Yağış adam. Леонора ФлейшерЧитать онлайн книгу.
fəsil
İşlər əla gedirdi. Qənbərqulusu çıxmamalı idi. Çarli Bebbitt ömründə bundan gözəl əməliyyat həyata keçirməmişdi. Dünyada sevdiyi, can atdığı nə vardısa, hamısı bu əməliyyatda cəmlənmişdi. Parlaq ideya, pul qoymadan böyük gəlir əldə etmək imkanı, sürətli dövriyyə, özü də hər şey qayda-qanun çərçivəsində. Əlbəttə, demək olmazdı ki, o, xeyriyyəçilik edirdi, amma heç kimin zorla pulunu dartıb əlindən almağa da hazırlaşmırdı. Uğursuzluğa düçar olmaq ehtimalı isə sıfıra bərabər idi. Hər halda, Çarli Bebbitt özünə belə deməli idi: bu işdə yanmaq mümkün deyil.
Sözsüz ki, danışıqları sürətlə aparmalı və elə etməli idi ki, xırdaca kələyinin üstü açılmasın. Çarlinin də ən çox xoşuna gələn məhz bunlar idi, çünki hər iki işi yaxşı bacarırdı. Gözə kül üfürmək məsələsində mahir ustanın qarşısında geniş fəaliyyət meydanı açılmışdı. Hazırlıq mərhələsinə həftələr sərf etmişdi, ancaq buna dəyərdi.
Ən çətini pul tapmaq idi. İki yüz min dollar. İyirmi yağlı yüzlük dəstəsi. Oğul istəyirdi bu pulun sahibini dilə tutub yola gətirsin. Bert Vayyat çox xəsis idi, hamıya şübhə ilə baxırdı, fırıldağı yüz addımdan hiss edirdi. Amma bu işdən fırıldağın heç iyi də gəlmirdi. Hər şey, hətta bütün zəmanətlər üzdə idi. Altı cağbacağ «lamborcini» limanda yan-yana düzülüb göz qamaşdırırdı. Bu klassik avtomobillər öz vətənindən, «mamma mia» ölkəsindən təzəcə gətirilmişdi, hərəsinin səksən min dollara yaxın qiyməti vardı. Hamısı da onun idi. Hər halda, bu saat maşınlar ona məxsus idi. Nə qədər istəsə tamaşa edib ləzzət ala, «lamborcini»lərin hamar, par-par parıldayan yanlarını sığallaya, kapotu açıb altındakı təkmil mexanizmə, qüvvətli motorlara uzun-uzadı baxa, təzə təkərlərin və salonun yenicə silinmiş dəri örtüyünün iyini ciyərlərinə çəkə bilərdi. Bu iy ona qadın ətrindən də xoş gəlirdi.
– Kağızları gətirmişəm, budur, – Çarli Bebbitt şəstlə gömrük müfəttişinə dedi və deklarasiyaları təmiz dəvəquşu dərisindən üz çəkilmiş zərif «diplomat»ından çıxardı. – Altı «lamborcini», hamısı sonuncu model, biri gümüşü, ikisi qara, biri ağ. İkisinin isə üstü də qırmızıdır, içi də.
Çarlinin çərənləməsinə fikir verməyən müfəttiş kağızları alıb diqqətlə oxudu. Onları imzalayıb möhürünü basdı. İşini qurtardıqdan sonra – yalnız bundan sonra – Çarliyə baxdı.
– Əlil arabalarının yarışına çıxaracaqsan? – müfəttiş istehzalı gülüşlə soruşdu.
– Yox, «Miss Amerika» gözəllik yarışına çıxaracağam, – Çarli də gülümsəyib cavab verdi və fəxrlə sinəsini qabartdı.
O, ofisə qədər bütün yolu düşündüyü əməliyyatı dəfələrlə beynində fırlatdı. Zəif yer axtarırdı, amma birini də tapmırdı. Bu, əsl şedevr idi, Çarlinin yaşamaq uğrunda onillik mübarizəsinin kulminasiya nöqtəsi idi, bircə dollar artıq qazanmaq üçün onun-bunun qabağına qaçmasının sonu demək idi. Bu əməliyyat onu köhnə avtomobillər satan xırda alverçilər cərgəsindən dartıb çıxaracaqdı, sürət götürməyə, iri dilerlər, nüfuzlu avtosalon və dəbdəbəli nümayiş zalları sahiblərinin cərgəsinə qoşacaqdı. Əlvida, San-Pedro. Xoş gördük, Bel-Eyr!
Hər şey düzdür. Hər şey elə bu cür planlaşdırılmışdı. Vayyatdan qısamüddətli kredit şəklində, on yeddi faizlə cəmi dörd həftəliyinə (acgöz əclaf!), «lamborcini»ləri girov qoymaq şərti ilə alınmış iki yüz min dollar! Həmin iki yüz min dollar, üstəgəl Lenni Barişin tapdığı altı alıcının əvvəlcədən ödədiyi iri məbləğdə beh. Alıcıların hamısı vəkillər korporasiyasının ləyaqətli üzvləri idi. Maşınların pulunu ödəmək üçün növbəyə dayanmışdılar. Çarli Bebbittin təklif etdiyi güzəştli qiymətlərdən də razı qalmışdılar. Gəlin, gəlin, Çarli xırdaçılıq eləmir!
İtaliyalı tədarükçülərlə bir neçə sərfəsiz sövdələşmədən sonra, nəhayət, Çarli altı əsl «lamborcini» tapa bilmişdi. Bu əla idman maşınlarından heç biri digərinə oxşamırdı, özləri də əla vəziyyətdə idi. Maşınların hərəsi Bebbittə vur-tut qırx min dollara başa gəlmişdi. Üç il əvvəl Çarli onları daha aşağı qiymətə ala bilərdi. Amma dollar ucuzlaşırdı və bununla Çarlini xeyli pəjmürdə edirdi. Heç nəyə baxmayaraq o, avtomobilləri deyilən qiymətə tapdığına da sevinirdi. «Lamborcini»lərin birini yetmiş beş min dollara (çıxaq beş faiz güzəşt – bu, alıcıları şirnikləndirmək və xoşbəxt etmək üçün vacib idi) satacaqdı.
Maşınlar San-Pedro limanında gömrük sənədlərinin hazır olmasını gözləyirdi. Çarli onların İtaliya gəmisindən boşaldılmasına nəzarət etmək üçün sahil körpüsünə getdi. Əmin olmaq istəyirdi ki, fəhlələr avtomobilləri cızmayacaqlar. Sənədləri etibarlı yerdə – «diplomat»ında gizlətmişdi.
Çox iş qalmamışdı – maşınları tez boşaltmaq, özündən başqa heç kimin bilmədiyi yerə aparmaq, qeydiyyat sənədlərini hazırlamaq, pulun qalanını alıcılardan götürmək və «lamborcini»ləri yeni sahiblərinə təhvil vermək. Alıcılar, əlbəttə, axır qiymətdən razı qalacaqdılar: altmış yeddi min beş yüz dollara belə dəbdəbəli maşını başqa harada tapa bilərdilər?! Sonra Çarli borc sahibi ilə də haqq-hesabı çürüdəcəkdi, vəssalam. Pulun qalanı özünün olacaqdı. Altı rəqəmlik təmiz gəlir! Və bu qədər gəliri qazanmaq üçün əlini heç nəyə bulaşdırmamışdı, yaraşıqlı «Corcio Armani» kostyumunun yaxasına xırda toz dənəsi qonmamışdı. Bircə sent də öz pulunu xərcləməmişdi.
Tezliklə hamı xoşbəxt olacaqdı. Altı hüquqşünas – Beverli Hillzdən olan boşanma işləri üzrə mütəxəssislər güzəştli qiymətə aldıqları bahalı avtomobillərinə minib yola çıxacaqdılar. «Pul dağarcığı» verdiyi borcu on yeddi faiz artıqlaması ilə geri alacaqdı. Çarlz Bebbitt Palm-Sprinqsin1 zərli-zinətli otellərindən birində otaqda oturub pullarını sayacaqdı. Düzdür, belə gözəl maşınlarla ayrılmalı olduğuna görə təəssüf hissi keçirəcəkdi. Bir az da ağıllı olsa idi, ən çox xoşuna gəlmiş ağ «lamborcini» özünə qalardı, digər beş maşından qazandığı isə ona tamamilə bəs edərdi. Bu ağ gözəlçə Çarlinin olardı, Çarli onu sevərdi. Amma eybi yoxdur. İtaliyada «lamborcini»lər qurtarmadı ki! Birini də gətirib adını üstünə yazar.
Əməliyyat elə həmin gün başa çata bilərdi, amma Çarli, hər ehtimala qarşı, öz-özlüyündə ona lazım olduğundan da çox – düz dörd həftə! – vaxt ayırmışdı. Bu, maşınları qeydiyyatdan keçirmək üçün gen-bol bəs edərdi. Hətta EPA – ətraf mühitin mühafizəsi üzrə agentlik işə pəl vursa belə, bəs edərdi. EPA-nın toksik qaz tullantılarına ciddi məhdudiyyət qoyan murdar qanunları var idi.
Bu, doğrudan da, «Əsrin sazişi» idi. Özünüz fikirləşin, bir sent qoymayasan, bütün gəliri tək götürəsən. Hərçənd Lenniyə də nəsə çatmalı idi. Çarli ona alıcı tapdığına görə iyirmi beş min dollar vəd etmişdi. Amma, yenə də, Lennini şərik adlandırmaq olmazdı, çünki ideya yalnız və yalnız Çarli Bebbittə məxsus idi.
Bəs niyə, niyə Çarlinin şah əsəri, gül kimi iş heç cür başa çatmaq bilmirdi? Niyə ilişib qalmışdı, günlərlə yerindən tərpənmirdi?
Axı hər şey əvvəlcədən ölçülüb-biçilmişdi. Əvvəl-axır iki yüz min pulun on yeddi faizi dörd həftədə otuz dörd min dollar təşkil edir. Bu boyda pulun başından keçməyib ki?! Borcunu nə qədər tez qaytarsa, bir o qədər az itirər. Amma artıq nəinki dörd, altı həftə keçib, əməliyyat isə acıbağırsaq kimi uzanır. Belə getsə, Çarli Palm-Sprinqsdəki geniş otel otağını həbsxana kamerasına dəyişməli olacaq.
Ətraf mühitin mühafizəsi üzrə agentliyi görüm lənətə gəlsin! Niyə gedib balinaları xilas etməklə məşğul olmurlar, atom-elektrik stansiyalarında radioaktiv tullantılar axtarmırlar, bunun əvəzinə vicdanlı biznes adamlarına ilişirlər, avtomobillərin toksik tullantıları barədə avara qanunların dərdini çəkirlər?! Yəni bu EPA-da heç cür başa düşmürlər ki, benzin nasoslarında onların tələblərinə cavab verən dəyişikliklər etmək olmur? «Şevrole»də bu, mümkündür. «Cip-çeroki»də? Problem yoxdur. Amma «lamborcini»də alınmır.
Həftələr bir-birini əvəzləyirdi, Çarlinin tutduğu usta isə hara gedirdisə, əli ətəyindən uzun qayıdırdı. Çarli artıq qiyməti də ağlasığmaz həddə çatdırmışdı: hər nasosa görə iyirmi beş dənə yüzlük saymağa
1
Kaliforniya ştatında (ABŞ) gözəl kurort şəhəri (izahlar tərcüməçinindir: A.Ə.)