Qorxu vadisi. Артур Конан ДойлЧитать онлайн книгу.
nə gizlədim, mister Holms, Skotland-Yardda belə hesab edirlər ki, professora nahaq yerə kin bəsləyirsiniz. Onun haqqında bəzi məlumatlar toplamışam: istedadlı alim, hörmətli insan kimi tanınıb.
– Onun istedadlı olduğunu etiraf etdiyiniz üçün çox şadam.
– Ona olan münasibətinizi öyrənəndən sonra bu şəxslə görüşmək qərarına gəldim. Alicənab adam təsiri bağışladı, əsl nazirə oxşayırdı. Xudahafizləşəndə əlini çiynimə qoydu, elə bil ata həyata atılmağa hazırlaşan oğluna xeyir-dua verirdi.
Holms istehza ilə gülümsədi.
– Çox gözəl! – o dedi. – Əziz Makdonald, bu xoş söhbət professorun kabinetində olurdu?
– Bəli.
– Gözəl otaqdır, elədir?
– Elədir.
– Professorun başının üstündən asılmış tabloya fikir verdiniz?
– Əlbəttə, bir qızın portreti idi.
– Bu şəkli on səkkizinci əsrdə yaşamış məşhur fransız rəssamı Jan Batist Qrez çəkib.
Makdonald xəfifcə gülümsədi:
– Çoxdan vəfat etmiş rəssamla Birlstounda baş verən hadisə arasında nə əlaqə ola bilər?
– Bu yaxınlarda Qrezin məşhur bir əsəri hərracda bir milyon iki yüz min franka1 satılıb. Xatırlatmaq istəyirəm ki, professor Moriarti ildə yeddi yüz min frank alır.
– Belə isə onu necə ala bilib… Davam edin, mister Holms. Bu məni çox maraqlandırdı.
– Bəs Birlstoun necə olsun? – Holms gülümsəyərək soruşdu.
– Hələ vaxtımız var, – inspektor saatına baxdı. – Qapınızın ağzında məni keb2 gözləyir, iyirmi dəqiqəyə bizi vağzala çatdırar. Bu tabloya gəlincə isə… Mister Holms, axı bir dəfə demişdiniz ki, professor Moriartinin yanında heç vaxt olmamısınız?
– Doğrudur.
– Bəs onun kabinetindəki şəraitlə hardan tanışsınız?
– Bu başqa məsələdir. Dəvət almadan üç dəfə onun mənzilində olmuşam. Müxtəlif bəhanələrlə gözləyib o gələnə qədər getmişəm. Güman edirəm ki, çox varlı adamdır. Bəs bu sərvəti necə toplayıb?
– Fikirləşirsiniz ki, sərvətini qeyri-qanuni yollarla qazanıb?
– Əlbəttə. Onlarla nazik tel zəhərli məxluqun olduğu hörümçək torunun mərkəzinə uzanır. Həmin zəhərli məxluq professor Moriartidir. Onun altı müxtəlif bankda hesabı var. Öz sərvəti haqqında söz-sohbət olmasını istəmir. Gərək onun nə qədər pulu olduğunu heç kim bilməsin. Güman edirəm ki, pullarının çox hissəsini xarici banklarda saxlayır.
Makdonald diqqətlə qulaq assa da, dostunun sözünü kəsməyə məcbur oldu:
– Mister Holms, siz bir qədər mövzudan yayındınız. Hazırda yalnız onu bilirik ki, professorla Birlstoundakı qətl arasında nəsə bir əlaqə var. Porlokdan aldığınız məlumata əsasən bu nəticəyə gəlmək olar. Bu barədə başqa nə fikir yürüdə bilərik?
– Cinayətin səbəbləri barədə bir neçə fərziyyə irəli sürmək olar. Ancaq bütün suallara cavabı Birlstounda axtarmalıyıq.
– Elədirsə, Birlstouna gedirik! – Makdonald tələsik ayağa durdu.
3
Hadisənin baş verdiyi Birlstoun Londonun şimalında yerləşir. Şəhər mərkəzindən yarım mil uzaqlıqda isə qədim malikanə ucalır. Malikanəni əhatə eləyən iki xəndəkdən biri su ilə doldurulub. Ona görə malikanənin yeganə girişi gecələr qaldırılan, səhər endirilən asma körpüdəndi. Gecələr malikanə, bir növ, adaya çevrilir. Bu faktın tez bir zamanda bütün İngiltərənin diqqətini cəlb edən sirli hadisə ilə birbaşa əlaqəsi var.
Malikanədə yaşayan ailə iki nəfərdən – Con Duqlas və onun arvadından ibarətdi. Deyilənlərə görə, Duqlas əlli yaşlarında, boy-buxunlu, qətiyyət yağan sifəti, sərt baxışı, ağ saqqalı olan bir adamdı. Hamıyla mehriban münasibət saxlayırdı, ancaq hərəkətləri belə bir təəssürat yaradırdı ki, sanki keçmişdə nisbətən aşağı təbəqənin insanları ilə oturub-durmağa məcbur olub. Onun kifayət qədər qızılı vardı; deyilənə görə, Kaliforniyadakı yataqlardan əldə etmişdi.
Missis Duqlas qapalı həyat tərzi sürürdü. Məlumdu ki, Duqlasla Londonda, o, dul qalandan sonra tanış olmuşdular. Gözəl, qamətli, əsmər, ərindən iyirmi yaş kiçik bir qadındı. Bu yaş fərqi onların xoşbəxtliyinə kölgə salmırdı. Ər-arvad arasında qarşılıqlı etibar olmadığını yalnız ən yaxın adamlar bilirdilər. Buna da səbəb ərinin keçmişi barədə nələrdənsə missis Duqlasın xəbər tutması olmuşdu. Bundan başqa, əri evə gec qayıdanda missis Duqlas açıq-aşkar həyəcanlanırmış.
Faciə baş verdiyi gün malikanədə bir şəxs də olmuşdu. Sesil Berker evin istəkli qonaqlarındandı. Danışırdılar ki, mister Duqlasın sirli keçmişindən yalnız onun xəbəri var. Berkerin dediyinə görə, onlar Amerikada tanış olublar və birlikdə çətin günlərdən keçiblər. Berker varlı adam təsiri bağışlayırdı. O, yaşca Duqlasdan kiçik idi, qırx beş yaşı olardı, təmiz qırxılmış sifəti, qalın, qara qaşları vardı. Vaxtını Duqlas, ya onun arvadı ilə gəzintilərdə keçirirmiş. Duqlasdan savayı, Berker onun arvadı ilə də çox yaxın münasibət saxlayırmış, bu da Duqlasın xoşuna gəlmirmiş. Xidmətçilərdən isə eşikağası Emsin və missis Duqlasa ev işlərində kömək eləyən gülərüz qulluqçu missis Allenin adlarını çəkmək olar.
Serjant Uilsonun rəhbərlik etdiyi yerli polis məntəqəsi baş vermiş cinayət haqqında məlumat alanda yanvarın altısıydı, gecə saat on ikiyə az qalmışdı. Beker son dərəcə həyəcanlanmış halda mister Duqlasın qətl edildiyini xəbər verib dərhal da malikanəyə qayıtmışdı. Tezliklə cinayət yerinə polis serjantı getmişdi. Serjant asma körpünün endirildiyini, pəncərədən gur işıq gəldiyini görüb. Qorxmuş eşikağası qapının ağzında dayanıbmış. Sesil Berker ona arxasınca gəlməyi xahiş edib.
Sonra doktor Vud özünü yetirib. Hər üç kişi hadisə baş verən otağa daxil olub. Duqlas arxası üstə uzanıbmış. Doktorun gəlişinə ehtiyac olmadığı elə ilk baxışdan aydın olub.
Qətlə yetirilən eybəcər hala salınmışdı. Sinəsində lülələri bir fut kəsilmiş qoşalülə ov tüfəngi var idi. Atəş yaxın məsafədən açıldığından güllə qafa tasını parça-parça etmişdi. Eyni vaxtda atəş açmaq üçün tətiklər məftillə bir-birinə bağlanmışdı.
– Burda heç nəyə toxunulmayıb, – Sesil Berker dedi. – Mən güllə səsini eşidəndə saat on ikinin yarısını vurmuşdu. Hələ paltarımı soyunmamışdım, öz yataq otağımda buxarının qarşısında oturmuşdum. Səs boğuq çıxdı. Dərhal aşağı cumdum. Heç otuz saniyə keçməmiş artıq Duqlasın otağındaydım.
– Qapı açıq idi?
– Bəli. Stolun üstündə şam yanırdı.
– Heç kimi görmədiniz?
– Yox.
1
2