"Çexovun hekayələri həmişə aktualdır, çünki yaratdığı parlaq obrazlara hər bir dövrdə, hər bir yerdə – məhəlləmizdə, iş yerimizdə, idarədə – rast gəlmək mümkündür. “Qılaflı adam” dünyadan təcrid olub öz qınına çəkilən, sərt, kobud qaydalarla yaşayan yunan dili müəlliminin faciəvi taleyindən bəhs edir. “Qüssə” yaşlı bir adamın dərdinə qulaq asmaq istəməyən cəmiyyətin fərdlərinin necə bir-birinə yadlaşdığını göstərir. Həcmcə kiçik olsa da, emosional təsir baxımından olduqca böyükdür. “Rotşildin skripkası” hekayəsində il boyu zərər elədiyi üçün həmişə mısmırığını sallayan, həyatdan heç cür zövq ala bilməyən bir skripka ifaçısının tədricən həyatın mənasını dərk edən, həqiqi zərərin nədən ibarət olduğunu anlayan bir insana çevrilməsindən danışılır. “Buqələmun” yaltaqlığı özünəməxsus sarkazmla tənqid edən Çexovun ən tragikomik hekayələrindən biridir. “Çaxnaşma” hekayəsi evdə qopan bir oğurluq mərəkəsi ilə başlayır. Müəllif hekayədə varlı insanların mənəvi cəhətdən necə aşındıqlarını, öz tabeçiliyində olan insanlara çəkinmədən şər-böhtan atmağın onlar üçün necə asan olduğunu təsvir edir. "