Эротические рассказы

Dahi. Теодор ДрайзерЧитать онлайн книгу.

Dahi - Теодор Драйзер


Скачать книгу
tədricən alışan Yucin görürdü ki, bəzi tələbələr qızın oturduğu yerə qalxır və onunla söhbətə başlayırlar. Çiyni və döşlərini örtən şəffaf al şərf nəinki onları gizlədir, hətta onun çılpaqlığının cazibədarlığını daha da artırırdı.

      Yucinlə yanaşı oturan oğlan bir dəfə:

      – Siz buna nə deyirsiniz? – deyə ona müraciət etdi. – Etiraf edirəm, belə bir səhnə qarşısında məni tər basır.

      Yucin güldü.

      – Bəli, mənzərə çox cazibəlidir.

      Tələbələr tez-tez qızla zarafat edir və gülüşürdülər. Qız da gülür və onlarla mazaqlaşırdı. Yucin onun sinifdə necə dolaşıb, onların albomuna baxdığını görürdü. Belə dəqiqələrdə o, güclü həyəcan keçirirdi, lakin o bu həyəcanı, xəcalət gətirən və göstərilməsi lazım gəlməyən bir şey kimi boğur və gizlədirdi. Bir dəfə o, tələbələrdən birisi tərəfindən gətirilmiş şəkilləri nəzərdən keçirərkən bu qız, bu küçələr çiçəyi ona yanaşdı və çiyninin üstündən baxmağa başladı. Onun çiynində nazik şərf var idi, dodaqları və yanaqları boyanmışdı. Qız yumşaq döşlərini onun çiyninə və qoluna söykəyərək lap yaxında durdu. Yucinin bədənindən sanki elektrik cərəyanı keçdi, lakin özünü elə göstərdi ki, guya azacıq da karıxmamışdır.

      Sinifdə royal vardı və tələbələr fasilə zamanı tez-tez çalıb oxuyurdular. Bəzən naturaçı qız da royalın arxasında oturur və onun akkompanementi altında kimsə oxuyur, iki-üçü isə səsini bunlara qoşurdu. Belə oxumaq nədənsə Yucini xüsusi həyəcanlandırırdı, bu oxumaqda o, eyş-işrət duyurdu. O özünü çətin idarə edir və dişlərinin bir-birinə necə dəyməyə başladığını hiss edirdi. Qız yenidən pozada durduğu zaman ehtiras dalğası yatır və onun gözəlliyinin soyuq, estetik qavrayışı ön plana keçirdi. Elə bu təsadüfü epizodlar onu müvazinətdən çıxarırdı.

      Yucin yavaş-yavaş şəkil çəkməkdə müvəffəqiyyət qazanır və bir rəssam kimi inkişaf edirdi. O, adam bədəni çəkməyi sevirdi. Bu ona mənzərə və binaların daha müxtəlif olan cəhətlərini çəkmək qədər asan olmurdu. Lakin o, bədənin – xüsusən qadın bədəninin – incəliklərini təsir bağışlamağa başlayan gözəl, həssas xətlərlə verməyi bacarırdı. O, Boylun “Onlar ancaq dəyirmi olur” – deməyə məcbur olduğu mərhələni çoxdan keçmişdi. Onun kontorları gözəllik kəsb etmişdi və bu, tezliklə müəllimin nəzərini cəlb etdi.

      Bir dəfə müəllim ona yavaşdan:

      – Budur, indi siz yalnız ayrı-ayrı cəhətləri deyil, hər şeyi bütünlüklə qavrayırsınız, – dedi.

      Yucin sevincdən qızardı. Başqa bir dəfə Boyl dedi:

      – Daha sakit, oğlum, daha sakit. Olduqca çox hissiyat lazımdır. Fiqurada bu yoxdur. Əgər sizin buna meyliniz varsa, gələcəkdə sizdən yaxşı freska ustası olar, – deyə o davam etdi. – Sizdə gözəllik hissi vardır.

      Yucinin bədəninə titrətmə düşdü. Demək, o, şəkil çəkməyi mənimsəməyə başlayır. Bu adam onun qabiliyyətini gördü. Deməli, həqiqətən onda istedad vardır.

      O, bir dəfə axşam hər cür elanlar asılan lövhədə aşağıdakı plakatı gördü:

RƏSSAMLAR! DİQQƏT!NOYABRIN 16-DA SAFRONİYADAŞAM EDİRİK! ŞAM EDİRİK!İştirak etmək arzusunda olan hər kəs adını sinif başçılarına bildirməlidir

      Əvvəllər bu barədə heç bir şey eşitməmiş Yucin düşündü ki, bu həngamə, yəqin, onların siniflərindən başlanmamışdır. O yenə də sinif başçısından soruşdu və öyrəndi ki, iştirak etmək üçün yetmiş beş sent verilməlidir. Arzu edənlər özləri ilə qız da gətirə bilərlər. Əksəriyyəti belə də edəcəkdir. Yucin şamda iştirak etməyi qərara aldı. Lakin qızı haradan tapsın?

      “Safroni” – Klark-stritin aşağı hissəsində, əsas etibarilə italyan işçilərinin yerləşdiyi kvartalda olan italyan restoranı idi. Restoranın olduğu ev başqalarından bir az yaxşı idi. Həyətdə üstü kif basmış sadə taxta stollar qoyulmuşdu və yayda buraya taxtalar çıxarılırdı. Yağışdan qorunmaq üçün stolların üstündən tent çəkilmişdi. Sonralar tent öz yerini şüşə dama vermişdi, bunun sayəsində qışda da buradan istifadə etməyə başlamışdılar. Restoran təmiz idi, burada yeməklər də pis deyildi. Bir cavan jurnalist, yaxud rəssam buranı tapmışdı və senyor Safroni yavaş-yavaş hiss etmişdi ki, müştərilərinin heyəti yaxşılaşır. O yeni müştərilərlə salamlaşmağa başlayır, onlar üçün xüsusi yer ayırırdı. Bir dəfə isə balaca bir məclisə verilən yeməyi az qala maya qiymətinə hesablamışdı. Restoranın şöhrəti artdı. İndi senyor Safroni olduqca müxtəlif növlü şərab və tünd içkilər verilən şam yeməyi üçün hər adam başına yetmiş sent almaqla yüz nəfərlik məclis üçün qışda da burada ziyafətlər düzəldə bilirdi. Bütün bunlar onun şöhrətlənməsinə az yardım etməmişdi.

      Noyabrın on altısına təyin olunmuş şam, bu vaxtadək siniflərin özündə təşkil olunan bir sıra qonaqlıqların son nəticəsi idi. Yeni tələbə, yaxud ümumiyyətlə yad bir adam gəldikdə burada onu “Qonaqlıq!Qonaqlıq!” səsləri ilə təbrik etmək kimi bir ənənə var idi. Yeni gələn, pivə fonduna öz payını – iki dollar – verməli idi, əks təqdirdə onu kənara atar, yaxud onun başına oyun açardılar. Araya pul gələn kimi axşam məşğələlər kəsilərdi. Tələbələr pul yığır, pivə çəlləyi və pendir buterbrodu almağa adam göndərirdilər, sonra isə şənlik – içmək, oxumaq, royal çalmaq və hər cür şıltaqlıq başlanırdı. Bir dəfə Omaha ştatından olan ucaboylu, qayğısız, kefcil bir tələbə çılpaq naturaçını qaldırdı, onu boynuna oturtdu, oynaya-oynaya otaqda gəzdirməyə başladı. Qız bütün qüvvəsi ilə onun saçlarını dartırdı, qalanları isə qulaqbatırıcı səslərlə onun arxasınca qaçışırdılar. Yucin buna çox təəccüb etdi. Qonşu otaqda məşğələ keçən canlı natura sinfinin bir neçə tələbəsi işi buraxıb, belə macəralar üçün xüsusi olaraq deşiklər açılmış arakəsməyə söykəndilər. Gördükləri səhnə onları o qədər heyrətləndirirdi ki, bu barədə bir an içərisində bütün binaya səs yayıldı. Bu hərəkət haqqında müdriyyət də bildi və müqəssir tələbə ertəsi gün xaric edildi. Lakin eyş-işrət rəqsi hər halda baş tutmuşdu və onun xatirəsi üzün müddət institutun divarları arasında qaldı.

      Belə ziyafətlər zamanı Yucini də içməyə məcbur edirdilər – o, az da olsa, içirdi. Yucin pivədə bir ləzzət görmürdü. O, papiros çəkməyi də sınadı, lakin bu da onun xoşuna gəlmədi. Bəzən belə başıpozuq şənliyin təkcə görünüşündən əsəbi məstlik kimi bir şey duyurdu və bu zaman adi süstlük yox olurdu, gülür, ağına-bozuna baxmadan zarafat edirdi. Hətta ziyafətlərin birində naturaçı qızlardan biri ona dedi:

      – Siz göründüyünüzdən daha yaxşısınız. Mən sizi yaman qaraqabaq sanırdım.

      – Nə danışırsınız! – deyə o səsləndi. – Bu, məndə hərdənbir olur. Əslində isə mən heç də belə deyiləm. Siz hələ məni tanımamısınız.

      O, qızın belindən tutdu, lakin qız onu itələdi. O zaman rəqs etmədiyinə necə də heyfsləndi! O, qızı qucaqlayar və otaqda fırlanardı. O mütləq rəqs öyrənməyi qərara aldı.

      Şama dəvət edə biləcəyi


Скачать книгу
Яндекс.Метрика