Эротические рассказы

Odisseya. ГомерЧитать онлайн книгу.

Odisseya - Гомер


Скачать книгу
lakin ağlı ilə seçilən Odisseyin buna imkan verməməsindən, bununla da Troyanı zəbt eləmək planının baş tutmasından bəhs etdi.

      Telemah isə Menelaya dedi:

      – Sən atam haqqında belə danışdıqca mənim ürəyim daha da ağrıyır, çünki belə bir adamı itirdiyimi anlayıram. İndi isə, mümkünsə, bizə yatmağa izin ver, çünki çox yorğunuq.

      Yelena elə o dəqiqə qonaqlar üçün yataqların salınmasını əmr etdi, hər şey hazır olduqdan sonra hamı yatmağa yollandı.

      Səhər açılınca Menelay Telemahın yanına yollanıb soruşdu:

      – Telemah, mənə söylə görüm, səni buraya gətirən səbəb nədir? Xalqınınmı dərdi var, özününmü?

      Telemah cavab verdi:

      – Hörmətli Menelay, sənin yanına atam haqqında soruşmaq üçün gəlmişəm. Evimin hər tərəfini həyasız adaxlılar tutub var-dövlətimi talan edir, anamla evlənmək istəyirlər. Ona görə də sənə yalvarıram, əgər atamın ölümü barədə nə isə bilirsənsə, mənə danış.

      Menelay dənizdə olduğu vaxt bir dəniz qocası ilə söhbət etdiyini danışdı və dedi ki, qocadan eşitdiyinə görə, Odissey nimfa Kalipsonun əsarətindədir.

      Həmin vaxt adaxlılar Odisseyin evində oyunlar təşkil edib özlərini nizəatma və diskatma üzrə yarışlarda sınayırdılar. Antinoy məşhur nəsildən olduğu üçün baş tərəfdə əyləşmişdi. Onun yanına bir həmyerlisi yaxınlaşaraq Telemahın nə vaxt Pilosdan dönəcəyini soruşdu, o, Telemaha səyahət üçün öz gəmisini verdiyini, indi də gəminin özünə lazım olduğunu dedi. Adaxlılar bunu eşidəndə təəccüb içində qaldılar. Onların heç ağlına da gəlməzdi ki, Telemah artıq Pilosa yollanıb. Onlara elə gəlirdi ki, Telemah tək qalmaq üçün dağlarda-dərələrdə gəzir. Antinoy gəmi sahibindən soruşdu:

      – Düzünü de görüm, Telemah nə vaxt yola düşüb? Kimlərlə gedib? Səndən gəmini məcburən alıb, yoxsa öz xoşunla vermisən?

      Gəmi sahibi gəmini öz xoşu ilə, Telemaha kömək etmək istədiyi üçün verdiyini və onunla birlikdə itakalı gənclərin könüllü olaraq səyahətə çıxdıqlarını, həm də Odisseyin dostu Mentorun onlarla birlikdə getdiyini dedi. Amma o, bircə şeyə təəccüblənirdi ki, artıq neçə gündür İtakanı tərk edən Mentora bir gün öncə rast gəlib. O bunları deyib getdi. Antinoy isə qəzəbdən qızarıb hirslə dedi:

      – İşlər çox pisdir! Bu səyahət bizə qarşı çevrilə bilər! Heç bu balaca gədənin belə bir səyahətə çıxacağını təsəvvürümə gətirməzdim! Bir tədbir görmək lazımdır. Mənə bir gəmi və iyirmi yoldaş tapın ki, onu körfəzdə pusaq. Onu dönərkən tutmaq lazımdır.

      Təklifi hamı bəyəndi. Lakin bu, Penelopadan gizli qalmadı. Söhbəti eşidən carçı ona hər şeyi xəbər verdi.

      Eşitdiklərindən dərin kədərə düçar olan Penelopa Afinaya dua etməyə başladı və ona oğlunun ölümdən və pisniyyətli adaxlılardan qurtulması üçün yalvardı. Afina da onun yalvarışını eşitdi.

      Antinoy isə etibar etdiyi iyirmi nəfər seçib onlarla birlikdə sahilə getdi. Orada Antinoyun əlaltıları gəmini dənizə çıxarıb lövbər atdılar, gəminin dirək və yelkənlərini isə endirdilər. Bu yolla onlar körfəzə girən gəmilərin nəzərini cəlb etməyəcəkdilər.

      Afina isə artıq yatmış, lakin yuxusunda da rahatlıq tapa bilməyib oğlu üçün narahat olan Penelopanı sakitləşdirmək istədi. Bunun üçün onun uzaqda yaşayan bacısının ruhunu Penelopanın yuxusuna göndərdi. O, Penelopaya Telemah üçün narahat olmamağı məsləhət görüb onun evinə sağ-salamat dönəcəyini dedi.

      Adaxlılarsa şam yeməklərini bitirib İtakadan azca aralı olan kiçik bir adanın limanında pusquda duraraq Telemahı gözləməyə başladılar.

      Beşinci nəğmə

      Alyanaqlı Eos səhəri açanda ilahlar məşvərətə toplaşdılar. Afina baş verənləri danışdıqdan sonra Zevs dedi:

      – Hermes, sən Kalipsonun yanına yollan və nimfaya de ki, biz Odisseyin evə dönmək qərarını vermişik. O, taxta parçalarından sal düzəltməli və onun üzərində iyirmi gün üzərək gedib Sheriya torpaqlarına çatmalıdır. Orada feakiyalılar ona layiq olduğu hörməti göstərəcək, gəmi, mal-mülk verib yola salacaqlar, o da öz yurduna dönəcək.

      Hermes Zevsin əmrinə tabe olub yola düşdü və bir göz qırpımında Kalipsonun adasına gəldi. Nimfanın yaşadığı mağaraya girəndə yandırılmış ətirli otların gözəl qoxusunu hiss etdi. Hermes hər yanın gözəlliyi və nimfanın nəğmə oxuyan valehedici səsi qarşısında bir anlıq donub-qaldı. Lakin o, tez özünə gəlib mağaraya daxil oldu. Kalipso onu görən kimi tanıdı, çünki ilahlar bir-birini tanımaya bilməz. Amma Odissey Hermesin gözünə dəymədi, o, çılpaq qayalardan birinin üstündə oturub doğma yurdu üçün göz yaşı axıdırdı.

      Kalipso Hermesi xoş üzlə qarşılayaraq dedi:

      – Mənim evimə pənah gətirən hörmətli Hermes! Səni burada tez-tez görməyə alışmamışıq. Buyur, içəri keç. Nə arzun var? İmkanlarım daxilində istədiyini yerinə yetirməyə hazıram!

      Hermes Kalipsonun dəvəti ilə yemək süfrəsinin arxasında əyləşib gözəl nemətlərdən daddıqdan sonra dedi:

      – İlahə, mən buraya öz istəyimlə deyil, Zevsin əmri ilə gəlmişəm. Sənin adanda bir ərən var. Zevs deyir ki, onun qismətinə burada qalmaq yazılmayıb. O öz evinə dönməli, vətənində uzun illər xoşbəxt yaşadıqdan sonra ölməlidir.

      Kalipso Hermesə etiraz dolu bir səslə cavab verdi:

      – Axı niyə siz ilahlar belə qəddarsınız? Nəyə görə bir ilahənin adi insanla izdivacına imkan vermirsiniz? Mən onu dənizdə tapıb xilas etmişəm. Onun qayğısına qalmışam. Onu ölümsüz etmək niyyətindəydim. Amma bir halda ki Zevs özü mənə bu əmri verir, onda ona getməyə izin verəcəyəm. Lakin ona verə biləcəyim nə gəmim, nə də adamlarım var. Ona yalnız vətəninə gedib çıxması üçün məsləhət verə bilərəm.

      – Onu buraxmalısan. Yoxsa Zevsin qəzəbindən qorx!

      Bu sözləri deyib Hermes uçub getdi. Kalipso isə Odisseyin yanına yollandı:

      – Bəsdir artıq bütün günü ağlayıb-sızladın! Səni buraxıram. Məsləhətimi dinlə. Özünə sal düzəlt. Sənə çörək, su və şərab verəcəyəm ki, yolda ac qalmayasan. Sonra da səni evinə aparacaq küləyi yollayacağam. İlahların köməyi ilə evinə sağ-salamat dönəcəksən.

      Odissey nimfaya qəzəblə cavab verdi:

      – Sənin ağlında mənim evə dönməyim deyil, ilahə! Başqa bir şeydir. Axı mən necə adi bir sal üstündə okeanı üzüb keçə bilərəm? Sən and içməsən ki, başqa bir niyyətin yoxdur, mən o salın üstünə ömrüm boyu çıxmaram.

      Nimfa gülümsəyərək dedi:

      – Necə də hiyləgərsən, əzizim. Qoy mənə hava, geniş səma, Stiksin suları şahid olsunlar ki, sənə heç bir bədbəxtlik arzulamıram! Ölümsüz ilahlar bilirlər ki, bu, ən ağır anddır7.

      Odissey


Скачать книгу

<p>7</p>

Stiks – qədim yunan mifologiyasına görə, yeraltı səltənətdən axan çay; Stiks həm də ilahə sayılır və o öz övladları ilə birlikdə Zevsə atasına qarşı apardığı müharibədə ən birinci kömək edənlərdən olmuşdur. Buna görə də Zevs ona and içilmək hüququnu verir. Stiksin sularına and içmiş ilah öz andını tutmazsa, onda düz birilllik yuxuya gedir və doqquz il müddətinə Olimpdən qovulur.

Яндекс.Метрика