Hekayələr. Ги де МопассанЧитать онлайн книгу.
söz ağlabatan idi. Hamı susdu.
Xanımlar geyim-kecimdən söhbət edirdilər. Amma deyəsən, aralarında pərtlik vardı.
Birdən küçələrin qurtaracağında bir zabit göründü. Üfüqə qədər uzanan qarlı çöllərin işığında onun eşşəkarısına oxşayan uzun bədəni aydınca seçilirdi. O, silinib təmizlənmiş uzunboğaz çəkmələrinin palçığa bulanmasından ehtiyat edən bir hərbçi vərdişi ilə dizlərini qatlaya-qatlaya irəliləyirdi.
Zabit xanımlara yaxınlaşanda təzim etdi və kişilərə şübhə ilə baxdı. Onlar isə şəxsi ləyaqətlərini saxlayıb şlyapalarını çıxartmadılar. Təkcə Luazo az qalmışdı ki, əlini papağına uzatsın.
Gonbul qulağının dibinəcən qızardı. Onunla yanaşı gedən ərli üç xanım isə kobud zabitin onları bir yataqda yatmaq istədiyi küçə qızı ilə bir yerdə görməsindən özlərini təhqir olunmuş sayırdılar.
Dərhal zabitin görkəmi, onun sir-sifəti, boy-buxunu haqqında söhbətə başladılar. Həyatı boyu çox zabitlər görüb yola salan və onların yaxşı-pisindən başı çıxan xanım Karre-Lamadon dedi ki, bu prus zabiti o qədər də pis kişi deyil, hətta təəssüfləndi ki, əgər o, fransız olsaydı, arvadların ağlını yerindən oynadan gözəl bir qusar ola bilərdi.
Gəzintidən qayıtdıqdan sonra bilmədilər nə iş görsünlər. Hətta hər balaca, mənasız məsələdən ötrü bir-birini acılamağa başladılar. Sakitcə və tələsik nahar etdilər və dərhal da otaqlara dağılışıb yatmağa getdilər ki, vaxtı öldürsünlər.
Ertəsi gün səhər tezdən, sərnişinlər yuxudan durub yemək otağına toplaşanda yorğun və qəzəbli görkəmləri vardı. Xanımlar Gonbulun üzünə baxıb onunla kəlmə belə kəsmək istəmədilər.
Kilsə zəngi çalındı. Deyəsən, uşaqları xaç suyuna çəkmək mərasimi olacaqdı. Gonbulun bir uşağı vardı. İvetoda bir kəndli qadınına saxlamağa vermişdi. Onun üzünü ildə bircə dəfə ancaq görürdü və çalışırdı ki, balasını yadına salmasın. Amma indi kilsədə zəng sədaları altında kiminsə körpə uşağının xaç suyuna çəkiləcəyini bildikdə birdən-birə Gonbulun qəlbində doğma balasına qarşı mehriban analıq duyğusu baş qaldırdı və kilsədə keçirilən ayində mütləq iştirak etmək fikrinə düşdü.
Gonbul gedən kimi otaqdakılar bir-birinin üzünə baxdılar və dərhal qərara gəlmək vaxtının çatdığını hiss edərək baş-başa verdilər. Luazonun beyninə belə bir fikir gəldi: prus zabitinə demək lazımdır ki, təkcə Gonbulu tutub saxlasın, qalanlarına isə getməyə icazə versin.
Cənab Folanvi onların sözünü zabitə çatdırmağa razı olub yuxarı çıxdı və dərhal da geri qayıtdı. İnsanların təbiətinə yaxşı bələd olan prussiyalı mehmanxana sahibini qapıdan qovmuş və demişdi ki, onun arzusu yerinə yetirilməyincə sərnişinlərin heç birini buraxan deyil.
Bu sözü eşidən kimi xanım Luazonun mərifəti bütün çılpaqlığı ilə meydana çıxdı:
– Biz burada qocalana qədər oturub gözləyəsi ha deyilik? Bu qəhbənin sənəti rastına gələn kişilərlə bir yorğan-döşəkdə yatıb durmaq deyilmi, indi niyə özünü çəkir, niyə zabitin təklifini rədd edir, buna onun nə ixtiyarı var? Sən bir buna bax, Ruanda yorğanın altına salmadığı kişi qalmayıb, üzü üzlər görüb, hətta faytonçularla yatıb durub, indi buna nə olub? Bəli, xanımlar, mən onun dabbağda gönünə bələdəm, onu lap yaxşı tanıyıram, həmişə bizim dükandan çaxır alır, öz gözümlə görmüşəm onun faytonçularla mazaqlaşdığını! Amma indi, bizi bu vəziyyətdən çıxartmaq lazım olanda bu həyasız özünü xam qız kimi aparır. Zabit çox mərifətli adamdır. Hər şey onun əlindədir. İstəsə, elə lap bizim üçümüzdən birini seçə bilərdi, amma o, bütün kişilərin altına yıxılmağa hazır olan bu tərbiyəsizdən yapışıb. Kişi qanacaqlı adamdır, ərli qadınlara hörmət eləyir, yoxsa ixtiyar sahibidir, nə istəsə edə bilər. Bircə dəfə "mən bunu istəyirəm” desə, bizi əsgərlərin qabağına salıb yanına apartdırar və zora salıb başımıza istədiyi oyunu aça bilər.
Xanımlar diksindilər. Qəşəng xanım Karre-Lamadonun gözləri parıldadı, rəngi ağardı, ona elə gəldi ki, prus zabiti onu bu saat zorlayır.
Kənarda söhbət eləyən kişilər qadınlara yaxınlaşdılar. Luazo özündən çıxmışdı və bu yaramaz qızın əl-ayağını sarıyıb düşmənə verməyə hazırdı. Ancaq üç arxadan dolananları səfir olan və zahiri görkəmindən diplomatı xatırladan qraf incə bir yolla hərəkət etməyin tərəfdarı idi:
– Qızı yola gətirmək lazımdır.
Bununla da onlar sözü bir yerə qoydular.
Arvadlar baş-başa verdilər. Səslərini alçaltdılar və hər kəs öz fikrini söyləməyə başladı, özü də hər şeyi qaydasında elədilər. Ən pis, nalayiq işlərdən danışanda da çox incə ifadələr tapıb işlədir və ədəblə danışırdılar. Onlar sözləri elə ehtiyat və diqqətlə seçirdilər ki, işdən hali olmayan adam onların danışığından heç nə başa düşə bilməzdi. Əslində, kübar qadınlarının büründükləri nazik ismət və həya örtüyü ancaq zahiri görkəm və gözdən pərdə asmaq üçündür. İndi isə onlar özlərini çox sərbəst hiss edir, prus zabiti ilə Gonbulun əhvalatından əməlli-başlı ləzzət alır, ürəklərində əylənir və başqasına yemək hazırlayan aşxana aşpazı ehtirası ilə bu məhəbbət əhvalatını quraşdırırdılar.
Bütün bu əhvalatlar o qədər əyləncəli və ləzzətli idi ki, sərnişinlərin kefi açılmışdı. Qraf, əslində, çox şit zarafatlar edirdi. Ancaq bu zarafatlara elə incə don geydirirdi ki, hamı gülümsünürdü. Luazo da bir neçə dəfə açıq, ikibaşlı atmaca atdı. Onun belə bayağı sözlərindən heç kəs incimədi. Hamı xanım Luazonun kobud şəkildə dediyi “Bu qəhbənin sənəti kişilərlə bir yorğan-döşəkdə yatmaq deyilmi, indi özünü niyə çəkir?” sözləri düşünür və bu barədə fikirləşirdi. Qəşəng xanım Karre-Lamadon hətta deyəsən, “Gonbulun yerinə mən olsaydım, başqalarını rədd etsəm də, bu prus zabitinin sözünü yerə salmazdım”, – deyə xəyalından keçirdi də.
Sui-qəsdçilər elə bil mühasirəyə salınmış bir qalanı alacaqlarmış kimi uzun-uzadı tədbirlər tökürdülər. Hərə boynuna bir iş götürürdü və kimin nə vaxt, nə cür hərəkət edəcəyi, nə kimi inandırıcı sözlər tapıb söyləyəcəyi haqqında əvvəlcədən şərtləşirdilər. Cürbəcür hücumlar düzəltmək, gözlənilməz basqınlar etmək, kələklər qurmaq haqqında əməlli-başlı tədbir tökürdülər ki, bu canlı qalanı düşmənə təslim olmağa məcbur etsinlər. Təkcə Kornyude əvvəlki kimi kənarda dayanaraq bu sui-qəsddə iştirak etmirdi.
Onların başı bu işə o qədər qarışmışdı ki, Gonbulun içəri girməsindən xəbər tutmadılar. Təkcə qraf bunu gördü və “sss” deyə yoldaşlarını xəbərdar etdi. Onlar gözlərini qıza zillədilər. Gonbul onların qarşısında dayanmışdı. Qızın yol yoldaşları özlərini itirib səslərini kəsdilər və bir xeyli ağızlarını açıb ona söz deyə bilmədilər. Kübar saxtakarlığına başqalarından daha çox bələd olan qrafinya:
– Xaç suyuna çəkilmə mərasimində maraqlı bir şey vardımı? – deyə soruşdu.
Hələ də gördüklərinin təsirindən xilas