Aysu. Reyhan YusifqızıЧитать онлайн книгу.
qazıb, qapı, pəncərə, yeraltı yollar düzəldirdi. Üzünə tökülən qara saçlarını hərdən əli ilə yana çəkdiyindən, üz-gözü, saçı da quma batmışdı, üst-başından isə heç danışmağa dəyməzdi. Ancaq o, buna fikir vermir, narın, yaş qumdan düzəltdiyi müxtəlif fiqurlara, qəsrlərə baxaraq sevinirdi. Başı qarışdığından ətrafına fikir verməyən Aysu birdən qarşısında yüngül yay ayaqqabıları geymiş iki balaca ayaq gördü. O diksinib geri oturaraq başını qaldırdı və bu ayaqların sahibinə baxdı. Qonşu qız ağzını ayırıb, heyranlıqla onun düzəltdiyi fiqurlara baxırdı:
– Nə gözəldir! Nə qəşəngdir! Lap nağıllardakı kimidir.
Aysu əvvəlcə qürrələndi, sonra qızın nidalarından bezib başını qaşıdı:
– Belə də, pis alınmayıb.
O yalnız indi bir qədər aralıda qumun içində eşələnən oğlanı gördü. Oğlan velosipedini yoldan çıxararaq, qumsallıqla onlara tərəf gəlməyə çalışırdı. Amma velosipedin iri təkərləri quma elə batmışdı ki, heç cür hərəkət etmək istəmirdi. Pörtüb əldən düşən oğlan velosipedi elə oradaca atıb, tövşüyə-tövşüyə onların yanına gəldi. Aysu gözlərini yuxarı zilləyib, onun təriflərinə də birtəhər qulaq asdı – o, təriflənməyi heç xoşlamırdı. Uşaqların öz aralarında danışığından öyrəndi ki, qızın adı Leyla, oğlanınkı isə Fəriddir. Nəhayət, xorla danışan uşaqların sözünü kəsib bərkdən dedi:
– Mənim adım Aysudur!
Uşaqlar səslərini kəsib ona baxdılar. Qız yüngülcə təzim etdi, özünün də, qardaşının da adını dedi. Onlar əyilib Aysunun düzəltdiyi yeraltı yolları nəzərdən keçirməyə başladılar. Üst-başlarının quma batmasına daha fikir vermirdilər. Qız hey soruşurdu:
– Axı sən bunları necə düzəltmisən?
– Qolunu bura qoy, – deyə Aysu onun qolunun üstünə xeyli qum töküb təpəcik düzəltdi, – indi qolunu ehmalca çıxart. Elə et ki, təpəcik dağılmasın.
Leyla nə qədər çalışsa da, tapşırığı düzgün yerinə yetirə bilmədi. Təpəcik əvvəl çat verdi, sonra dağılıb ətrafa səpələndi. Fərid güldü:
– Əla düzəltdin! Gözəl alındı!
Pərt olmuş Leyla qolunun üstündə qalan qumu qəsdən onun ayağına tökdü. Uşaqlar bir-birini o ki var qumladılar, sonra bir-birinə baxıb xeyli güldülər. Gün qalxanda qaçmaqdan və qışqırmaqdan yorulmuş uşaqların yadına evə getmək düşdü. Onlar ayaqlarını sürüyə-sürüyə velosipedin yanına gəldilər.
– Bunu yola çıxara bilməyəcəyəm, – deyə Fərid mızıldandı, – burada qalsın, atama deyərəm, gəlib götürər.
Aysu onu kənara itələyib, velosipedi ikiəlli yerdən götürdü. Az qala başının üstünə qaldırıb, yola tərəf getməyə başladı. Leyla təəccübdən gözlərini döyən Fəridin üstünə qışqırdı:
– Nə durmusan, kömək elə də!
Uşaqlar hərəsi bir yandan velosipeddən yapışıb asfalta çıxartdılar. Sürə-sürə bağlara tərəf yollandılar…
Tısbağa əhvalatı
Bir gün keçdi. Uşaqlar görünmürdülər, qonşu bağda sakitlik idi. Aysu ora-bura vurnuxur, darıxırdı. Çardağa qalxdı, sonra quyudan su gətirdi, pişiyə yemək verdi, həyəti süpürdü. Axır ki, dözə bilməyərək hasara dırmaşıb qonşu bağa baxmaq qərarına gəldi. Pişik cəldliyi ilə həyətin küncündəki tut ağacına dırmaşıb oradan hasara adladı.
Bu, çox səliqəli və qəşəng bir həyət idi. Bir neçə yerdə xırda daşlarla əhatə olunmuş dairəvi gül ləkləri vardı. Həyətin o başında dördkünc çarhovuz görünürdü. Leyla həyətin ortasındakı söyüd ağacının kölgəsində qoyulmuş ağ stolun arxasında kürsüdə oturub kitab oxuyurdu. Başqa heç kimin gözə dəymədiyini yəqin edən Aysu astadan fit çaldı. Qız başını qaldırıb ora-bura baxdı. Təkrar fit çalan Aysunu görcək, sevincək hasarın yanına qaçdı:
– Bizi cəzalandırıblar, – o, pıçıltı ilə izah etdi. – Dəniz qırağına icazəsiz gedib, orada ləngidiyimizə görə. Anam hələ də özünə gəlməyib.
Eyvanda Fərid göründü. Bacısı onu him-cimlə yanına çağırdı. Uşaqlar mehribancasına bir xeyli söhbət etdilər. Aysu onlara tısbağa gətirməyi söz verdi. Eyvandan səs gəldi.
– Anamdır, gizlən, – Leyla anasının fikrini yayındırmaq üçün əllərini arxasına qoyub, mahnı oxuya-oxuya evə tərəf getdi. Aysu hasarın üstünə yatdı. Yüngül idman forması geymiş qısa saçlı, xoş sifətli gənc qadın uşaqları evə çağırdı. Onlar gizlincə Aysuya əl eləyib içəri keçdilər.
Ertəsi gün Aysu əlində iri bir tısbağa, yenə hasarın üstünə dırmaşdı.
Həyəti başdan ayağa gözdən keçirdi. Bir-iki dəfə fit çaldı. Heç kəsi görməyincə, geri düşmək istəyəndə, hasarın lap dibində dayanıb heyrətlə ona baxan gənc qadını görüb çaşqınlıq içində qaldı.
– Ay bala, ora niyə çıxmısan? Demirsən, yıxılarsan?!
Aysu pərt halda, dili topuq çala-çala əlindəki tısbağanı göstərdi:
– Bunu uşaqlara göstərmək… vermək istəyirdim.
– Qapımız o tərəfdəndir. Düş, qapıdan gəl.
…Aysu tısbağası ilə birlikdə qapıdan içəri keçib ədəb-ərkanla salam verdi. Uşaqlar evdən çıxıb onun yanına qaçdılar. Onlar sevincdən atılıb düşür, Aysunun o yan-bu yanına keçirdilər. Əlləri qoynunda dayanıb baxan ana gülürdü:
– Sizin burada artıq dostlarınız da var ki!
Tısbağanı yerə buraxıb, ətrafında hərləndilər. Leyla ona ad da fikirləşdi:
“Dori”. Ana da uşaqlarla bir yerdə əyləndi, tısbağalar haqqında onlara maraqlı şeylər danışdı. Dedi ki, tısbağaların 65 milyon il bundan əvvəl ölüb getmiş dinozavrlarla qohumluğu var. Tısbağanın ömrü 200–300 ilə çata bilər. Hazırda elmə onların 280 növü məlumdur. Yazıq Dorini arxası üstə çevirib diqqətlə nəzərdən keçirdilər və onun yaşını öyrənməyə çalışdılar. Leyla tısbağanın çabalamasına dözə bilmir, onu rahat buraxmağı xahiş edirdi. Aysunu yola salanda ana dedi:
– Bizə nə vaxt istəsən, gəl. Ancaq qapıdan gəl.
Aysunun şorbası
Günorta idi. Gün qalxmış, hava lap istiləşmişdi. Aysu əlində iri zənbil bazardan qayıdırdı. Nənəsinin tapşırdığı hər bir şeyi alıb-almadığını götür-qoy edir, öz-özünə danışırdı. Qapıdan içəri girəndə qonşu uşaqları öz həyətlərində nənəsi ilə söhbət edən gördü. Nənəsi onu görcək qımışdı:
– Nə yaxşı dostların var, ay Aysu. Yəqin, indi onları çardaqda düzəltdiyin otağına aparacaqsan.
Aysu bir neçə saniyə fikirləşib tez qərarını verdi:
– Xeyr, nənə, səhv edirsən. Ora başqa vaxt qalxarıq. İndi mən şorba bişirəcəyəm.
Uşaqlar