Dahi. Теодор ДрайзерЧитать онлайн книгу.
– deyə Yucin səsləndi və onu qırmızı divana doğru apardı. Rubi yağmurlu günün qalan hissəsini Yucinin ağuşunda nazlanaraq və öpüşləri ilə məst olaraq keçirdi. Rubi onun kimisinə hələ təsadüf etməmişdi.
ON BİRİNCİ FƏSİL
Bu hadisədən bir az əvvəl, Ancela Blu Yucinin qızğın xahişlərinə əməl edərək, bu payızda ilk dəfə Çikaqoya gəldi. Evdən çıxmaq onun üçün çox çətin idi. Lakin Yucinin hər bir fikrinə, xüsusən arzuları ilə bağlı olan fikirlərinə verdiyi ehtiraslılığına uymuş Ancela bütün maneələri dəf etdi. Yucin təkcə fırça ilə deyil, qələmlə işləməyi də bacarırdı. Doğrudur, onda nə təkmilləşmiş üslub, nə də fikirlərini məntiqi ifadə etmək bacarığı vardı, lakin təsvir qabiliyyəti olduqca çox inkişaf etmişdi. Yucin öz təsvirlərinə nüfuzedici bir incəlik verərək, fırça ilə çəkdiyi kimi, qələmlə də adamların, evlərin, atların, itlərin, mənzərələrin əksini yaradırdı. O, Ancelaya şəhər və onu əhatə edən aləmi ən cəzbedici boyalarla təsvir edirdi. Onun hər bir saatı hesaba alınmışdı, lakin Ancelaya öz həyatını təsvir etmək üçün sərf olunan vaxta heyfi gəlmirdi. O, dolaşdığı aləmin xüsusiyyətləri ilə və qeyri-adi şəxsiyyətinin məlahəti ilə (bu barədə Yucin açıq danışmırdı) qızı cəlb edirdi. Bu təzada görə Ancelanın öz kiçik aləmi ona hədsiz dərəcədə acınacaqlı görünməyə başladı.
Ancela institutda dərslərin başlanmasından bir az sonra gəldi və Yucin onun dəvətini alaraq, Ancelanın xalasının sakit bir döngədə qəşəng kərpic evdə yaşadığı Şimal tərəfə tələsdi. Burada hər şey meşşan səliqəsi və rahatlığı ilə düzəldilmişdi. Yucin ilk nəzərdən köhnə zadəgan mühitinin sakit gözəlliyi ilə dolu olan bu həyatın əsiri oldu. Bu ev bu qədər incə və zərif olan Ancela kimi bir qız üçün tamamilə münasib idi.
Yucin şənbə günü səhər tezdən gəldi, çünki qulluq işlərinə görə şəhərin bu hissəsində olmalı idi. Ancela onun üçün royal çaldı, – Yucin ömründə belə yaxşı ifa eşitməmişdi. Bu onu Yucinin gözündə daha da ucaltdı. Ancela nəvazişli incəliklə dolu olan həssas musiqini, romansları, melodiyaları sevirdi. Yucinin qaldığı yarım saat içərisində Ancela onun üçün bir neçə parça çaldı. Yucin onun bədəninə yapışmış sadə paltarda sanki heykəltəraş tərəfindən yaradılmış kimi görünən incə fiqurasına, yoğun hörüklərlə hörülmüş və belindən aşağı sallanan qalın saçlarına baxırdı. Bu paltar və bu hörüklərlə Ancela “Faust”dakı Marqaritanı xatırladırdı.
Yucin axşam ən yaxşı kostyumunu geyinmiş, kefi kök, üzügülər halda yenidən gəldi. O tamamilə rəssam olmaq ümidinə qapılmışdı və ehtirasla sevəcəyini hiss etdiyi bu qızla görüşmək onu sevindirirdi. Bu qızda nə isə qüvvətli, xeyirxah bir şey hiss olunurdu. Yucini ona cəzb edən də bu idi. Qız isə istedadlı gənci oxşamaq, əzizləmək və onun xoşuna gəlmək istəyirdi, bu da onların yaxınlaşmaları üçün zəmin yaradırdı.
Elə o axşam onlar operaya getdilər. Orada xəyali tamaşa (feeriya) göstərirdilər. Sakit, şən əhvali-ruhiyyə yayan bu musiqili fantaziyanın quruluşu, zəngin paltarlar, qəşəng xorçu qızlar və valehedici melodiyalar Yucin və Ancelanı heyran etdi. Onların hər ikisi çoxdan teatrda olmamışdı. Həyatın belə fantastik şərti təsviri onların hər ikisinin ürəyindən idi. Aleksandriyadakı qısa tanışlıqdan sonra bu təsirlər onların görüşünə nə isə xüsusi bir şənlik verirdi.
Teatrdan çıxdıqdan sonra Yucin Ancelanı camaatın içərisindən keçirərək, şəhərin mərkəzini Şimal hissə ilə birləşdirən tramvay xəttinə doğru apardı (Yucinin Çikaqoda olduğu vaxt içərisində şəhər yolları elektrikləşdirilmişdi). Gənclər tamaşanın gözəllik və müvəffəqiyyətini maraqla müzakirə edirdilər. O, yenidən Ancelaya baş çəkmək üçün icazə istədi, ertəsi günü nahardan sonra gələrək, axşamlar Mərkəzi musiqi salonunda çıxış edən məşhur natiqi dinləməyi təklif etdi.
Ancela Yucinin zirəkliyindən vəcdə gəlmişdi. O, Yucinlə bir yerdə olmaq istəyirdi, indi isə belə yaxşı bir bəhanə ələ düşmüşdü. Onlar vaxtında getdilər və natiqi böyük maraqla dinlədilər. Natiqin məharəti Yucin üçün bəşər sözündə nə qədər təravət, gözəllik və insanlar üzərində hakimiyyət gizləndiyinə dəlil idi. O, bu cür natiq olmaq istəyirdi, o, ucadan bu fikri, sonra isə başqa gizlin fikirlərini Ancelaya açıb söylədi. Onun maraqlarının müxtəlifliyi və incə zövqü qıza qüvvətli təsir bağışladı. Qız əmin idi ki, görkəmli adam olmaq onun alnına yazılmışdır.
Onların başqa görüşləri də oldu. Ancela yenidən gəldi – bir dəfə noyabrın əvvəllərində, sonra Milad ərəfəsində Yucin onun gözəl saçlarının torunda getdikcə daha artıq dolaşırdı. Noyabrda Rubi ilə tanış olmasına və onların arasında, o vaxtlar Yucinin ifadə edəcəyi kimi, ideallıqdan bir qədər uzaq olan yaxınlıq başlamasına baxmayaraq, o ürəyində Ancela ilə dostluğu daha yüksək və qiymətli bir şey kimi mühafizə edirdi. Ancela öz saflığı ilə onu təəccübləndirirdi. Bu qızın ona söylədiyi fikirlərdə, ifasının incəliyində Rubidə olduğundan daha artıq zəngin təbiət hiss olunurdu. Bundan başqa, Ancela uzaq əyaləti, onun öz evi kimi sakit evi, sevimli, sadə şəhərciyi, gözəl adamları təcəssüm etdirirdi. Nə üçün o, Anceladan ayrılmalı, özünün təmas etdiyi o başqa aləmi örtən pərdəni onun qarşısında açmalıdır? O elə hesab edirdi ki, bunu etməməlidir. Onu itirmək ehtimalı Yucini qorxudurdu, çünki Ancelanın ona evlənəcək hər bir kişiyə xoşbəxtlik verə biləcəyinə əmin idi. Ancela dekabr ayında yenidən gəldi və bu dəfə Yucin az qala evlənmək məsələsini açacaq idi. O, hiss edirdi ki, bu qızla heç bir sərbəst hərəkətə yol verməməli, çox tələsik olaraq möhkəm yaxınlıq axtarmamalıdır. Ancela məhəbbətin və izdivacın müqəddəsliyi fikrini ona təlqin edə bildi və o, yanvarda həqiqətən evlənməyi ona təklif etdi.
Müəyyənləşdirilməsi mümkün olmayan zərif hislər və arzulardan yoğrulmuş artist təbiəti! Bu dövrdə heç bir qadın Yucini tam qane edə bilməzdi. Onun üçün gözəllik əsas rol oynayırdı. Gənclik, hiss saflığı və qəlbin həssaslığı ilə zahiri məlahətə malik olan hər bir qız onu cəlb edir və müvəqqəti saxlaya bilirdi. Ona kiminsə buyruğu ilə düzəldilmiş həyat deyil, gözəllik lazım idi. O, ailə qurmaq deyil, məşhur rəssam olmaq xəyalı ilə yaşayırdı. Qızlıq gözəlliyi, gənclik lətafəti onu bir rəssam kimi həyəcanlandırırdı və o, ehtirasla onlara doğru can atırdı.
Yucinin əksinə olaraq, Ancela öz görüşlərində və hiss məsələlərində müəyyənləşmiş bir adam idi. O, uşaqlıqdan izdivacda sarsılmaz, pozulmaz bir şey görməyə adət etmişdi. O inanırdı ki, insana bir həyat və bir məhəbbət verilmişdir və siz belə məhəbbəti tapdığınız zaman qalan hər şey öz əhəmiyyətini itirir. Uşaqlar olsa yaxşıdır, olmasa da əhəmiyyəti yoxdur. Bundan izdivac öz mahiyyətini itirmir. Əgər o sizə səadət verməmişsə, yenə də həyatın hələ sizin üçün saxlayıb mühafizə etdiyi şey naminə əzab çəkmək və dözmək lazımdır. Belə bir ittifaq sizə amansız peşmançılıq gətirə bilər, lakin onu pozmaq özünə namussuzluq gətirmək deməkdir. Əgər daha əzab çəkməyə qüvvət yoxdursa, demək, həyat tam iflasa uğramamışdır.
Yucin, şübhəsiz, nə kimi təhlükəli bir oyuna başladığını ağlına gətirmirdi. O üz-üzə gəldiyi münasibətlərin xarakteri haqqında heç bir anlayışa malik deyildi. O, Ancela ilə izdivacın mümkün olması fikrindən qanadlanaraq