Paris Notrdam kilsəsi. Виктор Мари ГюгоЧитать онлайн книгу.
heyran olmuşdu.
Kardinal həzrətlərinin gəlməsi camaatı həyəcana gətirdi. Hamı başını yuxarıdakı kürsüyə doğru çevirib bağırdı:
– Kardinal! Kardinal!
Başbəlalı proloq ikinci dəfə dayandırıldı.
Kardinal bir an yüksək kürsünün kandarında dayanıb salondakıları laqeyd tərzdə süzdü. Salonda gurultu getdikcə artırdı. Hər kəs kardinalı görmək üçün boylanır, barmaqlarının ucuna qalxırdı.
Kardinal, doğrudan da, kütlənin diqqətini özünə cəlb etməyə layiq idi. Burbon kardinalı Lion vilayətinin baş yepiskopu və qrafı, eyni zamanda XI Lüdovikin qohumu idi. Ruhani olmasına baxmayaraq, həyatını şən keçirirdi: Şalyodakı üzüm bağlarının şərabından məmnuniyyətlə içər, qızlara iltifat göstərərdi, sədəqəni qoca qarılardan çox, göyçək qızlara verərdi ki, bu da ona Paris camaatı arasında böyük şöhrət qazandırmışdı.
Kardinal kürsüdə göründü, bu dünyanın güclü insanlarına məxsus və sələflərindən ona ötürülmüş təbəssümlə xalqa təzim edib ağır addımlarla qırmızı məxmər kresloya doğru getdi. Yepiskoplar və abbatlar kardinalın arxasınca kürsüyə daxil oldular. Bunların gəlişi də kütlənin böyük səs-küyünə və marağına səbəb oldu.
Yəqin ki, oxucu hələ tamaşa başlamazdan əvvəl kardinal kürsüsünün tağına dırmaşan arsız dilənçini unutmamışdır. Adlı-sanlı qonaqların gəlməsi onu yerindən tərpətmədi; prelat14 və səfirlər kürsüdəki yerlərinə əyləşdikdən sonra da dilənçi bardaş quraraq tağın dirsəyi üzərində rahatca oturmuşdu; hamının diqqəti başqa yerdə olduğundan onun bu ədəbsiz hərəkətinə kimsə əhəmiyyət vermirdi. O, Neapol səfilləri qayğısızlığı ilə başını yırğalayır və ara-sıra kütlənin gurultusu arasından mexaniki surətdə təkrar edirdi: “İsa xatirinə sədəqə verin!”
Salonun qərb tərəfindəki divara bitişik ensiz qapıdan bu səhnəyə bir-birinin ardınca müxtəlif əyan-əşrəf daxil olurdu. Qabaq cərgələrdə xəz və al-qırmızı məxmər geyinmiş fəxri qonaqlar oturmuşdu. Əzəmətli sükuta dalan səhnənin ətrafında gurultu və basabas hökm sürürdü. Minlərcə göz səhnəyə dikilmiş, minlərcə dodaq orada əyləşən adamların adlarını pıçıldayırdı.
Qrenquarın ən çox qorxduğu şey baş vermişdi. Kardinal gələndən bəri Qrenquar var qüvvəsi ilə proloqu xilas etməyə çalışırdı. Əvvəlcə oynamağı buraxmış aktyorları başa salmağa çalışdı ki, davam etsinlər və ucadan danışsınlar, sonra kimsənin onları dinləmədiyini görüb özü aktyorları dayandırdı: dördsaatlıq tənəffüs ərzində yerində dayana bilmir, gah titrəyən əllərini ovuşdurur, gah da qonşularını inandırmağa çalışırdı ki, bu saat tamaşa başlayacaq. Lakin bütün səyləri əbəs idi. Heç kəs gözünü kardinaldan, səfirlərdən, səhnədən ayırmırdı; bu yer artıq bütün nəzərləri cəlb edən mərkəzə dönmüşdü.
Buna baxmayaraq bizim şair aranın bir qədər sakitləşdiyini görüb vəziyyətdən çıxmaq üçün biclik işlətdi. Camaatın arasına girib bağırmağa başladı:
– Misteriyanı təzədən başlayın, təzədən başlayın!
– Lazım deyil, lazım deyil! – tələbələr bağırdılar. – Rədd olsun misteriya, rədd olsun cəhənnəmə!
Lakin Qrenquar təslim olmaq istəməyib daha ucadan bağırırdı:
– Təzədən başlayın! Təzədən başlayın!
Bu bağırtılar kardinalın diqqətini cəlb etdi. Bir neçə addım uzaqlıqda dayanmış ucaboylu, qarayanız, qara geyimli adama dedi:
– Cənab hakim, bu sarsaq təlxəklər nə səs-küy qoparıblar?!
Bu zaman hakim kardinala yaxınlaşdı və onun qəzəbinə gəlməkdən qorxaraq dili dolaşa-dolaşa camaatın narahatlığının səbəbini izah etməyə başladı. Kardinal həzrətləri saat 12-də gəlmək lütfündə bulunmadığı üçün aktyorların tamaşanı onu gözləmədən başlamağa məcbur olduqlarını söylədi.
Kardinal qəhqəhələrlə güldü və dedi:
– Yaxşı, yaxşı, davam etsinlər… Mənim üçün fərqi yoxdur, mən öz dua kitabımı oxuyacağam.
Misteriyada iştirak edənlər şeir oxumağa başladılar. Qrenquar əsərinin yerdə qalan qisminin, heç olmasa, camaat tərəfindən dinləniləcəyinə ümid bəsləyirdi. Lakin bu ümidi də başqa ümidləri kimi puça çıxdı. Tamaşaçılar bir qədər sakitləşdilər; lakin kardinal tamaşanın davam etməsinə əmr verdiyi zaman Qrenquar yüksək kürsünün hələ tamamilə dolmadığını görməmişdi; hələ də, yəni Flandriya səfirlərindən sonra da bir çox başqa adlı-sanlı şəxslər gəlmişdi ki, qapıçı bunların adlarını və mənsəblərini aktyorların çıxışları arasında ucadan söyləyir, bununla da çıxışların təsirini tamamilə puça çıxarırdı. Təsəvvür edin ki, səhnədə şeir söyləyirlər, qapıçı isə hər iki şeirin, yaxud hətta hər iki beytin arasında bağırır:
– Ruhani məhkəməsinin kral prokuroru cənab Jak Şaramolü!
– Paris şəhəri gecə qarovullarının rəisi Jean de Garley!
– Vensen meşəsinin mühafizi cənab Lui de Gravil!
…Artıq buna tab gətirmək mümkün deyildi! Tamaşanın izlənməsinə mane olan bu qəribə akkompanement getdikcə Qrenquarı daha çox cinləndirirdi. Yazara elə gəlirdi ki, tamaşaçılarda onun əsərinə daha çox maraq yaranmalıdır. Onun əsərində yalnız bir şey çatışmırdı; bu da tamaşaçı diqqətiydi. Həqiqətən də, bundan incə, zərif və dramatik səhnələr yaratmaq mümkün deyildi.
Lakin heyhat! Bütün bu gözəlliklər anlaşılmadan və duyulmadan keçib-getdi. Kardinal gəldikdən sonra sanki gözəgörünməz sehrli bir əl birdən-birə bütün tamaşaçıların nəzərini mərmər masadan kürsüyə doğru çevirdi. Heç kəs kütləni bu sehrin təsirindən qurtarmaq iqtidarında deyildi. Nəzərlər yenə kürsüyə doğru çevrilmişdi; yeni gələn qonaqlar, onların adları və simaları yenə də camaatın nəzərini özünə cəlb edirdi. Qrenquar dərin qəm içində idi. Hamı səhnəyə arxasını çevirmişdi.
Ən acınacaqlısı bu idi ki, bir qədər əvvəl həmin camaat nə qədər böyük səbirsizliklə onun pyesini görməyi arzu edirdi. Tamaşa nə qədər xoş və gurultulu alqışlarla başlamışdı. Bu həmin camaat idi ki, tamaşanın vaxtında başlanmadığını gördükdə az qalmışdı dörd nəfər qarovulçunu dar ağacına çəksin!
Qapıçının yersiz və yaramaz monoloqları, nəhayət, bitdi; artıq hər kəs öz yerində idi, Qrenquar rahat nəfəs aldı. Aktyorlar yenə öz rollarını cəsarətlə oynamağa başladılar. Lakin məsələ bununla da bitmədi, birdən Gent şəhərinin rəislər şurasının katibi cənab Kopenol ayağa durub kütlənin gərginliklə müşayiət olunan sükutundan istifadə edərək üzünü camaata çevirdi və aşağıdakı dəhşətli nitqini söylədi:
– Cənab şəhərlilər və Paris zadəganları! And olsun Allaha, burada nə etdiyimizi mən özüm də bilmirəm. Əcəba, siz bunamı misteriya deyirsiniz! Hər halda, bu tamaşa çox cansıxıcı bir şeydir. Heç olmasa, Mavritaniya rəqsi oynayaydılar, yaxud başqa bir oyun göstərəydilər. Bizə tamamilə başqa şey vəd etmişdilər; bizə söylədilər ki, təlxəklər bayramı olacaq,
14