İbn Sina. Вера Смирнова-РакитинаЧитать онлайн книгу.
ondan soruşdu: «Nə istəyin varsa, çəkinmə, söylə, dərhal yerinə yetirim».
Gənc Hüseyn cəsarətini toplayıb çoxdandır qəlbinin dərinliklərində gəzdirdiyi ən böyük arzusunu dilə gətirdi: hökmdardan onu öz kitabxansına buraxmağı xahiş etdi. Xahişini dilə gətirdikdən sonra isə başını qaldırıb əmirin üzünə baxmağa qorxdu ki, onun qəzəbli nəzərlərini görməsin. Axı o vaxtlar bir hökmdarın kitabxanasına nəinki ayaq basmaq, bunu ağlından belə keçirmək heç kəsin həddi deyildi.
Hüseyn əmirin əsəbiləşərək özündən çıxacağını gözlədiyi bir vaxtda Rza Nuhun yumşaq səs tonu ilə dediyi bu sözləri eşitdi: «Saray həkiminə belə bir icazəni vermək olar. O nə qədər çox oxuyub öyrənərsə, bizim xeyrimizədir…»
Beləcə, həmin gündən İbn Sina saray həkimliyinə qəbul edildi və hökmdar kitabxanasına giriş icazəsi aldı. Əslində, onun sarayda işləmək təklifini qəbul etməsinin səbəbi də elə həmin icazə idi: Hüseyn bu zəngin kitabxana sayəsində daha çox bilgi əldə etmək istəyirdi.
Samanilər kitabxanasında
Hüseyn Samanilər kitabxanasına qədəm qoyduğu ilk günü ömürboyu unutmayacaqdı. Onun qarşısında qədim kitablar və əlyazmalarla, müasir əsərlərlə zəngin nəhəng bir dünya açılmışdı! İki yüz il boyunca saysız-hesabsız qiymətli kitabın, əlyazmanın toplandığı həmin kitabxananın öz dövrü üçün dəyərini anlatmaqda sözlər acizdir.
Kitabxanadan istifadə etmək üçün 17 yaşlı İbn Sinaya hökmdar möhürü ilə təsdiqlənmiş xüsusi icazə kağızı verilmişdi.
Hüseyn günlərinin çoxunu burada keçirir, sandıqlara yığılmış kitablarla, əlyazmalarla bircə-bircə tanış olurdu. Qısa vaxtda onun heç bir şübhəsi qalmadı ki, bu bər-bəzəksiz, taxta sandıqlarda dünyanın ən qiymətli xəzinələri yatır. Həmin kitablar, əlyazmalar arasında kimin əsərləri yox idi? IX əsrin ikinci yarısı – X əsrin əvvəllərində yaşamış ərəb alimi, coğrafiyaşünas İbn Rüstənin, X əsr səyyahı və alimi Əbu-Tahir Tayfurinin, İran əsilli tarixçi əl-Balazurinin (820–892), görkəmli coğrafiyaçılar əl-İstəhrinin (850–957) və İbn Havkalın (943–988)… Üstəlik, riyaziyyata, astronomiyaya, bitki və heyvanat aləminə dair saysız-hesabsız kitablar! Bu kitablardan və müəlliflərdən bəzilərinin adları ilə Hüseyn ilk dəfə qarşılaşırdı.
Kitabxanada tibbə dair kitabların saxlandığı ayrıca otaq var idi. Hüseyn həmin otaqda daha çox vaxt keçirirdi. Buradakı sandıqlarda gənc İbn Sina adlarını Qumridən eşitdiyi, yaxud başqa əsərlərdən oxuduğu qiymətli kitablara rast gəlir, sevinci və həyəcanı birə beş artırdı. Düzdür, bəzən ara həkimlərinin, türkəçarələrin əsərlərinə də rast gəlirdi. Həmin əsərləri mötəbər mənbə hesab etməsə də, onlara göz atmağı unutmurdu. Məsələn, bir dəfə Hüseynin diqqətini qalın bir kitab cəlb etdi. Kitabda qiymətli daş-qaşların müalicəvi xüsusiyyətlərindən bəhs olunurdu. Müəllif ölümün caynağından həmin qiymətli daşlarla xilas olan şahların, sultanların, xəlifələrin siyahısını vermişdi. Bu siyahını gördükdə Hüseynin yadına ölüm yatağından qaldırdığı əmirin taxtı yanındakı kətil üzərinə səpilmiş daş-qaşlar düşdü. Həmin daş-qaşların oraya qoyulmasının səbəbini indi anladı və fikrə getdi: əgər daş-qaşlar, doğrudan da, belə möcüzəvi gücə sahibdirsə, onda tibb elminə, həqiqi həkimlərə, loğmanlara nə ehtiyac var?!
Hüseyn kitabxanadan ayrıla bilmir, evə nadir hallarda gedirdi. Onu axtaranlar da artıq gənc İbn Sinanı harada tapacaqlarını yaxşı bilirdilər. Hüseyn indi çağırışlara nadir hallarda gedir, kitabxanadan yalnız Samani əmirinin təcili işi olduqda çıxırdı.
Bir müddət sonra əmirin səhhəti yenidən pisləşdi. Odur ki Hüseyni hökmdarın yatağı başına tez-tez çağırmağa başladılar. Bu dəfə İbn Sinanın səyləri nəticə vermədi. 997-ci ildə əmir Rza Nuh vəfat etdi. Həmin ilin yazında taxta onun böyük oğlu Əbul-Haris Mənsur (II Mənsur) çıxdı. Yeni hökmdar əyan-əşrəfləri arasında gənc İbn Sinanı görməkdən çox məmnun idi. Ona xüsusi hörmət və diqqətlə yanaşırdı. Bunda təəccüblü heç nə yox idi: gənc həkimin şöhrəti getdikcə artır, yalnız bir loğman kimi yox, alim kimi də hamı tərəfindən hörmətlə qarşılanırdı. II Mənsur onu özünün əsas şəxsi həkimi təyin eləmiş, sarayda qalması və çalışması üçün İbn Sinaya xüsusi şərait yaratmışdı.
Yeni hökmdar cavan və sağlam Hüseynin işinə yarayırdı. Çünki II Mənsurun həkimə, demək olar, ehtiyacı yox idi. Bu isə İbn Sinaya öz elmi araşdırmalarını rahatca davam etdirmək imkanı verirdi. Başı kitablardan yalnız xəstə yanına gedəndə açılırdı. Ona görə də xəbəri yox idi ki, Buxaranın üstünü yenidən qara buludlar almaqdadır. Atası Abdullah isə gündən-günə daha da qayğılı görünürdü. Hər dəfə dostları onun evinə yığışanda söhbət Qaraxanilərin gizli hücum hazırlıqlarından və Qəznəvilər dövlətinin18 hökmdarı Sultan Mahmud Qəznəvidən (971–1030) düşürdü. Onların öz aralarında danışdıqlarından belə aydınlaşırdı ki, Samanilər dövləti iki ciddi təhlükə ilə üz-üzədir…
II Mənsur isə xalq arasındakı narahatlıqlardan xəbərsiz şəkildə hakimiyyətini davam etdirirdi. O, Buxara ətrafındakı sarayında kef içində yaşayırdı. Tez-tez hay-küylü ziyafətlər təşkil olunur, gənc əmir bu ziyafətlərə Hüseyni də çağırtdırırdı.
Aradan bir müddət də keçdi. Artıq 999-cu il idi.
Bir dəfə gecəyarı II Mənsurun əyanları İbn Sinanı yuxudan qaldırdılar. Bildirdilər ki, əmirin halı xarabdı, təcili özünü çatdırsın. Hüseyn həyəcanlı şəkildə şəhər ətrafındakı saraya gəldi. Lakin onu içəri buraxmadılar. Sarayın qapısındakı yüzbaşı əsəbi şəkildə dedi: «Sənlik burada iş yoxdur. Sarayda başqa həkimlər var». İbn Sina çarəsiz şəkildə Buxaraya qayıtmalı oldu. Ertəsi gün şəhər məscidinin minarəsindən əmirin atdan yıxılaraq öldüyü, taxta isə qardaşı Əbdülməlik ibn Nuhun (II Əbdülməlik) çıxdığı elan edildi. Günortaya yaxın isə camaat arasında söz yayıldı ki, Mənsur sui-qəsd qurbanı olub.
Hüseyn hər şeyi anladı: əmirin səhhətinin niyə qəfil pisləşdiyini də, nə üçün özünün saraya buraxılmadığını da…
Gənc əmir Əbdülməlik taxtda yencə oturmuşdu ki, böyük bir təhlükə ilə üz-üzə gəldi. Qaraxanilərin hökmdarı Toğan xanın Buxara üzərinə yürüşə çıxdığı məlum oldu.
Əbdülməlik şəhəri müdafiə edə bilmədi. Beləliklə, Toğan xanın ordusu, demək olar, heç bir ciddi müqavimətlə üzləşmədən Buxaranı ələ keçirdi. Yanğınlar, qətllər, talanlar şəhəri bürüdü. Varlılar bütün mal-mülklərini qoyub qaçdılar. Qaça bilməyənlər isə əsasən yoxsullar idi və onlar da öz daxmalarının qapılarını arxadan bağlayaraq qorxu içində başlarına nə gələcəyini gözləyirdi.
Şəhəri tərk etməyərək həyəcanla öz aqibətini gözləyənlərin arasında Hüseyn də var idi. Bütün gün evin içində var-gəl eləyirdi. Atası nəinki ona, ailə üzvlərindən heç kimə evdən bayıra addım atmağa icazə vermirdi.
Nəhayət, bir gün axşam çağı Hüseyn dözə bilməyib evdən çıxdı. Şəhərin Rehistan adlanan baş meydanı Qaraxani əsgərləri ilə dolu idi. Sarayın dörd
18