Amerika faciəsi . Теодор ДрайзерЧитать онлайн книгу.
CİƏSİ
Roman
1-ci kitab
I FƏSİL
Yay axşamıdır, qaranlıq qovuşur.
400.000-dən artıq əhalisi olan bir Amerika şəhərinin ticarət mərkəzi… yüksək binalar, divarlar… Ehtimal ki, belə şəhərlərin mövcud olduğu bir zaman ağlasığmaz bir şey kimi görünəcəkdir.
İndi artıq susmuş kimi görünən geniş küçə ilə altı nəfərdən ibarət bir dəstə gedirdi: onlardan biri dəyirmi qara fetr şlyapasının sıx saçları çıxmış, əlli yaşlı, qısaboylu, şişman bir kişi idi, – bu son dərəcə cılız bir şəxs idi, çiyninə keçirdiyi qayışdan, adətən, küçə vəzlərinin və müğənnilərinin istifadə etdikləri kiçik bir orqan asılmışdı. Onunla yanaşı gedən qadın ondan beş yaş cavan görünürdü, çox kök deyildi, lakin möhkəm bədəni vardı, olduqca sadə geyinmişdi, üzü yaraşıqlı deyildisə də, eybəcər də deyildi; o bir əli ilə yeddi yaşlı bir oğlan uşağının əlindən tutmuşdu, digər əlində isə İncil və Zəbur duaları kitabı vardı. Onların arxasınca bir az geridə on beş yaşlı bir qız, on iki yaşlı bir oğlan və doqquz yaşlı bir qız uşağı gəlirdi. Onlar hamısı itaətlə, lakin, deyəsən, bir qədər könülsüz olaraq böyüklərin arxasınca gedirdilər.
Bərk isti idi, ancaq havada sustaldıcı, məstedici bir təravət hiss olunurdu.
Onların getdikləri böyük küçəni, dərəyə oxşayan digər bir küçə müstəqim bucaqla kəsir, tramvaylar isə aramsız zəng çalaraq ümumi hərəkətin coşqun axını içərisindən yavaş-yavaş keçib gedirdi. Bu kiçik dəstə sanki ətrafdakı hər şeyə biganə idi və yalnız dalğalar kimi üzərinə gələn maşın və piyadaların sonsuz axını arasından özünə yol açmağa çalışırdı.
Dəstə onların yolunu kəsən digər bir küçənin, daha doğrusu, indi heç bir həyat əsəri görünməyən iki cərgə uca binalar arasındakı dar bir keçidin başına çatarkən kişi kiçik orqanı yerə qoydu, qadın isə tez orqanın qapağını açıb, pyupiteri qaldırdı və nazik Zəbur duaları kitabını açdı. Sonra Tövratı kişiyə verib onunla yanaşı dayandı. Böyük oğlan qatlama kiçik stulu orqanın qabağına qoydu. Ailənin başçısı olan kişi süni bir inamla, arxayınlıqla ətrafına baxdı və sanki onu dinləyən olub-olmadığına laqeyd imiş kimi dedi:
Əvvəlcə biz ilahiyyə duasını oxuyacağıq, kim Allaha dua etmək istəyirsə, bizimlə oxuya bilər. Ester, xahiş edirəm çalmağa başlayasan.
Bu vaxta qədər mümkün olduqca laqeyd və yovuşmaz görünməyə çalışan, hələ tamamilə boy atıb yetişməmiş, lakin qəşəng biçimli bədəni olan böyük qız stul üzərində oturdu və orqanı fırladaraq dua kitabçasının səhifələrini çevirməyə başladı. Anası dedi:
– Məncə, biz iyirmi yeddinci duadan başlayıb, “İsa məhəbbətinin şəfaverici təsiri nə qədər şirindir” duasını oxumalıyıq.
Bu zaman evlərinə dağılan peşə və vəzifə sahibləri orqan ətrafındakı bu kiçik dəstəni görüb tərəddüdlə addımlarını yavaşıdır, çəpəki bir nəzərlə bu adamlara baxır və yaxud burada nə baş verdiyini öyrənmək üçün dayanırdılar. Adamların bu tərəddüdünü bir diqqət nişanəsi kimi başa düşən ailə başçısı dərhal fürsətdən istifadə etdi, sanki izdiham məhz onu dinləmək üçün bura yığılmışdı:
– Gəlin hamımız bir yerdə “İsa məhəbbətinin məlhəmi nə qədər şirindir” duasını oxuyaq.
Qız orqanı çalmağa başlayaraq zəif, lakin ahəngdar səslərlə havanı hərəkətə gətirdi və öz uca soprano səsini anasının soprano səsinə və atasının saxta bariton səsinə qoşaraq oxumağa başladı. O biri uşaqlar cır səsləri ilə böyüklərə səs verib yavaşdan civildəyirdilər: balaca qız və balaca oğlan orqan üzərindəki kitab yığını içərisindən hərəsi əlinə bir kitabça almışdı. Onlar dua oxuyur, simasız və hər şeyə biganə küçə izdihamı isə ümumi skeptisizm və laqeydlik əleyhinə səsini qaldırmış bu kasıb ailənin qəribə görkəmi ilə əylənərək onlara tamaşa edirdi. Bəziləri orqan çalan qızın fağır görkəmi ilə maraqlanır və ona rəğbət bəsləyirdilər, digərləri aciz və zavallı görünən ata ilə maraqlanırdılar; onun açıq mavi gözləri, süst vücudu, ucuz kostyumu o saat bildirirdi ki, o, həyatda bəxti sınıq çıxmış, müvəffəqiyyətsizliyə uğramış bir adamdır. Bütün bu dəstə içərisində yalnız ana elə bir qüvvə və qətiyyətə malik idi ki, bu qüvvə kor-koranə və səmərəsiz tətbiq edildikdə belə həyatda müvəffəqiyyəti tətbiq etməsə də, hər halda insanın özünü qoruya bilməsinə kömək edir. Ailənin başqa üzvlərinə nisbətən bu qadında daha bariz bir şəkildə daxili bir inam, nadan olsa da, hər halda ehtiram doğuran daxili bir inam gözə çarpırdı. Əgər siz onun necə dayandığını, dua kitabçası tutan əlini aşağı salıb gözlərini fəzaya necə zillədiyini görsəydiniz, o zaman deyərdiniz ki: “Bəli, bu qadın bütün nöqsanlarına baxmayaraq, yəqin ki, yalnız etiqad etdiyi bir işi görməyə çalışır”.
Oğlan uşağı gözlərini aşağı dikərək narahat halda ayaqlarını götürüb qoyur və könülsüz oxuyurdu. Dalğın mənalı üzü, ağ dərisi və qara saçları olan, ucaboylu, lakin vücudu hələ bərkiməmiş bu oğlan uşağı, ailənin ən çox müşahidəçi və şübhəsiz ki, ən həssas bir üzvü kimi təsir bağışlayırdı, aydın idi ki, o daxilində öz vəziyyətinə qarşı bir narazılıq duymaqda və hətta buna görə iztirab çəkməkdədir. Özü bunu tamamilə aydın dərk etməsə də, onu həyata dini yox, nəşəli bir yaşayış tərzi daha çox cəzb edirdi. İndi səhv etmədən onun haqqında yalnız bunu demək olardı ki, o, icra etdiyi işə qarşı laqeyd idi və bu iş üçün onda heç bir həvəs və istedad yox idi. O, son dərəcə gənc idi, onun ruhu atasının və anasının ruhuna hakim olan mücərrəd və dumanlı romantikaya tamamilə zidd, həyati gözəllik və sevincin hər cürə təzahürünə qarşı həddindən artıq həssas idi.
Doğrudan da, üzvü olduğu ailənin maddi və mənəvi həyatı, anasının və atasının bu qədər etiqadla inandıqları və vəz etdikləri şeyin həqiqiliyinə və qüvvəsinə onda heç bir inam hissi doğurmurdu. Çünki onun atası və anası daimi bir qayğı, həm də maddi qayğı içərisində çırpınırdılar. Ailənin başçısı həmişə Tövrat oxuyur və müxtəlif evlərdə, başlıca olaraq ana ilə bərabər rəhbərlik etdiyi və buradan bir az kənarda olan “ibadətgahda” öz vəzlərilə çıxış edirdi. Eyni zamanda uşaq hiss edirdi ki, ata və anası missioner işi ilə maraqlanan, yaxud xeyriyyə işlərinə rəğbət göstərən və atanın fəaliyyətinə yaxşı gözlə baxan müxtəlif işgüzar adamlardan pul toplayırlar. Buna baxmayaraq, ailənin vəziyyəti yenə ağır idi: onlar həmişə pis geyinirdilər, başqalarına nəsib olan bir çox rahatlıq və zövqlərdən məhrum idilər. Atası və anası isə daima Allahın bütün insanlara və o cümlədən ona məhəbbət, mərhəmət və qayğı bəslədiyini tərifləyib təqdis edirdilər. Lakin burada nə isə bir dolaşıqlıq vardı. Uşaq bütün bunlardan baş çıxara bilmirdi, lakin buna baxmayaraq, yenə də anasına hörmət edirdi, o, anasının mehribanlığını hiss etdiyi kimi, eyni zamanda bu qadında daxili qüvvəti və ciddiliyi də duyurdu. İbadətgahdakı ağır işə və ailə qayğılarına baxmayaraq, ana şən və gülərüzlü olmağı bacarırdı. Hər halda gümrah görünürdü və tez-tez dərin bir etiqadla: “Allah bizim qeydimizə qalar”, yaxud “Allah bizə yol göstərər”, – deyirdi. Ailə lap ağır bir ehtiyac içərisində çırpınarkən ana bu sözləri xüsusilə tez-tez təkrar edirdi. Lakin həm o, həm də ayrı uşaqlar aydın görürdülər ki, xeyirxahlığın ailə üçün son dərəcə zəruri olan zamanlarda belə Allah onlara heç bir yol göstərmir.
Bu axşam, öz kiçik bacıları və kiçik qardaşı ilə böyük küçədə dolaşarkən, uşaq ürəkdən arzu edirdi ki, bütün bunlar birdəfəlik və həmişəlik olaraq bitib qurtarsın və yaxud, heç olmasa, özü artıq bu işdə iştirak etməkdən azad olsun. Başqa oğlanlar belə şeylərlə məşğul olmurlar, üstəlik bu işdə nə isə miskin və zəlalətli bir şey vardı. Hələ ata və anası bu cür küçələrə salıb dallarınca gəzdirmədiyi zamanlar belə başqa oğlan uşaqları ona sataşır və atasının öz inam və etiqadları haqqında hamının qarşısında çərənçilik etdiyinə gülürdülər. Atası hər bir söhbəti “Allah kərimdir” sözləri ilə başlardı və o hələ yeddi yaşında ikən onların qonşuluğunda yaşayan bütün oğlan uşaqları onu görən kimi qışqırırdılar:
– Budur,