Hekayələr. Лев ТолстойЧитать онлайн книгу.
ction>
LÜTSERN1
Dünən axşam mən Lütsernə gəldim və buranın ən yaxşı mehmanxanası hesab olunan Şveytserqofda qaldım.
"Lütsern dörd mahala məxsus gölün sahilində yerləşən qədim vilayət şəhəridir, – Murrey deyirdi, – İsveçrənin ən axarlı-baxarlı guşəsidir: burada üç əsas yol kəsişir, buradan dünyanın ən əzəmətli mənzərələrindən olan Riqi dağına gəmi ilə cəmi birsaatlıq yoldur".
Bu nə dərəcədə doğrudur, deyə bilmərəm, ancaq bələdçilər də eyni şeyi təkrar edirdilər, buna görə də bütün millətlərdən olan səyyahların, xüsusilə ingilislərin Lütserndə sayı-hesabı yoxdur.
Şveytserqofun beşmərtəbəli gözəl binası sahil küçəsində, lap gölün kənarında bu yaxınlarda tikilmişdir. Qədim zamanlarda həmin bu yerdə çatma tağlı, üstüörtülü, dolanbac, künclərində kiçik kilsələri olan taxta körpü var idi. İndi isə ingilislərin buraya böyük axını, onların tələbləri, zövqü və pulları sayəsində köhnə körpü uçurulmuş, yerində tir kimi düz, kürsülü sahil düzəldilmişdir. Sahil küçəsində isə düzünə, dördkünc beşmərtəbəli evlər salınmışdır: evlərin qabağında iki cərgə cökə ağacları əkilmiş, cökələrə dirək vurulmuş və aralarına, adət üzrə, yaşıl skamyalar qoyulmuşdur. Bura gəzinti yeri idi, başlarına İsveçrə istehsalı olan həsir şlyapalar qoymuş ingilis xanımları ilə əyinlərində davamlı və rahat paltarları olan kişiləri burada gəzişir və öz əlləri ilə yaratdıqlarından həzz alırdılar. Bu sahil küçəsi, evlər, cökə ağacları və ingilislər burada, çox əzəmətli, bununla belə, ifadəedilməz dərəcədə ahəngdar və zərif təbiətin qucağında deyil, haradasa başqa bir yerdə, bəlkə də, çox yaxşı görünə bilərdilər.
Mən yuxarı, öz otağıma qalxıb gölə baxan pəncərəni açan kimi suların, dağların, səmanın gözəlliyi ilk anda elə bil gözlərimi qamaşdırıb məni sarsıtdı. Daxili narahatlıq duydum, qəlbimi birdən-birə dolduran nəyinsə artıqlığını birtəhər ifadə etmək ehtiyacı hiss etdim. Bu dəqiqələrdə kimi isə qucaqlamaq, bərk-bərk qucaqlamaq, qıdıqlamaq, çimdikləmək, bir sözlə, nə isə qeyri-adi bir iş tutmaq istəyirdim.
Axşam saat yeddi idi. Bütün günü yağış tökmüşdü, indi isə hava açılırdı. Yanan kükürd kimi gömgöy olan göl nöqtə boyda görünən qayıqları və onların silinən, hamar izləri ilə birlikdə müxtəlif yaşıl sahillərin arasında yayılaraq sanki pəncərələrin qarşısında qabarır, qabağa cumur, iki nəhəng çıxıntının arasında sıxılır və tutqunlaşaraq bir-birinin üstünə qalanmış dərələrə, dağlara, buludlara və buzlaqlara dirənərək görünməz olurdu. Ön planda qamışlı, çəmənli və bağ-bağatlı, açıq-yaşıl rəngə çalan yaş, hərəkətli sahillər, ondan sonra isə uçuq qəsrləri olan tünd-yaşıl pöhrəli, kol-koslu təpələr görünürdü; lap arxada isə ağ-bənövşəyi rəngli yumru dağlar, ecazkar qayalıqlar və ağ qarlı zirvələr vardı və bütün bunlar havanın zərif və şəffaf maviliyinə, səmanın parçalanmış yerindən süzülən isti quru şüalarına qərq olunmuşdu. Nə göldə, nə dağlarda, nə də səmada bütöv bir xətt, tam rəng, eyni məqam tapmaq mümkün idi; hər yerdə hərəkət, əlvanlıq, ecazkarlıq, kölgələrin, xətlərin sonsuz qarışıq və müxtəlifliyi vardı. Hər şeydə dinclik, zəriflik, gözəlliyin vəhdəti və zəruriliyi duyulurdu. Burada, bu qeyri-müəyyən və dolaşıq təbii gözəllik içərisində, lap pəncərənin qarşısında ağ tir kimi səfehcəsinə uzanan sahil küçəsi, dirək vurulmuş cökə ağacları və yaşıl skamyalar – insanların yaratdığı bu miskin və bayağı əsərlər uzaq bağ-bağat və uçmuş qəsrlər kimi gözəlliyin ümumi ahənginə qərq olmayıb, əksinə, onu kobudcasına pozurdu. Nəzərlərim istər-istəməz, ara vermədən sahil küçəsinin bu dübbədüz xətti ilə toqquşurdu və xəyalən onu, gözümün altına, burnuma düşmüş qara ləkə kimi silib atmaq və məhv etmək istəyirdim; lakin sahil küçəsi orada gəzişən ingilislərlə birlikdə öz yerində dayanmışdı və mən, ixtiyarsız olaraq, elə bir baxış guşəsi axtarmağa çalışırdım ki, ordan bu küçə gözümə görünməsin. Mən belə baxmağı öyrəndim və naharadək öz-özümə təbiətin gözəlliyini tək seyr etdiyim zaman duyduğum natamam, lakin şirin, üzücü hislərdən həzz aldım.
Səkkizin yarısında məni yeməyə çağırdılar. Aşağı mərtəbədəki son dərəcə səliqəli böyük bir otaqda azı yüz adamlıq iki uzun stol açılmışdı. Qonaqların sükut içərisində toplaşmaları üç dəqiqə çəkdi: qadın paltarlarının xışıltısı, yüngül addım səsləri, nəzakətli və yaraşıqlı xidmətçilərlə danışıqlar eşidilirdi. Bütün yerlər olduqca gözəl, hətta zəngin və ümumiyyətlə, qeyri-adi dərəcədə səliqəli geyinmiş kişilər və xanımlar tərəfindən tutulmuşdu. Bütün İsveçrədə olduğu kimi, qonaqların əksəriyyəti ingilislərdi, buna görə də süfrənin ümumi xüsusiyyətləri – təkəbbürə deyil, yaxınlaşma ehtiyacının yoxluğuna əsaslanan sərtlikdən, qanunla bəyənilmiş nəzarətdən, ünsiyyətsizlikdən və öz ehtiyaclarını rahat və xoş təmin etməkdə təkliklə kifayətlənməkdən ibarət idi. Hər tərəfdə ağappaq təbii və süni dişlər, yaxalıqlar, ağappaq üzlər və əllər parıldayırdı. Lakin çoxu gözəl olan sifətlər ancaq şəxsi rifah duyğusunu və ətrafında öz şəxsiyyətinə aid olmayan bütün şeylərə tam bir laqeydlik ifadə edirdi; barmaqsız əlcəklərdəki üzüklü ağ əllər ancaq yaxalıqları düzəltmək, əti doğramaq və stəkana şərab tökmək üçün hərəkət edirdi: onların hərəkətində heç bir daxili həyəcan hiss olunmurdu. Ailə üzvləri arabir hansı xörəyin və ya şərabın dadlı olması, ya da Riqi dağından görünən gözəl mənzərə barədə sakitcə bir-birinə nə isə deyirdilər. Tənha səyyahlar və ya səyyah qadınlar tək, sakitcə, yanaşı oturaraq hətta bir-birinə baxmırdılar da. Əgər bu yüz adamdan iki nəfəri hərdənbir öz aralarında söhbət edirdisə, o da, yəqin ki, hava və Riqi dağına qalxmaları barədə idi. Çəngəl və bıçaqlar səssizcə nimçələrdə gəzir, yemək çox az götürülür, noxud və tərəvəz mütləq çəngəllə yeyilirdi; xidmətçilər qeyri-ixtiyari, bu ümumi sükuta tabe olaraq hansı şərabın gətirilməsini pıçıltı ilə soruşurdular. Belə yemək zamanı həmişə özümü pis hiss edirəm və hətta axırda məni qüssə bürüyür. Mənə elə gəlir ki, nədəsə günahkaram və uşaqlıqda olduğum kimi, nadincliyim üstündə cəzalandıraraq stula oturdur və istehza ilə deyirlər: "İstirahət elə, mənim əzizim", bu zaman damarlarımda qaynar qan vurur, o biri otaqda isə qardaşlarımın fərəhli səsləri eşidilir. Əvvəllər, belə yeməklər zamanı hiss etdiyim bu boğuq hissə qarşı üsyan eləmək istəyirdim, ancaq əbəs yerə, bütün süst sifətlər mənə elə təsir edirdi ki, özüm də dönüb onlar kimi süstləşirdim. Heç bir şey istəmir, fikirləşmir və hətta müşahidə də etmirdim. Əvvəlcə qonşularımla danışmağa cəhd etdim; lakin həmin yerdə və həmin adam tərəfindən, yəqin ki, yüz min dəfə təkrar olunmuş cümlələrdən başqa özgə cavab ala bilmədim. Axı bütün bu adamlar səfeh və hissiz deyildilər, yəqin ki, bu donuq adamların çoxunun içərisində məndə olduğu kimi, bəzilərində isə daha mürəkkəb və daha maraqlı bir həyat qaynayır. Bəs nə üçün onlar özlərini həyatın ən yaxşı həzzindən, bir-birindən zövq almaqdan, insandan zövq almaqdan məhrum edirlər?
Bizim Paris pansionunda isə belə deyildi, orada biz, müxtəlif millətlərdən olan, müxtəlif peşə sahibləri və fərqli xarakterli iyirmi nəfər, fransız ünsiyyətinin təsiri altında ümumi yemək stoluna əyləncə kimi baxırdıq. Stol arxasında oturan kimi bu başdan-o başa başlayan lətifəli, cinaslı söhbət, bəzən hətta pozuq dildə olsa da, ümumi söhbətə çevrilirdi. Orada hamı deyəcəyi sözün necə çıxacağını fikirləşmədən, ağlına gələni deyirdi. Orada bizim öz filosofumuz, höcətimiz, bel espritimiz2, öz plastronumuz3, vardı və hamısı da ümumi idi. Orada yemək qurtaran kimi stolları geri çəkir, ahəngə uyğun oldu-olmadı, tozlu xalçanın üstündə lap axşamadək la polka4 oynayırdıq. Orada biz şux olsaq da, o qədər də ağıllı və sanballı olmasaq da, adamdıq. Romantik sərgüzəştləri olan ispan qrafinyası da, yeməkdən sonra “İlahi komediya”dan əzbər deyən italyan abbatı da, Tüilriyə5 gediş-gəlişi olan amerikalı həkim də, uzunsaçlı cavan dramaturq da və öz sözləri əsasında dünyanın ən yaxşı polkasını bəstələmiş pianoçu qadın
1
Con Murrey (1841-1914) – ingilis səyyahı, təbiətşünas alimi
2
Bel esprit (fr.) – müdrik, hazırcavab adam
3
Plastron – qalstuk, nişastalanmış yaxalıq
4
La polka (fr.) – qrup şəklində oynanılan rəqs növü
5
Tüilri – Parisdə fransız krallarının yaşadıqları saray; XVI əsrdə inşa edilib.