Hekayələr. Проспер МеримеЧитать онлайн книгу.
atmaq üçün irəliləyərək qışqırdı:
– Ata!
Mateo onun üstünə bağırdı:
– Mənə yaxın gəlmə!
Uşaq dayandı, atasına bir neçə addım qalmış yerində heykəl kimi dondu və hönkür-hönkür ağladı:
Cüzeppa uşağa yaxınlaşdı. O, Fortünatonun köynəyinin altından çıxan saatın zəncirini görmüşdü.
– Bu saatı sənə kim verib? – deyə ciddi tərzdə soruşdu.
– Serjant əmi.
Falkone saatı qamarladı və onu var gücü ilə daşa çırpıb xıncım-xıncım elədi.
– Arvad, – Mateo üzünü Cüzeppaya tərəf çevirib soruşdu: – Bu uşaq məndəndir?
Cüzeppanın mis rənginə çalan sifəti körüyə atılmış pul kimi qızardı.
– Mateo, sən nə danışırsan?! Kiminlə danışdığını başa düşürsənmi?
– Yaxşı! Onda bil və agah ol ki, bu, bizim nəsildə satqınlıq eləyən ilk uşaqdır.
Fortünatonun hönkürtüsü və hıçqırığı getdikcə güclənirdi. Falkone isə gözünü ona zilləyib heykəl kimi dayanmışdı. Nəhayət, o, əlindəki tüfəngin qundağını yerə vurdu, sonra onu çiyninə atdı, makiyə tərəf gedən yola düşdü və Fortünatoya sarı qışqırdı ki, onun ardınca gəlsin. Uşaq itaət etdi.
Cüzeppa Mateonun dalınca qaçdı və onun əlindən tutdu. Şəvə kimi qara gözlərini ərinin gözlərinə zilləyərək, onun qəlbindən keçəni oxuyurmuş kimi titrək səslə:
– Bu sənin oğlundur! – dedi.
– Burax məni! – deyə Mateo cavab verdi. – Mən onun atasıyam.
Cüzeppa oğlunu qucaqlayıb öpdü və ağlaya-ağlaya qayıdıb daxmaya girdi. O, müqəddəs Məryəmin şəkli qarşısında diz çökərək bərkdən yalvarmağa başladı…
Bu zaman Falkone vadiyə uzanan cığırla irəliləyirdi. O, təxminən iki yüz addım aralandıqdan sonra kiçik bir yarğanın üstündə dayandı və tullanıb yarğana düşdü. Tüfəngin qundağı ilə torpağın bərkliyini-boşluğunu yoxladı və nəm torpağın asanlıqla qazılacağını öz-özlüyündə yəqinləşdirdi. Qəlbindəki niyyət üçün elə buranın əlverişli olduğunu düşündü.
– Fortünato, get, o böyük daşın yanında dayan.
Atası ona nə dedisə, uşaq əməl etdi, sonra daşın dibində diz çökdü.
– Dua et!
– Ata, ata! Məni öldürmə!
– Dua et! – Mateo dəhşətli səslə bağırdı.
Uşaq dili topuq vura-vura və hönkürə-hönkürə müqəddəs kitabın “Ata” və “İnanc” fəsillərini əzbərdən söyləməyə başladı.
Mateo uşağın dediyi hər cümlənin axırında “amin!” deyirdi.
– Bildiyinin hamısı elə budur?
– Ata, “Məryəm ana”nı da bilirəm, həmin bu duanı mənə xalam öyrədib.
– Çox uzundur, ancaq eybi yoxdur, onu da oxu!
Uşaq duanı axıra kimi oxudu. Onun səsi getdikcə öləziyirdi.
– Qurtardın?
– Ah, ata! Rəhm elə! Məni bağışla! Bir daha belə eləmərəm! Kapral əmidən xahiş edərəm ki, Jianettonu bağışlasın!
O, yenə nəsə deyirdi. Mateo tüfəngini doldurdu, onu üzünə qaldırıb tuşladı və dedi:
– Qoy Allah özü sənin günahını bağışlasın!
Uşaq atasının dizlərini qucaqlamaqdan, günahının bağışlanması üçün yalvarmaqdan ötrü ayağa qalxmağa cəhd etdi, ancaq artıq gec idi. Mateo tətiyi çəkdi, Fortünato yerindəcə qaldı.
Uşağın cəsədinə gözünün ucu ilə baxmayan Mateo oğlunu basdırmaq üçün bel dalınca evə tərəf yollandı. Bir neçə addım atmışdı ki, qan-tər içində ona tərəf qaçan Cüzeppa ilə rastlaşdı.
Arvad bağırdı:
– Sən nə iş tutdun?
– Ədalətli iş.
– Uşaq hanı?
– Yarğanda. İndi qayıdıb basdıracağam. O, xristian kimi öldü. Mən onun ruhuna dua oxutduracağam. Kürəkənim Tyodoro Byanşiyə xəbər göndərmək lazımdır ki, köçüb gəlsin və bundan sonra bizimlə yaşasın.
İSTEHKAMIN ALINMASI
Neçə il bundan əvvəl Yunanıstanda qızdırmadan ölən dostlarımdan biri şəxsən özünün iştirak etdiyi ilk döyüş əməliyyatından mənə bir əhvalat danışmışdı. Onun hekayəsi məni elə valeh eləmişdi ki, vaxt tapan kimi həmin əhvalatı olduğu kimi qələmə aldım. Hekayə belədir.
Mən öz alayıma sentyabr ayında, gecə vaxtı gəlib çatdım. Polkovniki düşərgədə tapdım. Məni əvvəlcə çox könülsüz qarşıladı, ancaq general B-nin zəmanət məktubunu oxuyandan sonra səsinin ahəngi dəyişdi və mənə bir neçə ürəkaçan söz dedi.
O, məni kəşfiyyatdan yenicə qayıtmış kapitana təqdim etdi. Bu kapitan (onu sonralar lap yaxından tanımaq mənə müyəssər olmadı) hündürboylu, qarabuğdayı, sərt xasiyyətli, eybəcər sifətli bir adam idi. Əvvəllər adi, sıravi əsgər olmuş, sonralar çiynindəki rütbəni və döşündəki xaç nişanını döyüş meydanında qazanmışdı. Onun xırıltılı və zərif səsi nəhəng bədəni ilə qətiyyən uyuşmurdu. Deyilənlərə görə, İena döyüşündə bir tərəfdən dəyib o biri tərəfdən çıxan güllə onun səsini bu hala salmışdı.
Fontenblo hərbi məktəbini qurtardığımı bilən kimi onun sifətinin ifadəsi dəyişdi. Dedi:
– Mənim leytenantım dünən həlak oldu…
Mən onun: “Onu siz əvəz etməlisiniz, siz isə bunu etmək iqtidarında deyilsiniz” demək istədiyini dərhal başa düşdüm. Dilimin ucuna kobud bir söz gəldi, ancaq hövsələmi basıb özümü saxladım.
Bizim düşərgədən iki top gülləsi məsafəsində yerləşən Şövörino5 istehkamının arxasında iri, narıncı ay doğmuşdu; həmişə doğduğu kimi. Ancaq bu gecə o mənə təsəvvürəgəlməz dərəcədə böyük görünürdü. İstehkam ayın haləsində bir neçə anlığa qara rübəndə büründü. O, püskürmə zamanı vulkanın konusşəkilli kraterini xatırladırdı.
Mənim yanımda dayanan bir nəfər yaşlı əsgər ayın rənginə diqqət yetirərək dedi:
– Gör nə qırmızıdır! Bu o deməkdir ki, bu məşhur istehkam bizə baha başa gələcək!
Mən həmişə mövhumatçı olmuşam və əsgərin bu falçılığı belə bir anda məni xüsusilə təşvişə saldı. Mən uzandım, ancaq yata bilmədim. Qalxdım və bir müddət Şövörino kəndinin hüdudlarındakı təpəlikləri ağuşuna alan nəhəng, ucu-bucağı görünməyən tonqal sırasına tamaşa etməyə başladım.
Gecənin sazağı iliyimə işləyəndə gəlib tonqalın yanında uzandım, əsgər şinelimi səliqə ilə üstümə çəkdim
5