Qədim türklər. Лев ГумилевЧитать онлайн книгу.
QƏDİM TÜRKLƏR» ÜZƏRİNDƏ DÜŞÜNCƏLƏR
Bəşəriyyət tarixində elə xalqlar mövcuddur ki, onların təşəkkül və inkişaf tarixi, dünya sivilizasiyasında tutduğu qanuni mövqe başqa xalqların, dövlətlərin, qədim mədəniyyətlərin tarixinin araşdırılması ilə müqayisədə çox az öyrənilmişdir:
Tarixi ədəbiyyata dərin marağın artdığı və gücləndiyi bir dövrdə qədim xalqların təşəkkül və inkişaf tarixini tədqiq edib oxuculara çatdırmaq, hər bir xalqın dünya xalqları ailəsində mənsub olduğu layiqli obyektiv mövqeyi açıb göstərmək, nəhayət, xalqların, dövlətlərin, mədəniyyətlərin ümumdünya sivilizasiyasına əsl təsirini üzə çıxarmaq, hamının malı etmək bütövlükdə keçmişin düzgün, təhrif olunmadan öyrənilməsində böyük əhəmiyyət kəsb edir.
Çox təəssüf ki, müxtəlif subyektiv mülahizələr əsasında az öyrənilmiş xalqlardan biri də qədim dövlətçilik və mədəniyyət tarixinə malik olan türk xalqlarının tarixidir:
Əslində, vaxtilə nəhəng bir əraziyə malik olan qədim türk xalqlarının tarixinin öyrənilməsinin müəyyən obyektiv səbəbləri vardır. Türk xalqlarını bir- birindən təcrid etmək, onların qədim dövlətə, mədəniyyətə malik olduğunu göstərməmək, yeni yaranmış nəslin dünyagörüşündə bu qədim xalqın qədimliyinin tarixi köklərinə aid baxışların dərin kök atmasına yol verməmək Sovet milli siyasətinin başlıca tendensiyalarından biri idi. Çünki vaxtilə çox böyük ərazidə yaşayan və əsrlər boyu bu ərazilərdə türk mədəniyyəti və tarixinin qalıqlarını sübut edən xalqın böyüklüyünü, mənəvi zənginliyini qəbul etmək imperiyanın milli siyasətinə qətiyyən uyğun gəlmirdi. Lap yaxın vaxtlara qədər, əgər mütəxəssisləri nəzərə almasaq, əhalinin böyük əksəriyyəti türk xalqlarının qədim tarix və mədəniyyəti, dövlət quruluşu ilə, keçmiş SSRİ ərazisində xeyli türkdilli xalqın yaşadığını və onlar ilə azərbaycan türkləri arasında tarixən mənəvi yaxınlıq olduğunu yəqin ki, bilmirdilər. Başqa xalqlar öz qədim tarixlərini qondarma üsullarla sübuta yetirmək üçün dəridən-qabıqdan çıxdıqları halda, bütün dünyaya car çəkib «biz qədim xalqıq» deyib hay-həşir saldıqları halda türk xalqlarının başı elə qarışdırılmış, hakim milli siyasətin qurduğu tor elə möhkəm toxunmuşdu ki, biz öz tariximizi, dövlətçilik qurumumuzu gah farslarla bağlayır, uzun illər boyu, elə bu günün özündə də bu siyasətə xidmət edən tarixi ədəbiyyatı təbliğ etməklə məşğul olur, gah da öz milli tariximizin köklərini ümumtürk dünyası tarixindən təcrid olunmuş şəkildə öyrənir və araşdırırıq. Bu isə, məlum olduğu kimi, əleyhdarımızın türk xalqlarının, tarixinin təhrif olunmasını, vahid öyrənilmə məcrasından uzaqlaşdırılmasını güdən, yetmiş il ərzində bu siyasəti yeritməklə türk övladlarının mənəviyyatını dəyişdirməyə çalışan qüvvələrin başlıca qayəsidir. Məhz bu tendensiyanı əsas götürərək ittifaqda çapdan buraxılmış külli miqdarda tarixə aid dərslik və tədqiqatlarda gah türk xalqlarının tarixən təşəkkül tapdığı ərazilər, arxeoloji qazıntılar, daş salnamələr, qədim mədəniyyət nümunələri, dünyanı lərzəyə gətirən güclü axınları barədə danışılmır, gah da başqa xalqlara, dünya tarixində dövlət qurumu türklərə nisbətən çox az qədim olan xalqlara daha geniş yer ayrılır. Çoxcildli «Vsemirnaya istoriya», «İstoriya drevneqo mira» (3 cilddə), «İstoriya srednix vekov» (2 cilddə), «Sovetskiy ensiklopediçeskiy slovar», habelə yüzlərlə dərslik və tədqiqat əsərlərinin adını sadalamaq olar ki, bu kitablarda türk xalqlarının qədim tarixi oxucu diqqətindən kənarda qalır, bəzən də ona çox səthi məlumat verilir.
Beləliklə, başqa xalqların tarixi yaxşı tədqiq olunduğu, şişirdildiyi, dünyaya ən qədim bir xalq, tarix kimi tanıdıldığı halda, süni maneələr tətbiq etməklə türk xalqlarının ümumi tarixi arasında qəsdən uçurumlar yaradılır, bir-birindən təcrid olunmuş halda tədqiqat məcrasına yönəldilir, öz kökündən uzaqlaşdırılaraq başqa xalqların tarixinə calaq edilir, eyniləşdirilir, bu məkrli, uzaqgörən siyasətdən baş çıxardıqda isə mövcud tədqiqatların nəşri, üzə çıxarılması və yayılmasını qadağan edirdi.
Ümumtürk tarixindən təcrid olunmuş şəkildə araşdırılan Azərbaycan tarixi də bu vəziyyətdədir. Buna görə də qədim dövrdən başlayaraq əsrimizin iyirminci illərinə qədər Azərbaycan tarixində ağ səhifələr, təhriflər çoxdur. Ümumtürk tarixindən ayrı təsəvvür edilməyən Azərbaycan tarixinin düşdüyü vəziyyəti Ə. Əliyev çox yaxşı səciyyələndirir: «Uzun illərlə ya hökm edilib, ya da milyonlar buraxılıb ki, Azərbaycan tarixində nədən danışırsan, danış, yazırsan yaz, söy, dağıt… ancaq elə et ki, bu Dərbənddən Həmədana, Qəzvindən Trabzona qədər olan bir ölkədə türk adı çəkilməsin, çəkilsə də «gəlmə» olsun, «talançı», «düşmən», «vəhşi», «başkəsən», daha nə cür mümkünsə.: dalğalar hazırlansın! Azərbaycan tarixini yaradan biz türklər qələm əlində olan düşmənlərimiz tərəfındən nə qədər ki, yazılardan çıxarılırıq və danılırıq – Azərbaycan tarixi düzgün yazılmayacaq».
Buna görə də biz qəti bilməliyik: ümumi qədim türk tarixi öyrənilməyincə, Azərbaycan tarixi düzgün araşdırıla bilməz:
Lakin müxtəlif vaxtlarda imperiyanın bu bədnam milli siyasətinə qarşı çıxan elə şəxslər olmuşdur ki, onlar heç bir maneəyə, çətinliklərə baxmayaraq, bütün məhrumiyyətlərə öz zəkaları, fıziki imkanları hesabına sinə gərmiş və keçmiş Sovetlər birliyinin nəhəng ərazisində vaxtilə qədim türk xalqlarının məskunlaşdıqlarını geniş oxucuya çatdırmış, bu sahədə samballı tədqiqat əsərləri yazıb ortaya çıxarmışdır.
Belə görkəmli şəxslərdən biri də türk xalqlarının yaxın dostu sayılan Lev Nikolayeviç Qumilyovdur. Əsrimizin iki böyük tanınmış şairinin – N.S.Qumilyovun və A.A. Axmatovanın övladı olan bu böyük tarixçi insan bütün həyatını türk xalqlarının qədim dövr tarixinin araşdırılmasına həsr etmişdir. Onun elm aləmində böyük əks-səda doğuran monoqrafiyaları, tədqiqat xarakterli məqalələri, bu məcrada elmi fəaliyyəti türk xalqlarının tarixinin öyrənilməsi və təbliği sahəsində mühüm addım kimi qiymətləndirilməlidir. Çünki bu faydalı fəaliyyət ölkədə türk xalqlarının tarixinin öyrənilməsi sahəsində mövcud olan boşluğun doldurulmasına, bütövlükdə həm oxucu, həm də geniş ictimaiyyətin bu problemə nəzər-diqqətinin cəlb edilməsinə zəruri imkan yaratmış və sonrakı mərhələlərdə yeni tədqiqatların yaranmasına cığır açmışdır. Bu böyük və qədim xalqın soykökünün, tarixinin araşdırılmasına icazə verilmədiyi bir vaxtda, o bu gün belə əhəmiyyətini itirməyən, bir çox tədqiqatçıların dönə-dönə oxuyub bəhrələndiyi, gündəlik stolüstü kitabına çevrildiyi iri həcmli, elmi-kütləvi səpkidə yazdığı «Qədim türklər» kitabını ortaya çıxarmışdır.
Bu kitab həqiqətən elm aləmində çox böyük əks-səda doğurdu. Ömrünün otuz iki ilini yalnız bu kitabın – son dərəcə dəyərli tədqiqat əsərinin yaranmasına həsr etmiş müəllif, əsərin adından göründüyü kimi, qədim türklərin dövlətinin yaranması, inkişafı və süqutu qanunauyğunluqlarını zəngin tarixi faktlar əsasında araşdırır.
Onu da qeyd edək ki, kitabda qədim türklərin V—IX əsrlərdə inkişaf tarixi öz əksini tapmışdır. Bu dövr türk tarixinin ən maraqlı və zəngin dövrlərindən biri olsa da, bütövlükdə türk xalqlarının ən qədim dövrü haqqında heç də təsəvvür yaratmır. Türklərin hələ eradan əvvəl dövlət qurumlarının mövcudluğu, Sibir və Altay çöllərində, Çin ətrafında, habelə müxtəlif vaxtlarda zəfərli yürüşlər zamanı Asiyanın və Avropanın bir çox regionlarına geniş yayılması, məskunlaşması, zəngin mədəniyyət və məişətə malik olmaları bu kitabda tədqiqatdan kənarda qalmışdır.
Bundan əlavə, əsərdə yalnız Şərqdə, Sibir və Altay, habelə müasir Asiyanın ərazilərində yaşayan qədim türklər barədə danışılır. Qərb regionunda, o cümlədən Qafqaz, İran, müasir Azərbaycan ərazisində qədim dövrlərdən bəri məskunlaşmış, daha doğrusu, aborigen əhali olmuş türklərin tarixi, həyat tərzi, mədəniyyəti və dünyagörüşü məsələlərinə toxunulmur.
Bu da təbiidir. Çünki müəllif yalnız müəyyən bir dövrdə, həm də özünün qeyd etdiyi kimi Şərq regionunda yaşayan türk xalqlarının tarixini araşdırmağı qarşısına məqsəd qoymuşdur.
Təəssüf ki, hələ bu günə qədər Azərbaycan ərazisində yaşayan, ümumiyyətlə Şərq regionunda məskunlaşmış qədim türk xalqlarının