Hekayələr. Эрнест Миллер ХемингуэйЧитать онлайн книгу.
qınayırdım. Əlbəttə, ofisiant özü də məlumat bürosuna zəng vurub bu nömrəni öyrənə bilərdi. Amma mən ona Delqadonu tutmağın qısa yolunu göstərdim.
Mən bunu ədalət hissinin birdən-birə içimdə baş qaldırdığı anda etmişdim; həm də yazıçı kimi, insanın özünü kəskin emosional konflikt anında necə aparacağını görmək həvəsim üstün gəlmişdi, yazıçıların məhz bu xüsusiyyəti onları başqaları üçün cazibədar dosta çevirir.
Ofisiant yaxınlaşdı.
– Nə düşünürsünüz? – o soruşdu.
– Şəxsən mən heç vaxt onu ələ verməzdim, – öz-özümə bəraət qazandırmaq üçün dedim. – Ancaq mən əcnəbiyəm, bu isə sizin müharibənizdir, qərarı da siz verməlisiniz.
– Siz, heç olmasa, bizim tərəfimizdəsiniz?
– Bütünlüklə və həmişəlik. Amma bu o demək deyil ki, mən köhnə dostları sata bilərəm.
– Bəs mən?
– Burada vəziyyət tamam başqa cürdür.
Mən hər şeyin dediyim kimi olduğunu bilirdim və ona görə başqa cür danışa bilməzdim, ancaq ofisiantın yerinə olsaydım, belə sözlər eşitməməyə üstünlük verərdim.
Əslində, belə vəziyyətlərdə insanların özlərini necə aparacaqlarına olan marağımı çoxdan təmin etmişdim və məyusedici nəticələrə gəlmişdim. Mən üzümü Cona çevirib Luis Delqadonun oturduğu masaya tərəf baxmadım. Bilirdim ki, təyyarəçi kimi bir ildən artıq faşistlərə xidmət edib. Buraya isə Fransada təlim keçən üç cavan respublikaçı təyyarəçi ilə birgə gəlmişdi, özü də əyninə respublika ordusunun formasını geymişdi.
Bu cavanlardan heç biri onu tanıya bilməzdi və o, bura, bəlkə, təyyarə qaçırmaq, bəlkə də, başqa bir ziyan vurmaq üçün gəlmişdi. Amma hər nə məqsədlə gəlmişdisə də, “Çikote”də görünməyi ağılsızlıq idi.
– Con, özünüzü necə hiss edirsiniz? – mən soruşdum.
– Yaxşı hiss edirəm, – o dedi. – Yaxşı içkidir, okey. Məni bir az kefləndirib. Amma başımdakı küyü azaldır.
Ofisiant yaxınlaşdı. Həyəcanlı idi.
– Onun barəsində məlumat verdim, – dedi.
– Hə, deməli, artıq sizin üçün hər şey aydındır, – mən dedim.
– Bəli, – o, qürurla cavab verdi. – Mən məlumat verdim. Artıq onu həbs etməyə gəlirlər.
– Gəlin gedək, – mən Cona dedim. – Burada səs-küy qopacaq.
– Onda getsək yaxşıdır, – Con dedi. – Nə qədər sakitlik axtarsan da, hər yerdə səs-küyə düşürsən. Borcum nə qədərdir?
– Necə, deməli, siz qalmırsınız? – ofisiant soruşdu.
– Yox.
– Axı mənə telefon nömrəsini siz verdiniz…
– Nə etməli. Sizin şəhərdə çox qalanda xeyli telefon nömrəsi öyrənməli olursan.
– Axı bu mənim borcum idi.
– Əlbəttə. Başqa cür ola da bilməzdi. Borc – əhəmiyyətli məsələdir.
– Bəs indi?
– İndi isə siz bununla fəxr edirsiniz, elə deyilmi? Bəlkə, hələ uzun müddət fəxr edəcəksiniz. Bəlkə, bu sizin xoşunuza gələcək.
– Bağlamanı unutdunuz, – ofisiant dedi. O, “Mahmız” jurnalının banderol kağızına bükülmüş əti mənə verdi – bu jurnal səfirlik otaqlarından birində qalaqlanıb qalmışdı.
– Mən sizi anlayıram, – ofisianta dedim. – Yaxşı anlayıram.
– O bizim köhnə müştərimiz idi, yaxşı müştəri idi. Özü də indiyə qədər heç kimi ələ verməmişəm. Mən bunu dilxoşluq üçün etməmişəm.
– Mən də sizin yerinizdə olsam, nə özümü arsızlığa qoyardım, nə də kobudluq edərdim. Ona deyin ki, mən xəbər vermişəm. Çox güman, onsuz da mənə bir siyasi rəqib kimi nifrət edir. Bunu sizin etdiyinizi bilmək onun üçün ağır olar.
– Yox. Gərək hər kəs öz əməllərinə özü cavab versin. Siz ki başa düşürsünüz?
– Əlbəttə, – dedim. Sonra yalan söylədim: – Başa düşür və təqdir edirəm.
Müharibədə tez-tez yalan danışmaq lazım gəlir və əgər bunu etmək zəruridirsə, mümkün qədər cəld və yaxşı etmək lazımdır.
Biz bir-birimizin əlini sıxdıq və sonra mən Conla birlikdə küçəyə çıxdım. Delqado oturan masaya tərəf boylandım. Qabağında kinəli cin var idi və hamı onun danışdıqlarına qulaq asıb gülürdü. Onun olduqca şən və əsmər sifəti var idi. Gözləri əsl atıcı gözləri idi. Mənə maraqlı gəldi: görəsən, özünü necə təqdim edib?
Hər halda, “Çikote”də görünmək axmaqlıq idi. Amma o özününkülərin yanına qayıda bilsə idi, bununla öyünmək olardı.
Biz qapıdan çıxanda “Çikote”nin qabağında iri bir maşın dayandı və maşından səkkiz nəfər sıçrayıb düşdü. Əli avtomatlı altı adam qapının hər iki tərəfində dayandı. Mülki geyimli iki nəfərsə bara girdi. Gələnlərdən biri sənədlərimizi soruşanda mən: “Əcnəbiyik”, – dedim, o isə söylədi ki, hər şey qaydasındadır və biz gedə bilərik.
Qran-Via ilə üzüyuxarı səkilərin üstü təzəcə tökülmüş pəncərə şüşələri və divarlardan qopmuş daş qırıntıları ilə dolu idi. Havadakı tüstü hələ çəkilməmişdi, küçədən isə partlamış mərmi və parçalanmış qranit iyi gəlirdi.
– Siz harada nahar edəcəksiniz? – Con soruşdu.
– Məndə hamıya bəs edəcək qədər ət var, onu elə mənim nömrəmdə bişirmək olar.
– Mən qızardaram, – Con dedi. – Mən yaxşı aşpazam. Yadıma gəlir: bir dəfə gəmidə yemək hazırlayırdım…
– Qorxuram ki, ət bərk ola, – mən dedim. – Təzə kəsiblər.
– Eybi yoxdur, – Con dedi. – Müharibədə bərk ət olmur.
Kinoteatrdan evə tələsən adamlar qaranlıqda yanımızdan keçirdilər. Onlar kinoteatra bombardmandan gizlənmək üçün girmişdilər.
– Həmin faşist hamının onu tanıdığı bara niyə gəlmişdi?
– Görünür, başı xarab olub.
– Bunu müharibə edib, – Con dedi. – Həddindən artıq başıxarab adam var.
– Con, – mən dedim, – lap gözündən vurdunuz.
Otelin girişində, qapıçının otağının qarşısında üst-üstə yığılmış kisələrin yanından ötdük və mən qapıçıdan açarı verməsini xahiş etdim. Ancaq o dedi ki, iki yoldaş mənim otağımda vanna qəbul edir. Açarı onlara verib.
– Con, yuxarı qalxın, – dedim. – Telefonla bir-iki zəng etməliyəm.
Telefonu götürüb ofisianta verdiyim nömrəni yığdım.
– Hello, Pepe.
Dəstəkdə