Çalıquşu. Решад Нури ГюнтекинЧитать онлайн книгу.
da onun kimi etmək istədi. Amma o bir az qaçmışdı ki, nə düşündüsə, pərt halda geri döndü.
Mən nə edəcəyimi bilmədiyimdən hələ də gülürdüm. O, məşhur «Qarğa və tülkü» təmsilindəki tülkü kimi ağacın altında hiyləgərcəsinə gəzməyə başladı.
Nəhayət, utanıb sıxılmağı buraxıb mənə dedi:
– Fəridə, əzizim, azacıq aşağı enərsinizmi?
Mən gülməyi kəsdim, ciddi bir səslə dedim:
– Nə üçün?
– Heç… Sənə bir sözüm var…
– Mənim səninlə danışmalı bir sözüm yoxdur… Rahatlığımı pozmayın.
– Fəridə, zarafatı burax…
– Zarafatmı? Nə zarafat!..
– Amma sən daha həddini aşırsan… Sən aşağı düşmək istəmirsənsə, mən yuxarı çıxa bilərəm!
– Ay çıxdın ha!..
Yolunda bir xırdaca su gölməçəsi görəndə təşvişə düşən, hoppanmadan əvvəl üç-dörd dəfə tuflilərinə və suya baxan, stulda oturanda şalvarını barmaqlarının ucu ilə tutub yuxarı çəkən nazlı və nazənin xalaoğlunun ağaca çıxmaq istəməsi çox gülməli idi!..
Amma bu gecə o, doğrudan da, canavara dönmüşdü… Alçaq budaqların birindən tutub ağaca hoppandı və yuxarı çıxmağa hazırlaşdı…
Gecə vaxtı ağacda xalaoğlumla üz-üzə gələcəyimizi düşünəndə, nədənsə qorxuya düşdüm. Bunun axırı bir fəlakət ola bilərdi. Əgər mən onun yaşıl ilan gözlərinin yaxından mənə baxdığını görsəydim, yəqin ki, budaqların arasında onunla boğuşacaqdım. Biz bir-birini didən iki yırtıcı quşa dönəcəkdik. Mən onun gözlərini çıxardıb onu da, özümü də ağacdan atacaqdım.
Amma nədənsə bu coşqunluğumu büruzə verməyi düzgün hesab etmirdim.
Yerimdə dikəlib sərt bir səslə əmr etdim:
– Orada durun görüm!..
Amma o, heç qulaq asmadı, hətta cavab da vermədi. Budağın üstündə dikəlib yuxarı baxmağa başladı.
– Durun, dedim, yoxsa pis olacaqdır!.. Bilirsiniz ki, mən Çalıquşuyam. Ağaclar mənim oylağımdır… Buralara məndən başqasının ayaq basmasına dözə bilmərəm!
– Bu nə qəribə danışıqdır, Fəridə?..
Doğrudan da, bu nə qəribə danışıqdı!
Mən çarəsiz qalıb zarafatcıl bir tövr aldım və əgər yanıma gəlsə, daha yuxarılara çıxmağa hazırlaşıb dedim:
– Bilirsiniz ki, sizə hörmətim vardır. Sizi ağacdan aşağı atmağa məcbur olsam, özüm də çox kədərlənərəm. Bir az əvvəl şeir oxuduğunuz halda, indi birdən-birə: «Aman! Aman!» – deyə çığırmağa başlasanız çox pis olar.
Bu sözləri deyərkən mən onun səsini yamsılayır, qəhqəhələrlə gülürdüm.
– İndi görərik!
Qorxu onu cürətləndirmiş və çevikləşdirmişdi. Mənim təhdidimə əhəmiyyət verməyib budaqlara dırmaşmağa davam edirdi.
Ağacda, demək olar ki, biz qaçdı-tutdu oyununa başladıq. O yaxınlaşdıqca mən yuxarı budaqlara çıxırdım, budaqlar da getdikcə incəlirdi. Mən bir istədim ki, hasarın üstünə atılıb qaçım. Amma qorxdum ki, birdən qaça bilmərəm, bir yerim əzilər və xalaoğlumun yerinə mən özüm çığırıb-bağırmalı olaram.
Ancaq necə olursa olsun, biz bu gecə bir-birimizə yaxınlaşmalıydıq. Mən siyasəti dəyişib soruşdum:
– Mənimlə danışmağa nə üçün bu qədər çalışdığınızı görəsən bilmək olarmı?
Mənim bu sözlərimdən o da dəyişdi, ciddi bir tövr alıb durdu və dedi:
– Səninlə zarafatlaşırıq, amma məsələ çox mühümdür, Fəridə… Mən səndən qorxuram…
– Eləmi? Görəsən nəyimdən qorxursunuz?
– Çərənçiliyindən…
– Bu mənim hər gün etdiyim şey deyilmi?
– Yox, bu gecəki həmişəkilərə bənzəməz…
– Bu gecədə nə fövqəladəlik var ki?
Kamran yorulub əldən düşmüşdü. Daha şalvarını-filanı nəzərə almayıb bir budaqda oturdu. Hələ də zarafat edən kimi görünürdüsə də, amma elə bil bu saat ağlayacaqdı.
Mən, ona rəhmim gəldiyi üçün yox, ancaq daha onunla danışmağa halım qalmadığından, yaxamı tezliklə qurtarmaq üçün dedim:
– Narahat olma, heç qorxmalı bir şey yoxdur. Arxayın ol… Tez qonaqlarının yanına get, ayıbdır.
– Söz verirsənmi, Fəridə, and içirsənmi?
– Söz də verirəm, and da içirəm… Nə istəsən edərəm.
– İnanımmı?
– Elə bilirəm ki, inanmaq lazımdır… Mən daha əvvəlki kimi uşaq deyiləm…
– Fəridə…
– Axı, nə bilim ki, sən mənim nəyi söyləyəcəyimdən qorxursan? Mən ağacda özüm üçün oturmuşdum…
– Bilmirəm, amma nədənsə inanmıram…
– Sənə dedim ki, daha böyümüşəm, demək olar ki, bir gənc qız olmuşam. Əlbəttə, bunu deməkdən bir məqsədim var… Di yaxşı, əziz xalaoğlum, heç narahat olmayın… Bəzi şeylər var ki, onları uşaqlar görər… Amma bir gənc qız heç fikir də verməz… Di yaxşı, arxayın olun…
Deyəsən Kamranın qorxusu yavaş-yavaş heyrətə dönürdü. Məni mütləq görmək istəyirmiş kimi başını qaldırıb dedi:
– Sənin danışığın nə qədər başqalaşmışdır, Fəridə…
Əgər söhbət uzansaydı, biz bu çətin vəziyyətdən daha çıxa bilməyəcəkdik. Ona görə qondarma bir hiddətlə çığırdım:
– Daha bəsdir… Söhbəti uzatsan, sözümü geri alaram!.. Özün bir fikirləş.
Bu təhdid onu qorxutdu. Fikirli-fikirli ağacdan düşdü, Nərimanın yollandığı tərəfə getməkdən utanıb bağçanın aşağılarına sarı üz qoydu.
Xoşbəxt dul qadın o gündən sonra daha köşkdə görünmürdü. Kamranın xeyli müddət məndən qorxduğunu hiss edirdim.
Xalaoğlum hər dəfə İstanbula gedəndə, mənə hədiyyələr gətirirdi. Rəsmli bir yapon çətiri, ipək yaylıqlar, ipək corablar, ürək biçimində bir tualet aynası, qəşəng bir əl çantası…
Nadinc uşaqdan çox yetişmiş bir gənc qıza yaraşan bu şeylərin mənə verilməsinin mənası nə idi? Çalıquşunu aldatmaq, dimdiyini bağlayıb çərənçilik etməsinə mane olmaqdan başqa bu hədiyyələrdə nə məna ola bilərdi?
Mən elə bir yaşa çatmışdım ki, bu yaşda başqası tərəfindən yad edilmək adama ləzzət verir. Bundan başqa belə gözəl şeylər də xoşuma gəlirdi.
Ancaq