Heklberri Finnin macəraları. Марк ТвенЧитать онлайн книгу.
qaçırdımsa da, ağlı başında olanda məni ələ keçirib yamanca döyürdü.
Mən bacardığım qədər sürətlə qaçaraq özümü məhkəmə hakimi Tetçerin yanına yetirdim.
– Oğlum, lap nəfəsin kəsilib, – deyə o dilləndi. –Sən faizlər üçünmü gəlmisən?
– Yox, ser, – mən dedim. – Məgər mənə çatacaq bir şey var?
– Bəli, mən dünən axşam yarım ilə görə nəzərdə tutulmuş yüz əlli dollardan bir az artıq pul almışam. Bu, sənin üçün xeyli puldur. Yaxşısı budur, mən bunları da qalan altı minin yanına qoyum, yoxsa sən bu pulu boş-boşuna xərcləyərsən.
– Yox, ser, – dedim, – mən onları xərcləmək istəmirəm. Mənə heç nə lazım deyil, nə altı min, nə də qalanı. Mən istəyirəm ki, onları siz özünüz üçün götürəsiniz, altı mini də, qalanlarını da.
O məəttəl qaldı, məsələnin nə yerdə olduğunu anlamadığı üçün soruşdu:
– Necə yəni? Sən bununla nə demək istəyirsən?
– Xahiş edirəm, məndən heç nə soruşmayasınız. Yaxşısı budur, mənim pullarımı özünüz üçün götürün…
– Doğrusu, bilmirəm ki, sənə nə deyim… De görüm axı nə olub? – o soruşdu.
– Xahiş edirəm, onları özünüz üçün götürün, – mən təkid etdim, – məndən heç bir şey soruşmayın.
Məhkəmə hakimi fikrə getdi, sonra isə dedi:
– Hə, hə! Deyəsən, səni başa düşürəm. Sən öz pulunu mənə bağışlamaq yox, pulu vaxtlı-vaxtında alıb bankdakı hesabının üstünə yatırmağı mənə həvalə etmək istəyirsən. Bax bu, doğru işdir.
Hakim Tetçerin nə demək istədiyini başa düşməsəm də, heç bir sual verməyib susmağa üstünlük verdim.
Sonra o, kağızda nə isə yazdı, ürəyində oxuyub dedi:
– Bax görürsənmi, burada belə deyilir: “Əvəzi verildiyi üçün”. Bu, o deməkdir ki, mən sənin pullarını alıb əvəzini də sənə vermişəm. Al bu dollar da sənin. İndi qol çək.
Mən qol çəkib getdim.
Axşam gəlib öz otağıma girib işığı yandırdıqda gördüm ki, atam orada oturub!
Mən qapını ardımca örtdüm. Sonra dönüb baxdım. Atamın qəfil gəlişindən əməlli-başlı sarsılsam da, özümü birtəhər ələ aldım və birdən-birə hiss etdim ki, qətiyyən qorxmuram.
Atamın əlliyə yaxın yaşı vardı. Onun daranmamış, uzun, çirkli saçları pırtlaşıq halda üzünə tökülmüşdü, onların arasından gözləri parıldayırdı. Adam ona baxanda həm qorxur, həm də ürəyi bulanırdı. Üst-başı isə tamam cır-cındırdı, salamat yeri yox idi. Bir ayağını o birinin üstünə aşırmışdı. Ayağındakı cırıq uzunboğaz çəkmədən iki barmağı görünürdi.
Mən dayanıb ona baxırdım, o da kətildə yavaşca yırğalana-yırğalana gözlərini mənə zilləmişdi. Baxıb gördüm ki, pəncərə açıqdır. Deməli, o əvvəlcə anbara, oradan isə otağa girmişdi. O, məni başdan-ayağadək süzüb dedi:
– Buna bax, gör necə geyinib-keçinib! Yoxsa elə bilirsən ki, adam olmusan, eləmi?
– Bəlkə də, bilirəm, bəlkə də, yox, – deyə cavab verdim.
– Bura bax, başından böyük danışma, – deyə o dilləndi. – Mən burda olmayandan bəri çox sarsaqlamısan! Mənimçün oxumuş olub. Deyirlər yazmaq, oxumaq bilirsən. De görüm, bu sarsaq alicənablığı sənə kim öyrədib?
– Dul qadın Duqlas.
– Bəs o dul qadına kim icazə verib ki, burnunu özgə işinə soxsun?
– Heç kim icazə verməyib.
– Yaxşı, mən ona göstərərəm, lazım olmayan işə burnunu soxmaq nə deməkdir! Sən isə məktəbi burax getsin, eşidirsən? Əgər mən səni bir də o məktəbin həndəvərində dolaşan görsəm, özünü ölmüş bil. Sənin anan nə oxumaq, nə də yazmaq bilirdi, eləcə də bisavad öldü. Mən nə oxumaq, nə də yazmaq bilirəm. Sən bir buna bax, gör bir necə dəb ilə geyinib. Mən elə adam deyiləm ki, buna dözəm, eşidirsən? Di bir şey oxu görüm, mən qulaq asacağam.
Mən kitabı götürüb general Vaşinqton haqqında nə isə oxumağa başladım. Heç yarımca dəqiqə keçməmiş o, kitaba bir yumruq vurdu, kitab otağın o biri başına düşdü.
– Doğrudur. Sən oxuya bilirsən. Mən isə buna inanmırdım. Bura bax, bu lovğalıqdan əl çəkməlisən, mən buna dözə bilmərəm. Bax əgər səni o məktəbin yanında tutsam, dərini soyacağam. Bir buna bax, varlanıb deyirlər. Hə, de görək hansı yolla varlanmısan?
– Hamısını yalan deyirlər.
– İki gün şəhərdə olmuşam, eşitdiyim elə sənin var-dövlətin haqqında olub. Elə buna görə də durub gəlmişəm. Sən pullarını sabaha qədər gətir, mənə pul lazımdır.
– Məndə pul yoxdur!
– Yalan deyirsən! Pulların məhkəmə hakimi Tetçerdədir. Get götür. Mənə pul lazımdır.
– Məndə pul yoxdur. Məhkəmə hakimi Tetçerdən soruş, o da sənə belə cavab verəcək.
– Yaxşı, mən ondan soruşaram… Mən onu məcbur edərəm ki, desin. De görüm, cibində nə qədər var?
– Cəmisi bir dollardır, bu da mənim özümə lazımdır.
Atam pulu əlimdən alıb dedi ki, özünə viski almalıdır, bütün günü ağzına bir damcı da dəyməyib. Sonra anbarın damına çıxdı, mən elə düşündüm ki, çıxıb getdi. O isə yenə qayıtdı və dedi ki, məktəbi atmasam, məni möhkəmcə əzişdirəcək.
Növbəti gün atam sərxoş halda hakim Tetçerin yanına gedib mənim pullarımı tələb etsə də, bununla heç nə əldə edə bilmədi.
ATAM CİNLƏRLƏ VURUŞUR
Atam miss Duqlasın evinin yanında tez-tez görünməyə başlamışdı. Miss Duqlas onu hədələyib dedi ki, əgər o, bu adətindən əl çəkməsə, onun üçün pis olacaq. Atam isə bərk hirslənib özündən çıxdı. And içdi ki, Hek Finnin sahibinin kim olduğunu ona göstərəcək.
Nəhayət, o, bir dəfə məni güdüb tutdu və özü ilə qayığa mindirdi, üç mil çay yuxarı apardı. Orada çayın o biri sahilinə üzdük. Bura başdan-başa meşəlik idi. Meşənin sıx yerində köhnə bir daxma var idi. Biz bu köhnə daxmada yaşamağa başladıq. Gecələr atam qapını kilidləyir, açarı isə başının altına qoyurdu. Biz onunla ova gedir, balıq tuturduq. O, tez-tez məni daxmada tək qoyub qapını üzümə qıfıllayır, üç mil uzaqda olan bərənin yanına gedir, orada balığı və ov quşlarını viskiyə dəyişirdi. Sonra isə içərək keflənir və məni döyürdi.
Miss Duqlas hansısa yolla harada olduğumu öyrənib məni xilas etmək üçün adam göndərdi, amma atam onu tüfənglə hədələyərək qovdu. Az sonra isə mən özüm də orada yaşamağa alışdım. Döyülməkdən başqa, hər şey xoşuma gəldi.
Lakin qoca yavaş-yavaş azğınlaşmağa başlamışdı, bəzən məni ağacla da döyürdü. Bax