Qəbiristan. Muğanna İsaЧитать онлайн книгу.
olmayan varmı?! Sən yəni tərk elədin elmi?
Səmi astadan, bir zaman atasının dediyi sözü təkrar etdi:
– Tüpürdüm! Aspiranturaya da tüpürmüşəm.
Pünhan bir xeyli sarsıntılı susdu.
– Sənin bu tayda otuz iki Muğanlı, Muğan kəndin var, hamısı gözünü bizə dikib. O tayda, ƏrAğda Muğannanın kitabını yayıblar. Türkiyədə Muğlar vilayəti hələ heç nə bilmir Muğannalar barədə. Sənin gör nə qədər işin var, Səmi. Alimsən sən! AdıPünhan generalımız dastanlarımızın şərhini sənə tapşırıb, “Koroğlu”nun, “Dədə Qorqud”un şərhini verməlisən camaata.
Səminin dodaqları titrədi:
– Yox! – dedi.
Və bu qısa “yox” cavabı elə kəskin səsləndi ki, Pünhan istər-istəməz əlacsızlıqla köksünü ötürdü:
– Heyif… AdıPünhan məni bura göndərəndə deməmişdi ki, Səmini görəcəksən orda. Bilsəydim belə olacaq, heç gəlməzdim… Heyf səndən, Səmi.
Səmi canında üzüntü hiss etdi. Xudahafisləşmədən, ağır-ağır dönüb uzaqlaşdı. Axşamısı kənddə – Qonaqlıda idi.
Əmirlilər mülkündən xeyli aralıdan, ot tayalarının diblərindən qəribə fısıltı, xırıltı eşidilirdi. Səmi maşını həyətdə qoyub tayalar tərəfə yüyürdü. Sudüşənin “Gombullar” deyilən, gödək-gödək batalyonçuları ilə Yetimlər məhləsinin cavanları, hamısı nəşə çəkməkdən yarıyumulu gözlərlə süpürləşir, yumruqlaşırdılar. Səmi aralığa girməyə, savaşanları aralamağa çalışanda, bu tərəflərdə artıq adi şeyə çevrilmiş güllə səsləndi. Heç beş dəqiqə çəkmədi ki, Yetimlərdən azı on-on ikisinin qanı bir-birinə qarışıb, Orta yolun çökəklərinə doldu. Səminin əli Kalaşnikovun çaxmağına uzanırdı, amma beli tamam bükülmüşdü. Üzüüstə düşdüyünü, sürünə-sürünə həyətə nə vaxt çatdığını bilmədi. Midi elektrik dirəyinin dibində quruyub qalmışdı. Körpənin gözündən yaş axıtmaqdan başqa bir iş görməyə gücü çatmadı. Sonra Səmi:
– Yorğan… yastıq gətir, – deyib ağrıdan batmış səslə sızıltılı sözlər dedi. Bir az sonra Midi nəinki yastıq, yorğan-döşək də gətirmişdi, ambulatoriyaya yüyürüb Səminin gürcü dostu doktoru da çağırmışdı. Yorğan-döşəyi içəri apardılar. Səmi özü yenə sürünə-sürünə gedib taxta qalxdı.
Bu vaxt, qədim BağOdeydə yalnız Muğannalara və Əlyazmaları fondunda işləyən falsifıkator-lara məlum olan “Midiya” – “Maday” – Bağday (BağOdEy) ölkəsində hər şeyi görən, eşidən AdıPünhana məlum idi ki, illər ötdükdən sonra Midinin altı yaşının tamamında Xızr Aba ilə Çürük Aşıq səhərə qədər oxuyandan sonra əvvəlcə Çürük, sonra Xızr dünyalarını dəyişmişdilər. Divarın “Muzey” adlanan divarında xalçanın üstündə indi üç saz asılı qalmışdı: Çürüyün, Xızrın, bir də Səminin atası Mədəd Əmirlinin. Mülk sükuta batmışdı. Bu sükutun səbəbi mərhumlardan əlavə, həmin vaxtlar dünyanı çaxnaşdıran hadisələrlə bağlı idisə, bir də nəslin son nümayəndəsi Midinin Qonaqlı ilə Sudüşən arasında açdığı dar bir cığırla bağlı idi. Cığır, üzü Sudüşən çəməninə baxan o hündür, uzun Əmirli mülkünün kandarından, həyətin tapdanmış qurulu-ğundan, arx körpüsündən, su quyusunun yanından keçib çəmənliyə çıxırdı, bozara-bozara uzanıb Sudüşən qəsəbəsinin başlanğıcında betona dirənənə qədər gedirdi. Midini “Sivilizasiya” zamanının, başqa sözlə, Avropa ilə əlaqənin başlandığı vaxtlar “Paket” adlı hazır “bələk”də, o kottec evlə, yəni o vaxtlar raykom katibi, indiki icra başçısı Məsim Qonaqlının heç cür boşaya bilmədiyi Gülbəniz – Gül xalasının evi ilə Əmirli mülkünün arasında qucaqda aparıb, qucaqda da gətirərdilər. Sonra əlindən tutub apardılar, əlindən tutub gətirdilər. Sonra cığırda özününkündən başqa ayaq izi azaldı.
Bunun səbəbləri vardı.
Birinci səbəb budur ki, Gül xalanın dediyi kimi, “Midi daha yekə kişidi, bir-iki ildən sonra qız-gəlinin dallarıycan baxacaq. Canımda can qalsa, bəlkə elə xalasının dalına da baxacaq”. “Gül xala “blatnoy”-latayır danışan arvaddı. Sudüşən cavanlarının dilində “blatnaya staruxa”, “ne stareyuşşaya baba”. Amma məsələ, əlbəttə, “blatnoy”luqda deyildi; altı yaşında uşaq, boyu nə qədər “xırca” – gödək qalsa da, əlbəttə, daha əlindən tutulannardan deyildi; cığırla tək gedib, tək də gəlirdi. Beş yaşından məktəbdə bir ay oxuyub, sinifdəki uşaqların hamısı ilə “karate” oynayıb, döyübdalaşıb, bir kəlmə “Pissiniz!” – deyib gəlib, daha getmirdi. Elə o vaxtdan – təkləndiyi gündən əlləri şalvarının ciblərində, Gül xalanın dediyi kimi “Allah babanın yanında olan” dədəsi ilə nənəsini görmək üçün əksər vaxtlarda göyə baxa-baxa, ağır-ağır yeriyəndə büdrəyib yıxılırdı. Amma ayağa qalxanda yenə də göyə baxa-baxa gəzirdi axşama yaxın, toranlıq vaxtlarda isə həyətdəki boz elektrik dirəyinin dibində oturub Səminin yolunu gözləyirdi. Hətta Cırımağız Möcüz: “Gedək, qarmon çalaq” – deyəndə də cığıra – Sudüşənə meyillənmirdi: “Gül xalam sənə erməni deyir.
Erməni pisdi”, – deyirdi. Beləliklə, həmişə tək, tək, tək…
İkinci səbəb bu idi ki, min doqquz yüz səksən səkkizinci ilin yanvarından “KPSS-in generalnı sekretarı” Qorbaçovun dildən düşməyən “Perestroyka”sı Bakıda heyrətli bir çaxnaşma, Səminin sözü ilə desək, “komediya” yaratmışdı. Və, necə deyərlər, Allahın özü də bilmirdi ki, “masterski yazılmış” bu komediya “Meydan hərəkatı” adlanan bu “qarışqa yuvası”nın komandiri Vatikan Allahı Paveldi, onun müavini isə nə qədər ciddi adam olsa da, Qorbaçovdu. (Səmi onu “Qorb” adlandırırdı, Paveli isə “Qvazimodo” adlandırırdı). Və hələ heç kəsin xəbəri yoxdu ki, bu “Qorb”la “Qvazimodo”nun “Meydan hərəkatı” bu altı yaşlı uşağın ətrafında tufan kimi qaynaya-qaynaya Səmini günlərlə Bakıya aparırdı.
Kolxozdan “gəlir”-“dolanma” olmadığına görə əhalisinin əksəriyyəti Bakıya, Gəncəyə, Sumqayıta, Abşerona köçmüş Ortayolun sağsolundakı baxımsız evlərin çoxu uçub-dağılmış, Qonaqlıdan və bu kəndin əksinə, kəndin ətraflarından iyirmi-otuz hektarlarla torpaq alıb, qəribə anlaşılmazlıqla bir-ikicə ildə varlanmış gur, şən qəsəbədən valideyinlər, çəmənlikdə ağ daş divarları ağaran uşaq bağçasından uşaqlarını götürməyə gedəndə Midi ciddi görkəmlə addımlaya-addımlaya hökmən oraya gedib, biri-birindən körpə “bacı”larını bircə-bircə qucağına alıb analarına verir, sonra Sudüşən qəsəbəsində Cırımağız Möcüz deyilən qarmonçunun “Möcüzə” ansamblının məşq elədiyi geniş, işıqlı foyedə gah Cırımağızın özünün qarmonunu “zırıldadır”, gah sazçalan Əlinin sazını “dınqıldadırdı”. Amma vaxtilə məktəbdə olduğu kimi, “Möcüzə” ansambılının uşaqlarından kim isə “əl vurma”, “dəymə”, “çalma” deyəndə onlara da “pissiniz!” – deyib çıxıb, yenə də əlləri şalvarın ciblərində, xaşal qarnını irəli verib, möhkəm sinəsini qabardıb, əkə-pikə kişi ağırlığı ilə