Başsız atlı. Майн РидЧитать онлайн книгу.
yetirdim. Axı bu gözəl at başqasının əlinə keçərdi.
Plantasiya sahibi Morisə sarı dönərək xal-xal mustanqı göstərib dedi:
– Mən sizə iki yüz dollar borcluyam. Mister Stamp, gərək ki, bu barədə sizinlə danışıb razılığa gəlmişdir.
Mustanger mənalı-mənalı gülümsəyərək:
– Sizdən pul ala bilmərəm. Bu at satlıq deyil, – dedi.
Plantasiya sahibi, dostları və zabitlər buna təəccübləndilər. Atın qiyməti on dollardan iyirmi dollara qədər olduğu halda bu xam mustanqa iki yüz dollar təklif olunur! Mustanger isə onu satmaq istəmir. Yəqin ki, o, ağlını itirib.
– Mister Poyndekster, – deyə mustanger sözünə davam etdi, – o biri mustanqlara çox yaxşı qiymət verdiyinizə görə icazə verin sizə təşəkkür edim. İrlandiyalılarda bu bir adətdir. Qayda belədir ki, hədiyyə saziş bağladığın adama deyil, onun ailə üzvlərindən birinə verilir. Bu adəti Texasda dəb salmaq olmazmı?
Bir neçə səs buna:
– Əlbəttə! – deyə cavab verdi.
Plantasiya sahibi cəmiyyətin iradı qarşısında öz mühafizəkarlığından əl çəkdi:
– Etirazım yoxdur, mister Cerald, necə istəyirsiniz, elə də edin.
Mustanger azca təzim edib cəmiyyətə minnətdarlığını bildirərək ləyaqətlə dedi:
– Təşəkkür edirəm, cənablar, təşəkkür edirəm. Miss Poyndekster onu qəbul etməyə razı olarsa, böyük mükafat aldığımı düşünərəm.
Gənc qız irəli gələrək dedi:
– Ser, mən sizin hədiyyənizi qəbul edirəm, özü də minnətdarlıqla qəbul edirəm. Ancaq mənə elə gəlir ki, at hələ əhliləşməyib. Yəqin ki, xoşuna gəlməsə, yüyəni başından atmağa çalışacaq. Onda mən zavallı nə etməliyəm?
Bu yerdə mayor söhbətə qarışdı:
– Miss Poyndekster haqlıdır. Bu mustanq hələ xamdır. Moris, onun belinə qalx, düzənliyin bu vəhşi atını bizə göstər. Bu mənzərəni hələ görməmiş adamlar üçün maraqlı olar.
Bu, bir çağırış idi. Texasda at miniciliyi çox qiymətləndirilirdi. Moris cəld öz atından yerə sıçrayaraq qantarğanı Zeb Stampa verdi. Məclis əhlinin çoxu mənzərəni daha yaxşı seyr etmək üçün evin yuxarı mərtəbəsinə qalxdı.
Vəhşi atları əhliləşdirməkdə mahir olan mustanger kəndirlə buruntaq burub atın belinə sıçradı. Xal-xal mustanq qulaqbatırıcı və kinli bir səslə kişnəyərək şahə qalxdı. O bunu bir neçə dəfə etdi. Atlı özünü itirmədi. O, atın boynunu qucaqlayaraq ayaqları ilə yançaqlardan sıxırdı. Sonra mustanq dal ayaqları ilə soncuqlamağa başladı. O, iki-üç dəfə belindəki adamı yerə atmağa çalışdı. Lakin hər dəfə atlının çevikliyi qarşısında aciz qalırdı. Qəzəblənmiş heyvan öz səylərinin əbəs olduğunu anlamışdı. Odur ki daha ayağını yerə döymədi, yerindən qoparaq mustanger də belində düzənliyə sarı götürüldü.
Qonaqlar yerlərində durub mustangerin qayıtmasını gözləyirdilər. Yalnız bir nəfər onun ölümünü arzu edirdi. Bir başqası üçünsə bu onun öz ölümünə bərabər olardı.
Mustanger artıq vəhşi atın deyil, öyrədilmiş atın belində yenidən göründükdə Luizanın qəlbi daha bərk döyündü. Mustanger atdan yerə sıçrayıb alqış səslərinə əhəmiyyət vermədən dedi:
– Miss Poyndekster, ata yaxınlaşıb kəndiri boynuna keçirməyi sizdən xahiş edə bilərəmmi? Bunu etsəniz, at elə biləcək ki, onu siz əhliləşdirmisiniz və bundan sonra iradənizə tabe olacaq.
Çöllükdə kef məclisi
Doğan günəşin ilk şüaları İnc qalasının qarşısındakı meydanı işıqlandırdı. Ərzaq yüklənmiş furqon buradan yola düşürdü. Onu ağ və qaradərili əsgərlər müşayiət edirdilər. Dəstənin başında qoca madyanını minmiş Zeb Stamp gedirdi.
Bir azdan həmin yerə başqa bir dəstə yığışmağa başladı. Atlı xanımlar göründülər, onları kişilər – dostları və qohumları müşayiət edirdilər. Poyndeksterin qonaqlığında iştirak edənlərin, demək olar, hamısı burada idi. Plantasiya sahibi, onun oğlu Henri, bacısı oğlu Kassi Kolhaun və qızı Luiza da gəldi. Gənc qız xal-xal mustanqı minmişdi.
Çöllükdə kef məclisi Poyndeksterin şərəfinə düzəldilmişdi. Mayor və zabitlər – bu məclisin sahibləri, plantasiya sahibi və onun dostları isə dəvətlilər idilər. Qonaqları şənləndirmək üçün çöldə vəhşi at ovuna çıxmaq da nəzərdə tutulurdu.
İyirmi draqunun müşayiəti ilə yola düşən bu ikinci dəstənin öz bələdçisi vardı. Bu, Meksika mustangerinə məxsus qəşəng kostyum geymiş gənc Moris idi.
Mayor hamının yığışdığını gördükdə:
– Moris, yola düşək! – dedi və sonra toplaşanlara müraciət etdi: – Ledi və centlmenlər! Bu gənc oğlan vəhşi atları tanıyan gözəl bir ovçudur. Texasda vəhşi atları necə ovlamağı bizə göstərə bilən bir adam varsa, o da elə bu oğlandır.
Gənc irlandiyalı hamıya təvazökarlıqla təzim edib dedi:
– Mayor, mən belə təriflərə dəymərəm. Mən sizə yalnız mustanqların harada otladıqlarını göstərməyi vəd edirəm.
"O nə qədər təvazökardır!" – deyə Luiza bir anlığa düşündü.
Vəhşi at ovlamaq və eyni zamanda şənlənmək üçün Moris Ceraldın seçdiyi yerdən münasib məkan tapmaq olmazdı. Bahalı alman şərabları köpüklənirdi, şən söhbətlərin uğultusu ətrafa yayılırdı.
– Mustenos! – deyə birdən Krespinonun – meksikalı at ilxıçısının səsi eşidildi.
– Vəhşi ayğırlardır? – Moris soruşdu.
– Yox, manadadır, – Krespino dedi.
Moris cəld yəhərə sıçradı. Kapitan Kolhaun nə baş verdiyi ilə maraqlandıqda mayor belə izah etdi:
– Meksikada mustanqlara mustenos, vəhşi madyanlar ilxısına isə manada deyirlər. İlin bu çağında madyanlar ayğırlardan aralı otlayırlar, ancaq…
– Nə ancaq?
– Ancaq vəhşi eşşəklər onlara hücum etməzsə, – dedi.
İlxı yaxınlaşırdı.
– At belinə! – deyə hər tərəfdən səslər eşidildi.
Atlar vəhşicəsinə fınxıraraq onları qovan vəhşi eşşəkdən yaxa qurtarmaq üçün var gücləri ilə qaçırdılar. Onlar nə furqonu, nə də atlıları görürdülər.
– Bu yaramazı dayandırmaq lazımdır, yoxsa bütün ovumuzu korlayar.
Vəhşi eşşək atları qovanda onu heç bir qüvvə dayandıra bilməz… İlxını izləyən vəhşi eşşəyin necə bərk qaçdığını buradakılardan heç kəs bilmirdi. Hamı onu sadəcə olaraq qanmazlıq və ətalət nümunəsi kimi tanıyırdı.
– Cənablar, yerinizdən tərpənməyin! Atları saxlayın! – deyə Moris Ceraldın səsi eşidildi. – Mən onların harada otladıqlarını