Эротические рассказы

Özgə ağrısı. Sədaqət KərimovaЧитать онлайн книгу.

Özgə ağrısı - Sədaqət Kərimova


Скачать книгу
deyə qadın ürəyində söyləndi. Altmış illik həyatı kino lenti kimi gözlərinin önündən gəlib keçdi. Ələddinlə ailə qurmağı, uşaqlarını böyütməyi, onları məktəbə aparmağı, məktəbdən sonra evdə qarşılamağı, dərsləri ilə məşğul olmağı, bişirməyi, düşürməyi, kiminsə üstünə qışqırmağı, kimisə cəzalandırmağı yadına düşdü. Altı övladının heç biri xasiyyətcə o birinə oxşamırdı. Ona görə də hər biri ilə bir cür dil tapmaq lazım idi. Nigar evin böyüyü olduğuna görəmi, yoxsa çox əzizləndiyi üçünmü, uşaqlıqdan yaman ərköyün idi. Evin ikincisi olan, oğlan kimi böyüyən Aynurun dəcəlliyindən bəzən ağlamaq dərəcəsinə gəlirdi. Sakit, həlim təbiətli Nailənin varlığı ev-eşikdə bir o qədər hiss olunmazdı, amma həssas və küsəyən olduğuna görə Xədicə daha çox onu əzizləyərdi. Həm də bunu o biri uşaqlardan xəlvət edərdi. Şən, şux təbiətli Təhminə itoynadanın biri idi. Onu məhəllədə də, məktəbdə də hamı çox istəyirdi. Sonra Nazim dünyaya gəlmişdi. Dörd qızdan sonra doğulan bu uşaq onunla Ələddinə bir dünya sevinc bəxş eləmişdi. Ən gözəl arzuları onunla bağlı idi, Nazim onların evinin çırağı idi. Sonra Çingiz, evin sonbeşiyi. Anasının şirin-şəkər Çingizi. Xədicə balalarını böyütmək üçün gözüylə qor götürmüşdü. İş-gücdən vaxt ayırıb onların dərslərinə xüsusi nəzarət edərdi. Sonra uşaqların institut vaxtları gəlib çatdı. Xədicə uşaqlarının heç birini Bakıya tək buraxmamışdı. Qəbul imtahanları başlanandan qurtarana kimi özü onlarla olmuş, biş-düşlərini hazırlamış, imtahan günlərində onlardan çox həyəcan keçirmişdi. Elə bil imtahan verən özü idi. Sonra uşaqların toy həyəcanları, sevinc hissinə qarışan narahatlıqlar ürəyində neçə-neçə izlər qoymuşdu…

      Beş ay əvvəl sonbeşiyi Çingizi evləndirib evə gəlin gətirəndən sonra Xədicə ilk dəfə etiraf etmişdi ki, bərk yorulub. Uşaqlara zarafatla:

      – Sizə olan bütün borclarımı vermişəm. Daha bu gündən sonra özüm üçün yaşayacağam, – demişdi. Haqlı idi. Doğrudan da, uşaqları dünyaya gələndən bəri bircə gün də özü üçün yaşamamışdı. Onun üçün hər şey – həyatı da, sevinci də ailəsi və övladları ilə bağlı idi. Artıq hamını yerbəyer edib. İnnən belə öz rahatlığının, istirahətinin qayğısına qalacaq. İş-gücünü bir qədər yüngülləşdirəcək, yeməyinə-içməyinə fikir verəcək, vaxtlı-vaxtında dincələcək.

      Lakin heç nə düşündüyü kimi olmadı. Adını yorğunluq qoyduğu bu halsızlığı toydan sonra da keçib getmədi. Özünü daim əzgin hiss edirdi. Kürəyi ağrıyır, elə bil ürəyinin içi yanırdı. Ömrü boyu ağrılarını övladlarından gizlədən qadın o gecə infarkt keçirəndə də bunu kimsəyə bildirməmişdi. Uşaqların yuxusuna haram qatmaq istəməmişdi. Səhər öz ayaqları ilə xəstəxanaya gedib ürəyinin kardioqramını çıxartdıranda hamı bilmişdi ki, Xədicə gecə infarkt keçirib.

      İndi çarpayısında uzanıb bütün bunlar barədə düşünən Xədicə dincəlmək arzusuna düşdüyü, rahatlıq tapmaq haqqında fikirləşdiyi həmin günə lənət yağdırırdı: «Bəlkə sözüm Allaha acıq gəldi? Balalarıma, ailəmə qulluq eləməkdən niyə yoruldum ki? Elə buna görə Allah məni dincəltdi». O, daş daşımağa, yer qazımağa, hər cür ağır iş görməyə hazır idi, təki canı ağrımasın, təki ayaq üstə olub iş-gücünü özü görsün, heç doğma övladlarına da möhtac olmasın. İndiki köməksiz, aciz halına görə özündən zəhləsi gedirdi.

      Nazim anasının bayaqkı halı haqqında düşünürdü. Bu, adi ürəktutması deyildi, ondan da təhlükəli, dəhşətli hal idi: anası bayaq ayılmaya da bilərdi.

      Nazim gicgahlarında qanın necə zərblə vurduğunu aydın hiss edirdi. O, anasının da öz vəziyyətinin gərginliyini duyduğunu hiss etmişdi, ona görə də vəsiyyət etməkdə israrlı olduğunu anlayırdı. Son iki ay ərzində Xədicə üçüncü dəfə idi ki, vəsiyyət etmək istədiyini bildirirdi. Lakin Nazim dünyada heç nədən bu sözdən qorxduğu qədər qorxmurdu. «Görəsən, anam nə demək istəyirdi? Onsuz da bütün öyüd-nəsihətlərini ömrü boyu bizə edib. Ən böyük arzusu o idi ki, biz uşaqlar bir-birimizlə mehriban olaq. Allaha şükür, aramızda inciklik yoxdur. Yəqin deyəcəkdi ki, atanızın qayğısına qalın, hörmətini saxlayın. Amma onsuz da qədrini bilirik. Qızılları yoxdur ki, yerini desin. Görəsən, bizə nə demək istəyir? Birdən nə isə vacib sözü olar…» Lakin təsəvvür edəndə ki, anası vəsiyyət edir, o isə qulaq asır, ürəyi sıxıldı. «Birdən anam fikirləşər ki, doğrudan da vəziyyəti çıxılmazdır».

      – Nazim, oğlum, izin ver, qoy vəsiyyətimi sənə edim, – deyə Xədicə bir də dilləndi.

      Anasının rəngi xoşuna gəlmədi. Səsi də dəyişmişdi. Gözlərindəki yalvarıcı ifadəni görmək Nazimə əzab verirdi. «Anam bilməməlidir ki, vəziyyəti ağırdır. Ona ümid verməli, həyat eşqinin sönməsinə imkan verməməliyəm. Ona vəsiyyət etməyə imkan versəm, elə biləcək ki…» O, düşüncələrinin sonunu tamamlamaqdan qorxdu.

      – Ana, qurban olum, niyə ağlına pis şeylər gəlir? Nə vəsiyyətbazlıqdır? Sənin nə yaşın var? Hələ bir qocal, ondan sonra vəsiyyətini edərsən. Sən hələ nəvələrinin toylarını görməlisən.

      – Nazim bu sözləri elə həyəcanla, birnəfəsə dedi ki, Xədicə daha dinmədi.

      Bir azdan o, yuxuya getdi. Nazim nəbzini yoxladı. Ürəyinin normal döyündüyünü görüb az da olsa rahatlaşdı, ehmalca qapını açıb eyvana çıxdı. Sonra divanda uzanıb gözlərini yumdu. Necə yuxuya getdiyindən xəbəri olmadı. Lakin bir azdan qan-tər içində yuxudan oyanıb otağa keçəndə anasının halsız halda nəsə pıçıldadığını gördü. Tez anasını qucaqladı.

      – Nazim, ölürəm… – Anası bu sözləri güclə, olan-qalan qüvvəsini toplayıb dedi.

      – Qorxma ana, ürəktutmasıdır, dərman içən kimi keçib gedəcək, – Nazim onu sakitləşdirmək istədi. Lakin özü öz səsindən qorxdu. O, Xədicənin çarpayısının yanındakı kiçik şkafın üstündən dərman şüşəsini götürmək istəsə də, həyəcandan bunu edə bilmirdi.

      Xədicə artıq boğulurdu, havası çatmırdı. Nazim anasının göyərmiş, qansız dodaqlarına dodaqlarını yapışdırıb ona süni nəfəs verməyə başladı. Deyəsən bunun köməyi oldu. Anası gözlərini açıb ona baxdı. Nə isə demək istədi, amma taqəti çatmadı. Nazim hiss edirdi ki, anasının dodaqları soyuyur, bədəni süstləşir. Nəhayət, Xədicənin dodaqları tamam buza dönəndə ondan aralandı. Onun üzündə həyat əlamətləri sönmüşdü…

      ***

      …Sabah qırx olacaqdı. Uşaqlar yerdə, xalçanın üstündə bardaş qurub oturmuşdular. Nazimin gözünün önündən anasının son anları kino lenti kimi gəlib keçirdi. Bayaqdan bəri bacılarının növbə ilə danışdığı xatirələr onu çox kövrəldirdi. Anasını ölümün pəncəsindən ala bilmədiyinə görə özünü qınayırdı. Çingizin üzünə heç baxa bilmirdi. Analarının ölümü hamıdan çox onu sarsıtmış, o gündən hələ də özünə gəlməmişdi. İnana bilmirdi ki, daha anası bir də bu evdə onu qarşılamayacaq, öpüb oxşamayacaq, öyüd-nəsihət verməyəcək. Uşaqları təkcə analarının itkisinə yanmırdılar, onları ağrıdan daha bir səbəb var idi: onu son sözünü deməyə, vəsiyyət eləməyə qoymamışdılar.


Скачать книгу
Яндекс.Метрика