Karvan. Вильгельм ГауфЧитать онлайн книгу.
Düşünürdüm ki, pənah Allaha, bəlkə, dadımıza çatan oldu. Ay doğanda ulduzlara baxıb öyrəndim ki, saat on birə az qalır, yuxu məni basdı, istər-istəməz göyərtədəki çəlləyin dalında uzandım. Lakin yatmaqdan çox mürgüləyirdim, çünki dalğaların gəmiyə çırpılmasını, dorağacının cırıltısını və yelkənlərin küləkdə xışıldamasını çox aydın eşidirdim. Sonra göyərtədə qəfildən qulağıma kişi səsi gəldi. Qalxıb baxmaq istədim, lakin gözəgörünməz bir qüvvədən sanki cidarlanmışdım, hətta gözümü də aça bilmirdim. Hənirti, səs-küy tədricən daha da aydınlaşırdı. Elə bil göyərtədə matroslar gəzişir, deyib-gülürdülər. Hay-küy içindən kiminsə amiranə səsi gəldi, sonra kəndirlər dartıldı, yelkənlər bərkidildi. Yavaş-yavaş beynim dumanlandı, dərin yuxuya getdim. Elə bil məni qara basırdı: silah cingiltisi eşidirdim. Bir də oyananda gördüm ki, gün artıq xeyli qalxıb, üzümü yandırır. Təəccüblə ətrafa göz gəzdirdim. Gecə eşitdiklərimin hamısı mənə yuxu kimi gəldi. Diqqətlə baxanda gördüm ki, hər şey dünənki kimidir: meyitlər hərəkətsiz uzanmış, kapitan da dorağacına mismarlanmışdı. Ayağa qalxdım ki, qoca nökərimi axtarım tapım.
İbrahim kayutda oturub fikir dəryasına qərq olmuşdu. Mən içəri keçən kimi: “Ey mənim ağam, – dilləndi, – bu cin-şəyatin yığnağı olan gəmidə qalmaq-dansa, batıb dənizin dibinə getmək daha yaxşıdır!” Səbəbini soruşanda o mənə belə cavab verdi: “Bir neçə saat yatandan sonra oyandım, başımın üstə tarap-turup səsi eşidirdim. Əvvəlcə elə bildim sizsiniz, sonra gördüm ki, yox, orada ən azı iyirmi nəfər gəzişir, bundan başqa, həm də onların çağır-bağırını eşidirdim. Axırda pilləkən tərəfdən də ağır addım səsləri gəldi. Elə bu vaxt huşum qarışdı. Bir müddət sonra ağlım üstümə gələndə bir də gördüm ki, yuxarıda dorağacına mismarlanmış adam gəlib burada süfrə arxasında oturub, nəğmə oxuyur, şərab içir; göyərtədə ondan bir az aralı uzanmış al-qırmızı xalatlı adam da böyründə əyləşib; bir yerdə yeyib-içirdilər”. Bəli, qoca nökərim mənə belə dedi.
Əlbəttə, dostlar, siz mənim nə vəziyyətə düşdüyümü, yəqin ki, yaxşı başa düşürsünüz. Belə bir heyətlə gəmidə yol getmək mənə çox dəhşətli görünürdü. İbrahim isə yenə də fikir-xəyal içindəydi. Nəhayət, ucadan dilləndi: “Yadıma düşdü, yadıma düşdü!” Sehr yadına düşmüşdü. O sehr ki, dünyanı gəzib-dolaşmış cəsur babası ona öyrətmişdi. Qarabasma və caduya qarşı olan sehr. Bundan başqa, qoca nökərim məni inandırdı ki, sidqi-qəlbdən Qurandan vird eləsək, ötəngecəki yuxu bir də bizə yaxın düşməz. Qocanın təklifi ürəyimə yatdı. Gecənin düşməyini həyəcanla gözləyirdim. Kapitan kayutunun yanında balaca bir anbar vardı. Qərara gəldik ki, orada gizlənək. Qapıda bir neçə deşik açdıq. Deşikləri o qədər böyük elədik ki, kayutun içini görə bilək. Sonra qapını içəridən bərk-bərk bağladıq. İbrahim qapının dörd tərəfinə peyğəmbər salavatullahın mübarək adını yazdı. Beləcə, oturub gecə müsibətini gözləməyə başladıq. Yenə də saat on birə yaxın məni yuxu tutdu. Nökərimin məsləhəti ilə Qurandan bir neçə ayə vird elədim. Qəfildən yuxarı cuşa gəldi. Kəndirlər dartıldı, göyərtədə adamlar gəzişdi, çığır-bağır səsləri eşidildi. Oturub cınqırımızı çıxartmadan qulaq asırdıq. Bir də gördük ki, kimsə pilləkənlə kayuta enir. Onda qoca öz babasından öyrəndiyi sehrli duanı oxumağa başladı:
Bilmirÿm göydÿmi edirsiz cövlan,
Yoxsa yer altûnda qalmûsûz pünhan,
Gizlÿdibmi sizi tufanlû ümman,
Fûrladûrmû sizi odlu burulğan,
Sizi xÿlq elÿyÿn bir Allah vardûr!
Hÿr ruha, canlûya o, hökmdardûr!
Boynuma alım ki, mən sehrə bir elə də inanmırdım. Qapı açılanda tüklərim biz-biz oldu. Dorağacına mismarlanmış həmən ucaboylu, qədd-qamətli adam kayuta girdi. Mismar hələ də alnında idi, ancaq yatağanı qınına qoymuşdu. Heç şübhəsiz bu gəmi kapitanı idi. Sonra bir adam da gəldi. Onu da göyərtədə sərələnən görmüşdüm. Kapitan alacalanmış gözlərini oynadıb kayutu nəzərdən keçirtdi. İkisi də kayutun ortasındakı stolun arxasında əyləşdi və bilmədiyimiz bir dildə çığıra-çığıra danışmağa başladılar. Get-gedə daha hündürdən və hirslə danışırdılar. Axır ki, kapitan yumruğunu stola elə hirslə çırpdı ki, divarlar titrədi. Müsahibi yerindən sıçradı və başı ilə kapitana işarə elədi ki, ardınca getsin. Kapitan da ayağa qalxdı, yatağanı qınından çıxartdı və ikisi də kayutu tərk etdi. Onlar gedəndən sonra rahat nəfəs aldıq. Elə bu vaxt göyərtədə haray-həşir qopdu. Adamlar ora-bura qaçışır, hay-küy getdikcə çoxalırdı. Nəhayət, göyərtə bir cəhənnəm mərəkəsinə döndü. Silahlar cingildədi, qışqırtı qalxdı və bundan sonra ölü bir sükut çökdü. Bir neçə saat keçdi və biz yuxarı qalxanda gördük ki, yenə hər şey əvvəlki kimidir: meyitlər hərəkətsiz və donuq vəziyyətdə sərələnib qalmışdı.
Bir neçə günümüz belə keçdi: gəmi gündoğana doğru hərəkət edirdi. O tərəfdə, mənim fikrimcə, sahil görünməliydi. Lakin gündüz bir xeyli yol getsək də, gecə düşən kimi, güman ki, geri qayıdırdıq, çünki gün üfüqdən boylananda görürdük ki, yenə də əvvəlki yeri-mizdəyik. Biz bunu öz aramızda belə izah edirdik: ölülər gecə yelkənləri qaldırıb bizi geri qaytarırdılar. Bunun qarşısını almaq lazım idi. Biz qaranlıq düşənəcən yelkənləri bağladıq. İbrahim bir dəri üstünə peyğəmbər əleyhissalamın adını yazıb babasının sehrini də əlavə etdi, bu dəri ilə yelkənləri sarıdı. Hücrəmizdə oturub gecəni gözlədik. Dəhşətli kabuslar bu gecə lap fəğan elədilər. Ancaq səhərisi gün baxıb gördük ki, yelkənləri necə qoymuşuqsa, eləcə də qalıb, heç əl də vurulmayıb. Beləliklə, beş günə bir xeyli yol getdik.
Axır ki, altıncı günün səhəri sahil göründü. Allaha və onun elçisi peyğəmbərə dua elədik. Bir gün bir gecə sahilboyu üzdük, yeddinci günün səhəri isə bir şəhərə çatdıq. Ölüm-zülümlə lövbər atdıq. Sonra göyərtədəki qayığı suya saldıq, avarlardan yapışıb şəhərə doğru sürməyə başladıq və yarım saatdan sonra sahilə çıxdıq.
Məlum oldu ki, bu, bir hind şəhəridir. Karvansaraya yollandıq, toqqamızın altını bərkitdik. Mehmanxana sahibinə dedim ki, mənə müdrik və alim adam lazımdır, özü də elə adam olmalıdır ki, cadugərlikdən başı çıxsın. O məni ucqar bir küçəyə apardı. Yaraşıqsız bir evin qarşısında dayandıq. Qapını döydük, içəri keçəndə mənə dedi ki, Muleyi xəbər al.
Evdə uzunburunlu, ağsaqqal bir qoca məni qarşıladı. Sən demə, Muley dedikləri bu adam imiş. Mən əhvalatı ona danışdım və xəbər aldım ki, ölüləri neyləyim, necə edim ki, göyərtədən yığışdırım.
Qoca bildirdi ki, o matroslar bəd əməllərinə görə dənizdə məhkum olunublar. O dedi ki, yelkənləri Quran ayələri ilə bəzəməkdə çox düz hərəkət etmişik. Amma tilsim o zaman qırılar ki, ölüləri torpaq üzərinə qoysunlar. Onları taxtaqarışıq ordan götürmək lazımdır. Sonda Muley dedi:
–Gəmi və onun bütün sərvəti sənindir. Allah da, qanun da belə deyir, çünki o gəmini sən tapmısan. Əgər gəmidəki sərvətindən bir balaca bəxşiş versən, onda öz qullarımla