Kventin Dorvard. Вальтер СкоттЧитать онлайн книгу.
section>
I fəsil
Təzad
XV əsrin II yarısında Fransa böyük qüdrət sahibi olmuşdu. Kralın və xalqın fədakarlığı nəticəsində bu ölkə İngiltərə hakimiyyətinə tabe olmaqdan qurtulmuşdu.
Di gəl ki təhlükə bununla bitmirdi. Burqundiya və Breton hersoqları ilk fürsətdə krala qarşı üsyan etməyə hazır idilər. Hər bir xırda mülkədar öz müstəqilliyini qorumağa çalışırdı. Bu zülmkarlar qanunla hesablaşmırdılar. Öz rəiyyətlərinə vəhşicəsinə divan tuturdular. Təkcə Overndə üç yüzə qədər belə müstəqil mülkədar vardı. Onlar üçün qətl və qarət adi iş idi.
Bir yandan da İngiltərə ilə uzunsürən müharibə ölkəni lap əldən salmışdı. Qonşu dövlətlərdən gələn saysız soyğunçular silahlı quldur dəstələri düzəldib bütün Fransaya yayılmışdılar. Qalaları, qəsrləri işğal edib quldur yuvasına çevirirdilər. Adamları əsir alıb əvəzində pul istəyir, camaatı çapıb-talayırdılar.
XI Lüdovik belə bir vaxtda taxta çıxmışdı. Qısa vaxtda Fransanı bu fəlakətlərdən xilas etməyi müəyyən qədər bacarmışdı.
Hiyləgər Lüdovik öz şəxsi mənafeyini hər şeydən üstün tuturdu. Fikir və niyyətlərini ən yaxın adamlarından da gizli saxlayırdı. O qədər amansız idi ki, edam cəzaları ona ləzzət verirdi. Tədbirsiz iş görməzdi. Həmişə ehtiyatlı hərəkət edərdi. Məğrur və dikbaş idi. Amma cəmiyyətin təbəqələrə bölünməsini əsla qəbul etmirdi.
Lüdovikin iki əsas cəhəti vardı. Bunlardan biri hədsiz mövhumatçı olması, ikincisi isə son dərəcə macərapərəstliyi idi. Mənasız əyləncələrə hədsiz meyilli idi. Hətta buna görə haqqında rüsvayçı lətifələr yayılmışdı.
Lüdovik hələ taxta çıxmazdan qabaq pis cəhətlərini büruzə vermişdi. Birinci arvadı Marqarita saray adamlarının böhtanlarının qurbanı olmuşdu. Lüdovik həm də nankor oğul idi. O, əvvəlcə atasına qarşı sui-qəsd hazırladı. Buna görə də öz mülkü olan Dofineyə sürgün edildi. Sonra atasına qarşı üsyan qaldırdı. Bu cinayətinə görə isə ölkədən qovuldu. Məcbur olub Burqundiya hersoqu və onun oğlunun himayəsinə sığındı. 1461-ci ildə, atası öldükdən sonra isə onlara da nankorluq etdi.
Hələ hökmdarlığının ilk vaxtlarında az qalmışdı Lüdoviki taxtdan salsınlar. Lakin hər belə hücumda o, bir hiylə işlədib qalib gələ bilirdi.
Artıq onun üçün İngiltərə qorxulu deyildi. Bütün gücünü vassallarını diz çökdürməyə yönəltmişdi. Onları tamamilə özünə tabe edə bilməsə də, xeyli zəiflətməyi bacarmışdı.
İndi onun üçün ən böyük təhlükə Avropa hökmdarlarından biri olan Burqundiya hersoqu Karl idi.
Karlın yeganə arzusu hersoqluq çələngini krallıq tacı ilə əvəz etmək idi. O, XI Lüdovikin tamamilə əksi idi.
Hiyləgər Lüdovik heç vaxt özünü odun içinə atmağı sevməzdi. Hersoq isə təhlükəni xoşlayırdı. Lüdovik arzularından əl çəkərdi, mənfəətindən isə yox. Karl isə nəinki arzularını, ən xırda həvəsini də mənfəətinə qurban verməzdi. Aralarındakı qohumluğa, Lüdovik sürgündə ikən edilən yaxşılıqlara baxmayaraq, onlar bir-birinə nifrət edirdilər. Karlın nifrətinin səbəbi təkcə Lüdovikin nankorluğu deyildi. Əsas səbəb bu idi ki, kralın sarayından Karldan narazı olanlara gizlicə kömək edilirdi.
Lüdovik başa düşürdü ki, Burqundiya hersoqunun hücumu çox təhlükəlidir. Cəsarətinə görə “Cəsur Karl” ləqəbini qazanan hersoq ətrafına dövrünün ən igid adamlarını toplamışdı.
Üstəlik, Lüdovik özünü Karla borclu bilirdi deyə bəzən hersoqun ədəbsiz hərəkətlərinə dözməyə məcbur olurdu.
1468-ci ildə isə iki böyük hökmdarın arasındakı nifrət son həddə çatdı.
II fəsil
Şotlandiyalı gənc
Gözəl bir yay səhəri idi. Cavan bir oğlan kral sarayının yaxınlığından axan Şer çayına yaxınlaşdı. Kral qəsrini əhatə edən meşəlikdə krallığın ov bağı yerləşirdi.
On doqquz-iyirmi yaşlı yolçunun xoşagələn görkəmi vardı. Olduqca səliqəli geyinmişdi. Arxasında yol çantası vardı. Ucaboy, qədd-qamətli idi. Mavi gözləri və gülümsər baxışları mehriban, həm də qətiyyətli idi. Yolda rastına çıxan hər kəsin salamını alır, rahibə və ya zəvvar gördükdə hörmətlə baş əyirdi. Sözün qısası, onda diqqəti çəkən nəsə vardı ki, qeyri-ixtiyari hər kəsin xoşuna gəlirdi.
Çayın qarşı sahilində isə iki adam durmuşdu. Onlar yolçunu çoxdan görmüşdülər.
Oğlan sahilə enəndə adamlardan biri dedi:
– Bu ki bizim qaraçıdır! Keçidə ensə, işi bitdi, su artıb, çayı keçmək mümkün deyil.
– Qoy sınasın, özü əmin olsun.
– Üzünü görə bilmirəm, amma şapkasından tanıyıram. Bax, çığırır, soruşur ki, su dərindir, ya yox.
Yaşlı həmsöhbət təkrar etdi:
– Qoy özü sınasın, həyatda adamın öz təcrübəsindən yaxşı şey yoxdur.
Cavan oğlan qarşı sahildən iki adamın sakitcə ona baxdığını gördü, ayaqqabılarını çıxarıb çox fikirləşmədən suya girdi. Elə bu vaxt həmsöhbətlərdən yaşlısı çığırdı ki, ehtiyatlı olsun. Sonra çevrilib yanındakına dedi:
– Lənət şeytana! Yenə səhv elədin, bu oğlan qaraçı deyil.
Ancaq gec idi, oğlan onu eşitməmiş və suyun iti axarına düşmüşdü. Zirək olmayan adam burada batardı. Yaşlı adam ucadan dedi:
– Bu oğlan qoçaqdır! Bacarırsansa, ona kömək elə, günahını yu.
Oğlan dalğalarla məharətlə mübarizə aparıb o biri sahilə çıxdı. Cavan adam oğlana kömək üçün üzüaşağı yüyürdüyü halda, yaşlı adam tələsmədən gedə-gedə düşünürdü: “O artıq sahilə çıxıb, əlinə də ağac götürüb. Yəqin ki, köməyinə gedəni əzişdirəcək”.
Doğrudan da, oğlan ona yaxınlaşan adamın üstünə cumub çığırdı:
– Namərd! Mən soruşanda niyə cavab vermədin? Yadellilərlə necə rəftar etməyi sənə öyrədərəm!
Cavan adam bu hədəni eşidəndə qılıncına əl atdı. Bu zaman yaşlı həmsöhbət araya girib əmr etdi ki, əl saxlasın. Yolçunu isə suya girməyə tələsdiyi, üstəlik də ona kömək etmək istəyən adamın üstünə cumduğu üçün məzəmmət etdi.
Oğlan yaşlı adamı dinləyib ağacı aşağı saldı. Hörmətlə cavab verdi ki, onları başa düşür, ancaq onlar da gərək vaxtında xəbərdar edəydilər.
Yaşlı adam dedi:
– Görürəm ki, yadellisən, ay oğul…
– Ata, qurulanmağa bir yer göstərsəniz, günahınızdan keçərəm. Çünki bundan başqa paltarım yoxdur.
– Dostum, səncə, biz kimik?
– Əlbəttə, şəhər varlılarındansınız. Siz tacirsiniz, yoldaşınız da sələmçi, ya da qəssabdır.
Yaşlı adam gülümsündü:
– Düz tapdın! Bəs sən kimsən, hara gedirsən?
Cavan oğlan adamları sınayıcı nəzərlərlə süzdü. Sanki onları tanımağa çalışırdı. Bir az susduqdan sonra baş əyib cavab verdi:
– Kim olduğunuzu bilmirəm, ancaq utanıb-çəkinmədən deyirəm ki, mən şotlandiyalıyam, ailənin kiçik oğluyam. Bizim yerlərin adətinə görə, Fransada və ya başqa ölkədə bəxtimi sınamağa gedirəm.
– Lənət şeytana! Gözəl adətdir! Özün də qoçaq oğlansan! Mən tacirəm, mənə bir köməkçi lazımdır. Buna nə deyirsən?
– Təklifiniz ciddidirsə, təşəkkür edirəm. Ancaq qorxuram sizə xeyrim dəyməyə. Mən dağlıyam, cənab, atıcıyam. Monastırda da rahiblərdən oxumaq, yazmaq, hesab öyrənmişəm.
– Bu ki lap əla oldu! – tacir qəhqəhə çəkib güldü.
Onun ədası şotlandiyalının xoşuna