Xatirələrim. Şıxlinski ƏliağaЧитать онлайн книгу.
ın müəllifi / Teymur Fərzi
Qeyd və izahlar Şəmistan Nəzirlinindir
Əlirğr Şıxlinski
Müqəddimə
Bu maraqlı "Xatirələrim" in müəllifi, keçmiş rus ordusu general-leytenantı Əliağa Şıxlinskinin adı böyük şöhrət və yüksək nüfuz qazanmışdır. Bu ad yalnız rus topçuları arasında deyil, həm də rus ordusunun geniş dairələrində, 1914-1918-ci illərdəki I Dünya Müharibəsi, 1904-1905-ci illərdəki Rus-Yapon Müharibəsi və xüsusilə Port-Artur epopeyası iştirakçıları arasında son dərəcə geniş hörmət və dərin məhəbbət tapmışdır. Əliağanın özü isə bilavasitə bu epopeyanın qəhrəmanı idi.
Əliağanın adı köhnə rus topçularının yeganə sağ qalan nümayəndəsi kimi mənim üçün olduqca əziz və qiymətlidir; mən ona həmişə səmimi hörmət və məhəbbət bəsləmiş, onunla 1906-1917-ci illərdə keçmiş Topçu zabitləri məktəbində və topçu general-müfəttişi nəzdində birlikdə işləmişəm.
Əliağa Şıxlinski öz doğma topçuluq sənətimizə həmişə faydalı olmağa səmimiyyət və məhəbbətlə can atan, bütün varlığını, bilik və qüvvəsini onun inkişafına, mükəmməlləşməsinə, döyüş hazırlığına və bu sahənin fəaliyyətində məharət qazanmasına həsr etmiş rus topçularının ən parlaq nümayəndələrindən biri idi. Bundan başqa, Əliağa yalnız topçuluqdakı yeni müvəffəqiyyətlərdən xəbərdar olmaq üçün deyil, həm də irəlini görmək – həmişə qabaqda olmaq üçün topçuluğun taktika və texnika sahəsindəki nailiyyətlərini yorulmadan, ciddi və diqqətlə izləyərdi. O, irəlidə getmək arzusuna həyatının son günlərinə qədər sadiq qalmışdır. Əliağa ölümündən bir az əvvəl deyib yazdırdığı "Xatir ələrim" də göstərir ki, "indi bu qədər taqətsiz olmasaydım, qulaqlarım və gözlərim gücdən düşüb, ürəyim də zəifləməsəydi, mən "İrəli! Daim irəli!" – şüarı altında işləyə bilərdim".
Təbiət Əliağaya böyük bir ağıl, hərbi məharət istedadı, mərdlik, nəcib sifətlər, vətənin müdafiəsi üçün çox faydalı olan müstəsna bir qabiliyyət vermişdi.
Əliağanın "Xatirələrim" də yazdığı kimi, keçmiş olduğu təlim – xidmətin parlaq bir yol olduğunu, özü dediyi kimi, onun "gəhgir bir at kimi irəli atılmasına" baxmayaraq, ali akademik hərbi təhsil görmədiyi halda, "akademiyasız da həyatda öz mövqeyini tapdığını" təsdiq etməyi özümə borc bilirəm. O, köhnə rus topçuları içərisində rus ordusu həyatında ən yüksək yerlərdən birini tuturdu.
Hərbi işə bəslədiyi məhəbbət, göstərdiyi fədakarlıq, topçuluğu dərindən bilmək, xüsusilə bu sahədə yaradıcılıq istedadı – bütün bunlar Əliağa Şıxlinskiyə xidmət sahəsində sürətlə irəliləməyə və köhnə rus ordusunun topçu komandirləri arasında görkəmli yer tutmağa imkan vermişdi. Əliağa nizami hazırlığın məsul rəhbəri və topçuluğun şanlı, görkəmli komandiri idi. Əliağanın yetişdirdiyi və onu özlərinə nümunə bilən rus topçuları 1914-1917-ci illərdə Avstriya-Almaniya qoşunları ilə döyüşlərdə misilsiz topçuluq məharəti, böyük mərdlik və igidlik göstərmişdilər.
Əliağa Şıxlinski vəfat etdi. O, bizim şanlı Qızıl Ordu topçuları sırasında yoxdur, lakin köhnə rus ordusunun döyüş ənənələrində onun yaratmış olduğu böyük işlərin hamısı yaşayır və yaşayacaqdır. Bu ənənələrin ən yaxşı cəhətlərini bizim şanlı sovet topçuları mənimsəmiş və ona sadiq olmuşlar. Rus topçularının keçmiş qəhrəmanlıqlarından ruhlanan topçularımız alman faşizmi barbarlarına qarşı Böyük Vətən Müharibəsi günlərində düşməni amansız hala məhv edib, öz atəşlərilə vətənimizin şərəf və istiqlaliyyətini qorumaqda şanlı Qızıl Orduya böyük yardım göstərirlər.
Əliağa Şıxlinskinin "Xatirələrim"i müəllifin qısa müqəddiməsindən, yeddi fəsil və bir neçə sətir nəticələrdən ibarətdir. Fəsillər bunlardır:
1) Ailə və məktəb;
2) Zabitlik xidmətinin ilk on üç ili;
3) Uzaq Şərqdə xidmətim və Çin səfəri;
4) Rus-Yapon Müharibəsində iştirakım;
5) Yapon müharibəsindən I Dünya Müharibəsinə qədər;
6) I Dünya Müharibəsində iştirakım;
7) Azərbaycanda xidmətim.
Əliağa Şıxlinski igidliyi ilə məşhur qədim bir nəsildəndir. Əliağa, Şıxlinskilər içərisində qoçaqlığı ilə böyük ad-san qazanan, elmlərə o qədər də əhəmiyyət verməyən, lakin savadlı bir adam olan az torpaqlı mülkədar İsmayıl-ağa Əliqazax oğlu Şıxlinskinin ailəsində doğulmuşdur. Əliağa Şıxlinskiyə babalarından rəşadət və igidlik kimi sifətlər miras qalmışdır. O, bütün nəsli içərisində Avropa üsulu ilə ümumi təhsil görmüş ilk adam olmuşdur. Əliağa ömür boyu təhsilini müstəqil surətdə artırmağa və təkmilləşdirməyə çalışmışdır. O, 1863-cü ildə anadan olmuş və səksən il ömür sürmüşdür.
Əliağa Tiflisdə gimnaziyaya girdiyi ilk gündən elmləri mənimsəməkdə böyük səy göstərmiş, ikiillik kursu yeddi ay ərzində başa çatdıran yeganə şagird olmuşdur. Hətta o, 1876-cı ildə daxil olduğu kadet korpusunu 1883-cü ildə qurtarıncaya qədər birinciliyi əldən verməmişdir. Peterburqda Mixaylov topçuluq məktəbində Əliağa dərslərdə müvəffəqiyyətinə görə ilk üç əlaçı şagirddən biri olaraq diqqəti cəlb etmişdir. Bu məktəbdə Əliağa o zamanın məşhur professorları mexanik Kirpiçev, texnoloq Qodolin, ballistik Mayevski, kimyaçı Fyodorov, fizik Usov və başqalarının şagirdi olmaq kimi bir xoşbəxtliyə qovuşmuş və onların sayəsində geniş məlumat əldə etmişdir. Əliağa öz topçuluq təhsilini daha da mükəmməlləşdirmək üçün ehtimal nəzəriyyəsinin topçuluqda tətbiqi kursunu müstəqil surətdə məşhur professor N. A. Zabudskinin qeydləri üzrə öyrənmişdir. Öz ümumi hərbi təhsil səviyyəsini yüksəltmək məqsədilə o, baş qərargah və hərbi-mühəndis akademiyalarında professor Kuropatkinin, professor Draqomirovun və Kyuyinin Rus-Osmanlı Müharibəsində general Skobelevin dəstələrinin, rus topçuluğunda altıdüymə səhra toplarının tətbiqi, qala qarnizonunun miqdarı və sair məsələlərə dair mühazirələrini dinləmişdir.
Əliağa topçuluq məktəbini 1886-cı ildə mükafatla bitirərək, o zaman Qafqazda olan 39-cu topçu briqadasına podporuçik rütbəsilə xidmətə təyin edilmişdir.
General Əliağanın rus topçuluğunda, xüsusilə Rus-Yapon və Dünya müharibələrində iştirak etməsinə dair xatirələri Sovet İttifaqının geniş oxucu kütləsi üçün çox maraqlıdır. Müəllifin həmyerliləri öz Əliağa Şıxlinskisi ilə haqlı olaraq iftixar edə bilərlər. Bu xatirələr təkcə azərbaycanlılar üçün deyil, eyni zamanda Qızıl Ordunun bütün zabit heyət və ilk növbədə, topçular üçün olduqca ibrətlidir.
Əliağanın topçuluqda keçdiyi şanlı xidmət yolu Qızıl Ordunun topçuları və bütün hərbi xidmətçiləri üçün bir örnək olmalıdır; bu yolun tarixilə tanışlığın həm tərbiyəvi, həm də hərbi təhsil baxımından böyük əhəmiyyəti vardır.
Port-Artur[1] epopeyasına aid xatirələri oxuduqda, qala müdafiəçilərinin qəhrəmanlıq və rəşadətlərindən insanın qəlbi qürur hissilə coşur. Bu müdafiəçilər arasında müəllifin özü ilk üç nəfərdən (Kondratenko, Şıxlinski, Qobyato) biri idi. Port-Arturun müdafiəçisi olmaq etibarilə Əliağamn qəhrəmanlığı öz vətəninin şərəf və azadlığını müdafiə edən hər bir şəxs üçün əsas nümunədir. Əliağa döyüşdə ağır yaralansa da, əsgəri vəzifəsinə axıra qədər sadiq qalır. O, yalnız onu əvəz etməyə gələn podporuçik Mixaylova hansı topu hansı tərəfə atəş açdığına, hər top üçün süni hədəf nöqtəsinin harada olduğuna, bucaq ölçənin vəziyyətinə və sairəyə dair ətraflı göstəriş verdikdən sonra mövqeyini tərk edir; yaponların mərmilərindən, "dolu kimi yağan" tüfəng və pulemyot gülləsindən böyük tələfat vermək, patron azlığından düşmən toplarının atəşinə məruz qalmaq və Stesselin Port-Arturu yaponlara təslim etmək qərarı nəticəsində əsgərlər arasında əmələ gələn "ruh düşkünlüyünü" aradan qaldırıb onlara ürək-dirək vermək üçün Əliağa düşmənin şiddətli atəşi altında toplara bir-bir baş çəkir, əsgərlərlə zarafat edir; ona vətənə qayıtmaq icazəsi
1
Port-Artur (Lyuy-şun) – Çinin Lyaodun yarımadasının cənub-qərbində donmayan hərbi dəniz bazasıdır. Kvantun yarımadasında Lyaodun və Baxayvan körfəzlərinə daxil olub. Liman və qala XIX əsrin 80-ci illərində balıqçı kəndi Lyuy-şun-kounun yerində tikilib.
1894-cü ildə Yapon-Çin müharibəsi, 1894-1895-ci illərdə Port-Artur dövründə yapon qoşunları tərəfindən işğal edilir. Nəticədə bir çox qala tikililəri dağıdılır. 1895-ci il Simonensk müqaviləsinə görə, Port-Artur Yaponiyanın tərəfinə keçir. Sonra isə Rusiyanın, Almaniyanın və Fransanın təsiri ilə Port-Artur Çinə qaytarılır.
1898-ci ilin martın 15-də(27) Pekində Rusiya-Çin arasında saziş imzalanır. Bu sazişə əsasən, Kvantun yarımadası Port-Artur qalası ilə birlikdə 25 il müddətinə Rusiyaya istifadəyə verilir.
Kvantun yarımadası və ona yaxın olan adalar sonralar Kvantun vilayətini təşkil edir. 1903-cü ildə Priamur general qubernatorluğu ilə birgə Uzaq Şərq canişinliyinin tərkibinə daxil olur. Canişinliyə Ad-miral Yevgeni İvanoviç Alekseyev başçılıq edir.
Rus-Yapon müharibəsi qurtarandan sonra 1905-ci ildə Port-smut sülh müqaviləsinə əsasən, Port-Arturdan istifadə hüquqları Yaponiyaya təhvil verilir. Yapon istilası Sovet qoşunlarının Yapon Samuray hərbi hissələri darmadağın edildiyi ilə – 1945-ci ilə qədər davam edir. Hazırda Port-Artur Çin Xalq Respublikasının tərkibindədir.