Radetski Marşı. Йозеф РотЧитать онлайн книгу.
zənglərin səsinə qulaq verər, amma baş çavuşla qarşılaşmamağa diqqət yetirərdi. Frau Slamanı qanadlarının altına alan ölüm bu gün ilə o günlər arasında dayanır, sonsuz qaranlığını keçmiş ilə indiki zamanın arasına dürtürdü. Amma yenə də zənglərin saatı bildirən səsi eyni qalmışdı, lap əvvəllər olduğu kimi siqaret otağında qəhvə içilməkdə idi.
–Yağış yağır, – atası sanki bunu hələ yenicə görürmüş kimi dedi. – Bəlkə bir arabaya minəsən?
–Yağışda gəzməyi sevirəm, ata.
Əslində daha çox gedəcəyi yolun uzun olmasını arzuladığını demək istəyirdi. Düşündü ki, bəlkə o hələ həyatdaykən bir arabaya minsəydim daha yaxşı olardı. Ətraf səssiz idi, yağış pəncərələrə vururdu. Bölgə qubernatoru dikəldi:
–Qarşı tərəfə keçməliyəm. – Qubernatorluğu nəzərdə tuturdu. – Sonra görüşərik.
Qapını həmişə olduğundan daha yavaş örtdü. Karl Cozefə elə gəldi ki, atası bir müddət çöldə dayanıb içəriyə qulaq verir.
Qüllədən əvvəlcə dörddəbir zəngi gəldi, sonra yarım. Hələ saat yarım vaxtı vardı. Dəhlizə çıxdı, paltosunu götürdü, paltonun kürək tərəfindəki qırışları uzun-uzadı düzəldərək səliqəyə saldı, cib aralığından qılıncın qınını çəkişdirdi, güzgünün qarşısında mexaniki bir hərəkətlə şlyapasını geyinərək evdən çıxdı.
IV
Açıq dəmiryolu baryerlərinin altından və sarı vergi idarəsinin yanından həmişə getdiyi yolla gedirdi. Tək-tənha Jandarm Birliyi elə buradan da görünürdü. Yoluna davam etdi. Jandarm Birliyinə on dəqiqəlik məsafədə taxta barmaqlıqlı kiçik qəbiristanlıq vardı. Sanki yağış ölülərin üzərini daha sıx bir pərdəylə örtürmüş kimiydi. Leytenant yaş, dəmir tutacağı çəkib qəbiristanlığa girdi. Növünü ayırd edə bilmədiyi bir quş ötürdü, hara gizlənmişdi, görəsən, yoxsa bir məzarın içindənmi cəh-cəh vururdu? Gözətçi daxmasının qapısını açdı, burnunun üstünə bir gözlük taxmış yaşlı bir qadın kartof soyurdu. Qadın həm soyulmuş kartofları, həm də qucağındakı qabıqları bir vedrənin içinə qoyaraq ayağa qalxdı.
–Frau Slamanın məzarına getmək istəyirəm.
Qadın sanki bu sualı gözləyirmiş kimi heç duruxmadan dedi:
–Sondan əvvəlki sıra, on dörd, yeddinci məzar.
Məzar hələ çox yeni idi; kiçik bir başdaşı, müvəqqəti kiçik bir xaç, tort və konfetləri xatırladan yaş bənövşə çələngi. "Katerina Luise Slama, doğuldu, öldü". Aşağıda yatırdı; kök, qıvrım-qıvrım soxulcanlar yumru, ağ döşlərini gəmirməyə başlamışdılar. Leytenant gözlərini yumub papağını çıxardı. Yağış yaş bir mehribanlıqla yandan ayırdığı saçlarını oxşayırdı. Məzar vecinə deyildi, bu başdaşının altında çürüyən bədənin frau Slamayla heç bir əlaqəsi yox idi; o ölmüşdü, ölü idi, yəni məzarının başında dayansa belə ona çata bilməzdi. Xatirələrində gömülən bədən bu başdaşının altındakı cəsəddən daha yaxın idi. Karl Cozef şlyapasını başına qoyub saatına baxdı. Hələ yarım saat da vardı. Qəbiristanlıqdan çıxdı.
Jandarm Birliyinə çatdı, zəngi basdı, kimsə gəlmədi. Baş çavuş hələ evdə deyildi. Yağış şüşəbəndi bürüyən sıx, yabanı tənək yarpaqlarını döyəcləyirdi. Karl Cozef gah irəli, gah geri, gah irəli, gah geri getməyə başladı, bir siqaret yandırdı, siqareti yerə atdı, özünü keşik çəkən əsgər kimi hiss etdi, gözləri Katerinanın həmişə baxdığı pəncərəyə ilişincə başını o biri tərəfə çevirdi, saatını çıxardı, ağ zəngə bir daha basdı, gözlədi.
Şəhər kilsəsinin qülləsindən ağır-ağır saat dördü bildirən zəng çaldı. Baş çavuş indi göründü. Hələ heç kimin gəldiyini görmədən avtomatik olaraq salam verdi. Karl Cozef sanki salama deyil, jandarmdan gələn bir hədəyə cavab vermək gərəkliymiş kimi lazım olduğundan daha yüksək bir səslə səsləndi:
–Salam, herr Slama.
Əlini uzatdı, bir qalaya hücuma keçirmiş kimi salamlaşmaq üçün irəli atıldı, baş çavuşun kobud hazırlıqlarını, əlcəklərini çətinliklə çıxarmasını, bunu edərkən göstərdiyi böyük səyi, baxışlarını yerə çevirməsini izləyərək bir hücumu gözləyirmiş kimi səbirsizliklə gözlədi. Leytenant çılpaq, yaş, böyük və arıq əli nəhayət öz əlinin içinə aldı. Baş çavuş sanki leytenant təzəcə gəlməyib getməyə hazırlaşırmış kimi dedi:
–Ziyarətinizə görə təşəkkür edirəm, hörmətli baron.
Sonra açarları çıxardıb qapını açdı. Qəfildən gələn külək yağışın şüşəbəndə qamçı kimi dəyməsinə, leytenantın isə istər-istəməz evə doğru yönəlməsinə səbəb oldu. Dəhliz alaqaranlıq idi. Burada dar bir işıq zolağı görünürdü, bəlkə ölülərin dünyəvi bir iziydi? Baş çavuş mətbəx qapısını açınca, o iz dəhlizə axın edən işığın içində boğulub yox oldu.
–Zəhmət olmasa paltonuzu çıxarın, – Slama dedi. Özü hələ də kəmərli paltosuyla dayanırdı. Leytenant başsağlığı verməyi düşünür. İndi dərhal deyib gedərəm. Slama Karl Cozefin paltosunu götürmək üçün qollarını açır. Karl Cozef nəzakətə təslim olur, Slamanın əli bir anlığa leytenantın ənsəsinə dəyir, düz yaxalığın üstündə saçın başladığı, frau Slamanın əllərini mehribanlıqla bir-birinə qovuşdurmağı sevdiyi yerə. Dəqiq olaraq nə vaxt başsağlığı verib canını bu işdən qurtara biləcək? Salona girincəmi, yoxsa oturduqdan sonramı? Bundan sonra yenə ayağa qalxmaqmı lazımdır? O axmaq sözü deməzdən əvvəl ağzından tək bir söz belə çıxara bilməyəcəyini hiss edir, bütün yol boyunca ağzında daşıdığı, çətinlik yaradan, faydasızcasına dilinin ucunda eləcə dayanan o axmaq sözü. Baş çavuş qapının qulpunu aşağıya çəkir, salonun qapısı bağlıdı. Baş çavuş üzr istəyir, halbuki onun günahı deyil. Əvvəlcədən çıxardığı paltosunun – hər halda paltosunu çıxaralı xeyli vaxt olar – cibini yoxlayır, açar dəstəsini şaqqıldadır. Frau Slama həyatdaykən bu qapı heç bağlı olmamışdı. Deməli, frau Slama burada deyil, deyə leytenant birdən-birə düşünür, sanki frau Slama artıq burada olmadığı üçün bura gəlməyib; o anda aradan keçən bütün müddət boyunca içində gizlincə frau Slamanın bəlkə burada ola biləcəyi, otaqların birində oturub gözləmiş ola biləcəyi düşüncəsini bəslədiyini sezir. Halbuki frau Slama həqiqətən də bir az əvvəl gördüyü məzarın içində yatır.
Salonda havadan nəmli bir qoxu asılıb, iki pəncərədən birinin pərdələri bağlıdı, digərindən içəriyə buludlu günün boz işığı sızır.
–Zəhmət olmasa içəri gəlin, – deyə baş çavuş təkrarlayır. Leytenantın düz arxasında dayanır.
–Təşəkkür edirəm, – Karl Cozef deyir. İçəri girib dəyirmi masaya doğru gedir, masanın üstündəki dalğalı örtünün naxışını, örtünün ortasındakı kiçik ləkəni, naxışlı bəzəmələri çox yaxşı tanıyır. Vitrinli şkaf burada durur, ön tərəfdə yeni gümüş kuboklar, arxasında kiçik çini körpələr, kürəyində metal pullar üçün bir dəlik olan donuzcuq şəklində torpaq daxıl. Baş çavuş mızıldanaraq deyir:
–Buyurun, şərəf