Qoca Xəttabıç. Лазарь ЛагинЧитать онлайн книгу.
müştərilərlə dolub-daşırdı.
Üzü tüklü bərbər tər basmış başını çıxarıb boğuq səslə qışqırdı:
– Növbədəki gəlsin!
Bir tərəfdə çömələrək təkbaşına oturan, üzü ağ dəsmalla sarınmış oğlan yerindən qalxıb içəri keçdi və bərbər kreslosuna əyləşdi.
– Nə buyurursunuz, cavan oğlan, saçlarınızı vurum? – deyə bərbər nəzakətlə soruşdu.
– Üzümü qırxın, – oğlan boğuq səslə cavab verdi və saqqalı ilə bığını gizlədən dəsmalı üzündən açdı.
“Belə istidə havasız otaqda işləyəndə axırı belə olmalı idi!” – deyə bərbər düşündü. O, qarabasma gördüyünü fikirləşirdi.
– Üzümü qırxın! – oğlan təkrarladı. – Özü də tez!
Bərbər bunun qarabasma olmadığını başa düşdü, kefikök halda gülümsəyərək dedi:
– Cavan oğlan, mən sənin yerinə olsaydım, saqqalımı qırxmazdım, gedib sirkdə çıxış edərdim. Bu görkəmlə orada böyük pul qazana bilərdin.
Volka təlaşla ətrafına boylanıb qışqırdı:
– Tez qırxın!
Bərbər şit-şit gülərək işə başladı. Lakin artıq gec idi, çünki bərbərxanada olan hər kəs qeyri-adi müştərini görmüşdü. Salondakı digər ustalar işlərini yarımçıq qoyub əllərində ülgüc və qayçı ilə yazıq Volkanın oturduğu stula tərəf qaçdılar. Yanaqları sabunlu, başları, yaxud üzləri yarı qırxılmış müştərilər də onlardan geri qalmadılar, bir-birilərini dirsəkləri ilə itələyərik oğlanı görməyə tələsdilər.
Bütün bunları bir kənardaca dayanıb seyr edən qoca Xəttabıç çaşqın halda idi. Qorxurdu ki, işə qarışıb Volkanı daha da pis vəziyyətdə qoya bilər.
Oğlanın üzünü qırxıb qurtardıqdan sonra usta şit zarafatına davam elədi. O, gülməkdən boğula-boğula dedi:
– Cavan oğlan, nahaq yerə belə bir dəyərli saqqalı qırxmağa layiq bildiniz. Sizə demişdim axı, bu cür saqqalla hamını yaxşıca əyləndirib əvəzində yaxşı pul qazanardınız.
Bərbər belə söyləyib öz sözlərinə daha bərkdən şaqqanaq çəkdi, digərləri də ona qoşuldu. Guya bərbər qeyri-adi nəsə söz demişdi! Bu yerdə Həsən Əbdürrəhman ibn Xəttab dözə bilmədi, oturduğu yerdən – bərbərxananın xəlvəti küncündən qalxdı, əllərini qaldırdı və gurultulu səslə bərbərə dedi:
– Ey pislərin ən pisi, axmaqların ən axmağı! Başqalarının bədbəxtliyinə gülən, lağ edən biri insan adını daşımağa layiq deyildir.
Daha sonra o, başqa nə deyəcəyini bilməyib əllərini yellədi. Bu dəfə hamının diqqəti qeyri-adi qocaya çevrildi. Xəttabıçın coşqun nitqinə diqqətlə qulaq asan bərbər yenə də qəhqəhə çəkdi, sonra özün birhətər ələ alıb dedi:
– Bu müqəvva nə deyir?! Ha, ha, ha! Ho, ho, ho! Hii, hii, hii!
Bərbərxanadakıların hamısı bərbərə qoşuldu:
– Ay ana, mən öldüm! Qocaya bax! Qoca ha! Teatrdır, təmiz teatr!
Gülüş səsləri o qədər ucaldı ki, yoldan keçənlər belə, çaş-baş qalıb bərbərxananın pəncərə-qapısından içəri baxır, girişdə dəstə-dəstə toplaşıb məsələnin nə yerdə olduğunu bilmədən qeyri-ixtiyarı gülürdülər.
– Növbədəki gəlsin! – bərbər, nəhayət, gülməyini kəsib salonu bürüyən qəhqəhələr arasında səsi yaxşı eşidilsin deyə ucadan elan etdi. Elə həmin an qeyri-adi hadisə baş verdi: bərbər öncə zəif səslə inildədi:
– Ay ana!
Bunun ardından isə qoca Xəttabıç və Volka istisna olmaqla, bərbər sonra da içəridəkilərin hamısı qoyuna çevrildi.
“Ay ana, bu nədir?” – bərbər belə demək istəyirdi, lakin bu dəfə onun söyləmək istədiyi sözlər ağzında qaldı, o, eləcə mələdi: – “Mə-əə-əə”. Sonra o, güz-güyə qorxu və təlaşla baxdı, lakin güzgüdə öz tüklü siması əvəzinə, qoyun üzü gördü. Bərbər acı-acı ağlamağa başladı, üstəlik, iki ayaq əvəzinə dörd ayağının üstünə qalxıb dırnaqları ilə döşəməni bir neçə dəfə tıqqıldadaraq qoyuna çevrilən digərləri ilə birlikdə bərbərxanadan qaçdı.
Qoyun sürüsü küçəyə çıxıb yolu kəsdi, bütün nəqliyyat dayandı. Avtobusların və trolleybusların sirenaları qəzəblə cingildəyir, tramvay zəngləri dayanmadan cingildəyir, milislərin aramsız fiti eşidilirdi. Kabinlərindən çölə boylanan avtomobil sürücüləri qəfil peyda olan qoyun sürüsünün və onun sahibinin ünvanına nalayiq sözlər deyirdilər. Ağ önlüklü küçə süpürgəçiləri isə heyrətlə bir-birilərinə baxır, nə baş verdiyini anlamağa çalışırdılar…
Volkanın dostu Seryoja Krujkinin atası, Elmi-Tədqiqat Qoyunçuluq İnstitutunda işləyən Aleksandr Nikitiç həmin vaxt təsadüfən yaxından keçməsəydi, bu qarışıqlığın nə qədər davam edəcəyi məlum deyildi. O, bəlkə də, bu sürünü görüb sevinən yeganə adam idi.
– Nə əla qoyunlardır! – Krujkin heyranlıqla qışqırdı. – Yoldaş milisoner, bunlar kimin qoyunlarıdır?
Milis əməkdaşı onun sözlərinə cavab olaraq çaş-qınlıqla yalnız əllərini yellədi. Bu zaman Aleksandr Nikitiçin ağlına cəsarətli, heç də təqdirəlayiq olmayan bir fikir gəldi.
– İcazə verin, icazə verin… – o belə söyləyib sürüyə tamaşa edən izdihamı yararaq irəli çıxdı, sanki, nəyisə xatırlamağa çalışdı və sözlərinə davam etdi: – Bağışlayın, bunlar, deyəsən, bu gün bizim institutdan qaçan cins qoyunlardır! Bəli, əlbəttə! Bu körpə quzunu tanıyıram, artıq bir müddətdir ki, onu müşahidə edirəm. Qeyri-adi cinsdir!
Sürüdəkilər isə ağlayırdı. Onlar qoyun olmadıq-larını və cəmi bir neçə dəqiqə əvvələdək insan olduqlarını söyləmək istəyirdilər, di gəl, bunun əvəzinə geniş açılmış ağızlarından yalnız kədərli bir səs çıxırdı: "Məə-əə-əə!"
Həmin vaxt milis əməkdaşı sevinirdi: o, Krujkinin sözlərindən sonra sürü sahibinin tapıldığını düşünürdü, hətta qoyunların Qoyunçuluq Elmi-Tədqiqat İnstitutuna aparılması üçün iki dalandar da ayırdı.
Başqa qoyunlar belə rahat yerə, bol yemlərə, novlardan içdikləri təmiz və dadlı kran suyuna görə sevinərdi. Lakin Xəttabıçın qoyuna çevirdikləri elə hey hay-küy salır, ora-bura qaçır, qəsdən suya dırnaqlarını çırpıb onu hər tərəfə sıçradırdılar. Qarşılarına qoyulan yemləri isə yerə dağıdırdılar. Kimsə bunun səbəbini anlamırdı. Bircə Aleksandr Krujkin təmkinlə, böyük maraqla gördüyü mənzərəni seyr edir, qoyunların qəribə davranışına baxaraq beynində nəyisə ölçüb-biçirdi. Aydındır ki, o, institut laboratoriyasının yeni sakinləri ilə bağlı bəzi planlar haqqında düşünürdü. Axırda qeyri-ixtiyari şəkildə dedi:
– Deməli belə! Bu qoyunların ətini yoxlamaq üçün, yəqin ki, onlardan birini kəsmək lazım gələcək…