Çovdarlıqda uçurumdan qoruyan. Дж. Д. СэлинджерЧитать онлайн книгу.
vurub qarajın bütün şüşələrini qırmışdım. Hələ o yay aldığımız «Pickup»ın da şüşələrini qıracaqdım, olmadı, ona çatanda qolumu sındırdım. Onda elədiklərim özümdən asılı deyildi.
Elə şeylər var ki, onları xatırlamağa çətinlik çəkirsən. İndi də ha fikirləşirəm, Stredleyterin Ceynlə görüşdən haçan qayıtdığını yadıma sala bilmirəm. Yəni hələ də xatırlaya bilmirəm ki, dəhlizdə onun çərdəymiş addımlarının səsini eşidəndə mən otaqda nəylə məşğul idim. Bəlkə də, hələ pəncərənin önündən çəkilməmişdim. Mən bir şeydən əndişəyə düşəndə, həqiqətən, bərk həyəcanlı oluram. Stredleyteri mənim qədər tanısaydınız, siz də bu cür əndişəyə düşərdiniz. Yaramazın biridir. Özü kimisi yoxdur.
Soyuqdan deyinə-deyinə içəri girdi. Sonra dedi:
– Bəs bu camaat hanı? Lap meyitxanaya oxşayır ki!
Ona cavab vermək fikrində deyildim. Soyunmağa başladı. Ceyn barədə bir kəlmə də demədi. Heç mən də soruşmadım.
Qalstukunu boğazından açanda inşanı yazıb-yazmadığımı soruşdu. Dedim ki, yazmışam, çarpayısının üstündədir. Gedib onu götürdü, köynəyinin yaxasını aça-aça oxudu.
Birdən dedi:
– Bura bax, Holden. Bu beysbol əlcəyi hardan çıxdı?
– Nə olsun? – soyuqqanlıqla dedim.
– «Nə olsun» nədir? Sənə demədim, otaqdan, evdən yaz?
– Demişdin, inşa yaz, yazmışam. Beysbol əlcəyindən oldu, olmadı, bunun nə dəxli?
– Başın batsın sənin, – dönüb üzümə baxdı. – Yaxşı eləyib səni bayıra atıblar. Heç vaxt bir işi adam kimi görmürsən.
– Nə deyirəm. Onda onu ver bəri, – dedim. Ona yaxınlaşdım, dəftəri qəfil dartıb əlindən aldım, hirsimdən cırıq-cırıq elədim.
– Neyləyirsən, niyə cırırsan? – dedi.
Cavab vermədim. Cırdıqlarımı aparıb zibil yeşiyinə tulladım. Sonra çarpayıya uzandım.
Hələ də Ceyn barəsində bircə kəlmə də deməmişdi. Ona görə də daha dözməyib dedim:
– Niyə belə yubandın? Yəqin, sənə görə yazıq qız da gecikməli olub, eləmi?
– Hə, bir balaca gecikdi, – Stredleyter laqeydcəsinə cavab verdi.
İlahi, mən bu adama necə də nifrət edirdim!
– Gəzməyə hara getdiniz? Nyu-Yorka?
– Dəlisən nədir? Necə gedəydik? O qədər yolu gedib-qayıtmağa vaxt hardan idi?
– Mənim salamımı ona çatdırdın?
– Hə.
Yalan deyir, gözünün içinə qədər yalan deyir.
– Əgər Nyu-Yorka getməmişdinizsə, onda bu vaxta qədər hardaydınız? – dedim. Səsim titrədi, bərk əsəbiləşmişdim. Hiss elədim ki, bunun axırı nəsə pis qurtaracaq.
Mən yatdığım çarpayının yanına gəlib aşağı əyildi, başladı zarafatyana çiyinlərimə vurmağa.
– Bəsdir, – dedim. – De görüm, hardaydınız?
– Heç yerdə. Ed Benkinin maşınında oturmuşduq, – çiynimə bir yumruq da ilişdirdi.
Ed Benki Pensinin basketbol məşqçisiydi. Bu Stredleyter də onun ən sevimli oyunçusuydu.
Stredleyter hələ də çiyinlərimə döyəcləyirdi. Diş şotkası əlindəydi, sonra ağzına soxdu. Sanki mənim nə dediyim onun vecinə də deyildi.
Qalanını yaxşı xatırlamıram. Bir o yadımdadır ki, sakitcə ayağa durdum, guya bayıra çıxırdım, sonra var gücümlə ağzındakı diş şotkasının üstündən ona bir yumruq ilişdirmək istədim. Kaş şotka bu əclafın boğazını deşib keçəydi. Ancaq yumruğum qulağının dibindən sivişdi. Güman ki, bir balaca ağrıtdı, ancaq mən istəyən qədər yox.
Bir də onda ayıldım ki, döşəməyə sərilmişəm. Dizlərini sinəmə dirəmişdi. Qollarımı tutmuşdu, ona görə də tərpənə bilmirdim, yoxsa onu öldürəcəkdim.
– Nə olub sənə, şeytan ağlını alıb nədir?
– Bu murdar dizlərini çək sinəmdən, – dedim.
Nə qədər elədim, çəkmədi. Qollarımı da buraxmadı, mən də ona dişimin dibindən çıxanı dedim.
– Yum ağzını, Holden! – Stredleyterin sifəti od tutub yanırdı. – Yum ağzını, dedim! Məni hövsələdən çıxarma. Yoxsa əngini əzərəm.
– Çək bu iyrənc dizlərini sinəmdən!
– Buraxsam, ağzını yumacaqsan?
– Hə.
Buraxdı. Durdum ayağa. Sinəm bərk ağrıyırdı.
– Ömrümdə sənin kimi qanmaz birinə rast gəlməmişəm, – dedim.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.