Arı balası Maya. Вальдемар БонзельсЧитать онлайн книгу.
ora qayıtmayacağam! Bütün ömrümü balın, mumun arasında keçirmək istəmirəm. Bu çiçəkli aləmdə yaşayacağam. Mən başqa arılar kimi deyiləm, şən yaşamaq istəyirəm, macəraları sevirəm. Heç nədən də qorxmuram, çünki güclüyəm və iynəm var!
O, sevinc və qürurla gülümsəyib şirin zanbaq şirəsi içdi.
– Həyat gözəldir!
Maya yan-yörəsinə baxdı. Yoldaşı görünmürdü. Arıcığaz tək-tənha qalmışdı. Amma heç nədən qorxmurdu. Ah, əgər balaca Maya bilsəydi ki, onu necə təhlükələr gözləyir, yəqin, bir az fikirləşərdi! Ancaq heç nədən şübhələnmədi və qəti qərara gəldi ki, pətəyə qayıtmasın. Çox yorğun olduğu üçün tezliklə yuxuya getdi.
Oyananda gördü ki, günəş batıb, hər yan alatoranlığa qərq olub. Ürəyi həyəcanla döyündü. Gülün içindən çıxaraq uçub ağacın başına qondu və bir yarpağın altında yerini rahatladı. Yuxuya gedə-gedə özünə ürək-dirək verdi:
– Qorxmaq lazım deyil! Günəş qayıdacaq! Həmişə belə olur, Kassandra mənə demişdi. İndi ancaq yatmaq lazımdır, sabah isə günəş yenə çıxacaq!
PEPİNİN ÇƏHRAYI EVCİYİ
Balaca Maya gözlərini açanda hava tamam işıqlanmışdı. Yuxulu olduğu üçün yavaş-yavaş, süst hərəkət edirdi. Qanadlarını təmizləyib tərpətməyə başladı ki, əvvəlki kimi qıvraq olsun. Sonra açıq saçlarını sığallayıb iri gözlərini sildi. Gözləri yenə də bu geniş dünyanın günəşli gözəlliyini gördü və sevinclə parıldadı. Aşağıda hava, yəqin ki, isinmişdi, yuxarıda isə hələ də sərin idi.
– Ah, mənim gözəl dünyam!
Maya dünən gördüklərinin hamısını xatırladı. Yox, o, bir də pətəyə qayıtmayacaq! Düzdür, qoca Kassandraya görə bir az təəssüf edirdi, o öz şagirdi üçün darıxa bilərdi. Amma Maya bütün ömrünü balın, mumun arasında keçirmək istəmirsə, neyləmək olar! O, xoşbəxt və azad olmaq, həyatdan zövq almaq istəyir. Qoy nə olursa olsun! O heç nədən qorxmur!
Mayaya hər şey asan gəlirdi, çünki ağlına da gətirmirdi ki, onu nələr gözləyir!
Aşağıda çəhrayı bir şey parıldayırdı. Aclıq bala arının səbir kasasını daşdırmışdı. O, cəsarətlə, şən vızıltıyla aşağı enirdi. Hər yan isti günəş şüalarında çimirdi. Çəhrayı, qəşəng çiçək balaca arını özünə cəlb edirdi. Çiçəyə yaxınlaşanda elə gözəl ətir gəldi ki, az qaldı huşunu itirsin. O, əyilmiş ləçəyin üstünə endi və birdən parıldayan böyük gümüşü kürə gördü. Şəffaf kürə günəş işığında müxtəlif rənglərə çalırdı. Bu elə gözəl idi ki, Maya hətta bir az qorxdu da! Kürə ləçəyin hamar səthi ilə diyirlənib bir anlıq asılı qaldı və… otların arasına düşdü!
Maya bu qəşəng kürənin çoxlu balaca kürəciklərə çevrildiyini görcək qorxub çığırdı. Kürəciklər titrəşir, günəş işığında parıldayırdı. Maya Kassandranın bu kürəciklər haqqında dediklərini yada saldı. Onlar rütubətli gecələrdə çiçəklərin kasacığına yığılır. Bu damcılara «şeh» deyilir.
Maya geri dönüb qəhvəyi qanadları və sinəsində qara ləkə olan böcək gördü. O, çəhrayı çiçəyin kasacığının düz girişində dayanmışdı. Boyca Mayadan azca kiçik idi, gözlənilməz qonağı ciddi-ciddi süzürdü, amma bu baxışlarda düşmənçilik hiss olunmurdu.
Maya onunla nəzakətlə salamlaşdı.
– Bu sizin şeh damcınız idi? – deyə soruşdu. – Deyəsən, o mənim ucbatımdan diyirləndi. Mən çox təəssüf edirəm!
– Narahat olmayın! – böcək bir az lovğalıqla cavab verdi. – Mən bu gün su içmişəm, arvadım isə böyrəkləri xəstə olduğu üçün, ümumiyyətlə, sudan istifadə etmir! Bəs siz burada neyləyirsiniz?
– Sizin nə gözəl çiçəyiniz var! – Maya suala cavab vermədi. – Zəhmət olmasa, deyə bilərsinizmi, onun adı nədir?
O, Kassandranın məsləhətlərini yadında yaxşı saxlamışdı, buna görə də son dərəcə nəzakətli olmağa çalışırdı.
Böcək hamar başını tərpətdi.
– Siz haradan gəlmisiniz belə? – Deyəsən, o, bala arının savadsızlığına gülürdü.
Maya hiss etdi ki, o, bir qədər kobuddur. Arılar özlərini daha yaxşı aparırlar. Buna baxmayaraq böcək xeyirxah görünürdü, utandığından Mayanın yanaqlarının qızardığını görəndə isə iltifat göstərməyə başladı.
– Bu, qızılgüldür! Onu tanımaq lazımdır. Biz bu qızılgülün içinə dörd gündür ki, köçmüşük. Ona göstərdiyimiz qayğının sayəsində görün nə qəşəng açıb. Bir yaxına gəlin!
Maya utana-utana qabağa gəldi. Böcək çəhrayı ləçək pərdəsini araladı və onlar yaxşı işıqlandırılmış dar otaqları olan evə girdilər. Açıq-çəhrayı rəngli otaqların divarlarından ətir gəlirdi.
– Nə qəşəng eviniz var! – Maya heyrətləndi. – Nə gözəl ətri var!
Böcək çox razı qalmışdı.
– Gərək özünə şərait yarada biləsən! – lovğa-lovğa dedi. – Bizdə belə bir köhnə məsəl var: harada yaşadığını mənə de, deyim kimsən. Bal istəyirsiniz?
– Ax! – Maya şad oldu. – Çox istəyirəm!
Böcək başını tərpədib çəhrayı divarın arxasında yox oldu. Xoşbəxt Maya ətrafına boylandı. Üzünü və ovuclarını zərif, çəhrayı ləçəklərə qoyub onların ətrini içinə çəkdi və belə gözəl evciyə düşdüyü üçün sevindi.
– Yaşamaq necə gözəldir! Bu çəhrayı evcik hara, arıların boğanaq, ağzınacan dolu otaqları hara! Hələ buradakı sakitliyi demirəm!
Bu zaman acıqlı səslər eşitdi. Böcək qızğınlıqla nəsə mızıldanırdı. Mayaya elə gəldi ki, o kimisə itələyib bayıra çıxarmaq istəyir. Bu kimsə narazılıqla və qorxa-qorxa vızıldayırdı:
– Əlbəttə, məni qovmaq sizinçün asandır, çünki mən təkəm! Görək dostlarımı gətirəndə nə deyəcəksiniz! Siz kobudun birisiniz! Yaxşı, yaxşı, gedirəm! Amma siz kobudsunuz, kobudsunuz, bir də kobudsunuz, vəssalam!
Səs xoşagəlməz tərzdə danışırdı. Uzaqlaşan addım səsləri eşidildi.
Acıqlanmış böcək bir az balla qayıtdı.
– Rüsvayçılıqdır! Qoymurlar dinc oturaq!
Maya artıq bərk acmışdı, hətta qonaqlığa görə təşəkkür eləməyi belə unutdu. O, acgözlüklə yeyirdi, bu müddətdə böcək alnının tərini silib paltarının üst düyməsini açdı ki, rahat nəfəs alsın.
– Bu kim idi? – Maya yeyə-yeyə soruşdu.
– Əvvəlcə yaxşı-yaxşı çeynəyib udun! Sonra soruşarsınız! – çəhrayı evciyin sahibi hirslə dedi.
Maya deyilənə əməl etdi, böcək isə sözünə davam elədi:
– Lənətə gəlmiş qarışqalar!