Loqo. Эрнест Сетон-ТомпсонЧитать онлайн книгу.
iyrəndirdi.
Cek məni tələsdirirdi ki, tez atım, amma mən ləngiyirdim.
Coşqun yoldaşım ləngidiyimə görə məni söyüb danladı. Acıqlı-acıqlı:
– Tüfəngi bəri verin! – deyə tüfəngi əlimdən qapdı, amma lüləni yuxarı qaldırdım və tüfəng guya öz-özünə açıldı.
İlxı diksindi. Qara mustanq kişnədi, fınxırdı və ilxının dövrəsinə çapa-çapa hərləndi. Madyanlar bir yerə cəmləşib toz buludu qaldıra-qaldıra, dördnala yox oldular.
Ayğır ilxının gah bu tərəfi ilə, gah o tərəfi ilə çapa-çapa diqqət yetirirdi ki, heç bir madyan o birilərindən ayrı düşməsin.
Mustanq uzaqlarda gözdən itincəyə qədər gözümü ondan çəkmədim. Mənə belə gəlir ki, o, bir dəfə də olsun, yerişinə haram qatmadı.
Cek, əlbəttə, məni də, tüfəngimi də, mustanqı da söyüb yamanlayırdı, amma mən onun deyinməsindən ləzzət ala-ala, sevinə-sevinə qara yorğanın gözəllik və qüvvətinə heyran olurdum. Yox, apardığı bir neçə madyan üçün atlaz dərisinə qıyıb korlaya bilməzdim.
III
Vəhşi atları tutmağın bir neçə üsulu var. Biri budur ki, atın peysərindən gərək elə vurasan, bir anlığa keyləşsin, onda kəməndi boynuna salasan. Buna “atı keyləşdirmək” deyirlər.
Vəhşi Co bu üsulu tənqid edib dedi:
– Bəli də! Belə yüzlərlə at beli sındığını görmüşəm, amma bu vaxta qədər bir mustanqın keyləşdiyini görməmişəm.
Bəzən şərait əlverişli olanda ilxını qovub əldən salmaqla tuturlar. İxtiyarında yaxşı atlar olsa, bəzən ilxını qovub ona çatmaq olar, amma ən sadə üsul ilk baxışda nə qədər inanılmaz görünsə də, bundan ibarətdir ki, gərək mustanqı “yorasan” (yəni taqətdən düşənə qədər qovasan).
Yorğasını heç vaxt pozub dördayaq qaçmayan məşhur ayğırın şöhrəti gündən-günə artırdı. Onun barəsində, iti qaçmağından, yerişindən, dözümündən ən inanılmaz əhvalatlar danışırdılar. Buna görə də Üçbucaq rançosunun sahibi qoca Monthomeri Kleytonda Uelsin mehmanxanasında şahidlərin yanında deyəndə ki, bu söhbətlər yalan deyilsə, furqona möhkəmcə qoşulmuş bu ayğıra min dollar verir. On nəfərə qədər gənc kovboy bərk həvəsə düşüb bəxtlərini sınamaq, ağaları ilə bağladıqları müqavilələrin vaxtı qurtarıb azad olan kimi bu işə girişmək istədilər.
Vəhşi Co hamını qabaqlamağı qərara aldı. Daha vaxt itirmək olmazdı. Qulluq vaxtı qurtarmasa da, bütün gecəni ova hazırlaşmağa sərf elədi.
Co dost-aşnasından kifayət qədər borc pul aldı ki, iyirmi yaxşı minik atı, mətbəxli furqon, üç nəfər: özü, yoldaşı Çarli, bir də aşpaz üçün iki həftəlik yemək ehtiyatı götürməyə çatsın.
Həmin gözəl, yeyinayaq yorğa mustanqı “qovub yormağ”ı möhkəm qərara alıb Kleytondan çıxdılar. Üçüncü gün gəlib Ceyran bulağına çatdılar. Günorta yaxınlaşdığından yorğa mustanqın öz ilxısı ilə bərabər su içməyə bura gəldiyini görəndə heç təəccüblənmədilər.
Co gizləndi və bütün ilxı su içib doyuncaya qədər gözə görünmədi. Çünki yaxşı bilirdi ki, susuz at su içib doymuş, ağırlaşmış atdan həmişə yeyin gedər.
Co gizləndiyi yerdən çıxıb atını sakitcə irəli sürdü. Bulağa yarım mil qalmış, mustanq duyuq düşüb həmin saat ilxısını cənub-şərqə – kolluqlu təpələrə sarı qovub apardı. Co həmin istiqamətdə atını o qədər çapdı ki, yenə həmin ilxını gördü. Sonra geri qayıdıb eyni zamanda sürücü vəzifəsini də yerinə yetirən aşpaza əmr elədi ki, furqonu Cənuba – Alamoza çayının yaxınlığına sürsün. Özü isə yenə mustanqların ardınca cənub-şərqə yönəldi.
İki mil yol gedəndən sonra yenə ilxını gördü. Atını birayaq-birayaq sürüb o qədər yaxınlaşdı ki, ilxı yenə də ürküb cənuba çapdı. Amma Co kəsə yol ilə çapa-çapa getdi və bir saatdan sonra yenə ilxıya rast gəldi. Atlara gizlincə yaxınlaşdı və əvvəlki əhvalat yenə təkrar olundu. Atlar yenə ürküb qaçdılar. Bütün gün beləcə keçdi.
Mustanqlar dairə vura-vura tədricən cənuba hərəkət edirdilər və gün artıq üfüqə əyiləndə Conun hesabına görə Alamozo çayına yaxınlaşmışdılar. Co onları bir də ürküdüb furqonun yanına qayıtdı. Bu vaxta qədər dincəlmiş yoldaşı başqa ata minib ilxını qovmağa davam etdi.
Axşam yeməyindən sonra furqon əvvəlcədən şərtləşdikləri kimi Alamozo çayının yuxarı keçidinə sarı hərəkət etdi və orada gecələmək üçün yerləşdi.
Bu zaman Çarli ilxının ardınca getməkdə idi. Vəhşi atlar ondan daha əvvəlki kimi uzağa qaçmırdılar, çünki, deyəsən, onların ardınca gələn adam hücum etmək fikrində deyildi, buna görə də yavaş-yavaş yaxınlıqda olmasına alışmışdılar. Ala-qaranlıq çökəndə ilxını tapmaq asanlaşdı, çünki ilxının içində qaranlıqda yaxşı seçilən ağ madyan var idi. Həm də ki, ayın aydınlığı idi. Buna görə də Çarli atına arxayın olub yol seçməyi onun öhdəsinə buraxmışdı, sakitcə ilxının ardınca sürürdü. İlxının içində isə ağ madyan kölgə kimi seçilirdi. Axırda bütün bunlar gecənin qaranlığında yox oldu. Onda Çarli atdan düşüb yəhərini aldı, özü isə adyala bürünüb tezliklə yuxuya getdi.
Hava işıqlaşmağa başlayanda Çarli artıq ayaq üstündə idi və yarım mil yol gedəndən sonra ala-qaranlıqda ağ madyanı seçdi, sonra da bütün ilxını gördü. Yorğa mustanq Çarlini görən kimi bərkdən kişnədi və vəhşi atlar qaçmağa başladılar.
Amma elə birinci təpəyə çatanda atlar durub baxdılar ki, görsünlər arxalarınca belə inadla gələn bu adam kimdir. Aradan bir dəqiqə keçməmiş yorğa mustanq işin nə yerdə olduğunu və nə etmək lazım gəldiyini yəqin edib yorulmaq bilməyən yorğa yerişi ilə qara quyruqlu ulduz kimi sürətlə şığıyıb bütün ilxını da ardınca apardı.
Atlar qərbə sarı döndülər. Həmin qaçdı-qovdu oyununu bir neçə dəfə təkrar edəndən sonra günortaya yaxın gəlib dik təpəyə çatdılar. Bu təpə bir vaxt hinduların keşikçi qülləsi olubmuş. Co orada ilxını gözləyirdi. Göyə qalxan nazik uzun tüstü Çarliyə xəbər verdi ki, dincələ bilər. O həmin saat cib güzgüsü ilə cavab işarəsi verdi. Co başqa ata minib ilxının dalınca düşdü. Çarli isə oturub yemək yedi. Bir qədər dincələndən sonra Alamozo çayının yuxarılarına doğru yönəldi.
Ertəsi Co bütün günü mustanqların ardınca düşüb onları elə yola yönəltmək istəyirdi ki, furqon həmin qövsün alt xəttində hərəkət edirdi. Gün batana yaxın o gəlib keçidə çatdı. Burada Çarli onu təzə at və yeməklə gözləyirdi. Co tələsmədən vəhşi atları bütün axşam, hətta gecə keçənə qədər izlədi. Çünki, görünür, ilxı bu zərərsiz təqibçilərin yaxınlıqda olmalarına alışmağa başlamışdı və izləmək daha sadə iş olmuşdu. Bundan başqa, deyəsən, yorğunluq da onlara təsir edirdi. Yaxşı, dadlı otu olan otlaqlar xeyli uzaqda qalmışdı. Bir də ki, onları izləyən atlar çovdarla yemləndikləri halda mustanqlara, əlbəttə, yem verən yox idi. Həmişə gərgin vəziyyətdə olmaq da öz təsirini göstərirdi. Bu hal vəhşi atları iştahdan salır, susuzluqlarını artırırdı.