Quldur qızı Roni. Астрид ЛиндгренЧитать онлайн книгу.
gəlirəm… – Roni qışqırıb cığırdan çıxdı.
Amma kənara bir neçə addım atmamış Birk qayışı elə bərk dartdı ki, qızı yıxdı.
– Hara gedirsən? – əcaib səslə bağırdı. – Yeraltı cin-şəyatinin yanına getsən, axırın çatacaq. Özün bilirsən!
Bəli, qız yer altında yaşayan cin-şəyatin haqqında eşitmişdi. Bilirdi ki, bu məxluqlar öz qaranlıq məskənlərindən duman gələndə çıxır, amma onlardan bircəciyini də görməmişdi. İndisə Roni onların dalınca hara olsa qaçmağa, hətta yer altında həmişəlik qalmağa da hazır idi, bircə ömürboyu bu gözəl mahnıya qulaq asaydı.
– Gəlirəm, gəlirəm!.. – o, yenə qışqırıb ayağa qalxdı.
Amma Birk özünü yetirib onun çiyinlərindən yapışdı.
– Burax! – Roni özünü müdafiə etməyə başladı. – Burax, eşidirsən!
Birk bərk-bərk onu tutdu.
– Axmaqlama! – dedi. – Özünü məhv eləmə!
Amma qız onu eşitmədi. Yeraltı varlıqların meşəyə səs salan mahnısı qarşısıalınmaz maqnit kimi onu özünə çəkirdi.
– Gəlirəm, gəlirəm! – o, üçüncü dəfə qışqırıb Birkin əlindən çıxmaq üçün əl-qol atdı.
Qız Birki vurur, cırmaqlayır, qışqırır, ağlayır, yalvarırdı ki, onu buraxsın, axırda oğlanın yanağını dişlədi, ancaq o, yenə də qızın çiyinlərindən bərk-bərk yapışmışdı.
Uzun müddət beləcə qaldılar. Birdən duman gəldiyi kimi də sürətlə seyrəlməyə başladı. O saat mahnı da kəsildi. Roni sanki dərin yuxudan ayıldı. Evə gedən cığırı, dağın arxasında batan günəşi, bir də yanında dayanmış Birki gördü.
– Mən axı sənə tapşırmışdım ki, bu qayış qədər aralıda dayanasan, – Roni dedi və oğlanın yanağının qanadığını görüb soruşdu: – Nolub, səni tülkü qapıb, hə?
Oğlan cavab vermədən qayışı açıb ona uzatdı.
– Sağ ol. İndi Borkanın qülləsinə gedən yolu özüm taparam.
Roni şübhəylə onu süzdü. Ancaq bu dəfə hirslənə bilmədi, səbəbi özünə də aydın deyildi.
– Di sürüş burdan! – mülayimliklə dedi və qaçıb getdi.
V
Həmin gecə Roni atasıyla birlikdə yanan buxarının yanında oturmuşdu. Birdən yadına düşdü ki, ondan bəzi şeyləri soruşmalıdır.
– Borkanın dediyi, sənin heç kimdən soruşmadan götürdüyün nədir elə?
– Bir buna bax, – Mattis ocaqdakı qızmış kömürləri göstərib dedi. – Bu sir-sifəti görürsən? Borkaya oxşayır, eləmi? Görüm onu lənətə gəlsin!
Amma Roni yanan kömür parçalarında Borka-zad görmədi və inadla sualını təkrar etdi:
– Sən soruşmamış nəyi götürmüsən axı?
Mattis heç bir cavab vermədi, onun əvəzinə Keçəl Per dilləndi:
– Çox şey götürüb!.. Ho-ho!.. Hi-hi… Hə, hə!.. O qədər şey götürüb ki!.. Bəzilərini mən, bəlkə də, yada sala bilərəm…
– Sus! – Mattis hirslə onun sözünü kəsdi. – Sənə dəxli yoxdur.
Keçəl Perdən başqa bütün quldurlar yatmağa getmişdi, Lovisa isə həyətə çıxmışdı ki, gecə qoyun-quzunun, toyuq-cücənin ağzını bağlasın. Buna görə də Mattisin qızına quldurluğun nə olduğunu izah etdiyini bircə Keçəl Per eşitdi. Demə, quldur o adammış ki, heç kimdən icazə almadan istədiyini götürürmüş.
Ümumiyyətlə, Mattis işindən utanmırdı. Əksinə, fəxr edir, öyünürdü ki, bütün meşələrin, dağların ən qüdrətli quldurbaşısıdır. Amma indi bunu Roniyə danışmalı olanda özünü pis hiss etdi. Şübhəsiz, vaxt keçdikcə ona öz işləri haqqında danışacaqdı, ancaq bu söhbətdən məmnuniyyətlə yayınardı.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.