Hannibal. Richard A. GabrielЧитать онлайн книгу.
>
Özünü düşünmədən alova atan onun daha gur yanmasına xidmət edir.
Hannibalın andı
Gecə. Müqəddəs quyuda şölələnən alovun qığılcımları Şimali Afrikada yerləşən Karfagen ölkəsinin əzəmətli tanrısı Baal-Hammonun tunc heykəlini işıqlandırır. Bir tərəfdə ağ geyimli kahinlər dayanıb. Digər tərəfdə çalğıçılar fleyta və qavallarla kədərli musiqi ifa edirlər. Bir kənarda durmuş 7 yaşlı oğlan heyrət və dəhşət içindədir.
Oğlanı bu müqəddəs yerə valideynləri gətirib. Onlardan biri – ana qucağındakı körpəni bərk-bərk bağrına basıb. Gözləri yaşarıb. Elə ata da dərin hüzn içindədir. Oğlanın valideynləri kahinlərə yaxınlaşırlar. Bir neçə ay əvvəl doğulmuş körpə altı övladdan ən kiçiyidir. Onu qırmızı əski ilə bələyiblər, əllərini və ayaqlarını isə dəri kəmərlə bağlayıblar. Ana nəvaziş dolu baxışlarını sonuncu dəfə övladına dikib körpəni kahinlərdən birinə uzadır. Karfagen müharibələrinin iştirakçısı olan ata geri çevrilir və gözüyaşlı arvadını oradan uzaqlaşdırır. Ailənin digər üzvləri də onun ardınca gedir… Bircə 7 yaşlı oğlan yerinə mıxlanıb. O, baxışlarını bu qorxunc mənzərədən çəkə bilmir.
Kahin körpəni quyunun kənarına gətirib tunc heykələ təntənəli şəkildə təzim edir. Sonra gözünü qırpmadan uşağın boğazını kəsir. Daha sonra meyiti alovlanan quyunun içinə atır. Karfagendə kahinlər bu mərasimi 600 ildən artıqdır ki, həyata keçirirlər. Fleytalarla qavalların səsi bir-birinə qarışır. Kütlə Karfageni qoruyan tanrıya gətirilən qurban mərasimini vəcdlə izləyir. Mərasim günəş doğanadək davam edir. 7 yaşlı oğlanın gözyaşları isə səhərəcən qurumur. Bu uşaq – Hannibal Barka həmin gecə yaşadıqlarını həyatı boyu unutmayacaq!
Hannibalın dövrünədək artıq min il idi ki, Karfagendə uşaqları qurban gətirirdilər. Bu qorxunc dini mərasim barədə qədim mətnlərdə də oxumaq olar. M.ö. III əsrdə yaşamış yunan tarixçisi Klitarx yazır ki, tanrının lütfünü qazanmaq istəyən karfagenlilər ona övladlarından birini qurban gətirəcəklərini vəd etmişdilər. Plutarx1 isə yazır ki, övladı olmayan cütlüklər öz tanrılarına qurban vermək üçün bəzən kasıb ailələrdən uşaq alırdılar.
Finikiyalıların, sonralar isə karfagenlilərin təsiri ilə uşaqları qurban gətirmə mərasimi Mərkəzi və Qərbi Aralıq dənizi ölkələrində də yayıldı. Şimali Afrikada, Sardiniya və Siciliyada yandırılmış körpələrin külləri ilə dolu keramik urnalar2 aşkar olunub. M.ö. 146-cı ildə baş verən müharibə zamanı Karfagen romalılar tərəfindən məğlub edildi. Bundan sonra romalılar qurban mərasimini qanunsuz elan etdilər. Lakin arxeoloji qazıntılar nəticəsində belə məlum olur ki, M.ö. I əsrdə Afrikada hələ də körpələr tanrılara qurban gətirilirdi.
Karfagendə vəziyyət ağırlaşdıqca daha çox uşağın qurban gətirilməsində təəccüblü heç nə yox idi. Üstəlik, belə hesab olunurdu ki, qurban mərasimi üçün təkcə zadəgan uşaqları uyğun gəlir. M.ö. III əsrdə, Hannibal və ailəsinin yaşadığı dövrdə bu mərasim daha da geniş yayılmışdı. Həmin dönəmdə Karfagenin müqəddəs qəbiristanlığında urnaların sayı 20 minə çatmışdı.
Həmin vaxt Karfagendə durum ağır idi: bir qədər sonra haqqında ətraflı bəhs edəcəyimiz bu ölkə Roma dövlətinə uduzmuşdu, üstəlik, daxili üsyanlar nəticəsində daha da zəifləmişdi. Belə üsyanlardan biri bütün ölkəyə yayılmış, tezliklə vətəndaş müharibəsinə çevrilmişdi. Hannibalın atası Haminkar da hadisələrin fəal iştirakçısı idi. O, Siciliyada yerləşən Karfagen ordusuna başçılıq edirdi. Haminkar muzdluların üsyanını yatırtmaq üçün əlindən gələni əsirgəməmişdi. Sərkərdə bu ağır dönəmdə, şübhəsiz ki, kömək üçün tanrısına üz tutmuş və yeni doğulmuş körpəsini qurban gətirmişdi. Hannibal da üç bacısı və ailənin digər üzvləri ilə birgə həmin mərasimdə iştirak etmişdi. Yeri gəlmişkən, hadisədən bir il sonra ailədə daha bir oğlan övladı doğulacaqdı....
Hannibalın qurbanvermə mərasimi haqqında nə düşündüyü bizə məlum deyil. Qədim Roma tarixçisi Tit Livi (M.ö. 59 – M.s. 17) bəyan edir ki, karfagenli sərkərdə tanrılara hörmət bəsləmirdi. Hərçənd Hannibalın bir sıra davranışları Livinin yazdıqlarını təkzib edir. Belə ki, Hannibal əldə etdiyi bir qələbədən sonra Baal-Hammona qurban aparmış, İtaliyaya yürüşləri zamanı isə dəfələrlə məbədlərin dağıdılmasının qarşısını almışdı.
Qədim Roma tarixçisi Korneli Nepota (M.ö. 100 – M.ö. 25) inansaq, sonralar geniş yayılmış bir hekayəti vaxtilə Hannibal özü ona danışıb. Belə ki, gələcək sərkərdənin hələ 9 yaşı olanda atası oğluna İspaniyaya getməyi təklif edib. Hannibal bu təklifə sevinclə razılaşıb. Həmin vaxt atası onu Baal-Hammonun mehrabına gətirib və heç vaxt romalılarla dostluq etməyəcəyinə dair and içdirib. Hannibal ömürboyu bu andı pozmamaq üçün çalışıb…
Hannibalın ailəsi
Dünya hərb tarixinin ən qüdrətli sərkərdələrindən biri olan Hannibalın həyatı barədə çox az şey məlumdur. Bu məlumatlar daha çox Roma mənbələrindən götürüldüyü üçün onun qələbələri kiçildilib, əvəzində uğursuzluqları şişirdilib. Bununla yanaşı romalı tarixçilər həvəssiz olsa belə, Hannibala lazım olan qiyməti veriblər.
Dahi sərkərdə M.ö. 247-ci ildə karfagenli zadəgan ailəsində anadan olub. Atası Haminkar Birinci Pun müharibəsində Siciliyada romalılarla döyüşən Karfagen ordusuna başçılıq edib. Sərkərdənin bundan əvvəl üç qızı olub. Lakin bizə nəinki onların nə qədər yaşadıqları hətta adları belə məlum deyil. Bircə o bəllidir ki, ailənin digər övladlarından Hannibalın qardaşı Hasdrubal M.ö. 244-cü ildə, Maqon isə M.ö. 239-cu ildə dünyaya gəlib.
Haminkar və oğulları tarixə Barka ləqəbi ilə məlumdur. Hərçənd romalılardan fərqli olaraq karfagenlilərin nə ləqəbləri, nə də soyadları olmayıb. Hannibalın atasına və oğullarına bu ləqəbi antik tarixçilər veriblər.
Deyilənə görə, Haminkar qədim və nüfuzlu nəslin nümayəndəsi imiş. Onun əcdadlarının varlı mülkədar olduğu ehtimal edilir. Nəticədə öncə Hannibalın atasına, sonra isə özünə böyük torpaq sahələri qalmışdı.
M.ö. 247-ci ildə Karfagen senatının qoşunlarına başçılıq Haminkara tapşırıldı. Bu onun mənsub olduğu ailənin, həqiqətən də, mötəbər bir zadəgan nəslindən gəldiyini təsdiqləyir. Belə ki, ali hərbi rütbələr o dövrdə yalnız çox nüfuzlu aristokrat ailələrinin üzvlərinə verilirdi.
Hannibalın 9 yaşı olanda atasının ona birlikdə İspaniyaya yola düşməsini təklif etməsi təsadüfi deyil. Oğlan hərbi hazırlıq üçün hələ çox gənc, İspaniya isə çox təhlükəli yer idi. Haminkar hərbi zadəgan ailəsindən olduğu üçün oğullarının da onun yolu ilə gedəcəyini düşünürdü. Onların hərbi təcrübə toplamaları üçün isə döyüşlərdə iştirak etmələri lazım idi. Oğlanlar bu təcrübə olmadan gələcəkdə yüksək rütbə qazana və ali hərbi vəzifələr tuta bilməzdilər.
Hannibalın yeniyetməliyi
Hannibal İspaniyaya M.ö. 237-ci ildə gəlib. Bu zaman artıq 30 ilə yaxın idi ki, Karfagen müxtəlif fasilələrlə bir çox qanlı müharibə ilə üzləşmişdi. Elə atası Haminkar da həmin 30 ilin 15 ilini döyüşlərdə keçirmişdi. Karfagenin Birinci Pun müharibəsində itirdiyi nüfuzu geri qaytarmaq üçün indi onu ordunun başında İspaniyaya göndərmişdilər. Döyüşlər Əndəlüs sahilindən Betis çayının vadisinədək ərazini əhatə edirdi. Bu bölgədə yaşayan İberiya tayfaları karfagenlilərə sərt müqavimət göstərirdi. Beləcə, Hannibal 10 il ərzində qiymətli hərbi təcrübə qazanır. Müəllimi isə atası olur.
Hannibal hərbi düşərgədə yaşayır, canı vuruşmalarda bərkimiş döyüşçülərin arasında tərbiyə alırdı. Hərbçilərin əhatəsində olmaq gələcəyin böyük sərkərdəsinə xoş idi. O, at, qatır və filin tərkində getməyi öyrənir, ətraf mühiti tanıyır, ova çıxırdı. Yetkinləşdikcə şəraba və qadınlara marağı artırdı. Hannibal dünyagörmüş döyüşçülərin müharibə haqqında hekayətlərini dinləyir, onların savaşlarda aldığı
1
2