Zamanın əsirləri. Reyhan YusifqızıЧитать онлайн книгу.
işıq görünürdü. Havada spiral şəklində iz qoyaraq uçuşan həşəratların sayı artmışdı. Onlar vızıldaşaraq iti neştərlərini uşaqların dərisinə sancmaq üçün fürsət axtarırdılar. Kənan başını qaldırıb hündür ağacların çətirləri arasından səmaya baxdı. O özünü ələ alıb səsinə qətiyyət verməyə çalışaraq dedi:
– Əgər bu, Daş dövrüdürsə, burada insan düşərgələri də olmalıdır. İnsanları tapıb hələlik onlara sığına bilərik.
– Unutma ki, ibtidai insan heyvandan az fərqlənir, – deyə Rüstəm köksünü ötürdü.
– Sən də unutma ki, biz XXI əsrdən gəlmişik, onların bilmədiyi çox şeylər bilirik. Bununla onların rəğbətini qazanarıq.
– Hanı onlar? Sən burda bir insan görürsən?
– Onları tapmaq lazımdır.
– Onları tapana qədər xeyli vaxt keçə bilər… Gec ola bilər…
– Bura bax, oxuduğun kitabları, baxdığın filmləri yadına sal! Təbii fəlakət, ya da təyyarə qəzası-filan nəticəsində insanlar meşəyə düşəndə nə edirlər, başlarını necə saxlayırlar?
Rüstəmin solğun üzü bir qədər canlandı:
– Onlar, ilk növbədə, vəhşi heyvanlardan qorunmaq üçün özlərinə daldalanacaq düzəldirlər.
– Ay sağ ol! Hava qaralmamış biz də bunu eləməliyik!
Sərt meşə, vəhşi təbiət qarşısında insan bir heçdir, lakin… insan düşünür və düşünərək böyüklük kəsb edir. İnsan düşünərək yaşayır, çıxış yolu tapır və əbədi fəlakətlərə rəğmən özünü təsdiq edir, bununla da dünyanın ucalığı fövqündə dayanır.
Uşaqlar ətrafa bir də yaxşı-yaxşı baxaraq günbatan tərəfə aparan cığır aşkar etdilər. Əllərinə ağac alıb cığırla irəliləməyə başladılar. Onlar hələ gözdən itməmiş yan tərəfdəki kollar ehmalca aralandı və… bir cüt qonur göz onların ardınca diqqətlə baxdı.
Sərt təbiətlə üzbəüz
Meşə sıx olduğundan irəliləmək çətin idi. Mamırla örtülü torpaq bəzi yerlərdə sürüşkən olurdu. Uşaqların ayağındakı qalın idman ayaqqabıları onların yaxşı karına gəlirdi. Kənanın əynində gödəkcə vardı, Rüstəm isə qısaqol köynəkdə idi, amma sərinliyi hələ hiss eləmirdi. O elə hey qızarmış qollarını didən cücüləri qovurdu. Kənan məşqdə geyindiyi kimononun köynəyini çantasından çıxarıb ona geyindirdi. Kimono Rüstəmin əyninə böyük olduğundan qolları biləyinə qədər gəldi.
Meşənin vahiməsi uşaqların iliyinə işləyirdi. Onlar təbiət qarşısında özlərinin son dərəcə aciz və köməksiz olduqlarını hiss edirdilər. Vəhşi heyvanlar və quşlarla, cürbəcür həşəratlarla dolu bu meşədə onları hər addımda pusqular və hücumlar, sərt təbiətin amansızlıqları gözləyirdi. Heyvanları duyuq salmasınlar deyə onlar səssiz hərəkət etməyə çalışır, pıçıltı ilə danışırdılar.
Qəflətən iri bir quş qanadlarını çırpıb pırıltı ilə aşağıdan uçdu.
Şam qozası ağacdan qopub şaqqıltı ilə Kənanın qarşısına düşdü.
Hansısa yırtıcının şikarına çevrilmiş balaca heyvanın ölüm ayağında xırıltısı eşidildi.
Ağacın gövdəsinə sarılmış parlaq narıncı-yaşıl dərili ilan acıqlı-acıqlı fışıldadı.
Hər dəfə uşaqlar diksinir, dayanıb ətrafı dinləyir, sonra yenə yollarına davam edir, bəzən də qaçırdılar.
Uşaqlar yüzillik ağacların arası ilə ovçular və heyvanların açdığı sağa-sola əyilən cığırlarla gedirdilər. Enişli-yoxuşlu yollar ara-sıra taladan, bəzən də bataqlıqdan keçirdi.
Toran qovuşurdu. Günəş yavaş-yavaş üfüqə doğru əyilir, səmanı gözəl al rəngə boyayırdı. Amma meşənin sıx çətiri altından naxış-naxış görünən səmanı seyr etməyə uşaqların vaxtı yox idi. Onlar daldalanacaq – gizlənmək, qorunmaq üçün bir yer tapmağa tələsirdilər. Kənan qollu-budaqlı, iri ağacların birinə dırmaşıb orada gecələməyi təklif edir, amma vəhşi pişiklərdən qorxan Rüstəm razılaşmayıb daha təhlükəsiz yer axtarırdı.
Nəhayət, meşə seyrəlməyə başladı, səmanın işığı ağacların çətirlərini vurub keçdi, ətraf işıqlandı. Tikanlı kollar azaldığından irəliləmək asan oldu.
Cığır onları meşənin kənarındakı geniş talaya, sonra isə sahilində yalçın qayalar yüksəlmiş bir gölə çıxardı. Yarğanın üstündən sıçrayıb qayanın döşünə qalxdılar. Qarşıda açılan mənzərə oğlanları valeh etdi. Qürubun gözəl narıncı rəngini üfüqdə – suların səma ilə qovuşduğu yerdə əks etdirən böyük bir göl bütün gözəlliyi ilə onların qarşısında idi.
Canlı təbiətə həyat verən əsrarəngiz su! Hər şeyin əzəli və başlanğıcı olan, ənginlikləri dolduran sonsuz su! Suyun səthi ilə sürüşüb bərq vuran şəfəqlər oğlanların gözünü qamaşdırdı. Qırmızı, sarı, bənövşəyi rənglərə çalan səma gölün dərinliklərində əks olunurdu. Səmada isə sirli bir şəkildə gölün rəngdən-rəngə çalan suları, suyun səthində xəfifcə titrəyən suzanbağı və yosunlar, adacıqlar və mağaralar əks olunur, ara-sıra itib gedərək bir-birini əvəz edirdi.
Bu axşam dünyanın ən gözəl axşamlarından biri idi.
Kiçik adacıqlar bu gözəl gölü hissələrə bölürdü. Sağ tərəfdə uzaqlardan qıvrıla-qıvrıla gələn çay köpüklənən sularını gurultu ilə gölə axıdırdı. Solda isə göl dik bazalt divarlarla əhatə olunmuşdu.
Başlarına gələnləri bir anlıq unudan uşaqlar qışqıraraq şən səslərlə gölü salamladılar. Əlindəki çantanı çiyninə aşırmış Kənan qərb tərəfdən səmanı örtməyə çalışan qara buludları göstərdi. Gölün üzərindən meşəyə tərəf sürünən buludlar hər an şəklini dəyişərək yavaş-yavaş irəliləyirdi. Bir azdan məlum oldu ki, uşaqların bulud zənn etdikləri saysız-hesabsız iri quşlardır. Əvvəl qarıldaşan qarğalar, onların ardınca havada süzən durnalar, rəngli başını irəli uzatmış ördəklər, uzunboğaz qazlar, sığırçınlar, qaratoyuqlar, sağsağanlar… Uşaqlar quşlara əl elədilər. Amma onların sevinci uzun sürmədi. Meşə tərəfdən gələn tükürpədici ulama səsi onları vahiməyə saldı.
Dostlar ikisi də birdən qayanın üstünə çökdü.
– O nə idi?!
– Bilmirəm!
– Qayaların arasında dəlmə-deşiklər, mağaralar ola bilər, – deyə Rüstəm pıçıldadı, – balaca bir yer tapsaydıq…
Rüstəm udqundu. Qorxu hələ onların aclıq və susuzluq hislərini kütləşdirmişdi. Geri çəkilib qayanın üstündə oturdular. Bu zaman Kənanın şalvarının arxa cibində nəsə daşa dəyib taqqıldadı. Bu, mobil telefon idi.
Telefonun batareyası hələ yatmamışdı. Kənan onun düyməsini basan kimi ekran işıqlandı. Kənan sevincək dalbadal bir neçə nömrəyə zəng vurdu; aydın məsələ idi ki, zəng çatmırdı.
– Daş dövründən XXI əsrə zəng