Məhv olmuş gəmilər adası. Александр БеляевЧитать онлайн книгу.
qızartdı, anbara düşüb bir neçə portağal götürdü. Əlində səbət göyərtəyə qalxanda qeyri-adi mənzərə gördü: nahar etdikləri stolun, daha doğrusu, stolun və stulların üstündə meymunlar oynaşırdı. Onlar ciyildəşir, dalaşır, bir-birinə keks atır, ovurdlarını qənd parçaları ilə doldururdular. Miss Kinqman gələn kimi ehtiyat edib göyərtənin qırağına tərəf qaçdılar. Viviana gülüb onlara bir-iki portağal atdı. Bu, dərhal onları dostlaşdırdı. Şimpanzelər oturub iki portağalı üz-gözlərini əyə-əyə davasız-şavasız yedilər, sonrar miss Kinqmana yaxınlaşıb cəsarətlə onun əlindən meyvə götürməyə başladılar. Şübhə yox idi ki, onlar insan cəmiyyətinə öyrəşmişdilər.
Doğrudan da, adamların gəlişi çox çəkmədi.
Miss Kinqmanın başı gözlənilməz qonaqların gülməli hoqqalarına qarışmışdı, buna görə də paroxodun bortu arxasından iki nəfərin ehtiyatla boylandığını görmədi. Əmin olanda ki göyərtədə qadından başqa heç kim yoxdur, naməlum adamlar cəld bortdan aşdılar və silahlarını çiyinlərinə ataraq miss Kinqmana yaxınlaşmağa başladılar.
Qız bu iki nəfərin qəfil gəlişini görcək qışqırdı.
Onlardan biri kök, gödəkboylu adam idi, cənub günəşinin təsiri altında olmasına baxmayaraq solğun və şişkin, çoxdan qırxılmamış üzü vardı, geyiminin bəzi təzadları və bütün xarici görkəmi ilə heyrət doğururdu. Başına əzilmiş, kirli, çox yerləri dəlmə-deşik, təpəsi yumru şlyapa qoymuşdu. Pencəyi yamaqlı olsa da, yaxşı biçimdə olduğu bilinirdi. Amma şalvarı acınacaqlı görkəmdə idi, dizlərindən aşağı saçaq-saçaq sallanmışdı. Əyilmiş laklı ayaqqabıları və boynundakı cırıq-cırıq olmuş fulyar12 bantı geyimini tamamlayırdı.
O birisi ucaboy, əzələli, gündən yanmış, qara saqqallı idi, başında “sombrero” adlanan kənarları enli şlyapa, əynində qısaqol qara köynək, ayağında hündür çəkmə, Meksika çobanlarını xatırladırdı. Hərəkətləri cəld və kəskin idi.
– Bonjur, madmazel, – gonbul çox ədəbli tərzdə təzim edib miss Kinqmanı salamladı. – İcazə verin, sizi Məhv Olmuş Gəmilər Adasına uğurlu gəlişiniz münasibətilə təbrik edim.
– Təşəkkür edirəm, hərçənd mən öz gəlişimi uğurlu saymıram… Sizə nə lazımdır?
– Hər şeydən əvvəl icazənizlə özümüzü təqdim edək: Aristid Dode. Mənim soyadım Dodedir, bəli, bəli, Dode. Mən fransızam…
– Bəlkə, yazıçı Alfons Dodenin qohumusunuz? – miss Kinqman qeyri-ixtiyari olaraq soruşdu.
– E… elə də çox uzağa getməyin… Hərçənd mənim, belə demək mümkünsə, ədəbiyyata müəyyən bağlılığım olub. Fransanın cənubunda iri kağız və divar kağızı istehsal edən fabriklərim var idi.
– Boş-boş danışma, Ternip, – yoldaşı qaşqabaqla və hirslə dedi.
– Siz necə də ədəbsizsiniz, Flores! Mən sizə ləyaqətli cəmiyyət içində davranmağı nə vaxt öyrədəcəyəm? Xahiş edirəm ki, mənə Ternip deməyəsiniz. Onlar məni, gördüyünüz kimi, başımın formasına görə zarafatla belə adlandırıblar, onlara elə gəlir ki, başım turpa bənzəyir… – və o, şlyapasını çıxarıb təbiətin qəribə oyunu kimi ortasında bir çəngə tük bitmiş keçəl, sarımtıl kəlləsini göstərdi.
Miss Kinqman doğru verilmiş ləqəbə istər-istəməz gülümsədi.
– Məndən sizə nə lazımdır axı? – Viviana sualını təkrar etdi.
– Biz Məhv Olmuş Gəmilər Adasının qubernatoru Ferqus Sleytonun verdiyi əmrə kor-koranə və dinməz-söyləməz əməl etməliyik: hər təzə gəlmiş adam mütləq ona təqdim olunmalıdır.
– Kim olduğunuzu bilmək şərəfinə nail olmadığım miss, ya missis, sizi inandırım ki, kapitan Sleyton sizi gülərüzlə qəbul edəcək.
– Mən heç yerə getmirəm, – miss Kinqman cavab verdi.
Ternip köksünü ötürdü.
– Mən çox təəssüf edirəm, amma…
– Səni diplomat kimi ələ salacaqlar, – Flores yenə kobud şəkildə müdaxilə etdi və Vivianaya tərəf gəlib amiranə tərzdə dedi: – Siz bizimlə getməlisiniz.
Miss Kinqman müqavimət göstərməyin mənasız olduğunu başa düşdü. Bir az fikirləşib dedi:
– Yaxşı. Mən razıyam. Amma icazə verin, paltarımı dəyişim, – deyib öz işçi paltarını və önlüyünü göstərdi.
– Artıq işdir, – Flores onun sözünü kəsdi.
– Axı bu, çox vaxt aparmayacaq, – Ternip eyni zamanda Floresə və miss Kinqmana müraciət etdi.
– Cəmisi bir neçə dəqiqə! – və qız göyərtəni tərk etdi.
Bir neçə dəqiqədən sonra Flores paroxod borusunun tüstüləndiyini gördü. Bunun hərbi hiylə olduğunu dərhal başa düşdü.
– Lənətə gəlmiş qadın bizə kələk gəldi. Tüstünü görürsən? Bu, siqnaldır. O kimisə köməyə çağırır, – silahı çiynindən götürüb Ternipi danlamağa başladı. – Sənin ucbatından oldu. Qızın qabağında əriyib özündən getdin, razılaşdın. Arvadına deyəcəm!
– Siz düzələn deyilsiniz, Flores. Biz köməksiz qadını zorla apara bilməzdik axı.
– Cəngavərlik! Ədəb-ərkan! Ferqus sənə cəngavər rütbəsi verəcək! Buyursana! – sonra tüfəngi qabağa tutub başı ilə Qatlinqlə birlikdə Simpkinsin aşıb gəldikləri borta işarə etdi. Xəfiyyənin hələ suyu qurumamışdı, üstü-başı yaşıl yosuna bulaşmış, paltarına yengəc yapışmışdı.
– Bu su adamı haradan çıxdı?..
Danışıqlar başlandı. Bu iki səfillə gücünü sınamaq Qatlinqi qorxutmurdu. Ancaq onlar yalan danışmırlarsa, döyüşün heç bir nəticəsi olmayacaq. Onların dediyinə görə, adada bütöv bir əhali – yaxşı silahlanmış qırx üç adam var. Qüvvələr qeyri-bərabərdir, qələbə onların tərəfində olacaq.
Qatlinq Simpkinsi girov qoyub miss Kinqmanla vəziyyəti müzakirə etməyə yollandı. O da döyüşün faydasız olacağı ilə razılaşdı. Qərara alındı ki, hamılıqla gedib özlərini kapitan Ferqusa “təqdim etsinlər”.
Qubernator Ferqus Sleyton
Məhv Olmuş Gəmilər Adasında, sən demə, çox yaxşı rabitə yolları varmış.
Qabaqda gedən Ternip üçgöyərtəli köhnə freqatdan keçib əsirləri “yola” çıxartdı, bunlar gəmiləri birləşdirən və dağılmış göyərtələrin üzərindən keçən körpülər idi. Bütün yolboyu kiçik sütunlara və salamat qalan dorlara bərkidilmiş məftil uzanırdı.
– Buraya! Buraya! Geri qalmayın, miss, – o, miss Kinqmana nəvazişlə müraciət edirdi. Ardınca Qatlinqlə Simpkins gəlirdilər. Sombrerosunu qaşlarına qədər çəkmiş qaşqabaqlı Flores lap arxada addımlayırdı. Yolda qarşılarına cır-cındır geyinmiş, bədənlərini tük basmış, günəşdən yanmış sakinlər: ağdərili şimallılar, qarabuğdayı cənublular, bir neçə zənci və üç çinli çıxdı. Hamısı adanın yeni sakinlərinə həris bir maraqla baxırdı.
Adanın
12