Эротические рассказы

Dahi. Теодор ДрайзерЧитать онлайн книгу.

Dahi - Теодор Драйзер


Скачать книгу
işləyirdi. Ay yarımdan sonra onun adına “Ucuz mebel, xalçalar” kompaniyası müdiri Mr. Henri Mitçldən məktub gəldi. Müdir ondan istədiyi gün axşam səkkizdən sonra onun evinə gəlməyi xahiş edirdi. Məktubun axırında o, “Sizi mənə arvadım məsləhət görmüşdür,” deyə bildirirdi.

      Yucin elə o gün həmin ünvana getdi və orada onu qırx yaşlarında, arıq, çevik, şitliyə varan xoşrəftar bir adam qarşıladı və diqqətlə süzdü. Valideyni, işi, aldığı maaş və sairə haqqında çoxlu suallar verdi. Nəhayət dedi:

      – Mənə işcil bir gənc lazımdır. Mötəbər, namuslu və əməksevən işçi üçün bizdə çox yaxşı yer vardır. Mənim arvadım sizi tərifləyir, mən də sizi imtahandan keçirməyə hazıram. Mən sizə on dörd dollar maaşı olan bir vəzifə təklif edə bilərəm. Gələn bazar ertəsi mənim yanıma gəlin.

      Yucin ona təşəkkür etdi. İşdən getməsi haqqında, mister Mitçlin məsləhəti ilə camaşırxana müdirinə bir həftə qabaq xəbərdarlıq etməyi qərara aldı. O öz planını Marqaretə danışdı, o da, görünür, Yucinin belə iş tapmasına sevindi. Müdir təəssüflə ondan ayrıldı, çünki Yucin namusla işləyirdi. Yucin onun yerinə götürülmüş adamın bu həftə içərisində işlə tanış olmasına kömək etdi və bazar ertəsi mister Mitçlinin yanına gəldi.

      Mister Mitçl Yucini sevinclə qarşıladı, çünki onun simasında enerjili və bacarıqlı bir işçi görürdü. O, Yucini inkassatorun mürəkkəb olmayan vəzifələri ilə tanış etdi. Bu vəzifələr ondan ibarət idi ki, Yucin kompaniyanın müştərilərindən, pulu hissə-hissə verilməsi şərtilə, onlara satılmış malların – saat, gümüş, xalça və sairənin cari haqqını almalı idi. Bu da gündə orta hesabla yetmiş beşdən, yüz iyirmi dollara qədər təşkil edirdi.

      – Belə işlərdə xidmətçilərdən adətən girov alırlar, – deyə mister Mitçli izah etdi, – lakin biz bu adətdən kənara çıxa bilərik, bunsuz da keçinmək olar. Mənə şəxsən belə gəlir ki, bir gəncin namuslu olub-olmadığını ilk baxışdan bilmək olar. Hər halda bizdə nəzarət vardır. Əgər birisinin əli düz olmazsa o, atını çox da oynada bilməz.

      Yucin namuslu olmağın nə demək olduğu üzərində heç bir zaman xüsusi olaraq düşünməmişdi. Evdən ona cib xərcliyi verməkdən imtina etmirdilər, qəzetdə işlərkən öz ehtiyacları üçün kifayət qədər qazanırdı. Digər tərəfdən onun mühitində namusluluq öz-özlüyündə aydın olan məcburiyyət hesab olunurdu. Namuslu olmayanlar həbsxanaya düşürdülər. O, Aleksandriyada olan bir kədərli hadisəni yaxşı xatırlayırdı. Oğurluq məqsədiylə bir mağazaya girmiş tanışı həbsə alınmışdı. Bu hadisə Yucinə çox təsir etmişdi. Sonralar o bu məsələ haqqında az düşünmədi, lakin heç bir nəticəyə gəlib çıxmadı. O bilirdi ki, onun sərəncamına verilmiş məbləğin haqq-hesabı hər dəqiqə tələb edilə bilər və o buna hazır idi. O hesab edirdi ki, onun qazancı yaşamaq üçün çatmalıdır, o ki, heç kəsi saxlamır. Yucin əslində həyatın dərinliyinə varmır, dayaz yerdə üzür və bunun üçün də nə qədər namuslu olduğu sınanmış qalırdı.

      Yucin onun üçün hazırlanmış hesabları götürdü və evləri bir-bir gəzməyə başladı. Bəzi müştərilər ona pul verir və müqabilində ondan qəbz alırdılar, bəziləri vaxt verilməsini xahiş edir, yaxud kompaniya ilə olan hər hansı anlaşılmazlığa əsaslanaraq, pul verməkdən tamamilə imtina edirdilər. Çox vaxt məlum olurdu ki, onun axtardığı adamlar ünvanlarını qoymadan, alınmış şeyləri də özləri ilə bərabər götürərək, köçüb getmişlər. Belə hallarda Yucin, mister Mitçlinin izah etdiyi kimi, onlar haqqında qonşulardan xəbər tutmalı idi.

      Yucin dərhal anladı ki, bu qulluq onun ürəyincədir. Təmiz havada gəzməsi, həmişə hərəkətdə olması, vəzifələrinin nisbətən sadəliyi – hamısı ona xoş gəlirdi. Bu vəzifələr onu şəhərin tanış olmayan yerlərinə aparır və bu vaxta qədər ona tanış olmayan tiplər və xarakterlərlə görüşürdü. Əgər arabaçılıq işi – bir evdən o biri evə getmək zərurəti – ona gümrahlıq verirdisə, yeni iş də belə bir şey idi. O, gələcəkdə çəkəcək şəkillər üçün ona gözəl material ola biləcək səhnələri müşahidə edirdi. Fabriklərin açıq rəngli səmaya doğru ucalan qara gövdələri, gah yağışda, gah qarda və ya parlaq günəş altında gördüyü, relsləri bir-birinə qarışmış iri dəmiryol parkı, səhər və ya axşam buludlarına doğru ucalan nəhəng qara bacalar. Bu bacalar axşamüstü, qırmızı, yaxud tutqun bənövşəyi qürub fonunda daha qabarıq göründüyü zaman ona xüsusilə xoş gəlirdi. Öz- özünə ucadan “necə gözəldir!” deyir və düşünürdü ki, əgər o, bir zamanlar Doredən az gözəl olmayan şeylər yaratmağa müvəffəq olarsa, dünya necə heyrətə gələcəkdir. O bu sənətkarın əzəmətli təxəyyülünə heyran olurdu. Yucin heç bir zaman yağlı boya yaxud akvarellə çəkən, ya da karandaşla eskizlər düzəldən rəssam olacağını düşünmürdü – o ancaq tuş ilə çəkəcək, həm də böyük və kəskin ləkələrlə çəkəcək, qara və ağ rənglərdən kontrastlar yaradacaqdı. Bax, belə çəkmək lazımdır. Qüvvətli təəssürat bununla əldə edilirdi.

      Lakin o hələ surətlər yaratmağı bacarmırdı, onlar haqqında ancaq düşünə bilirdi.

      Onu hər şeydən artıq valeh edən Çikaqo çayı, onun fısıldayan buksirlərin ağır-ağır köpükləndirdiyi qara, çox çirkli suları, cərgə ilə nəhəng qırmızı dəyirmanlar, kömür yükləyən qara novlar, parlaq sarı rəngli taxta-şalban anbarları düzülmüş sahilləri idi. Əsl boyalar, əsl həyat burada idi. Bunları çəkmək lazım idi. Daha başqa bir mənzərə: alçaq boylu, yağış döymüş yetim kotteclər, onların çılpaq səhra fonunda boz, kədərli görünən cərgələri, yaxında isə tənha, alçaq bir ağac. O, əlinə düşən ilk kağız parçasını alır, gördüklərinin mənasını tutmağa – özü ifadə etdiyi kimi, təəssüratını verməyə çalışırdı, lakin heç nə çıxmırdı. Çəkdiklərinin hamısı ona acınacaqlı və bayağı görünürdü. Bunlar heç nəyi isbat etməyən cizgilər, cansız, ağır kütlələr idi. Böyük rəssamlar şəklin təbii və sadə verilməsinə necə müvəffəq olurlar? – deyə Yucin özünə sual verir və fikrə gedirdi.

      ALTINCI FƏSİL

      Yucin namusla işləyirdi – hesablar üzrə pul toplayır, topladıqlarını təhvil verirdi. Artıq özü üçün bir qədər pul yığa bilmişdi. Marqaret indi onun üçün uzaq keçmiş olmuşdu. Yucinin mənzil sahibəsi miss Vudraf, Missuri ştatındakı Sedeyliyə, qızının yanına getmişdi və Yucin şəhərin şərq hissəsində iyirmi birinci küçədə bundan yaxşı olan başqa bir evə köçmüşdü. Evin qabağındakı əlli kvadrat futluq çəmənlikdə bir ağac vardı. Yucini cəlb edən də bu olmuşdu. Onun birinci otağı kimi yeni otağı da baha deyildi və o, ailədə yaşayırdı. O hər bir səhər yeməyi, nahar və yaxud şam üçün ev sahiblərinə iyirmi sent verməyə razılaşmışdı və beləliklə, yeməyə həftədə cəmi beş dollar xərcləyirdi. Qalan doqquz dollar isə paltara, yol xərcinə və əyləncəyə gedirdi. O, əyləncəyə də çox az sərf edirdi. O bir qədər pul yığan kimi incəsənət institutundan – bura ona müvəffəqiyyətə doğru gedən bir yol kimi görünürdü, – xəbər tutmaq və axşam kurslarına daxil olmaq şərtlərini öyrənmək haqqında düşünməyə başladı. Yucin eşitmişdi ki, orada oxumaq haqqı baha deyildir, semestrdə cəmi on beş dollardır, o qərara aldı ki, əgər daxil olanların qarşısında böyük tələblər qoymurlarsa, oraya


Скачать книгу
Яндекс.Метрика