Titulsuz lider. Робин ШармаЧитать онлайн книгу.
gizli kamera görmək ümidiylə ətrafa boylandım. Bəlkə əməkdaşlar məni, xəbərsiz adamları müxtəlif qəribə vəziyyətlərə qoyan, komedik verilişlərdən birinin personajı etməklə zarafat etmək istəyirlər. Lakin nə qədər baxdımsa, kamera görmədim. Ona görə oyunu davam etdirməyi qərara aldım.
– Yaxşı, – əsgər kimi hər cür vəziyyətdə olmuş və hər cür adamla rastlaşsam da səsim bir qədər titrəyirdi, – salam, Tommi. Tanış olmağımıza şadam. Bəs sizi niyə bizim mağazaya keçiriblər? («Dəlixanaya yox», – əlavə etmək istəyirdim). Bilirsinizmi, bizim vəziyyətimiz batan gəmininki kimidir.
– Heç kim məni bura keçməyə məcbur etməyib, Bleyk… Mən özüm istəmişəm – o, inamlı, dəlilikdən əsər-əlamət olmayan bir səslə dedi. Əvvəlki mağazada daha inkişaf etməyə yer yox idi. Fikirləşdim ki, bəlkə burada faydalı ola bilərəm, bəlkə nəyisə dəyişə bilərəm. Bleyk, vəziyyət nə qədər mürəkkəbdirsə öz daxilində o qədər böyük imkanlar saxlayır. Bax mən də buraya keçib, səninlə birlikdə işləmək istədim, – gülümsəyərək əlavə etdi.
Mən onun söhbəti hara apardığını başa düşmürdüm. Bu kimdir axı? Digər tərəfdən də, dəsmalın üzərindəki bu siçanlar əsəbimə toxunurdular. Elə bilməyin ki, xalqın sevimlisi olan körpə Mikki-Mausa qarşıyam, amma hər halda…
– Sənə Oskar adı nəsə deyir, Bleyk?
Mən səksəndim. Bir anlığa nəfəsim kəsildi. Ürəyim tez-tez vurmağa başladı, ayaqlarım boşaldı. Oskar atamın adı idi.
– Atamın adı Oskar idi, – sakitcə cavab verdim və ölmüş valideynlərim haqqında qəlbimin dərinliklərində çoxdan basdırdığım qüssənin üzə çıxmağa başladığını hiss etdim. Tomminin baxışları yumşaldı. Bu an onun çox mehriban insan olduğunu hiss etdim. O, əlini çiynimə qoydu.
– Mən Miluokidə yaşayanda atan ilə dost idim. Biz bir yerdə böyümüşük. Mən Nyu-Yorka köçdükdən sonra heç vaxt görüşməmişik. Amma dostluğumuz kəsilməyib. Biz bir-birimizə həyatımız haqqında uzun, ətraflı məktublar yazırdıq. Orada iş tapılmadıqda, məhz sənin atan məni Nyu-Yorka gəlməyə inandırdı… Onun xasiyyətinin gücünü görmüş olduğumdan özümdə adi günlərin get-gəlində ölgünləşməyə başlayan cəsarətimi bərpa etmək üçün güc tapırdım. Bleyk, valideynlərinin başına gələnlərdən çox kədərliyəm. Onlar gözəl insanlar idi.
– Oskar məni, bu və ya başqa yolla, – gözlərimə diqqətlə baxaraq davam etdi, – sənin nə işlə məşğul olmağın haqqında məlumatlandırırdı. O, həmişə deyirdi ki, sənin nəhəng potensialın var və böyük işlər görəcəksən. Bleyk, Atan sənə çox inanırdı. Amma hiss edirdi ki, sənə səni ruhlandıracaq və imkanlarını tam gerçəkləşdirməyə kömək edəcək adam lazımdır. Amma nəyə görəsə özünü belə bir adam hesab etmirdi.
Mən qulaqlarıma inanmırdım. Bu yad adamın atamın dostu olması fikri beynimə yerləşmirdi. Tamamilə sürrealist bir mənzərə idi. Mən kətilin üstünə oturdum və kürəyimi kitab dolabına söykədim.
– Narahat olma, Bleyk. Azmaq sənin üçün müəyyən edilmiş yolu tapmağın adi bir mərhələsidir. Bəzən qarşındakı yolu aydın görməyi öyrənmək üçün onu səhv salmaq hətta zəruridir. İndiyə qədər başına gələnlər – yaxınlarını itirməkdən İraqda xidmətə qədər – yalnız hazırlıq idi.
– Hazırlıq idi? – çaşqın, hələ də başı dumanlı halda soruşdum.
– Əlbəttə. Əgər bütün bunları keçməsəydin indi sənə öyrətməyə hazırlaşdığım şeyləri mənimsəməyə hazır olmayacaqdın. Həyat səni yıxmasaydı, özünü yenidən yaratmaq şansın olmayacaqdı. Sadəcə səbirli ol, balaca, səni nəhəng bir irəliləyiş gözləyir. Nəfəs dərməyə macal tapmayacaqsan ki, bizim şirkətin rok-ulduzu olacaqsan, – Tommi ehtiras dolu bir səslə dedi.
– Rok-ulduzu?
Burada Tommi yumruğunu yuxarı qaldırıb, ombalarını ritmlə hərəkət etdirərək, Mik Caqeri təqlid etməyə çalışdı. Lakin bu, o qədər də duzlu alınmadı.
– Bəli rok-ulduzu, – qoca təsdiq etdi və güldü.
– Siz nə danışırsınız! Mənə günü başa vurmağın özü belə problemdir. Mən başa düşürəm ki, siz kömək etmək istəyirsiniz… və mən əlbəttə ki, atamın köhnə tanışına rast gəlməyimdən sarsılmış bir vəziyyətdəyəm. Lakin yaşamağın mənim üçün nə qədər ağır olduğunu təsəvvürünüzə belə gətirə bilməzsiniz. Hərblə bağlı xatirələr indiyə qədər məni təqib edirlər. Onlar ən az gözlədiyim vaxtlarda xəyalımda canlanırlar. Gecələr demək olar ki, yatmıram və bütün günü özümü əzgin hiss edirəm. Ştatlara çoxdan qayıtmağıma baxmayaraq öz qız dostumla müharibəyə gedənə qədər olan münasibətlərimi hələ də bərpa edə bilməmişəm. Belə ki, kitab satışının «rok-ulduzu» olmaq perspektivi mənim üçün aktual deyil. Sadəcə sağ qala bilsəydim…
Tommi əllərini sinəsində cütləyib düz gözümün içinə baxdı.
– Mən səni eşitdim, – çox ciddi dedi. – Və mən sənin hər sözünə hörmət edirəm, Bleyk. Lakin, xahiş edirəm, səninlə bölüşmək istədiyim şeylər üçün açıq ol, özünə qapanma. Bir vaxt mənim də həyatım köndələn getmişdi. Lakin hansısa bir anda hər şey tanınmaz dərəcədə dəyişdi. Bu, möcüzəyə bənzəyirdi. Mən təminat verirəm ki, səninlə də həmin şey olacaq.
– Uzun illər bundan qabaq atana söz vermişdim ki, sənə kömək edəcəm. Lakin illər keçirdi, amma mən sənə baş çəkməyin vaxtı gəldiyini hiss etmirdim. Sonra tale istədi ki, sənin adını işə düzəlmək istəyənlərin siyahısında görüm… «Amerikanın ən yaxı kitab satıcısı» adının, pul mükafatı və Karib adalarına səyahətlə yanaşı, verdiyi imtiyazlardan biri də kadr seçimində birbaşa iştirak etmək, şirkətin direktorları ilə nahar yeməklərində müntəzəm iştirak edərək, şirkətimizi daha yaxşı etmək üçün rəy mübadiləsi aparmaq imkanıdır. Mən anladım ki, bu, uzun illər bundan əvvəl, şəxsi və peşə həyatımda səninki kimi çətin günlər yaşadığım vaxtlarda mənə öyrədilmiş liderlik və uğur fəlsəfəsini səninlə bölüşmək üçün əlimə düşmüş şansdır. Sadəcə təsəvvür et ki, indiki işində o qədər bacarıqlı olmusan ki, bayır qapıdan içəri girəndə insanlar səni ayaq üstə alqışlayırlar, sanki sən Coldplay, U2 və ya Green Day qrupunun liderisən – Tommi ruh yüksəkliyi ilə səsləndi.
Mən bu uydurmaya gülməyə bilmədim. Bəlkə şirkətimizin rok-ulduzuna çevrilmək doğrudan da əla olardı. Digər tərəfdən Arubaya səyahəti və pul mükafatını udmağı istəməyim də şübhəsiz idi.
– İndi isə təsəvvür et ki, nəinki baş gicəlləndirici vəzifə zirvələrinə çatmısan, – Tommi davam etdi, – eyni zamanda da möhkəm sağlamlıqdan, insanlarla əla münasibətlərdən ləzzət alırsan və ümumiyyətlə xoşbəxtsən. Mən sənə bütün bunlara aparan etibarlı yolu göstərə bilərəm. İnan ki, bu yola qədəm qoymaq sənin təsəvvür etdiyindən qat-qat asandır.
– Bəs boynunuzdakı TLE yazılı medalyonun mənə öyrətmək istədiyinizə bir dəxli var? – maraqla