Ağ gəmi. Чингиз АйтматовЧитать онлайн книгу.
oxşar, yöndəmsiz tikilmiş məxmər kitelinin bütün düymələri açılmışdı. Göbəyində ağ köynəyi kəmərin altından çıxmışdı. O, tox və kefli idi. Bir az əvvəl qonaqlıqda olmuş, köpüncə kumıs içmiş, ət yemişdi. Yay vaxtları ətraf yaylaqlardakı çobanlar və ilxıçılar tez-tez Orozqulu qonaq edirdilər. Onun köhnə dost-tanışları vardı. Amma onu bir niyyətlə qonaq çağırırdılar. Orozqul lazımlı adam idi. Xüsusən dağda ola-ola kənddə ev tikənlər üçün; sürünü başlı-başına buraxıb gedə bilməz, tikinti materiallarını haradan tapacaqdı? Hər şeydən də əvvəl taxta-şalbanı? Lakin Orozqulu razı salanda onda görərdin qoruq meşədən iki-üç seçmə tir verdi sənə, apar, get arxayınca. Yox, belə eləməsən, dağlarda başın sürüyə qarışar, evin də bir əsrə tikilib qurtarmaz…
Ağırlaşmış, təşəxxüslü Orozqul uzunboğaz xrom çəkmələrinin ucunu üzəngiyə saymazyana dirəyərək yəhərdə mürgü vura-vura yol gedirdi.
Oğlan çantanı yellədə-yellədə gözlənilmədən qabağına yüyürəndə az qalmışdı atdan yıxılsın.
– Orozqul əmi, çantam var! Məktəbə gedəcəyəm. Bax çantama!
– Səni görüm!.. – Orozqul qorxmuş halda yüyəni dartıb söydü.
O, yuxusuzluqdan və sərxoşluqdan qan çəkmiş gözlərini oğlana zillədi:
– Sən burada neynirsən, haradan belə?
– Mən evə gedirəm. Çantam var, onu Seyidəhmədə göstərirdim, – oğlan zəif səslə cavab verdi.
– Yaxşı, oyna, – Orozqul deyindi və yəhərdə inamsız halda yırğalanaraq yoluna davam etdi.
Başqalarına düjün-düjün züryət bəxş etdiyi halda, Allah bu tale küskününə öz belindən gələn bir oğulsa verməmişdi, ata-anasının atıb getdiyi, arvadının bacısı oğlu olan bu gədə və onun andıra qalmış çantasımı görünürdü Orozqulun gözünə?..
Orozqul fısıldayıb hıçqırdı. Qubar və qəzəb onu boğurdu. Heyifsilənirdi ki, ömrünü nişanəsiz başa vuracaq və bu dəm onun ürəyində arvadının sonsuzluğuna qəzəbi lap coşdu. O məlun arvadı neçə il idi ki, qısır gəzirdi.
“Gör sənə neylərəm!” – Orozqul xəyalən onu hədələdi, ətli yumruqlarını düydü, hönkürüb ağlamasın deyə qəhərini içində boğub inildədi. Bilirdi işini, qayıdan kimi onu döyəcəkdi. Orozqul içəndə həmişə belə olurdu; bu öküz boyda kişi dərddən və qəzəbdən ağlını itirirdi.
Oğlan cığırla onun ardınca gedirdi. O, qəflətən Orozqul gözdən itəndə heyrətə gəldi. Orozqul isə çaya sarı dönüb atdan düşdü, yüyəni atıb hündür otların arası ilə irəlilədi. O, ləngər vura-vura, əyilərək gedirdi. Əlləri ilə üzünü örtüb başını çiyinləri arasına çəkərək gedirdi. Çayın qırağına çatanda Orozqul çömbəldi. Ovcunu çay suyu ilə doldurub üzünə çırpdı.
“Görünür, istidən başağrısı tutub”, – Orozqulun hərəkətlərinə göz qoyan oğlan belə qənaətə gəldi. O bilmirdi ki, Orozqul ağlayır və hıçqırıqlarını kəsə bilmir. Ona görə ağlayırdı ki, qabağına yüyürən öz doğma oğlu deyildi, ona görə ağlayırdı ki, çantalı oğlana bir neçə kəlmə adam kimi söz demək üçün özünü ələ ala bilməmişdi.
2
Qarovul dağının kəlləsindən ətrafın geniş mənzərəsi açılırdı. Oğlan qarnı üstə uzanıb durbini gözünə uyğunlaşdırırdı. Bu çox yaxşı göstərən səhra durbini idi. Nə vaxtsa babasına uzun müddət meşə məntəqəsində işlədiyinə görə mükafat vermişdilər. Qoca durbin gəzdirməyi sevmirdi: “Öz gözlərim bundan pis görmür”. Nəvəsinin isə xoşuna gəlirdi.
Bu dəfə o, dağın başına durbin və çanta ilə gəlmişdi.
Əvvəlcə şeylər oynaşdı, kiçik dairəvi şüşə gözdə bir- birinə qarışdı, sonra birdən aydınlaşdı və hər şey öz yerində dayandı. Bu olduqca maraqlı idi. Oğlan nəfəsini çəkib sakit dayandı ki, tapdığı fokusu itirməsin. Sonra o, durbini başqa səmtə döndərdi və yenidən hər şey bir-birinə qarışdı. Oğlan yenə də okulyarı fırlatmağa başladı.
Buradan hər şey görünürdü. Yalnız səmadan aşağıda olan ən uca qarlı zirvələr də. Dağların arxasındaydı onlar, bütün dağlardan və bütün yer üzündən ucada qərar tutmuşdular. Qarşı zirvələrdən aşağıdakı dağların yamacları meşəlikdi. Ətəkləri qalın cəngəllik, yuxarıları qaraşamlıq. Güngey dağları da günəşlə üzbəüz dayanmışdı; Güngeyin yamaclarında otdan savayı heç nə bitmirdi. Göl tərəfdəki nisbətən alçaq dağlar isə büsbütün çınqıllı, çılpaq yamaclardan ibarət idi. Yamaclar vadiyədək enirdi, vadi isə göldə birləşirdi. Elə həmin tərəfdə tarlalar, bağlar, kəndlər uzanıb gedirdi… Yaşıl əkin sahələri arasında ala-tala sarı yerlər gözə dəyirdi – biçin yaxınlaşırdı. Yollarda balaca avtomobillər siçan kimi şütüyürdülər, onların arxasınca uzun toz quyruqları burulurdu. Yerin ən ucqar bucağında, gözün sezə biləcəyi son həddə, qumlu sahil yolağından o tərəfdə sinəsi qabarmış gölün tünd-mavi əyriliyi göyərirdi. O, İssık-göl idi. Orada su ilə səma birləşirdi. Oradan o yana heç nə yox idi. Göl sakit uyumuşdu, bərq vururdu, kimsəsiz idi. Yalnız sahildə ləpədöyənin oynatdığı ağ köpük güclə sezilirdi.
Oğlan bu tərəfə çox baxdı, çantaya dedi: “Ağ gəmi görünmədi. Gəl məktəbimizə bir də baxaq”.
Buradan dağın arxasındakı qonşu dərə bütövlükdə yaxşı görünürdü. Durbinlə baxanda hətta evin qabağında, pəncərənin altında oturan qarının əlindəki iplik də aydın nəzərə çarpırdı.
Celasay dərəsində meşə yoxdu, qırılandan sonra yalnız orada-burada tənha, qocaman şam ağacları qalmışdı. Bir vaxtlar buralar meşəlik imiş. İndi damı şiferli mal-qara tövlələri cərgələnmişdi, iri peyin topaları və küləş tayaları gözə dəyirdi. Burada südçülük fermaları üçün cins düyələr bəslənirdi. Elə orada, mal-qara tövlələrindən azca aralıda gödəcik bir küçə vardı – maldarların qəsəbəsi. Küçə əydəmli təpədən aşağı meyillənirdi. Küçənin lap kənarındaca kiçik bir bina vardı, görkəmindən bilinirdi ki, yaşayış evi deyil. Dördillik məktəb bu elə özü idi. Yuxarı sinif uşaqları oxumağa sovxozdakı internat-məktəbə gedirdilər. Burada isə balacalar oxuyurdular.
Oğlan qəsəbədə olmuşdu, boğazı ağrıyanda babası ilə feldşerin yanına getmişdi. İndi o, durbinlə boz kirəmitli, tənha əyri borulu, üzərində əl ilə “Məktəb” yazılmış faner lövhəli kiçik binaya zəndlə baxırdı. O oxuya bilmirdi, ancaq ağlına gəlirdi ki, məhz bu söz yazıla bilər. Durbində ən kiçik şeylər belə ən xırda təfərrüatı ilə aydın görünürdü. Divarın suvağı üzərində cızılmış qarışıq sözlər, kağız yapışdırılmış pəncərə şüşəsi, eyvanın şişib qabarmış, kələ-kötür taxtaları… O, əlində çanta bura necə gələcəyini, indi cəftəsindən iri qıfıl asılan bu qapıdan içəri necə addımlayacağını təsəvvürünə gətirdi. Bəs orada, qapının arxasında nələr olacaqdı?
Məktəbə baxıb qurtarandan sonra oğlan yenə durbini gölə sarı yönəltdi. Orada