Zaman maşını. Герберт УэллсЧитать онлайн книгу.
/p>
Zaman Səyyahı (gəlin onu belə adlandıraq) bizə ağlasığmaz şeylər danışırdı. Onun boz gözləri işıq saçırdı, solğun bənizisə indi daha canlı görünürdü. Buxarıda alov şölələnirdi, zanbaqşəkilli gümüşü elektrik lampalarının zərif işığı qədəhlərimizdə oynaşırdı. Onun öz ixtirası olan stulda oturmaq çox xoş idi. Otaqda sakit və könülaçan ab-hava vardı. Zaman Səyyahı şəhadət barmağını yuxarı qaldırıb nitqinə başladı:
– Mənə diqqətlə qulaq asın. Hamının adi qəbul etdiyi bir neçə təsəvvürü təkzib edəsi olacam; məsələn, məktəbdə keçdiyiniz həndəsənin təməl daşı səhv üzərində qurulub…
– Bu ağlasığmaz ehtimalınızı sübut edə biləcəyinizi düşünürsünüz? – mübahisə azarkeşi kürən Filbi söylədi.
– Bir az səbirli olun. Tutarlı əsaslarım var. Sizi razı salmağın çətin olduğunu bilirəm. Amma bu dəfə güzəştə getməli olacaqsınız. Şübhəsiz ki, hamınız həqiqətdə riyazi xəttin mövcud olmadığını bilirsiniz. Yəqin, riyazi müstəvinin xəyali olduğunu da xatırlayırsınız. Bunların hamısı mücərrəddir.
– Haqlısınız, – Psixoloq təsdiqlədi.
– Amma eyni məntiqlə yalnız uzunluq, en və hündürlükdən ibarət kub da gerçəkdə mövcud deyil…
– Bununla heç razılaşmıram, – Filbi bəyan etdi. – Bərk cisimlər mövcuddur. Bütün mövcud maddələrsə…
– Çoxları bu fikirdədir. Amma bir dəqiqə aman verin. Zaman xaricində kub mövcud ola bilərmi?
– Anlamadım, – Filbi söylədi.
– Bir an belə mövcud olmayan kubu həqiqi adlandırmaq olarmı?
Filbi fikrə getdi.
– Burdan belə nəticəyə gəlmək olar ki, – Zaman Səyyahı davam etdi, – hər həqiqi cismin dörd ölçüsü – uzunluğu, eni, hündürlüyü və yaşama davamlılığı olmalıdır. Lakin nədənsə bu faktı nəzərə almırıq. Amma yenə də üçünü fəza, dördüncüsünü Zaman adlandırdığımız dörd ölçü var. Hərçənd üç ölçünü sonuncusuna qarşı qoymaq fikri də mövcuddur. Amma bunun da səbəbi gün kimi aydındır: bizim şüurumuz həyatımızın başlanğıcından ta sonunadək Zamanın bircə istiqamətində, yəni irəli hərəkət edir.
– Bu ki, – ağzındakı siqarı cidd-cəhdlə lampa alovunda yandırmağa çalışan Çox Cavan Adam dilləndi, – hamıya məlumdur.
– Çox gözəl, lakin onu tamamilə nəzərdən qaçırırlar ki, – Zaman Səyyahı şən səslə söylədi, – Zamanın özü elə Dördüncü Ölçüdür, lakin nədənsə bu ölçüdən dəm vuranlar onun məğzinə varmırlar. Bu, sadəcə, Zamana fərqli bucaq altında baxışdır. Onunla digər ölçülər arasında yeganə fərq şüurumuzun Zaman boyu hərəkət etməsidir. Bəzi axmaqlar bu fikri düzgün çözmürlər. Yəqin ki, hamınız onların Dördüncü Ölçüyə qarşı etirazlarının kökündə nəyin dayandığını bilirsiniz.
– Mən bilmirəm, – Əyalət Meri dilləndi.
– Hər şey çox sadədir. Riyaziyyatçılarımızın düşündüyü kimi, fəza üç ölçüyə malikdir. Onlara görə, uzunluq, en və hündürlük bir-birinə düz bucaq altında yerləşib. Lakin bəziləri Dördölçülü Həndəsə yaratmağa cəhd etdi. Hələ bir ay öncə professor Saymon Nyukom bu məsələni Nyu-York Riyaziyyat Cəmiyyətinə açıqladı. Bilirsiniz ki, yalnız iki ölçüyə malik düz səthdə üçölçülü cismin cizgisini cızmaq olar. Ehtimal olunur ki, eynilə üçölçülü nümunənin köməyi ilə əşyanı dörd ölçüdə təsvir etmək mümkündür. Anladınız?
– Deyəsən, – Əyalət Meri mızıldandı.
– Beləcə, sizlərə bir vaxtlar Dördölçülü Həndəsə ilə necə məşğul olduğumdan söhbət aça bilərəm. Bəzi nəticələrim yetərincə maraqlıdır; məsələn, bu, birində səkkiz, digərində on beş, üçüncüsündə on yeddi, dördün- cüsündə iyirmi üç yaşlı və s. adamın təsvirləridir. Bunların hamısı, yəqin ki, dördölçülü varlığın üçölçülü təsviridir. – Söylədiklərini həzm etməyimiz üçün bizə aza- cıq vaxt verən Zaman Səyyahı nitqinə davam etdi: – Alimlər yaxşı bilirlər ki, Zaman, sadəcə, Fəzanın xüsusi növüdür. Bu sadə diaqrama nəzər salın. Barmağımı gəzdirdiyim xətt barometrin titrəyişini əks etdirir. Dünən bax bu hündürlükdə dayanıb, axşamsa düşüb, bu gün səhər yenidən qalxaraq bax bu yerə çatıb. Şübhəsiz, civə bu xətti ümumi qəbul olunmuş fəza ölçülərinin heç birindən keçirməyib. Amma bu da məlumdur ki, onun titrəyişləri məhz bizim xətlə qeyd olunub. Belə çıxır ki, xətt Dördüncü Ölçüdən – Zamandan keçib.
– Amma, – nəzərlərini buxarıdakı kömürlərə dikən Həkim söylədi, – əgər, həqiqətən də, Zaman Fəzanın Dördüncü Ölçüsüdürsə, niyə indiyədək ona nəsə fərqli bir şey kimi yanaşıblar və biz digər ölçülər kimi, niyə Zamanla da rahat hərəkət edə bilmirik?
Zaman Səyyahı gülümsündü.
– Siz adamların Fəzada rahat hərəkət edəcəyinə belə əminsiniz? Doğrudur, biz sərbəst şəkildə sağa-sola, irəli-geri gedə bilirik. Bəs yuxarı necə? Axı cazibə qüvvəsi buna mane olur.
– Niyə ki? – Həkim qeyd etdi. – Bəs aerostatlar?
– Amma aerostatlaradək insanlar ən yaxşı halda ya yöndəmsiz şəkildə hoppanıblar, ya da harasa dırmaşmağa cəhd ediblər.
– Amma hər halda, azacıq da olsa, yuxarı-aşağı gedə bilirik, – Həkim təslim olmadı.
– Yuxarıya nisbətən aşağıya qat-qat asan!
– Amma Zamanla hərəkət etmək mümkün deyil, siz indiki andan heç yerə gedə bilməzsiniz.
– Əzizim, bax burda səhv edirsiniz. Biz həmişə indiki andan uzaq düşürük. Bizim ölçüsü olmayan fikirlərimiz Zamanın sayəsində ta beşikdən düz qəbrədək müntəzəm sürətlə irəliləyir.
– Məsələ də bundadır ki, – Psixoloq müdaxilə etdi, – Fəzanın bütün istiqamətlərində rahat hərəkət etdiyimiz halda, Zamanla belə sərbəst irəliləyə bilmərik!
– İxtiramın məğzi də elə məhz budur. Siz kökündən yanılırsınız. Mən əgər hansısa olayı parlaq xatırlayıramsa, xəyallarımda onun baş verdiyi Zamana qayıdıram və sanki indiki anda mövcud deyiləm. Bir anlıq keçmişə sıçrayıram. Əlbəttə, hansısa vəhşi, ya heyvan bir an belə yerdən altı fut1* hündürlükdə havadan sallana bilmədiyi kimi, biz də keçmişdə qala bilmərik. Müqayisədə sivil insan vəhşidən üstün olmaq kimi bir imkana malikdir. O, cazibə qüvvəsinin ziddinə olaraq hava şarında yuxarı qalxır. Bəs onda niyə biz eyni uğurla Zamanda ilişib qala, ya da arzu elədiyimiz istiqamətdə hərəkət edə bilmərik?
– Axı bu, mümkün deyil… – Filbi etiraz etmək istədi.
– Niyə? – Zaman Səyyahı soruşdu.
– Bu, sağlam düşüncənin əksinədir, – Filbi cavab verdi.
– Hansı düşüncənin? – Zaman Səyyahı əl çəkmədi.
– Əlbəttə, siz ağa qara deyə bilərsiniz, – Filbi təslim olmadı, – amma məni buna inandırmağa çalışmayın.
– Ola bilər, – Zaman Səyyahı söylədi. – Amma bu məsələyə Dördölçülü Həndəsə nöqteyi-nəzərindən baxmağa çalışın. Hələ çox-çox əvvəllər Zaman Maşını yaratmaq barədə qarışıq xülyalarım vardı…
– Zamanda səyahət etmək üçün? – Çox Cavan Oğlan onun sözünü kəsdi.
– Fəzanı və Zamanı idarə edənin arzusuna uyğun olaraq onların bütün istiqamətləri ilə sərbəst hərəkət etmək üçün.
Filbi qəhqəhə çəkdi və heç nə demədi.
– Mən təcrübəmlə bunun təsdiqinə nail oldum, – Zaman Səyyahı halını pozmadı.
– Bu, tarixçinin lap xoşuna gələrdi, – Psixoloq qeyd etdi. – Məsələn, keçmişə yollanıb Hastinqs döyüşünün məşhur təsvirinin dürüstlüyünü yoxlaya bilərdi!
– Bəs siz hər iki tərəfdən hücuma məruz qalacağınızdan qorxmazdınız? – Həkim dedi. – Əcdadlarımız tarixi səhvləri o
1