Sonuncu düym. Ceyms OldricЧитать онлайн книгу.
Ürkdülər. Qumsaqlıq köpəkbalıqları suyun dibinə endilər, “pişik” isə insanı diqqətlə müşahidə edərək onun gözləri səviyyəsindən üzüb keçdi. Beləsini qışqırmaqla qorxutmaq mümkün deyil. Ben rifə söykəndi və birdən mərcanın iti ucunun qoluna batdığını hiss etdi. Ancaq o, suyun üzünə qalxana qədər gözünü “pişik”dən çəkmədi. Hətta yuxarı qalxandan sonra da tədricən ona yaxınlaşmaqda olan “pişiyi” gözdən qoymamaq üçün başını suyun altında saxlayırdı. Ben rifin dənizdən qalxan ensiz çıxıntısına yöndəmsizcəsinə söykənərək çevrildi və təhlükəsiz yerə qədər qalan son düym məsafəni qət etdi.
– Bu yaramaz mənim heç xoşuma gəlmir! – ağzındakı suyu tüpürdükdən sonra ucadan dedi.
Oğlanın başının üstündə dayandığını ancaq indi gördü. Onu tamam unutmuşdu və indicə söylədiklərinin kimə aid olduğuna zəhmət çəkib aydınlıq gətirmədi.
– Qumun altından səhər yeməyimizi çıxart və kölgədə, qanadın altında, brezentin üstündə süfrə aç. İri məhrəbanı mənə at.
Devi məhrəbanı ona verdi və Ben quru, isti qumun üstündə keçirdiyi həyatla barışmalı oldu. O hiss edirdi ki, bu işə baş qoşmaqla axmaqlıq edib. O, əlində kinoaparat köpəkbalıqlarının dalınca düşən macəraçı deyil, naməlum hava yolları üzrə gözəl təyyarəçi idi. Amma pis-yaxşı bir iş tapmışdı, buna da şükür. Amerika Şərq hava yollarının Qahirədə xidmət edən iki aviamühəndisi kino şirkətlərinin Qırmızı dənizdə çəkilmiş sualtı kadrlarla təchizatını təşkil etmişdi. Hər iki mühəndisin iş yerini dəyişdirib Parisə göndərdilər. Onlar da bu işi Benə ötürdülər. Vaxtilə kiçik təyyarələrdə səhraların üzəri ilə uçmaq məsələsində məsləhət almaq üçün gələndə onlara kömək etmişdi. Gedəndə yaxşılığın əvəzini çıxaraq Nyu-Yorkdakı televiziya şirkətinə Ben haqda məlumat ötürdülər. Ona kirayə olaraq aparatura verdilər. O isə Misir təyyarəçilik məktəbində balaca “Oster”i icarəyə götürdü.
Ona tez bir zamanda çoxlu pul qazanmaq lazım idi və belə bir fürsət əlinə düşmüşdü. “Teksyegipto” şirkəti fəaliyyətini dayandırdıqdan sonra Ben işini itirmişdi. İki il ərzində qızmar səhraların üzəri ilə uçaraq qazandığı pullar arvadına Kembricdə yaxşı yaşamağa imkan verirdi. Pulun qalan az hissəsi isə özü və oğluna bəs edirdi. Üstəlik, uşağa suriyalı fransız dayə də tutmuşdu. Qahirədə üçünun bir yerdə yaşadığı mənzilin kirayə haqqını da verə bilirdi. Bu uçuş sonuncu idi. Teleşirkət indiyədək çəkilənlərin yaxın bir neçə il üçün kifayət edəcəyini bildirmişdi. Bu səbəbdən də onun işi başa çatır və Misirdə qalmaq üçün daha heç bir səbəbi qalmırdı. Bundan sonra o, oğlanı mütləq anasının yanına aparacaq və Kanadada özünə iş axtaracaq. Nə bilmək olar, bəlkə, bəxti gətirdi və əgər yaşını gizlədə bilsə, münasib bir şey tapa bildi!
Dinməz-söyləməz yemək yedikləri müddətdə Ben fransız kinoaparatının plyonkasını geri fırlatdı və klapanı düzəltdi. Pivə şüşəsinin qapağını açandan sonra yenidən oğlan yadına düşdü.
– İçməyə bir şeyin var?
– Yox, – Devi həvəssiz cavab verdi. – Su yoxdur…
Ben bu məsələdə də uşağı heç düşünməmişdi. Həmişə olduğu kimi, Qahirədən özü üçün bir düjün pivə şüşəsi gətirmişdi. Pivə sudan təmiz və mədə üçün daha təhlükəsiz idi. Amma uşaq üçün də nəsə götürmək lazım idi.
– Pivə içəsi olacaqsan. Şüşənin ağzını aç və dadına bax. Amma çox içmə.
Onu on yaşında uşağın pivə içməsi bir o qədər də açmırdı, amma başqa əlac yox idi. Devi şüşənin qapağını açdı, sərin və acı içkidən tez bir neçə qurtum içdi, amma çətinliklə uddu. Başını bulayıb şüşəni atasına qaytardı.
– İçmək istəmirəm, – dedi.
– Şaftalı bankasını aç.
Şaftalı bankası günortanın istisində adamın susuzluğunu yatıra bilməzdi, lakin başqa yol yox idi. Ben yedikdən sonra aparaturanın üstünü nəm dəsmalla örtüb uzandı. Gözucu Deviyə baxdı. Onun xəstələnmədiyinə əmin olmaq istəyirdi. Uşağın sapsağlam, kölgədə oturduğunu görüb tez yuxuya getdi.
– Bəs bizim burada olduğumuzdan kiminsə xəbəri var? – Devi yatan zaman tərləmiş və indi yenidən suya girməyə hazırlaşan atasından soruşdu.
– Niyə soruşursan ki?
– Nə bilim? Elə-belə.
– Burada olduğumuzu heç kim bilmir, – Ben dedi. – Biz misirlilərdən Xurqadaya uçmaq üçün icazə almışıq, bu qədər uzağa gəlib çıxdığımızdan xəbərləri yoxdur. Xəbərləri olmamalıdır da. Bunu yadında saxla.
– Bəs bizi tapa bilərlər?
Ben fikirləşdi ki, oğlan onların nəsə bir qanunsuz iş gördüklərinin üstünün açılmasından ehtiyat edir. Uşaqlar həmişə “cinayət başında” yaxalanmaqdan qorxurlar.
– Yox, sərhədçilər bizi tapa bilməzlər. Təyyarədən çətin ki bizim maşınımızı sezə bilsinlər. Quru yolu iləsə heç kim buralara gəlib çlxa bilməz, hətta “villis”lə belə. – Dənizi göstərdi. – Oradan da heç kim gələ bilməz, oralar sualtı qayadır…
– Yəni heç kimin, lap heç kəsin bizdən xəbəri yoxdur? – oğlan təşvişlə soruşdu.
– Deyirəm ki, yox! – atası hirslə cavab verdi. Amma birdən, gec də olsa, anladı ki, Devi ələ keçməkdən yox, sadəcə tək qalmaqdan qorxur.
– Sən qorxma, – Ben kobud tərzdə dedi. – Başına bir iş gələn deyil.
– Külək qalxır, – Devi həmişəki kimi sakit və ciddi görkəmlə dedi.
– Bilirəm. Suyun altında yarımca saat qalacam. Sonra qalxacam, plyonkanı yeniləyib təzədən on dəqiqəliyə enəcəm. Hələlik başını qatmaq üçün özünə bir iş tap. Tilovu nahaq götürməmisən.
“Gərək mən yadına salaydım”, – Ben əlində at ətindən tələ yemi suya girərək öz-özünə düşündü. Tələ yemini o, mərcan budağının, kameranı isə çıxıntının üstünə qoydu. Sonra əti telefon naqili ilə bərk-bərk mərcana bağladı ki, köpəkbalıqları onu asanlıqla qopara bilməsinlər.
Bu işi başa çatdırdıqdan sonra Ben tələ yemindən cəmisi on fut aralıdakı balaca oyuğa tərəf çəkildi. Bununla o özünü arxa tərəfdən qorumaq istəyirdi. O, köpəkbalıqlarını çox gözləməli olmayacağını bilirdi.
Mərcanların qumla əvəzləndiyi gümüşü məkanda artıq beş köpəkbalığı üzürdü. O haqlı idi. Köpəkbalıqları qanın qoxusunu duyan kimi o dəqiqə özlərini yetirdilər. Ben qurudu, nəfəsini buraxanda isə qovuqcular köpəkbalıqlarını ürkütməsin deyə partlamaları üçün klapanı arxasındakı mərcana sıxırdı.
– Gəlin! Yaxın gəlin! – o, balıqları qızışdırırdı.
Amma onlara dəvət lazım deyildi.
Конец ознакомительного