Hekayələr. Чингиз АйтматовЧитать онлайн книгу.
ilə görürlər.
Budur, dərənin lap dibində oyuncağa oxşar nəsə bir fiqur göründü.
“… İnsan! Bir bax, bu insandır!” – qartallardan biri qaqqıldadı. “Görürəm, bu, doğrudan da insandır!” – ikinci qartal cavab verdi.
Düzdür, insan peyda olmuşdu, ancaq qartallar özlərini o yerə qoymayıb etinasızcasına havada cövlan edirdilər. Bu insan onları qətiyyən narahat eləmirdi. Bəyəm bu məxluq onların yuvalarını dağıda bilərdi? Xeyr, bu adam özü öz kölgəsindən qorxur: o ya qaçaqdır, ya da yolunu azmış bədbəxtin biridir. Bunu adamın inamsız addımlarından, qorxu dolmuş gözlərindən, səksəkəli baxışlarından o saat bilmək olurdu. O, tez-tez nigarançılıqla ətrafa boylanır, tərəddüd edib dayanır, yerindəcə donub-qalırdı. Bəyəm bu insan övladı sıldırım qayaların başındakı əlçatmaz yuvaya qalxa bilərdi? Onda o güc, o iradə nə gəzirdi ki, qartallarla əlbəyaxa döyüşə girsin! Məgər məqsədinə çatmaq naminə bu insan özündə güc tapıb onlarla döş-döşə gəlməyə qadir ola bilərdi? Yox, qartal yuvasına əl uzatmaq üçün gərək özün də qorxubilməz qartal olasan! Hətta belə olan halda da kimin qalib gələcəyi açıq döyüşdə bilinəcək. Qartallar üzbəsurət döyüşü sevirlər. Düşmən yuvalarına doğru sürünəndə onlar qışqırırlar: “Dayan! Geri dön!” Sonra qəzəbli bir qaqqıltı eşidilir: “Hazır ol!” Daha sonra isə qartal səmadan qaya parçası kimi üzüaşağı şığıyır. Havanı vıyıltı ilə yararaq caynaqlarını düşmənin sinəsinə pərçimləyib onu dərənin dibinə yuvarlayır. Sonra isə uzun müddət qartallar yuvalarının üzərində cövlan edir, beləcə, gah sevinclə, gah nifrətlə, gah da təəssüflə səmada qıy vururlar…
Bu insan oğlu isə belə bir döyüş haqda fikirləşmirdi də, elə isə qoy öz yoluyla çıxıb getsin.
Günortaüstü adam artıq böyük aşırımın başına gəlib çatmışdı. Qartallar elə ki gördülər insan oğlu oradan uzaqlaşdı və bir azdan gözdən itəcək, onlardan biri qaqqıldadı: “İnsan getdi!..” İkinci qartal ona qısaca cavab verdi: “Getdi”.
Nurbek aşırıma gəlib çatana kimi tamam əldən düşmüşdü. O, indiyəcən insan ayağı dəyməmiş qalın qar örtüyünün üstü ilə irəliləyirdi. Aşırımda güclü və soyuq külək əsirdi. Artıq bir sutka olardı ki, dilinə heç nə dəyməmişdi. Aşağılara enmək lazım idi, bəlkə, oralarda çobanların yaşadığı alaçıqlara rast gələ bilərdi. Aşırımdan dağın mənzərəsi ovuc içi kimi görünürdü. Aşağılarda, dərənin lap dibi ilə böyük bir çay axırdı. Ancaq heç bir yaşayış nişanəsi gözə dəymirdi. Nurbek taqətsiz halda bir daşın üstündə oturdu və əlləri ilə üzünü örtdü. “Bu vəhşilər yaşayan dağlarda, ucqar qayalıqlarda insan nə gəzir? – Nurbek fikirləşdi. – Yalnız mənim kimi axmaqlar bu cür yaşaya bilər!” – O, başını bir az da aşağı saldı və gözlərini yumdu…
Külək güclü əsəndə ocağı ya daha da alovlandırar, ya da tamam söndürər. Əzəlki Nurbek sönmüşdü. İndiki Nurbek isə bir tikə çörəyə həsrət qalmış qaçaq idi, indi o, sakit bir yer tapıb ocaq qalamaq, canını qızdırmaq istəyirdi.
“… Mənim Aynagülümün dayısının yaşadığı rayona nə vaxta gedib çata bilərəm? – Nurbek fikirləşdi. – Deyirdilər ki, bu aşırımdan o yana ikigünlük yoldur. Ondan borc olaraq yolpulu götürərdim, şəhərə gedib Aynagülə and-aman edərdim ki, bir də “xam torpaq” sözünü dilimə almayacam!”
Nurbek yerindən durdu və çaya tərəf hərəkət etdi. Aşırımın yüksəkliyindən yol əl içi kimi görünürdü. Ancaq bir az keçmiş Nurbek özünü sal qayalarla əhatə olunmuş bir yerdə gördü; ətrafda daşlardan başqa heç nə gözə dəymirdi. Nurbekin canına qorxu düşdü. O bu daşlı dərədən qaçıb canını qurtarmaq üçün addımlarını yeyinlətdi. Tezliklə ətrafa qaranlıq çökdü, sanki gecə düşmüşdü. Nurbek başını qaldıranda başının üzərində alçaqda toparlanmış qara buludlar gördü. O, bir az da sürətlə yeriməyə başladı. Şimşək çaxdı və daşların üzərinə iri, ağır yağış damcıları düşməyə başladı. Ardınca soyuq və sərt külək qopdu, sonra dolu yağmağa başladı. Dərələri sel başına götürdü. Buludlar səmanı bürüdü və ağırlaşaraq aşağılara endi. Ətrafa zülmət qaranlıq çökdü. Nurbek harada gizlənəcəyini bilmədi. O, münasib yer axtarmaq üçün ora-bura vurnuxmağa başladı. Şimşək isə sanki onu axtarırmış, ələ salırmış kimi Nurbekin arxasında gizləndiyi qayalara çırpılır, ətrafa işıq saçırdı. İldırım guruldayır, sanki pəhləvan qəhqəhə çəkirdi: “Axa-xa-xa-xa!”
Nurbek tamamilə özünü itirdi. O, hara gedəcəyini, nə edəcəyini bilmirdi. Yuxarıdan böyük bir qaya parçası qopub onun başının üzərindən yan keçərək yerə düşdü. Bunun ardınca dalbadal daşlar diyirlənməyə, qabağına çıxanları süpürüb atmağa başladı. Nurbek daldalı çəkilərkən aşağı yuvarlandı…
Bir neçə gündən sonra Nurbek ilk dəfə həyət-bacaya çıxdı. Yaralı ayağının ağrısı hələ kəsməmişdi. Nurbek axsayırdı, öskürək də ki ondan əl çəkmirdi.
Onu tapan və qulluğunda duran insanlar bir-biri ilə sözləşibmiş kimi, ona heç nəyi xatırlatmırdılar. Hələ ki Nurbek özü başına gələn dəhşətli hadisəylə bağlı kimsədən heç nə eşitməmişdi. Doğrudur, Asiya dərhal öz sözünü demişdi:
– Mən sizin yerinizdə olsaydım, belə etməzdim! Kim ki məsuliyyətdən qorxur… – Asiya sözünü tamamlamadı, elə bil Nurbekə yazığı gəldi, dərindən nəfəs aldı. – Siz hər şeyi olduğu kimi danışdınız, mən heç cür inanmıram ki, siz belə bir iş tutasınız!..
Nurbek bir az toxtadı. “Asiya məni başa düşür, – deyə düşündü. – Deməli, mən o qədər də pis adam deyiləm. O mənə inanır. Bəs başqaları necə? Mənə inanacaqlarmı?” Bir neçə dəqiqə keçmiş onun ürəyində başqa fikirlər baş qaldırdı: “Nə üçün bu adamlar yuxarıları məlumatlandırıb məni ələ vermək istəmirlər? Yoxsa mənim sağalıb ayağa durmağımı gözləyirlər? Bəyəm mənim cinayətkar olmağım həqiqət deyilmi? Hə, mən məhv olmuş adamam! Nahaq mənə yazıqları gəlir, mən öz cəzamı çəkməliyəm!..”
Ancaq Aynagül yadına düşəndə fikrini dəyişirdi: “Yox, mən gərək tezliklə buradan çıxıb gedəm. Bu cür yaşamaqdan bezdim artıq. Mən Aynagülün yanına qayıdacam və biz sakit, firavan ömür sürəcəyik”.
Gecələr gözünə yuxu getməyəndə Nurbek çarpayıda uzanıb başına gələnləri adamlara necə izah edəcəyi haqda düşünürdü; həmin gecə mühərrikin nə üçün söndüyünü götür-qoy edirdi. Aydın məsələdir ki, hər traktor dağlıq ərazilərdə işləməyə qadir deyil. Onun dağlıq ərazilərdə işləyə biləcək yeni, təkmilləşdirilmiş traktorlar haqda da öz fikirləri var idi… Ancaq bütün bunlar indi kimə lazım idi… Bəyəm yenidən ora qayıtmağa cəsarəti çatacaqdı, insanların üzünə necə baxacaqdı?
Hər gün səhər tezdən Asiya və hidrotexnik Bektemir kanat yolunun yedəyinə əyləşib yan tərəflərdəki bucurqadı2 fırladaraq çayın üzərindəki trosla o biri sahilə keçirdilər. Sonra isə onlar sahil boyunca yuxarılara, Baydamtalın qarlı mənbəyinə gedib çıxırdılar. Asiya orada öz müşahidələrini aparırdı. Nurbek onları keçidə qədər
2