Vinni-Puh. Алан Александр МилнЧитать онлайн книгу.
İa-İa… hmm… bərkdən anqırsa, gəlib onu da xilas edərlər. Mən isə burada oturmuşam, su hər tərəfi basıb, amma xilas olmaq üçün əlimdən heç nə gəlmir!»
Yağış kəsmək bilmirdi, hər keçən gün suyun səviyyəsi bir az da qalxırdı. Artıq su pəncərəyədək qalxmışdı. Birdən Kristofer Robinin danışdığı əhvalat yadına düşdü. Bu, insan yaşamayan adaya düşmüş bir adamın hekayətiydi. O adam kağıza nəsə yazıb şüşənin içinə qoymuş, şüşəni isə dənizə atmışdı. Piqlet fikirləşdi ki, indi o özü də kağıza nəsə yazıb şüşənin içinə qoysa və suya atsa, ola bilsin, kimsə gəlib onu xilas edəcək!
O, evi ələk-vələk elədi; evdə, demək olar, hər şey islanmışdı. Axır ki, bir quru qələm, bir parça quru kağız, bir quru şüşə və quru tıxac tapdı. Kağızın bir üzünə yazdı:
KÖMƏK ELƏYİN PİQLETƏ! (BU MƏNƏM)
O biri üzünə isə belə yazdı:
MƏNƏM PİQLET, KÖMƏK ELƏYİN, XİLAS EDİN!
Sonra kağızı şüşəyə qoydu, ağzını yaxşı-yaxşı bağladı, pəncərədən şüşəni bacardığı qədər uzağa fırlatdı. Piqlet yavaş-yavaş uzaqlaşan şüşəyə zillənib gözləri ağrıyana kimi baxdı, sonra başa düşdü ki, onu bir daha görməyəcək. Hə, indi o xilas olmaq üçün əlindən gələni eləmişdi.
«Deməli, indi, – Piqlet fikirləşdi, – bir başqası əlindən gələni etməlidir. Ümid edirəm, tez əl-ayağa düşəcəklər, yoxsa canımı qurtarmaq üçün özüm üzməli olacağam, mənsə üzməyi bacarmıram».
Yağış başlayanda Vinni-Puh yatırdı. Yağış ara vermir, o isə yuxudan ayılmırdı. Dünən öz aləmində Şimal qütbünü kəşf eləmişdi və bununla fəxr edirdi. Hətta Kristofer Robindən soruşdu ki, bir ayının kəşf edə biləcəyi başqa qütblər də varmı?
– Cənub qütbü də var, – Kristofer Robin dedi, – deyəsən, haralardasa Şərq və Qərb qütbləri də var, amma insanlar onların haqqında könülsüz danışırlar.
Bunları eşidəndə Puh çox həyəcanlandı; dedi ki, dərhal Şərq qütbünə ekspedisiya təşkil etmək lazımdır. Amma Kristofer Robinin başı qarışmışdı, Kenqayla məşğul idi deyə Puh Şərq qütbünü kəşf etməyə təkbaşına yollandı.
Şərq qütbünü kəşf etdimi, etmədimi, bunu bilmirəm; amma evə qayıdanda çox yorğun görünürdü. Hətta şam yeməyi zamanı elə süfrə arxasında onu möhkəm yuxu tutdu.
Bir yuxu gördü. Gördü ki, Şərq qütbündədir; bu çox soyuq qütb idi, başdan-başa buz və qarla örtülmüşdü. Puh bir arı yuvası tapıb orada gecələməyi qərara aldı. Amma arxa pəncələri yuvaya sığmadı; onları çölə çıxarmalı oldu. Birdən Şərq qütbündə yaşayan Vəhşi Buklar gəlib balalarına yuva tikmək üçün Puhun pəncələrinin tükünü yolmağa başladılar. Puhun tüksüz qalan pəncələri üşüməyə başladı. Nəhayət, o qışqırıb ayılanda gördü ki, kətildə oturub, ayaqları suyun içindədir; hər tərəfi su basıb. Suyu şappıldada-şappıldada qapıya sarı gedib çölə boylandı.
– İşlər xarabdır, – Puh dedi, – xilas olmaq lazımdır.
O, bal küpələrinin ən böyüyünü götürüb həyətdə başı buludlara dəyən ağacın yoğun budağına çıxdı. Sonra aşağıya enib digər küpələri də bir-bir götürdü. Axır ki, xilasetmə əməliyyatı başa çatdı, Puh budaqda oturub ayaqlarını yelləməyə başladı. Onun yanında on küpə yan-yana düzülmüşdü. Bəs deyincə yeməyi vardı, su isə ona çətin ki, çatardı.
Ancaq ertəsi gün Puhun yanında dörd küpə qaldı.
İki gün sonra bir küpə qaldı.
Dördüncü gün artıq Puh budaqda tək oturmuşdu. Elə bu vaxt Piqletin suya atdığı şüşə onun yanına çatdı. Puh şüşəni görüncə bərkdən «Bal! Bal!» deyə qışqırdı və özünü suya atdı, şüşəni qamarlayıb yenidən ağaca dırmaşdı.
– İşə bax! Heyif! – Puh şüşəni açanda peşman oldu. – Boş yerə əziyyət çəkdim, islandım! Dayan görüm, bu nə kağızdır?
O, kağızı şüşədən çıxarıb diqqətlə nəzərdən keçirməyə başladı.
– Bu, məktubdur, – o dedi, – müraciətnamədir. Bu isə «Pı»ya oxşayır, hə-hə, yəqin ki, «Puh» deməkdir. Bu müraciətnamə mənə yazılıb, mənsə oxuya bilmirəm! Kristofer Robini və ya Bayquşu, ya da Piqleti tapmaq lazımdır: onlar oxumağa kömək eləyərlər. Amma axı mən üzə bilmirəm!
Ağlına başqa bir fikir də gəldi. Öz-özünə dedi: «Əgər şüşə üzə bilirsə, deməli, küpə də üzə bilər; demək ki, küpəyə minib mən də xilas ola bilərəm». O ən böyük küpəni götürüb ağzını bərk-bərk bağladı.
– Hər gəminin öz adı olmalıdır, – o dedi. – Mən öz gəmimi «Üzən Ayı» adlandıracağam.
Bu sözlərlə gəmini suya atdı, özü də arxasınca tullandı.
Puh və «Üzən Ayı» bir neçə dəfə suda batıb-çıxandan sonra, axır ki, Puh birtəhər gəmiyə minə bildi.
Kristofer Robin meşənin ən hündür yerində yaşayırdı. Nə qədər yağış yağırsa yağsın, heç vaxt onun evini su basmırdı. Odur ki evdə rahat oturub müxtəlif məsələlər barədə fikirləşirdi. O hər səhər evdən çıxıb (çətirlə) su basan yerə çubuq sancırdı. Ertəsi gün çubuq suyun altında qalır, onda o, yeni çubuq sancmalı olurdu. Beləliklə, onun evinə gedən yol getdikcə qısalırdı. Nəhayət, Kristofer başa düşdü ki, ömründə ilk dəfə adada qalıb. Bundan gözəl nə ola bilərdi!
Həmin səhər Bayquş uçub gəldi: onunla hal-əhval tutmaq istəyirdi.
– Qulaq as, Bayquş, – Kristofer Robin dedi, – əladır, deyilmi? Mən adada yaşayıram!
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.