Hekayələr. Ömər SeyfəddinЧитать онлайн книгу.
deyə rica etdi.
On beş dəqiqəyə Çamlıcaya gəlmişdi. Sürücünün göstərdiyi dəmir barmaqlıqlı bir qapıdan girincə qarşısında açılan mənzərənin lətafətindən təəccübləndi. Geniş bir yolun iki tərəfində hündür akasiyalar sakit kölgələriylə hər tərəfi bürüyür, zərif ləklərdə adlarını bilmədiyi çiçəklər, vücudları görünməyən pəri gözləri kimi ona baxırdı. Nəfis qoxular içində yeridi. İrəlidə, xoş kölgələr altında bəyaz mərmərdən bir hovuz vardı. Onun başına gəlincə ayaq saxladı. Bir bülbül ötürdü. Ətrafına təkrar bir göz gəzdirdi. Yasəmən kolları ilə örtülü keçid yolları sarmaşıqdan olan bağça köşkünə gedir, böyük şam ağacları divarları gizləyirdi. Hovuzun kənarında qamış taxt qoyulmuşdu. Bərq vuran suyun içində qırmızı balıqlar üzürdülər.
– Nə lətafət, yarəbbi! – dedi.
Bura kiçik bir cənnətə bənzəyirdi. Orxanın nəfis misraları qədər xülya, həzz, həyat doluydu. İstəmədən öz həyatını xatırladı. Belə bir bağçanın xəyalı yuxusuna belə girməmişdi. Dar pilləkənlər, ucuz mebellər, qaba dolablar… Halbuki bu mühit başdan-ayağa bir şeirdi. Öz həyatı bu səmimi şeirin yanında bir baqqal dükanının elanına bənzəyirdi. Bəli, öz həyatı çirkin deyilsə belə, heç də gözəl deyildi. Vaxtilə qazandığı pullarla belə gözəl bir bucaqda çox əla yaşaya bilər, yaşamın ülvi zövqünü dada bilərdi. Amma qənaət hərisliyi… onu hər növ gözəllikdən uzaq saxlamış, "faydalı"dan başqa hər şeyə düşmən etmişdi. Nəticədə qazanc nə idi? Quruş-quruş yığdığı pulları oğlu oğurlayıb qaçmamışdımı? Yenə təəssüratdan qəlbi burxuldu. Dura bilmədi. İmarətin mərmər perronuna sarı irəlilədi. Geniş pəncərələrin bəyaz tüllərini külək yellədirdi. Önündəki hovuzuyla qarayaçalan tünd-göy kölgələr altında uyuyan bu qəşəng yuva elə nəfis, elə bədii bir dekor təşkil edirdi ki…
Fon Sədriştayn:
– Bu cənnətdə doğulan, böyüyən necə dahi olmasın? – dedi.
Həyatında ilk dəfə, düşünmədən gözəlliyin rolunu anlayırdı. Təmiz pillələri yavaş-yavaş çıxdı. Şüşəli bəyaz qapının elektrik düyməsini basdı, gənc bir qız qarşısına çıxdı:
– Xanımı ziyarətə gəldim.
– Az əvvəl zəng edən siz idiniz, deyilmi?
– Bəli.
– Buyurun.
Yol verdi. Fon Sədriştayn böyük şairin evini çox qələbəlik təsəvvür edirdi. Halbuki burada sakitlik hökm sürürdü. Əlindəki əsasını asılqana söykərkən qıza: "Orxan bəy evdədirmi?" – deyə soruşdu.
– Xeyr, cənab.
– Bəs haradadır?
– İki həftə əvvəl Boluya gedib.
– Öz şənliyində yox idi?
– Xeyr, burda deyildi.
Qızın qapısını açdığı kiçik bir salona girdi. Divanları, divarları, pərdələri o qədər zərifdi ki… Bir daha hamısına ayrı-ayrı baxmaqdan ürəyində həyəcan duydu. Qız:
– Xanıma xəbər verim, – deyə çəkilib getdi. Divarlarda ən məşhur türk rəssamlarının tabloları vardı. Qapının qarşısında otuz il əvvəlki səfəri formalı bir gənc zabitin rəsmi asılmışdı. Baxışında nəcib bir dərinlik parlayırdı. Fon Sədriştayn: "Bu, mütləq şairin Çanaqqalada şəhid düşən atası olacaq!" – dedi. Tavanın nəqşlərində, yerdəki xalının, döşəmələrin rənglərində elə bir ahəng vardı ki, insan baxar-kən özünü "sakitləşdirici musiqi" içində sanırdı. Qız, arxa- sından:
– Buyurun, cənab, – deyə səslədi.
Fon Sədriştayn mərmər dəhlizi keçdi. İndi bu şeirdən yuvanı quran, bu şeirin içində böyük dahini yetişdirən böyük qadını görəcəkdi. Ürəyi yenə həyəcanla vurmağa başladı. Önündə açılan qapıdan girdi. Endirilmiş bir pərdənin yarımaydınlıq kölgəsində hələ gənc deyilə biləcək bir qadının ayaq üstə durduğunu gördü. Birdən gözlərinə inana bilmədi. Diqqətlə baxdı. Daş kimi quruyub qaldı. Nəfəsi tutuldu. Gözünə qaranlıq çökdü, az qala yıxılacaqdı.
– !..
– Sədrəddin bəy?
– …
– Tanıdınız?
– …
– Hə, buyurun oturun.
– …
Fon Sədriştayn yıxılmamaq üçün divara söykəndi. Başını yerə əydi, əlləriylə üzünü qapadı:
– Məni bağışlayın, bağışlayın! – deyə inlədi.
Orxanın anası, yüksək bir aləmdən günahkarlara səslənən şəfqətli bir məlaikə kimi soruşdu:
– Zaman hər dərdi-qəmi silər, Sədrəddin bəy, sıxılmayın. Sizə artıq bir incikliyim qalmayıb ki, əfv edim. İyirmi beş il… Fəqət bir şey məni hələ də incidir. Deyək ki, məni boşadınız, Almaniyada sevdiyiniz bir qadını üstümə aldınız, nə isə… Amma nə üçün mənə iftira atdınız? Bilirdiniz ki, mən təmiz, namuslu, iffətliyəm. Nə üçün o iftiranı gəvəzə bir romançıya danışıb yazdırdınız? Bax bu yara hələ də qəlbimi sızladır.
– Mən… söyləməmişəm!
– O halda, onun o qədər mübaliğələri yetmirmiş kimi, öz keyfi üçün mənə atdığı iftiraya nə üçün "yalandır" demədiniz?
Fon Sədriştayn həyəcandan boğulurdu:
– Onu da… ba…bağışlayın, xahiş edirəm! – deyə kəkələdi.
Başqa bir şey söyləyə bilmədi. Bu qaranlıqda dura bilmədi, düşünə bilmədi. Qapıdan çıxdı. Ürkmüş bir dəli kimi özünü bağçaya atdı. Vaxtilə həqiqətini inkar etdiyi bir məbəddən qovulan pərişan bir dinsiz üzüntüsüylə bu zümrüd yuvadan, millətin bu müqəddəs Kəbəsindən sürətlə uzaqlaşdı.
Mənzilinin qapısını açan madam Sədriştayn qışqırdı:
– Hanı əlindəki əsa?
– …
Ərinin cavab vermədiyini görüncə hiddətləndi:
– Fevral ayından bəri dörd əsadır itirirsən. Bu, dalğınlıq deyil, sərsəmlikdir!..
– …
Fon Sədriştayn özünü otağına saldı.
– Artıq, evdən tək çıxarkən, əlinə əsa almağı sənə qadağan edirəm!
– …
Yenə cavab vermədi. Kreslosuna çökdü. Yaşarmış gözlərini Çamlıca təpəsinə dikdi. Dəhlizdəki divar saatının çıq-çıqları, mətbəxdə qaynayan kartof qazançasının köpüklü fışıltısı bir-birinə qarışaraq qulaqlarında böyüyür, beyninin içində müdhiş bir gurultu qoparırdı.
BİR QAYIŞIN TƏSİRİ
Bir zabit dostumla oturmuşduq. Yanımızdakı masada iri, lopabığlı, yekə papaqlı bir dəliqanlı, çətin bir çərkəz şivəsiylə qarşısında sıralanmış böyüklü-balacalı papaqlılara nələrsə