Onu kim unudar. Sona CabbarlıЧитать онлайн книгу.
108 səh
Üz qabığının dizayneri/ Teymur Fərzi
Cəfər Cabbarlı
Onu unutmaq olarmı?
Tez-tez belə iddialar səslənir: Xarici yazarlar haqqında istənilən qədər xatirə mətnləri var, yoldaşı, dostu, anası, atası, hətta qonşusu ölümündən sonra, onun haqqında xatirələrini yazır, oxucular üçün zəngin materiallar təqdim edirlər. Bir çox hallarda isə, yazıçının özü sağlığında yaşadığı dönəm və öz həyatı haqqında zəngin bilgilər təqdim edir. Amma, bizim yazıçıların həyatında belə nümunələrin olmadığı bildirilir. Biz, bu iddiaları rədd edirik və başlatdığımız layihədə sübutlarla bunun əksini göstərəcəyik.
Ümumiyyətlə, xatirələr nə qədər subyektiv olsa da, yazıçı deyilən anlayışa inandığımız üçün, memuarlarda kifayət qədər qiymətli bilgilər olur. Əlinizdə tutduğunuz bu kitab da həmin zəngin xatirlərdən biridir. Və hələ ki, layihəmiz çərçivəsində çap olunan ilk kitabdır.
Təqdim etdiyimiz “Xatirə ədəbiyyatı” seriyasından olan ilk kitab Azərbaycan ədəbiyyatında, teatrında, kinosunda önəmli yer tutan, çox erkən yaşda missiyasını başa vuraraq, ölümsüzlüyə yol alan Cəfər Cabbarlı haqqındadır. Xatirələri yazan isə, uşaqlığından ölümünə qədər onun yanında olan əmisi qızı və həyat yoldaşı Sona xanım Cabbarlıdır.
“Xatirələr” Cəfərin uşaqlığından başlayır, onun ilk əsərləri, premyeraları, evliliyi, səfərləri, məktubları, dostları haqqında mühüm bilgiləri oxuculara təqdim edir.
Xatırladaq ki, Sona Cəfərin əmisi qızı idi və uşaqlıqları bir yerdə keçmişdi, həmçinin el adəti ilə ad eləmişdilər. 1922-ci ildə isə ailə həyatı qurmuşdular.
…Beləliklə, xatirələrdən aydın olur ki, 1901-ci ildə Qafar kişi dolanışıq üçün ailəsini Xızıdan Bakıya köçürür. Cəfər 1899–cu il martın 20-də Novruz bayramında anadan olmuşdu və ailənin sonbeşiyi idi. Bakıya köçdükdən iki il sonra, Qafar kişi dünyasını dəyişir, ailənin yükü xanımı Şahbikənin və böyük oğlu Hüseynqulunun üzərinə düşür. Şahbikə bir dövlətlinin evində aşbazlığa başlayır. Qazandığı hörmətə görə, sahibkarın xanımı Məkkə səfəri zamanı onu da özü ilə aparır.
Cəfər ilk təhsilini Yuxarı Dağlıq küçəsindəki məsciddə Molla Ümnisənin yanında alır. Quranı bitirdikdən sonra, Bədəl bəyin məktəbinə daxil olur. Bu məktəbdə ona Mikayıl Müşfiqin atası Mirzə Qədir İsmayılzadə dərs deyir. Lakin, nadincliyinə görə oradan qovulur, buna görə də, təhsilini rus-tatar məktəbində davam etdirir. Bu məktəbdə ona S.S.Axundov, A. Şaiq kimi şəxsiyyətlər dərs deyir.
Abdulla Şaiq sonralar xatirələrində yazacaqdı:
“Cəfər Cabbarlını hələ kiçik ikən, Bakının yeddinci şəhər məktəbində oxuduğu zamandan tanıyırdım. O, mənim ən çox sevdiyim şagirdlərimdən biri idi. O, ilk şeirini çox zaman hamıdan əvvəl mənə oxuyar, mənim göstərişlərim əsasında işləyərdi. Onda möhkəm iradə və nikbinlik vardı. Heç bir müvəffəqiyyətsizlik onu ruhdan salmaz, əksinə şeirlərinin üzərində daha səylə çalışmasına səbəb olardı. Məsləhət və göstərişləri o, çox asanlıqla qavrayar və əməl edərdi. Ehtimal ki, Cəfərin ilk şeirlərinin əksəriyyəti çap olunmamışdır”.
Sona xanım Cəfərin ilk şeir təcrübələrini qohumların ailəiçi gündəlik davalarına həsr etdiyini yazır. Bu ərəfədə isə, Cəfər artıq sahibkarın yanından ayrılaraq, çörəkçiliklə məşğul olan anasının yanında işləyir, çörəklərin satılmasına kömək edir. Lakin, tezliklə böyük qardaşı Hüseynqulunun Bayılda dükan açması nəticəsində Şahbikə çörəkçilikdən imtina edir. Cəfər qardaşının dükanında işləməyə başlayır. Burada borc alanların siyahısını tutur, axşamlar isə, dükanın yerləşdiyi binada dərs keçən rus dili müəlliməsindən dərs alır.
Cəfər bəy burada İsabəy Aşurbəyovun oğlu ilə dost olur, ona dərslərində kömək edir. Aşurbəyov Cəfəri tanıdıqdan sonra, öz hesabına onu da oğlu ilə birlikdə politexnikuma qəbul elətdirir. Cəfərin təhsil formasını Aşurbəyov tikdirmişdi.
Bu ərəfədə isə, Sona Hüseynqulunun qızı Törə ilə birlikdə Hənifə xanımın məktəbində oxuyurdu. Bu iki qız Dağlı məhəlləsindən məktəbə gedən ilk qızlar idi.
Cəfər ilk şeirlərini “Babayi – Əmir”, “Molla Nəsrəddin“, “Məktəb“ jurnallarında çap etdirirdi. Bu şeirləri “Qəyyur-əyyar“, “Şəbrəng-əyyar“ və başqa təxəllüslərlə çap olunurdu.
Son tədqiqatlarda Cəfər Cabbarlının ilk şeirinin 1915-ci ildə “Məktəb“ jurnalında çap edilən “Bahar“ şeiri olmadığı vurğulansa da, Sona xanım da ilk şeir kimi onu qeyd edir:
“Cəfər jurnalın həmin nömrəsini evdə bizə göstərəndə, əvvəl heç nə başa düşmədik. Elə zənn etdik ki, Cəfər həmişəki kimi bizim üçün yenə şəkilli jurnal alıb. Vərəqləyib, şəkillərinə baxdıq. Bunu görən Cəfər jurnalı əlimizdən alıb, dedi:
– İndi ki, bilmədiz, onda dayanın, sizə bir şeir oxuyum və “Bahar” şeirini ucadan bizə oxudu.
Sona xanım ilk şeirlərini yazması ərəfəsində Cəfərin rəssamlığından da söz açır. Yazdığına görə, Cəfər “Molla Nəsrəddin“ jurnalının şəkillərinin üzünü köçürür və ya hansısa əşyanı qarşısına qoyaraq, rəsmlərini çəkərdi. Sona xanım onun çəkdiyi “mis məcməi“ rəsmini heyrətlə anladır.
Sona xanım Cəfərin ilk tamaşaya qoyulan pyesi kimi “Solğun çiçəklər“ i xatırlayır.
“Tamaşaya mən də getmişdim, salon ağzına qədər adamla dolu idi. Pyes tamaşaçılara o qədər təsir etmişdi ki, hətta salonda ağlayanlar da vardı. Tamaşa zamanı Cəfəri atıbtuturdular. Çiçək də gətirmişdilər. Bu zaman Cəfər politexnikumda oxuyurdu“.
Qeyd edək ki, 1915-ci ildə Bakı Politexnik Məktəbinin elektromexanika şöbəsinə daxil olan Cəfər 1920-ci ildə buranı bitirir. Sonra, Azərbaycan Dövlət Universitetinin tibb fakültəsinə daxil olur. Lakin, tezliklə ərizə yazıb, həmin fakültədən çıxır. 1923-cü ilin sentyabrından Cabbarlı səhnə aləmi və teatr tarixi ilə yaxından tanış olmaq məqsədilə, Bakı Türk Teatr Məktəbində mühazirələrə qulaq asmağa başlayır. Eyni zamanda, 1924-cü ildə Azərbaycan Dövlət Universitetinin şərq fakültəsinin tarix şöbəsində də təhsilini davam etdirir.
Bütün bunlardan əvvəl isə, onu ağır faciə gözləyirdi.
Mart soyqırımı
Xatirələr sovet dönəmində yazıldığı üçün, Sona xanım 1918-ci il mart gülləbaranında soyqırımı kimlərin törətməsini yazmasa da, həmin dönəmdə çəkdikləri məşəqqətləri anladır. Ermənilərin Bakıda törətdikləri qırğınlardan xilas olmaq üçün, ailə Bakıdan köçməyə məcbur olur: “Şəhərin iki kilometrliyindəki qayalara çatmamışdıq ki, bizi gülləyə tutdular. Qayaların üstü ilə böyük bir izdiham axışırdı. Kimi ağlayır, kimi acından yeriyə bilmir, kimi yorulub yolda qalırdı. Başımızın üstündən vıyıltı ilə güllələr uçurdu“.
Sona Cabbarlı həmçinin Cümhuriyyət dönəminin də üzərindən sükutla keçməyə məcbur olur.
“1919-cu ilin axırı idi. Cəfər “Aydın“ pyesini yazıb qurtarmışdı. Lakin, bu əsərin o zaman oynanıb-oynanılmaması yadıma gəlmir. Bundan sonra, 1920-ci ilə kimi Cəfərin nə işlədiyini deyə bilmərəm. Çünki o vaxtlar mənim uşaqlıq illərim olduğundan, həmin dövrləri bir qədər dumanlı xatırlayıram”.
Cəfər isə, həmin ərəfədə Azərbaycan cümhuriyyətinin parlamentində stenoqrafçı işləyir, ədəbi, mədəni camiədə öz uğurlarını davam etdirirdi. “Ulduz” və “Ədirnə fəthindən“ sonra yazılan, Bakının işğaldan azad olunmasına həsr olunan “Bakı müharibəsi“ dramını Sona xanım əsla xatırlamaya bilməzdi. Nuru paşanın ziyafətdə “Ədirnə fəthinin“ müəllifini qucaqlayaraq, bağrına basmasını unuda bilməzdi. Üstəlik, Cəfər 1919-cu ildən Müsavat Partiyasının Bakı Komitəsinin üzvü idi. Cümhuriyyətin işğalından sonra da, “Gizli Müsavat”ın üzvü olaraq qalırdı və bu fəaliyyətinə görə həbs olunmuşdu.
“Xatirələr”də