapitan Pedro Zuritanın köməkçisi idi.
Baltazar cavanlığında məşhur molyusk ovçusu olmuşdu; suyun altında doxsan, hətta yüz saniyə qala bilirdi. Qocaldıqdan sonra mirvari axtarmaq peşəsindən əl çəkmişdi. Köpəkbalığının dişi Baltazarın sol ayağını eybəcər hala salmışdı. Buenos-Ayresdə balaca dükanı olan Baltazar mirvari, mərcan, balıqqulağı və dənizdə tapılan nadir şeylər alveri edirdi. Lakin sahildə darıxırdı. Buna görə də tez-tez molyusk ovuna gedirdi. Gəmi sahibləri onu yüksək qiymətləndirirdilər. La-Plata körfəzini, mirvari balıqqulaqları olan yerləri bu qoca hindudan yaxşı tanıyan yox idi.
Baltazar balaca çəlləyin üstündə əyləşib tələsmədən siqar çəkirdi. Onun göz qapaqları ağır-ağır enib-qalxırdı. O mürgüləyirdi. Lakin gözləri qapansa da, qulaqları səsdə idi.
Qəflətən okeanın uzaqlarından bir səs gəldi. Səs yaxınlıqda təkrar eşidildi. Baltazar gözlərini açdı. Sanki kimsə şeypur çalırdı, sonra gənc adam səsi gəldi: «A-a-a…» Bu nə paroxod fitinə, nə də boğulan adamın fəryadına oxşayırdı. Nə isə qeyri-adi, naməlum səs idi.
Baltazar ayağa qalxdı, göyərtənin qırağına gələrək okeanın səthinə diqqətlə baxdı. Heç nə görünmürdü. Sakitlik idi. Baltazar göyərtədə uzanmış hindunu ayağı ilə itələdi, o çömələrək qalxanda pıçıltı ilə dedi:
– Qışqırır. Deyəsən, odur.
Hindu diz üstə çöküb dinlədi:
– Eşitmirəm, – deyə pıçıltı ilə cavab verdi.
Birdən şeypur səsi və «A-a!..» qışqırığı yenə də sakitliyi pozdu.
Bu səsi eşidən hindu qamçı dəymiş pişik kimi əyildi:
– Hə, deyəsən, odur, – dedi.
Başqa ovçular da oyandılar. Onlar bir-birinə sıxılaraq gərgin halda qulaq asırdılar. Şeypur səsi və qışqırıq bir də eşidildi, sonra sakitlik çökdü.
– Odur…
– Dəniz iblisidir, – deyə balıqçılar pıçıldaşırdılar.
– Biz daha burada qala bilmərik!
– O, köpəkbalığından da qorxuludur!
– Xozeyini buraya çağırın.
Yalın ayaqların şappıltısı eşidildi. Xozeyin Pedro Zurita əsnəyə-əsnəyə, tüklü sinəsini qaşıya-qaşıya göyərtəyə çıxdı. Əynində yalnız kətan şalvar vardı; enli dəri kəmərindən revolver koburu asılmışdı. Zurita adamlara yaxınlaşdı. Fənər onun bürünc sifətini, alnına tökülən gur, qıvrım saçlarını, ucları yuxarı burulmuş qalın bığlarını və qısa çal saqqalını işıqlandırdı.
– Nə olub?
Hindular ağız-ağıza verib danışmağa başladılar.
– Biz onun… dəniz iblisinin səsini eşitdik.
– «A-a!» və şeypur səsi eşitdik! Yalnız dəniz iblisi bu cür səs çıxarır. Buradan tez çıxıb getmək lazımdır.
– Nağıl danışırsınız, – Pedro Zurita yenə də laqeydliklə çavab verdi.
Lakin hinduları yola gətirmək mümkün olmadı. Onlar həyəcanlanır və qışqıraraq hədələyirdilər ki, əgər Zurita lövbəri qaldırmasa, günü sabah sahilə çıxıb Buenos-Ayresə piyada yola düşəcəklər.
– Bu dəniz iblisini görüm sizinlə birlikdə lənətə gəlsin. Yaxşı, sübh tezdən lövbəri qaldırarıq, – kapitan deyinə-deyinə öz kayutuna getdi.
Dəniz iblisi barəsində əfsanələr gəzirdi. Dənizçilər onun haqqında pıçıltı ilə danışanda da qorxa-qorxa ətrafa baxırdılar. Qoca hindular deyirdilər ki, o, dəniz allahıdır, min ildə bir dəfə okeanın dərinliklərindən yuxarı qalxır ki, yer üzərində ədaləti bərpa eləsin. Katolik ruhanilər isə inandırmağa çalışırdılar ki, bu, dəniz iblisidir, əhali müqəddəs katolik kilsəsini yaddan çıxardığı üçün iblis adamların yanına gəlməyə başlamışdır.
Ağızdan-ağıza keçən şayiələr Buenos-Ayresə çatmışdı. Dəniz iblisi bir neçə həftə bulvar qəzetlərinin sevimli mövzusu olmuşdu. Əgər gəmilər, balıqçı qayıqları naməlum şəraitdə suda batırdısa, yaxud balıqçı torları cırılırdısa və ya yoxa çıxırdısa, dəniz iblisini təqsirləndirirdilər. Bir başqaları danışırdılar ki, iblis bəzən balıqçıların qayığına iri balıq atır və bir dəfə hətta suda boğulanı xilas etmişdir.
Hər şeydən təəccüblüsü bu idi ki, iblisin özünü görən olmamışdı, bu məxluqun görkəmini heç kəs təsvir edə bilmirdi. Bəziləri deyirdilər ki, iblisin buynuzu, keçi saqqalı, şir pəncələri və balıq quyruğu vardır. Bəziləri isə onu insan ayaqlı, nəhəng buynuzlu qurbağa şəklində təsvir edirdilər.
Balıqçıların çoxu dənizə çıxmaqdan qorxurdu. Ov azaldığına görə əhali balıqdan korluq çəkirdi. Belə olduqda yerli hökumət orqanları bu məsələni təhqiq etməyi qərara aldı. Polis nəfərləri motorlu qayıqlarla iki həftə La-Plata körfəzində dolaşdılar, lakin iblis ələ keçmədi. Polis idarəsi rəisi elan etdi ki, heç bir iblis yoxdur, bütün bunlar avam adamların uydurmasıdır, həmin adamlar həbs edilmişlər və lazımi cəza alacaqlar.
Bu, bir müddət kömək elədi. Lakin iblisin zarafatları davam edirdi.
Nəhayət, şübhələri yox etmək üçün okeanın içərilərinə elmi ekspedisiya göndərdilər. Qəzetlərdə dərc olunmuş hesabatda ekspedisiya üzvləri yazırdılar:
«Sahil qumsallığının bəzi yerlərində biz insan ayaqlarının ensiz, dar pəncələrinin ləpirini gördük. Ləpirlər dəniz tərəfdən gəlir və geri, dənizə tərəf qayıdırdı. Lakin sahilə qayıqla gələn adam da bu cür ləpir qoya bilər.
Kəsilmiş torlara baxdıq. Bu torlar iti kəsici alətlə kəsilmişdir. Ola bilər ki, torlar su altındakı iti qayalara, yaxud batmış gəmilərin dəmir parçalarına ilişib parçalanmışdır.
Şahidlərin dediklərinə görə, tufanın sahilə, sudan xeyli uzağa atdığı delfini gecə kimsə suya salmışdır. Məlumdur ki, delfinlər balıq ovlayarkən onları sahilə tərəf qovmaqla balıqçılara kömək edirlər. Balıqçılar da tez-tez delfinləri fəlakətdən qurtarırlar. Görünür, bu dəfə də balıqçılardan biri delfini sürüyüb dənizə salmışdır».
Lakin alimlərin susub danışmadıqları bir məsələ bu idi ki, sözügedən məxluq öz qəribə hərəkətlərini qısa vaxt ərzində, bir-birindən uzaq olan müxtəlif yerlərdə icra etmişdir. O ya misli görünməmiş sürətlə üzməyi bacarır, ya da onun üzmək üçün xüsusi mexanizmi vardır. Belə bir fərziyyə də irəli sürmək olardı ki, iblis tək deyil.
DELFİNİN ÜSTÜNDƏ
«Meduza»nın Buenos-Ayresə çatmasına iyirmi kilometr qalmışdı. Baltazarın məsləhətinə əməl edərək kiçik körfəzdə, qayalı sahil yanında lövbər saldılar.
Qayıqlar körfəzə dağılışdı. Adət üzrə hər qayıqda iki adam var idi; biri suya enir, digəri isə onu qaldırırdı. Sonra onlar bir-birini əvəz edirdilər.
Qayıqlardan biri sahilə lap yaxınlaşdı. Suya baş vuran hindu dənizin dibinə endi. Su çox ilıq və şəffaf idi, onun dibindəki hər daş aydın görünürdü. Sahilə yaxın yerdə dənizin dibindən mərcan kolları ucalırdı. Qızılı və gümüşü rəngə çalan kiçik balıqlar bu kollar arasında şütüyürdü.
Hindu balıqqulaqlarını belindəki qayışa bağlanmış kisəyə yığmağa başladı. O biri ovçu ipin digər ucundan yapışıb qayığın qırağından əyilərək suya baxırdı. Birdən suyun dibindəki