Ölü canlar. Николай ГогольЧитать онлайн книгу.
ibarətdir və bu münasibətlə camaatın cənab qradonaçalnikə olan təşəkkürdən aşıb-daşan qəlbinin necə tir-tir əsdiyini və necə minnətdarlıq hissilə sel kimi göz yaşı axıtdıqlarını görəndə adamın ürəyi riqqətə gəlirdi». Çiçikov, lazım gələrsə kilsəyə, dəftərxanaya, qubernatorun yanına necə qısa yol ilə getməyi postda duran polis keşikçisindən ətraflı surətdə soruşub, şəhərin ortasından axan çaya baxmağa getdi; yolda dirəyə vurulmuş elanı qopartdı ki, evə qayıdanda onu əməlli-başlı oxusun; bu zaman o, taxta səki ilə gedən və üzdən heç də pis olmayan bir xanıma çox diqqətlə baxdı: qadının dalınca hərbi nökər paltarı geymiş, əli düyünçəli bir uşaq gedirdi. Çiçikov bu yerləri yaxşı yadında saxlamaq üçün ətrafında olan şeylərə bir daha nəzər salıb, bir baş öz nömrəsinə qayıtdı; pilləkənlə çıxırkən mehmanxana xidmətçisi bir balaca onun qolundan tutub, yuxarı qalxmasına kömək etdi. Doyunca çay içəndən sonra stolun qabağında oturub, şam gətirtdi, cibindən elanı çıxarıb şama yaxınlaşdırdı və sağ gözünü bir az qıyaraq oxumağa başladı. Elanda elə mühüm bir şey yazılmamışdı: cənab Kotsebunun4 draması tamaşaya qoyulurdu. Rolla rolunu cənab Poplyovin, Kora rolunu da cavan qız Zyablova oynayırdı, başqa rolları oynayanlar bunlardan da az əhəmiyyətli şəxslərdi. Lakin Çiçikov adların hamısını oxudu, hətta parterin qiymətindən xəbər tutdu və bunu da öyrəndi ki, elan quberniya inzibati-polis dəftərxanası mətbəəsində çap olunmuşdur. Sonra elanın o biri üzünü çevirdi ki, orada bir şey yazılıb-yazılmadığını bilsin; lakin elanın o biri üzündə bir şey yazılmadığını görüb gözlərini ovuşdurdu, elanı səliqə ilə büküb bəzəkli qutusuna qoydu: o, adəti üzrə əlinə düşən hər şeyi həmin qutuya qoyardı. Günə o, deyəsən bir pay dana əti soyutması, bir şüşə kvas, bir də ki, xorultusu, geniş Rusiya dövlətinin bəzi yerində deyildiyi kimi, dünyanı başına götürən bərk bir yuxu ilə yekun vurdu.
Çiçikov ikinci günü bütünlüklə vizitlərə həsr etdi, o bütün şəhər əyanlarının görüşünə getdi. Əvvəl qubernatorun hüzuruna təşrif buyurdu, demə qubernator da onun kimi nə yoğun, nə nazik imiş; boynunda Anna5 varmış; deyilənə görə, ulduz6 almağa da təqdim edilibmiş. Hər nə isə o ürəyi yumşaq adammış, hətta bəzən tül üzərində naxış da çəkərmiş. Oradan vitse-qubernatorun, sonra da prokurorun, palata sədrinin, polis rəisinin, iltizamçının, hökumət fabrikləri rəisinin yanına getdi… Çox təəssüf ki, böyüklərin hamısının adını yadda saxlamaq bir qədər çətindir. Lakin burasını qeyd etmək lazımdır ki, şəhərə yeni gəlmiş bu adam görüş məsələsində fövqəladə bir fəaliyyət göstərdi: o hətta öz hörmətini izhar etmək üçün səhiyyə dəftərxanası inspektorunun və şəhər memarının yanına da təşrif apardı. Sonra briçkada xeyli oturub, daha kimin yanına getmək haqqında düşündü, anladı ki, şəhərdə daha məmur qalmamışdı. O, böyüklərlə söhbət zamanı onların hər birinə çox məharətlə yaltaqlanmağı bacarırdı. Qubernatora sözarası işarə etdi ki, sizin quberniyaya girəndə elə bil ki, cənnətə girirsən, yollar hər yerdə məxmər kimidir və o hökumətlər ki, işə dərin ağıl sahibi olan əyanları təyin edirlər, onlar çox-çox tərifə layiq hökumətlərdir. Polis rəisinə postda duran polis keşikçiləri haqqında çox tərifli sözlər dedi. Hələ də ancaq mülki müşavir olan vitse-qubernatorla və palata sədrilə söhbət edərkən hətta səhvən onlara iki dəfə «əlahəzrət» də dedi, bu da onların çox xoşuna gəldi. Bunun da nəticəsi belə oldu ki, qubernator onu elə o gün öz evində düzələn ailə müsamirəsinə dəvət etdi; o biri məmurlar da onu kimisi nahara, kimisi boston oynamağa, kimisi də çay içməyə çağırdı.
Görünür, Çiçikov özü haqqında çox danışmaqdan çəkinirdi, danışsa da ümumi sözlərdən kənara çıxmırdı və təvazökarlıq göstərmək istəyirdi, belə hallarda onun söhbəti bir qədər kitab dilinə oxşayırdı: deyirdi ki, bu dünyada mənim heç bir əhəmiyyətim yoxdur, mən bir heçəm, mən haqqımda qayğı göstərilməyə layiq deyiləm, başım daşdan-daşa dəyib, qulluq edirkən doğru danışmaq üstündə başım müsibətlər çəkib, hətta həyatıma sui-qəsd də ediblər, indi isə dincəlmək istəyirəm, yaşamaq üçün özümə sakit bir yer axtarıram və bu şəhərə gəldikdə şəhərin baş əyanlarına hörmətimi izhar etməyi özümə vacib bildim. Şəhərdə bu yeni şəxs haqqında bundan başqa bir şey bilən olmadı. Lakin o, elə o axşam özünü qubernatorun ailə müsamirəsində göstərməyi yadından çıxartmadı. Bu müsamirəyə hazırlıq iki saatdan çox vaxt apardı: gələn qonaq üst-başına elə bir diqqət göstərdi ki, bunu hələ-hələ başqalarından görmək olmazdı. Günorta yeməyindən sonra bir az istirahət edib, əl-üzünü yumaq üçün su gətirtdi, dililə içəridən ovurdlarını şişirdərək üzünü uzun-uzadı sabunlayaraq yudu, mehmanxana xidmətçisinin çiynindən dəsmalı götürüb, əvvəl bir-iki dəfə onun üzünə fınxırdı, qulaqlarının dalından başlayaraq öz dolu sifətini hər tərəfdən sildi. Sonra ayna qabağında manişkasını döşünə taxdı, burun deşiyindən çıxan iki tükü dartıb qopartdı, mərsin rəngli, səpkili frakını əyninə taxdı. Bu qayda ilə geyindikdən sonra öz ekipajına mindi və həddindən artıq enli küçələrlə yola düşdü; bu küçələr, arabir pəncərələrdən düşən zəif işıqla işıqlanmışdı. Amma qubernatorun evi elə işıqdı ki, sanki orada böyük bir ziyafət verilirdi; fanarlı ekipajlar, qapı ağzında iki jandarm foreytorun7 uzaqdan gələn çığırtısı, bir sözlə, hər şey yerli-yerində idi. Çiçikov zala girəndə əvvəl gözlərini bir qədər qıymalı oldu, çünki şamların, lampaların, qadın paltarlarının parıltısı gözü qamaşdırırdı. Hər şey işığa qərq olmuşdu. Qara fraklı adamlar tək-tək, dəstə-dəstə orda-burda gəzişirdilər, onlar isti yay günlərində açıq pəncərə qabağında oturan qoca xidmətçi qadının doğradığı par-par parıldayan qənd parçaları üstündə uçuşan milçəklərə oxşayırdı; qoca ambardar qadın qəndi parçalayıb, xırda-xırda doğrayır, uşaqlar da onun başına yığışıb tamaşa edirlər, qarının kobud əli ilə çəkici qaldırıb endirməsinə maraqla baxırlar, xırda bir tərpənişdən havaya qalxan milçək eskadronları isə cəsarətlə uçub gəlirlər, sanki yerin yiyəsi onlardır, qarının koruşluğundan və gözünə gün düşüb qamaşdığından istifadə edərək bəzi yerdə tək-tək, bəzi yerdə dəstə-dəstə şirin qəndə suvaşırlar. Onlar yayın bərəkətindən toxdurlar, yay hər addımda onlara ləzzətli yeməklər hazırlayır, lakin onlar bura yemək üçün deyil, özlərini göstərmək üçün gəlmişlər ki, qənd yığını üstündə bir o yan-bu yana gəzişsinlər, qabaq ya dal ayaqlarını bir-birinə sürtsünlər, ya onlarla qanadlarının altını qaşısınlar, ya da hər iki qabaq ayaqlarını uzadıb başları üstündə bir-birinə sürtsünlər, sonra yenə də uçub getsinlər və yenə də adamı təngə gətirən eskadronlarla qayıdıb gəlsinlər.
Çiçikov yan-yörəsinə baxmağa macal tapmamışdı ki, qubernator onun qoluna girdi və elə oradaca öz arvadı ilə tanış etdi. Qonaq burada da öz ləyaqətini itirmədi: o, nə çox böyük, nə də çox kiçik rütbəsi olan orta yaşlı adama layiq bir kompliment söylədi. Rəqs etmək üçün cüt-cüt düzülən adamlar hamını divara sıxışdırdıqdan sonra əllərini dalına qoyub bir-iki dəqiqə onlara çox diqqətlə baxdı. Qadınlardan çoxu yaxşı və dəb ilə geyinmişdi, bəziləri də
4
Alman dramaturqu.
5
Müqəddəs Anna ordeni.
6
Stanislav ordeni.
7
Ekipaja qoşulmuş qabaq atlardan birinə minən sürücü.