Robin Hud. Народное творчествоЧитать онлайн книгу.
section>
Robin Hudun doğulması
Ay işığı yaşıl ağacların arasından düşüb kiçik kilsəni işıqlandırırdı. Meşə sükuta qərq olmuşdu. Birdən ağacların arasından ucaboy bir kişi çıxdı. O, yan-yörəsinə ehtiyatla baxa-baxa kilsəyə tərəf gəldi. Daş pillələrlə qalxıb ağır qapını açarla açdı. İçəri daxil olub şamları təzəcə yandırmışdı ki, qapı astadan döyüldü.
O, qapını azacıq aralayıb gələnləri tanıdı və gülümsəyib içəri buraxdı.
Yolçular plaşlarını soyunmağa başladılar. Ucaboy kişi üst paltarını atıb keşiş libasında qaldı. Mehrabın1 qarşısında əyilib dua edəndən sonra üzünü cütlüyə tərəf çevirdi. Kişi və qadın isə əl-ələ tutub ona tərəf gəldilər.
–Biz tələsməliyik, – cavan oğlan həyəcanla dedi, –hiss edirəm ki, arxamızca gəlirlər. Ona görə də nə qədər ki bizi tutub Coannanı atasının qəsrinə aparmayıblar, evlənməliyik.
–O, yenə də sizin kəbininizin əleyhinə çıxır? – keşiş kədərlə soruşdu.
–Hə, – gənc qadın dedi. – Səbəbi də budur ki, Vilyam Fitzutun bir tərəfi saksoniyalı, bir tərəfi isə normanddır. Normandlar atama çox pislik ediblər. Buna görə də istəmir ki, mənim ərə gedəcəyim adamın damarlarında normand qanı axsın.
–Bunu mən də bilirəm, – keşiş astadan dedi, – ancaq madam ki bir-birinizi belə sevirsiniz, mən sizin kəbininizi kəsəcəyəm və dua edəcəyəm ki, xoşbəxt olasınız, övladlarınız sizə yalnız sevinc bəxş eləsinlər.
Keşiş bunu deyib müqəddəs kitabı açdı və onların kəbinini kəsdi. Sonra gənc ər-arvad tez meşəyə qaçdılar, ata minib ensiz bir cığırla Vilyam Fitzutun Loksli Holl adlanan qəsrinə gəldilər.
Coannanın atası ser Corc Fitzuolter dəniz səyahətinə hazırlaşırdı. Qızı ilə vidalaşmaq istəyirdi ki, şahzadə Con çapar göndərib onu vacib bir iş üçün yanına çağırtdırdı. Ser Corc düz bir il səfərdə oldu, qızının qaçmağından isə geri qayıdanda xəbər tutdu. Elə sarsıldı ki, bir müddət özünə gələ bilmədi.
Sonra isə qəzəblə qışqırmağa başladı:
– Onlar necə mənim əleyhimə gedə biliblər? Mənim icazəm olmadan necə evləniblər? Mən bu qanunsuzluğa son qoyacağam. Mənim ailəmdə heç kəsin damarından normand qanı axmamalıdır. Tez atımı yəhərləyin, qoy altı ən yaxşı döyüşçüm də mənimlə getsin! Cəld olun! Mən qızıma bir gün də olsun bu adamın evində qalmağa icazə verməyəcəyəm!
Qulluqçular tələsik atları yəhərlədilər. Ser Corc qəsrin pilləkənləri ilə düşə-düşə elə qışqırırdı ki, səsi az qala gedib Şervud meşəsinə çatırdı. Lord və əsgərləri atlarını qamçılayıb Fitzutun evinə tərəf sürməyə başladılar.
Vilyam Fitzut ovdan təzəcə qayıdırdı. Birdən evinə tərəf çapan atlıları gördü. Fikirləşdi ki, onlardan heç bir xeyir xəbər gəlməz. Gördü ki, qəzəblənmiş adamlar atdan düşüb pilləkənlərlə yuxarı çıxmağa başladılar. İstər-istəməz əlini qılıncın dəstəyinə atdı, amma özünü saxlayıb silahı çıxartmadı.
Evə yaxınlaşıb ucadan soruşdu:
– Nə olub? Niyə tələsirsiniz? Nə baş verib?
Ser Corc qışqırdı:
– Hələ bir soruşursan da! Sən bunu sorğu-sualsız başa düşməlisən, ay quldur! Hanı mənim qızım? Tez onu mənim yanıma gətir, atını da yəhərlə! Tez elə deyirəm sənə!
Vilyam qayınatasını indi tanıdı. Ser Corc bir neçə dəqiqə susdu. Sonra yenə qışqırmağa başladı.
– Qızımı bura gətir. Ona at ver.
– Sizin qızınız indi at belində gedə bilməz, – Vilyam qətiyyətlə dedi. – Bizim uşağımız olacaq, bu uşaq bizim ailəmizin dayaqlarını möhkəmləndirəcək. Evə gəlin, ser Corc. Qulluqçulara tapşıraram, sizə və adamlarınıza içməyə bir şey verərlər.
Ser Corc dinməzcə Vilyamın ardınca içəri girdi. Bir neçə dəqiqədən sonra o artıq təzə süd içirdi, bayırda qalan adamları isə sərin içkiyə qonaq edilmişdilər.
Vilyam uşaq adını çəkən kimi ser Corc acığının soyuduğunu hiss elədi. İndi ancaq qızını fikirləşirdi, qəzəbi narahatlığa çevrilmişdi.
Vilyam qayğılı-qayğılı var-gəl edirdi. Yuxarıda Coannaya qayğı göstərən həkimdən bir xəbər gözləyirdi.
– Mənim Coannaya olan sevgim günü-gündən artır, – dedi. – O da məni çox sevir. Biz xoşbəxtik, ser Corc. Amma bizim xoşbəxtliyimiz tam deyil. Sizin hələ də bizim evlənməyimizə razı olmamağınız bizi məyus edir. Əgər siz mənim damarlarımdan normand qanı axdığını unutsanız və mənə ailəsini sevən bir insan kimi yanaşsanız, biz çox şad olarıq.
Ser Corc köksünü ötürdü, amma heç nə deyə bilmədi. Çünki bu zaman yeni doğulmuş körpənin çığırtısı evi başına götürdü. Vilyam sevinclə qışqırdı, ser Corc isə böyük yüngüllük hiss edib ayağa qalxdı.
– Mənim nəvəm, – həyəcanlı səslə dedi, – mənim yeganə nəvəm!
Vilyam tez yuxarı qaçdı. Ser Corc isə fikirlərə qərq olmuş halda yaranmış vəziyyəti düşünürdü. O artıq bu nikaha qarşı çıxdığı üçün peşmançılıq çəkməyə başlamışdı. Əgər qızının əleyhinə getsəydi, nə onu, nə də nəvəsini görəcəkdi.
Böyük stolun üstündəki uşaq oyuncağı sanki öz sahibini gözləyirdi. Ser Corc bu xırdaca ox-yaya baxıb gülümsündü. Bu zaman Vilyam bələkdəki körpə də qucağında pillələri düşməyə başladı. Təzə babaya yanaşıb qürurla dedi:
– İcazənizlə oğlumu sizə təqdim edim. Adı Robertdir, amma biz ona Robin deyəcəyik.
Ser Corc körpənin barmaqlarından tutdu, gözləri yaşardı.
– Mənim balaca Robinim, – dedi və üzünü Vilyama tutdu. – Mən sizin ikinizdən də üzr istəyirəm. İndi gedək, Coannanı görüm. Çoxdandır ki, onu görmürəm. İcazə ver, uşağı mən aparım.
Ser Corc Robini əlinə götürüb qızının yataq otağına qalxdı. Üz-gözündən sevinc yağan Vilyam da onun arxasınca getdi.
Robin Fitzut
Şir ürəkli ləqəbi daşıyan Riçard taxta çıxanda dövlət işləri ilə məşğul olmadı. O, əsgər kimi tərbiyə almışdı, buna görə də öz fikrincə birillik darıxdırıcı idarəçilikdən sonra Fələstinə, müqəddəs müharibə aparmağa yola düşdü. İngiltərənin idarəsini etibarlı dostu baş keşişə tapşırdı. Özünü isə tamamilə müharibəyə həsr etdi. Onun artıq ölkədə baş verənlər haqqında düşünmək üçün vaxtı yox idi.
Riçardı yola salan şahzadə Con onun gedişinə çox sevindi. Yaxşı bilirdi ki, Riçard müharibədə həlak olsa, yaxud hər hansı bir tropik xəstəlikdən ölsə, İngiltərə taxt-tacı qanunla ona çatacaq.
Baş keşiş namuslu adam olsa da, kral Riçardın əleyhinə gedən adamların əlində aciz qalmışdı. Bir müddət sonra bu ləyaqətli adam da şahzadə Conun əlindən qurtulmaq üçün qaçmağa məcbur oldu.
Bundan sonra İngiltərənin vəziyyəti pisləşdi. Şahzadə Con açıq-aşkar soyğunçuluğa başladı. Əhalidən son qəpiyinə qədər vergi alındı, cinayət edənlər doğru-düzgün mühakimə olunmadı, yoxsulluq artdı. Bir çox kəndlilər şahzadənin əlindən yaxa qurtarmaq üçün kral Riçardın ardınca Fələstinə getdilər.
Şahzadə Con əyalətlərə qəddar, rüşvətxor şeriflər təyin etdi. Onların arasında ən zalımı Nottinhem şerifi idi. Ondan hamı qorxurdu, çünki ona müqavimət göstərmək adamlar üçün pis nəticələr verirdi.
Robin Fitzut da belə bir şəraitdə böyümüşdü və gənc yaşlarından ədalətsiz şerifə nifrət edirdi. Bacardığı qədər kasıblara kömək eləyirdi, amma bilirdi ki, bu kömək şahzadə Conla şerifin
1