Эротические рассказы

Al yelkənlər. Александр ГринЧитать онлайн книгу.

Al yelkənlər - Александр Грин


Скачать книгу
raph>

      Nina Nikolayevna Qrinə ithaf olunur

      23 noyabr 1922-ci il

      I

      GƏLƏCƏKDƏN XƏBƏR VERƏN SEHRBAZ

      Olduqca möhkəm, üç yüz tonluq ikidorlu yelkən gəmisi “Orion”un matrosu Lonqren on il xidmət etdiyi iş yerinə doğma anası təki bağlansa da, oranı, nəhayət, tərk etmək məcburiyyətində qaldı.

      Olaysa belə baş verdi. Evə nadir dönüşlərinin birində, adəti üzrə, hələ uzaqdan, daxmanın kandarından əllərini yellədən, sonra təngnəfəs qarşısına qaçan arvadı Merini görmədi. Lonqrenin balaca evində yaxınlarda peyda olmuş uşaq çarpayısının başındasa ev sahibəsinin əvəzinə üz-gözündən təlaş yağan qonşu qadın dayanmışdı.

      – Qonşu, düz üç ay onun qulluğunda durdum, – qadın söylədi, – bir qızına bax.

      Bənizi kağıztək ağarmış Lonqren çarpayının üzərinə əyilib maraq dolu nəzərlərini onun uzun saqqalına dikmiş səkkizaylıq varlığa baxdı, sonra oturub başını aşağı saldı və göz yaşlarından islanmış bığlarını eşməyə başladı.

      – Meri nə vaxt öldü? – soruşdu.

      Qadın körpəyə ara-sıra layla çala-çala və Merinin cənnətdə olduğunu təsdiqləyə-təsdiqləyə kədərli əhvalatı nəql elədi. Lonqren təfərrüatlara varanda cənnət ona odun anbarından bir az işıqlı göründü və o düşündü ki, adi lampa işığı, – indi onlar birgə, üçlükdə olsaydılar, – müəmmalı dünyaya getmiş qadın üçün əvəzedilməz sevinc olardı.

      Üç ay bundan əvvəl gənc ananın təsərrüfat işləri lap bərbad imiş. Lonqrenin evdə qoyduğu pulun böyük bir hissəsi çətin doğuşun ardından gələn müalicəyə və yeni doğulmuş körpənin qayğılarına sərf olunur; ərinin gəlişinəcən heç cür keçinə bilməyəcəyini anlayan qadın Mennersdən borc istəmək məcburiyyətində qalır. Aşxana və dükan sahibi olan bu Menners varlı birisi idi.

      Meri axşam saat altıda onun yanına gedir. Saat yeddi radələrində isə qonşu qadın Lonqrenin arvadı ilə Lissaya gedən yolda rastlaşır. Ağlamaqdan gözləri qızarmış və pərişan olmuş Meri nişan üzüyünü girov qoymaq üçün şəhərə yollandığını söyləyir. Bir də əlavə edir ki, Menners pul verməyə razılaşsa da, bunun müqabilində ona aşnası olmağı təklif edib. Meri əliboş geri qayıdası olub.

      – Evdə bir tikə qara çörək belə yoxdur, – biçarə ana qonşu qadına söylədi. – Şəhərə gedim, başımın çarəsinə qalım, üzüyü girov qoya bilsəm, ərim qayıdanadək qızımla birtəhər keçinərik.

      Həmin axşam hava soyuq və küləkli idi; qonşu qadın gənc ananı gecəyə yaxın Lissaya getmək fikrindən heç cür daşındıra bilmir. “Meri, görürsən, yağış yağmağa başlayır, islanacaqsan, bir də gördün külək leysanı da qovub gətirdi”.

      Dənizkənarı kənddən şəhərə haradasa üç saata yaxın yol getmək lazım idi, amma Meri qonşu qadının məsləhətini qulaqardına vurur. “Artıq gözünüzün içinə baxa bilmirəm, – gənc ana deyir, – ətrafda elə bir ailə yoxdur ki, ona çörək, ya da un borclu olmayım. Daha bəsdir, üzüyü girov qoyacam”. Meri dediyi kimi də şəhərə gedib qayıdır, yalnız səhərisi gün yatağa düşür və qızdırmadan od tutub yanır; yağışlı hava və gecənin soyuğu sətəlcəmə səbəb olur. Ağır diaqnozu rəhmdil qonşu qadının çağırdığı şəhər həkimi qoyur. Bir həftə sonra Lonqrenin ikiadamlıq çarpayısı boş qalır, qonşu qadınsa anadan yetim qalmış qızcığaza baxmaq üçün bura köçür. Onsuz da neçə illərdir dul qalıb, heç olmasa, kiməsə köməyi dəysin. Bir də ki, – qadın əlavə elədi, – uşağa mehrini salıb, onsuz darıxır.

      Lonqren şəhərə gedib işdən çıxdı, yoldaşları ilə vidalaşıb bundan belə balaca Assolu böyütməyə başladı. Qızcığaz ayaq açanadək dul qadın matrosun evində yaşayıb yetimə ana əvəzi oldu, amma Assol yıxılmadan ayağını kandardan atmağı öyrənən kimi Lonqren bundan belə qızı üçün hər şeyi özü edəcəyini qətiyyətlə elan elədi. Beləcə, göstərdiyi şəfqətə görə qonşusuna minnətdarlıq edib bundan belə tənha dul kişi həyatı yaşadı; həyatını, ümidlərini, sevgisini və xatirələrini bütünlüklə balaca varlığa bağladı.

      Onillik sərsəri həyatı ərzində arxaya, demək olar ki, pul ata bilməmişdi. Odur ki işləməyə başladı. Tezliklə şəhər dükanlarında onun düzəltdiyi oyuncaqlar peyda oldu. Məharətlə düzəldilmiş qayıqların, katerlərin, birgöyərtəli və ikigöyərtəli yelkənli gəmilərin, kreyserlərin, paroxodların balaca modelləri qismən də olsa ona rəngarəng liman və dəniz həyatının səs-küyünü əvəzlədi. Lonqren həm də bu yolla özünün və qızının kasıbyana mövcudluğunu təmin elədi. Onsuz da təbiətcə ünsiyyətcil olmayan matros, arvadının ölümündən sonra daha da adamayovuşmaz və qapalı həyat tərzi yaşadı. Bəzən bayram günlərində onu meyxanada görsələr də, burada heç vaxt uzun müddət qalmır, piştaxta arxasında tələsik bir qədəh araq içir və ətrafdakıların ünsiyyət cəhdinə cavab olaraq qısa şəkildə “hə”, “yox”, “salam”, “sağ ol”, “salamatlıqdır” ifadələri ataraq oranı tərk edirdi. Qonaqları heç görməyə gözü yox idi; onlara qarşı gözgörəsi kobud olmasa da, elə eyhamlar vurur və qondarma səbəblər gətirirdi ki, gələn adamın evi tərk etmək üçün bəhanə uydurmaqdan savayı əlacı qalmırdı.

      Özü də heç yerə qonaq getmirdi; beləcə, yerliləri ilə onun arasında soyuq münasibət yarandı. Lonqrenin işi kənd əhlindən o qədər də asılı olmadığından bu cür münasibətlərin acı aqibətindən də özünü qoruya bildi. Bazarlığı, adətən, şəhərdə edərdi, Mennersdən kibrit belə almırdı. Ev işlərini də özü görür və qızını kişilərə xas olmayan səbir nümayiş etdirməklə böyüdürdü.

      Assol artıq beş yaşına çatanda atasının üzündəki sərt ifadə nisbətən yumşalmağa başladı. İndi qızı Lonqrenin dizləri üstə oturub jiletinin düymələrini açmağa çalışanda, ya da məzəli tərzdə matros mahnılarını ifa edəndə kişinin eyni açılır və hətta gülümsəyirdi. Uşaq səsi və tərzi ilə (Assol “r” hərfini hələ yaxşı tələffüz edə bilmirdi) ifa olunan bu mahnılar mavi lentlə bəzənmiş oynaq ayı balası təəssüratı bağışlayırdı. Həmin ərəfədə kölgəsi eyni vaxtda həm atanın, həm də qızının üzərinə düşən bir olay baş verdi.

      Erkən yaz sərtliyi ilə qışdan geri qalmırdı. Üç həftə davam edən şimal küləyi soyuğun təsirini birə-beş gücləndirmişdi.

      Sahildə növbələşən balıqçı qayıqları bəyaz qumun üzərində nəhəng balıqların onurğasını xatırladırdı. Bu cür havada heç kəs balıq tutmağa cürət etmirdi. Kəndin yeganə küçəsində evinin kandarından bayıra ayaq basan tək-tük adam görmək olardı; sahildən əsən soyuq qasırğa “açıq havanı” sərt işgəncəyə çevirmişdi. Kapernanın bütün bacaları səhərdən axşamadək tüstülənirdi.

      Amma Lonqren üçün sərt külək öz qızılı örtüyü ilə dənizlə Kapernanı oxşayan günəşdən daha cəlbedici idi. O bu günlərdə xudmani, isti yuvasını tez-tez tərk edirdi. Lonqren hündür dirəklərin üzərində salınmış körpüyə çıxır, bu taxta bəndin düz qurtaracağında əyləşib tənbəki çubuğunu dodaqlarının arasına basır, sanki elə indicə sahili ağuşuna alacaq, şahə qalxmış dalğalara uzun-uzadı tamaşa edirdi. Ətrafı bürümüş gurultu, havanı yaran nəhəng dalğaların uğultusu, günlərdi buralarda meydan sulayan küləyin müdhiş fısıltısı Lonqrenin əzab çəkməkdən üzülmüş qəlbinə ağır müsibəti donuq kədərədək yumşaldan, dərin yuxunu xatırladan kütləşmə təsiri bağışlayırdı.

      Belə günlərin birində Mennersin on iki yaşlı oğlu Xin qayıqlarının körpünün altındakı dirəklərə zərblə çırpıldığını görüb bu haqda atasına xəbər verdi. Fırtına təzəlikcə başlamışdı; Menners qayığı qumsallığa çıxarmağı unutmuşdu. O, dərhal sahilə yollandı və bəndin qurtaracağında arxası ona tərəf dayanıb damağında tənbəki çubuğu fırtınanı seyr edən Lonqreni gördü. Sahildə ikisindən savayı heç kəs yox idi. Menners körpünün ortasına çatıb dalğalı dənizə endi və kəndiri açdı; qayıqda ayaq üstə dayanıb dirəklərdən tuta-tuta sahilə çıxmağa çalışdı. Avarları götürməmişdi və növbəti dirəkdən yapışmaq istəyəndə ayaqları səndələdi, əli havada qaldı, küləyin bərk zərbəsi qayığın burnunu okeana tərəf çevirdi. İndi Menners uzun bədənini nə qədər


Скачать книгу
Яндекс.Метрика