Hekayələr. Абдурагим-бек АхвердовЧитать онлайн книгу.
olasınız, hələ bunun dodağından ana südü qurumayıb, özü də çox yaxşı uşaqdır və anasından nəhayət dərəcədə qorxur.
Xanımlar təbəssümlə ona əl uzatdılar. Əkbər burnunun ucunadək qızarıb bir tövr öz familiyasını dedi. Dərhal çay və həlviyyat30 mizin üstündə hazır oldu. Əkbər bir stəkan çay götürüb başladı içməyə, ancaq binəva özünü belə itirmişdi ki, bilmirdi çayı qulağınamı, ya burnunamı içsin. Amma Rüstəm, iki nəfər rus və xanımlarla otağı bir sərçəli samanlığa döndərmişdilər. Orada olan danışıqlar, şivələr, hərəkətlər – hamısı Əkbər üçün bir təzə şey idi. İkinci dəfə çay gələndə Əkbər stəkanı götürüb, çəkilib kənarda bir divan üstündə oturdu. Rüstəm isə xanımların birinə göz elədi və xanım gedib Əkbərin yanında əyləşib başladı onunla şivə ilə söhbət etməyə. Biçarə Əkbər xəcalətdən bir hala düşmüşdü ki, əgər bir hazır qəbir yerdə tapsa idi, əlbəttə, təvəqqe elərdi ki, onu orada dəfn etsinlər.
Gah tərləyirdi, gah qızarırdı, gah saralırdı. Bilmirdi nə desin, nə cavab versin. Hər şeydən ağır Əkbərə yoldaşlarının xəlvət gülməyi gəlirdi. Nökər daxil olub, mizin üstünü təmizləyib, başladı onun dörd ətrafına rəngbərəng şamlar düzməyə. Əkbər təəccüblə buna baxanda xanım soruşdu ki, yəqin, bəs bunlardan bir şey başa düşməyirsən, görünür, sən, həqiqətən, balaca uşaqsan, qoy mən səni başa salım. Bu büsat şampanski büsatıdır.
Şamları yandırandan sonra nökər gedib bir neçə şüşə şampan şərabı gətirdi, şüşənin ağzı tapança kimi açılanda Əkbər səksəndi və buna da xanımlar artıq güldülər. Əkbərin yanında əyləşən xanım qalxıb, iki piyalə şərab töküb, birini özü alıb, birisini Əkbərə uzatdı, dedi:
– Təvəqqe edirəm, bu piyaləni mənim sağlığıma içəsən!
Əkbər dayandı. Bilmədi nə eləsin. Məclis hamısı töküldü binəva Əkbərin üstünə ki, əgər bu şərabı içməsən, əvvəl öz avamlığını sübut edirsən və ikincisi, bu xanımı özündən artıq incidirsən. Rüstəm əlində piyalə qalxıb üzün Əkbərə tutub dedi:
– Qardaş, xahi nəşəvi risva, həmrəngi cəmaət şov!31 Heç danışıq yeri deyil və dayanmağın da mənası yoxdur, labüd gərək içəsən, begir in cami-təlx əz dəsti-şirin32.
Əkbər bilmərrə özün itirib, bixud33 şərabı xanımın əlindən alıb başına çəkdi. Məlumdur ki, hər bir günaha əvvəl qədəm qoymaq çətindir.
Əkbər şərabı içəndən sonra o biri xanım ayağa durub xahiş etdi ki, onun sağlığına da içsin. Binəva Əkbər labüd qalıb ikinci piyaləni həm boşaltdı. Sonra Rüstəm əlində piyalə ayağa qalxıb dedi:
– Camaat, bizim bu gecəmiz çox əziz gecələrdən oldu. Çünki bu gecə bir dünyadan bixəbər ana uşağını səvəba daxil etdik və mən bu məlum gecədə sizə söz verirəm ki, bir azdan sonra Əkbər kimi şürbi34 cəmi şəhərlərdə tapılmasın, ona görə təvəqqe edirəm ki, şeytan kargahının35 bu təzə fəhləsinin sağlığına içək. Əkbər qardaş, sağ ol!
Qonaqlar hamısı piyalələrini Əkbərin sağlığına boşaltdılar. Rüstəm Əkbəri başa saldı ki, gərək o, yığıncağın sağlığına içsin. Çünki qayda belədir. Əkbər naəlac qalıb yenə şərabı içdi. Üçüncü piyalədən sonra Əkbərin dili açılıb başladı bilafasilə danışmağa və piyalələri boşaltmağa. Axır keflənib, divanın üstə yuxulayıb yatdı. Bir vədə eşitdi ki, bağırırlar. Oyanıb gördü ki, sübh açılıb, amma yoldaşlar içirlər. Rüstəm dedi:
– Əkbər, bu dəfə sənə kifayət elər. Belə-belə öyrənirsən! Ayaq bir-bir qoyarlar nərdivana.
Camaat ayağa qalxıb, nökəri çağırıb buyurdular, hesab gətirsin. Əkbər istədi pul versin, qoymadılar. Amma dedilər ki, gələn bu gün həmən bu mənzildə sənə qonaq ola bilərik. Əkbər çox şadlıqla onları qonaq çağırdı.
Əkbər çıxıb faytona minib yola düşdü və yolda fikir edirdi ki, anasına nə cavab versin. Evə gəlib gördü anası yatmayıb və gecəyarısı Kərbəlayı Qulaməli də iki dəfə Rüstəmin evinə gedib, hər dəfə deyiblər ki, Əkbər orada yoxdur.
Əkbər anasının sualına başladı növbənöv hədərən-pədərən cavab verməyə: gah dedi, Rüstəmgildə gecə keçməyinə görə yatmışdım, onun üçün elə deyiblər. Gah dedi, xoş gecə olmağına görə Rüstəmlə şəhər kənarına səyahətə çıxmışdıq. Axır, elə gördü, anası onun yalanını anlayıb dedi:
– Ay rəhmətliyin qızı, az çürüyünə çəksənə, nə çox çövürüb soruşursan! Nə vaxtadək məni uşaq kimi güdəcəksən!
Əkbərin anasına bu növ cavabı nə tövr təsir etdisə, binəva övrət o gün axşamadək ağladı və bir-iki dəfə Kərbəlayı Qulaməliyə dedi ki, Kərbəlayı, deyəsən, Hacı Xəlilin yurdunda bayquş uluyacaq! Amma Kərbəlayı cavab verdi ki, uşaqdır, beyni qandır, mən ona nəsihət elərəm, inşallah, düzələr.
Əkbər anasının məğlubə olmağından əvvəl dilgir olub və sonra öz-özünə dedi ki, bu, yaxşıdır, bundan sonra yoldaşlar mənim adımı “ana uşağı” qoyub tənə etməzlər.
Gələn həftə Əkbər Rüstəmə xəbər verdi ki, axşam məclisi tərtib eləsin və axşam anasından biizn evdən çıxıb mehmanxanaya, haman otağa gəlib gördü, Rüstəm bir böyük övrət və kişi məclisi tərtib eləyib.
Əyləşdilər kefə. Amma Əkbər içən deyildi. Rüstəm yeyirdi, içirdi, söhbət edirdi və hamı da, ələlxüsus xanımlar ona afərin deyirdilər. Sübhədək kef edib, Əkbər min manatdan artıq pul verib evə gəldi.
Evdə anası oğlunun nə yerdə olduğunu nə qədər soruşsa da, Əkbər cavab verməyib, axır qəzəbnak: “Bir yol, sənin borcun deyil!” – deyib gedib yatdı.
Binəva övrət xiffətindən naxoşluğa düşüb, bir neçə gün yatıb Tanrı rəhmətinə getdi.
Bir-iki ay anasının vəfatından sonra Əkbər dükanı bağlayıb, evi Kərbəlayı Qulaməliyə tapşırıb Rüstəmlə bir yerdə yola düşdü Moskva şəhərinə, bəzzaziyyə malı gətirib təzə mağaza qoymağa. Moskvadan yolları düşdü Peterburqa, oradan Berlinə, Berlindən Parisə. Bir ay sərasər Rüstəm Əkbəri Parisin işrətxanalarında gəzdirib öz gününə saldı və bu səyahət Əkbərə yüz min manatdan artığa durdu. Axır Parisdə bir gözəl (madam San Fua adlı) xanıma bənd olub, ildə iyirmi dörd min manata danışıb və qabaqca neçə min manatlıq libas və cavahirat alıb, özü ilə vətənə gətirib, mehmanxanada mənzil verdi. Və başladı evin övzaını36 dəyişməyə. Otaqları Yevropa qaydasına salıb, baha qiymətlərə miz və sandallarla müzəyyən edib və madam San Fua üçün bir gözəl otaq hazırlayıb köçürtdü evinə və qoca Kərbəlayı Qulaməliyə yüz manat verib rədd etdi və əvəzinə bir aşpaz, bir lakey və madam üçün bir qız qulluqçusu baha qiymətə tutdu və sonra bir fayton, bir karet və dörd rəs
30
31
Biabır olmaq istəmirsənsə, camaatla həmrəng ol.
32
Bu acı piyaləni şirin əldən al.
33
34
35
36