KAPİTAL. Siyasi iqtisadın tənqidi. Карл Генрих МарксЧитать онлайн книгу.
age target="_blank" rel="nofollow" href="#img87ca9f01936a4a7ab65b4b9dce2dbce4.jpg"/>
Unudulmaz dostum
Vilhelm Volfa
ithaf olunur
ƏN BÖYÜK MÜTƏFƏKKİRİN ƏN BÖYÜK ƏSƏRİ HAQQINDA
Marks XIX–XX əsrlərdə dünya tarixinə ən çox təsir edən şəxsiyyətdir.
Hələ sağ ikən Marksın ideyalarını bir sıra müəlliflər dahiyanə adlandırır, bəziləri isə bir o qədər şiddətlə tənqid edirdilər. «Kapital» (tam adı – «Kapital. Siyasi iqtisadın tənqidi»; alm. Das Kapital. Kritik der politischen Ökonomie) (I cild – «Kapital istehsalı prosesi») ilk dəfə işıq üzü görməsindən (1867) demək olar ki, 150 il keçməsinə baxmayaraq Marksın ideyaları nəinki köhnəlib, aktuallığını itirib yaddan çıxdı, əksinə onun opponentlərinin əks arqumentləri getdikcə tükənməyə başladı. Artıq bu gün qətiyyətlə söyləmək olar ki, Marksın əsas ideyaları tarixi inkişafın son mərhələlərini dəf edərək müasir dövrün aparıcı ideologiyalarından birinə, bəlkə də birincisinə çevrildi.
«BBC»nin 1999-cu ildə keçirdiyi İnternet sorğusuna görə Marks ikinci minilliyin ən dahi mütəfəkkiri seçilib. ABŞ-ın ən iri kitabxanası olan «Konqres kitabxanası»nın kataloq göstəricilərinə görə isə Marks ona həsr olunmuş elmi əsərlərin sayına görə dünyada liderdir. Elə bu meyara görə də Marks tarixdə ən çox öyrənilən 100 şəxsiyyətin başında durur.
«Kapital» Marksın siyasi iqtisad üzrə baş əsəridir. Əsərdə dialektik-materializm yanaşması ilə kapitalizm təsərrüfatı başdan ayağa kritik analiz olunub.
«Kapital» – iqtisadiyyat elminin klassik əsəri kimi dəyərin əmək nəzəriyyəsi mövqeyindən yazılıb. Bir sözlə ifadə etmək olarsa Marks iqtisadi kateqoriya olan dəyərə – əmtəə (kapital) istehsalında ictimai zəruri əhəmiyyət daşıyan əmək baxımından yeni tərif verib.
«Kapital» tarixi bir missiya yerinə yetirərək klassik siyasi iqtisad elmini (neoklassik siyasi iqtisadla səhv salmayın) başa çatdırıb.
«Kapital»ı XX əsrdə dünyada gedən qlobal tarixi proseslərə ən çox təsir edən əsər hesab etmək olar.
«Kapital»ın qızıl xətti ondan ibarətdir ki, tarix insan əməyi nəticəsində yaranıb. Bütün tarix boyu bir qrup insan (burjuaziya), istehsal vasitələrinə sahib çıxaraq bundan məhrum olan əməkçiləri (proletariat və ya fəhlələri) aşağı sosial sinif nümayəndələri kimi işlədərək müxtəlif məhsullar istehsal edib. Marksa görə istismar edilən qrupla (2-cilər) onları istismar edənlər (1-cilər) arasında daim müxtəlif miqyaslı mübarizə (konflikt) olub.
Əsərdə ən çox söhbəti gedən izafi dəyər anlayışı əslində Marks tərəfindən kəşf olunmayıb, ondan qabaq Adam Smith və David Ricardo bu kateqoriyaya diqqət yetirib, hətta onun haqqı ödənilməyən əmək olduğunu iddia etmişlər, başqa heç bir şey… Marks isə izafi dəyərin tərifini vermək üçün əvvəlcə dəyər anlayışını analiz etmiş, izafi dəyərin haqqı ödənilməyən əmək deyil, mənimsənilən işçi qüvvəsi olduğunu sübut etmişdi. İzafi dəyərin izahını verərkən müəllif pul və əmtəə kateqoriyalarını da elə tam araşdırmışdır ki, sonradan həmin nəzəriyyələri hətta Marksın opponentləri də qəbul etmişlər.
BİRİNCİ KİTAB
KAPİTAL İSTEHSALI PROSESİ
BİRİNCİ BÖLMƏ
ƏMTƏƏ VƏ PUL
BİRİNCİ FƏSİL
ƏMTƏƏ
1. ƏMTƏƏNİN İKİ AMİLİ: İSTEHLAK DƏYƏRİ VƏ DƏYƏR (DƏYƏR SUBSTANSIYASI, DƏYƏR KƏMİYYƏTİ)
Kapitalist istehsal üsulunun hökm sürdüyü cəmiyyətlərin sərvəti «külli əmtəə yığını»1 kimi, ayrıca bir əmtəə isə bu sərvətin bəsit forması kimi meydana çıxır. Buna görə də bizim tədqiqatımız əmtəənin təhlilindən başlanır.
Əmtəə hər şeydən əvvəl zahiri bir predmetdir, öz xassələri sayəsində müəyyən insan tələbatını ödəyən bir şeydir. Bu tələbatın təbiəti, – bu tələbatı, məsələn, mədə və ya xəyalınmı doğurması, – məsələni əsla dəyişdirmir.2 İş həmçinin bunda da deyildir ki, həmin şey insan tələbatını məhz necə: yaşayış vasitəsi, yəni istehlak şeyi kimi bilavasitə ödəyir, yoxsa istehsal vasitəsi kimi dolayı yolla ödəyir.
Hər bir faydalı şeyə, məsələn, dəmirə, kağıza və i. a., iki nöqteyi-nəzərdən: keyfiyyət və miqdar cəhətdən baxmaq olar. Hər bir belə şey bir çox xassələrin məcmusudur və buna görə də özünün müxtəlif cəhətləri ilə faydalı ola bilər. Şeylərin bu müxtəlif cəhətlərini və, deməli, onların işlədilməsinin müxtəlif üsullarını aşkara çıxarmaq tarixi inkişafın işidir.3 Faydalı şeylərin miqdar cəhəti üçün ictimai ölçülər axtarıb tapmaq haqqında da eyni sözləri demək lazım gəlir. Əmtəə ölçülərinin fərqləri qismən ölçülən şeylərin özlərinin müxtəlif təbiəti ilə müəyyən olunur, qismən də şərtidir.
Şeyin faydalılığı onu istehlak dəyəri edir4. Lakin bu faydalılıq havadan asılmış bir şey deyildir. Əmtəə cisminin xassələri ilə şərtlənən bu faydalılıq əmtəə cismindən kənarda mövcud deyildir. Buna görə də əmtəə cisminin özü, məsələn, dəmir, buğda, almaz və s. istehlak dəyəridir, yaxud nemətdir. Onun bu xarakteri onun istehlak xassələrini mənimsəməyə insanın az və ya çox əmək sərf etməsindən asılı deyildir. İstehlak dəyərləri nəzərdən keçirilərkən həmişə onların miqdarca müəyyənliyi nəzərdə tutulur, məsələn, bir düjün saat, bir arşın kətan, bir ton dəmir və s. Əmtəələrin istehlak dəyərləri xüsusi bir fənnin – əmtəəşünaslığın predmetidir.5 İstehlak dəyəri yalnız istifadə və ya istehlak zamanı gerçəkləşir. Sərvət hər hansı ictimai formada olursa-olsun, istehlak dəyərləri onun maddi məzmununu təşkil edir. Nəzərdən keçirəcəyimiz cəmiyyət formasında istehlak dəyərləri eyni zamanda mübadilə dəyərinin maddi daşıyıcılarıdır.
Mübadilə dəyəri hər şeydən əvvəl miqdar nisbəti şəklində, bir qisim istehlak dəyərlərinin başqa qisim istehlak dəyərlərinə mübadilə olunduğu proporsiya şəklində,6 – zaman və məkandan asılı olaraq daim dəyişilən bir nisbət şəklində meydana çıxır. Buna görə də mübadilə dəyəri təsadüfi və xalis nisbi bir şey kimi görünür, əmtəənin özünə xas olan daxili mübadilə dəyəri (valeur intrinseque) isə contradictio in adjecto [tərifdə ziddiyyət] kimi nəzərə gəlir.7 Məsələyə daha yaxından baxaq.
Müəyyən bir əmtəə, məsələn bir kvarter buğda x miqdar çəkmə yağına, yaxud u miqdar ipəyə, yaxud z miqdar qızıla və i. a., bir sözlə – ən müxtəlif proporsiyalarda başqa əmtəələrə mübadilə olunur. Deməli, buğdanın təkcə bir yeganə mübadilə dəyəri deyil, bir çox mübadilə dəyərləri vardır. Lakin x miqdar çəkmə yağı da, u miqdar ipək də, z miqdar qızıl da və i. a. bir kvarter buğdanın mübadilə dəyərini təşkil etdiyinə körə, x miqdar çəkmə yağı, u miqdar ipək, z miqdar qızıl vэ i. a. bir-birini əvəz edə bilən, yaxud bərabər kəmiyyətli mübadilə dəyərləri olmalıdır. Buradan, əvvələn, belə bir nəticə çıxır ki, eyni bir əmtəənin müxtəlif mübadilə dəyərləri nə isə bərabər bir şeyi ifadə edir və, ikincisi, belə bir nəticə çıxır ki, ümumiyyətlə mübadilə dəyəri onun özündən fərqli olan bir məzmunun ancaq ifadə üsulu, ancaq «təzahür forması» ola bilər.
Sonra, iki əmtəə, məsələn buğda və dəmir götürək.
1
Karl Marks, “Siyasi iqtisadın tənqidinə dair”. Berlin 1859
2
“Arzu tələbatdan doğur, arzu ruhun iştahasıdır və acmaq bədənə xas olduğu kimi o da ruha bir o qədər xasdır… şeylərin çox hissəsinin ona görə dəyəri vardır ki, ruhun tələbatını ödəyir” Nicholas Barbon
3
“Şeylərin öz daxili xassəsi vardır” (bu istehlak dəyərinə Barbonun verdiyi xüsusi addır) və bu xassə hər yerdə dəyişməz qalır; məsələn maqnitin cəzb etmək qabiliyyəti
4
Hər hansı bir şeyin təbii dəyəri (natural worth) insan həyatının tələbatını ödəmək və ya rahatlığına xidmət etmək qabiliyyətindədir. John Locre. "Some Considerations of the Consequences of the Lowering of Interest. 1691, in. "Works", London. 1777, v. II, p. 28) XVIII əsrdə ingilis müəlliflərində istehlak dəyərini bildirmək üçün "worth" sözünü və mübadilə dəyərini bildirmək üçün "value" sözünü işlətdiklərinə biz tez-tez rast gəlirik; bu ingilis dilinin ruhuna tamamilə uyğundur, çünki ingilis dili bilavasitə mövcud olan şeyləri german mənşəli sözlərlə, fikrən düşünülən şeyləri isə roman mənşəli sözlərlə əvəz etməyi sevir.
5
Burjua cəmiyyətində belə bir fictio juris (yuridik fiksiya) hökm sürür ki, guya əmtəə alıcısı olan hər bir adam əmtəəşünaslıq sahəsində ensiklopedik biliyə malikdir.
6
"Dəyər bir şeyin başqa şeyə, müəyyən miqdar bir məhsulun müəyyən miqdar başqa məhsula mübadilə olunduğu nisbətdir". (Le Trosne. De I'lnteret Social", "Physiocrates", ed. Daire. Paris, 1846, p. 889)
7
"Heç bir şeyin daxili dəyəri ola bilməz". (N. Barbon. Sitat gətirilən əsər, səh. 6.) yaxud Batlerin dediyi kimi: The value of a thing, Is justas much as it will bring. (Şeydən nə qədər vüsul olsa, dəyəri tam o qədərdir.)