Hekayələr. Редьярд Джозеф КиплингЧитать онлайн книгу.
bəsit uşaq nəğməsinə keçdi:
“Balamız möhkəm yatıb,
Şirələnir gavalı
Bağçadakı ağacda.
– Baba, gavalın neçə?
– Girvənkəsi bir penni!
Amma qoymayın seçə!..”
Dalınca göz yaşları, alın yazısına, qismətə etiraz, şikayət gəldi və Əmirəni bu minvalla yuxu apardı. Yuxuda o, yüngülcə inildəyir, böyründəki kimisə qoruyurmuş kimi sağ əlini uzadırdı. O gecədən sonra həyat Holden üçün bir qədər yüngülləşdi. Yaşadığı itkinin daimi ağrısı onu məcbur edirdi ki, işə can atsın – yalnız işdə günün doqquz-on saatını beyni tam işğal olunurdu. Əmirə evdə tək oturub qüssə yeyirdi, amma Holdenin bir qədər sakitləşdiyini görəndə bütün qadınlar kimi özünü azacıq xoşbəxt hiss etdi! Onlar bəxtiyarlıq adlanan nemətdən bir də daddılar, amma bu dəfə son dərəcə ehtiyatla.
– Tota ona görə öldü ki, həddindən çox sevirdik onu. Tanrının bizə paxıllığı tuturdu, – Əmirə belə deyirdi. – Mən pəncərəmizin qabağından yekə qara kuzə asmışam ki, bədnəzərə gəlməyək. İndi biz məmnunluğumuzu göstərməməliyik, ulduzların altında sakit, səssiz dolanmalıyıq ki, Allah bizi tapa bilməsin.
O gündən bəri onlar sevinclərini göstərmir, xoşlarına gələn, məmnun qaldıqlan bir şey olanda “babatdır” deyir və ümid edirdilər ki, göylər onları eşidir.
Göylər isə bütün güclərini başqa məsələlərə yönəltmişdi. Onlar otuz milyon insana dördillik bolluq bəxş etmişdilər, adamlar qarındolusu yemək görür, bol məhsul toplayırdılar; əhalinin sayı ildən-ilə arta-arta gedirdi; əyalətlərdən xəbər gəlirdi ki, hər kvadratmil məhsuldar torpağa doqquz yüzdən iki minədək əkinçi düşür; Aşağı Tutinqdən olan, bütün Hindistanı başında silindr, əynində frak dolaşan parlament üzvü hər yerdə Britaniya idarəçiliyinin xeyirxah niyyətindən dəm vurur, bütün çıxış yollarını düzgün seçki sisteminin qəbulunda, nemətlərin bölüşdürülməsində görürdü. Onun əzabkeş seçiciləri isə millət vəkili gözəl dxak ağacı qarşısında ayaq saxlayaraq bəlağətli sözlərlə ağacın vaxtından qabaq açmış qan kimi qırmızı çiçəklərinin gələcək rifahın əlaməti olduğunu söyləyəndə həmişəkindən daha çox gülümsünmüşdülər.
Bir dəfə Holden yerli klubda Kot-Kumharsendən olan komissarın başısoyuq söhbətini eşitdi və az qaldı damarlarında qanı dona.
– O daha heç kəsi bezdirməyəcək. Hər şeyə belə təəccüb eləyən adamı heç vaxt görməmişəm. Yupiterə and olsun, fikirləşirdim ki, nümayəndələr palatasına bu münasibətlə mütləq sorğu ünvanlayacaq. Gəmidə onunla yanaşı nahar edən sərnişin vəbaya yoluxub on səkkiz saatdan sonra ölmüşdü. Gülməli heç nə yoxdur, qardaşlar. Aşağı Tutinqdən olan deputat buna görə dəhşət qəzəblənmişdi, amma qorxusu qəzəbini də üstələyirdi. Mən elə fikirləşirəm ki, o, Hindistanı özü kimi savadlı personadan azad edəcək.
– Onu qovmaq üçün nə desən verərdim. Bu onun kimilərinə birbaşa öz işiylə məşğul olmağı öyrədərdi. Bəs vəba necə olsun? Sanki bunun üçün hələ tezdir, – gəlir gətirməyən duz mədənlərinin nəzarətçisi dilləndi.
– Bilmirəm… – komissar qayğılı-qayğılı dedi. – Bizdə çəyirtkə peyda olub. Bütün şimal sporadik vəbadan əziyyət çəkir – biz onu utandığımızdan sporadik adlandırırıq. Beş əyalətdə yaz məhsuldarlığı aşağıdır və görünür, kimsə dəqiq bilmir ki, yağış niyə yağmır. Marta az qalıb. Mən heç kəsi qorxutmaq istəmirəm, amma mənə elə gəlir ki, bu il təbiət qırmızı qələmini əlinə alıb bizimlə haqq-hesab çəkəcək.
– Özü də düz mənim məzuniyyət götürmək istədiyim zamanda, – kiminsə uzaqdan səsi gəldi.
– Bu il məzuniyyətlər çox olmayacaq, amma vəzifəsi artanlar olacaq. Gəlmişəm hökuməti inandırım ki, vacib saydığım kanal məsələsini qıtlıqla əlaqədar tədbirlər siyahısına salsınlar. Elə bir bəd külək yoxdur ki, xeyir gətirməsin. Nəhayət ki, bu kanalın başa çatdırılmasına nail olacağam.
– Deməli, köhnə proqram qüvvədə qalır, – Holden dilləndi. – Aclıq, qızdırma və vəba.
– Yox, elə deyil. Yalnız bəzi əyalətlərdə məhsul qıtlığı və adi mövsümi xəstəliklərin çox yayılması. Əgər gələn ilə sağ çıxsanız, bütün bunları raportlarda taparsınız. Siz xoşbəxtsiniz, əzizim: bəladan uzaqlaşdırmalı olduğunuz arvadınız da yoxdur. Dağlıq ərazilər bu il, yəqin ki, qadınlarla dolacaq.
– Mənə elə gəlir ki, siz bazarlarda dolaşan söhbətlərin əhəmiyyətini şişirtməyə meyillisiniz, – katiblikdən olan gənc məmur dilləndi. – Mən fikir verdim ki…
– Razıyam: fikir verdiniz, – komissar dilləndi, – amma oğlum, həyatınız boyu hələ o qədər şeyə fikir verməli olacaqsınız ki. Hələliksə sizinlə bir məsələni müzakirə etmək istəyirəm. – Sonra o, cavan oğlanı bir kənara çəkdi ki, ürəyinə bu qədər yaxın olan kanalın tikintisiylə əlaqədar məsələləri onunla götür-qoy etsin.
Holden daxmasına getdi və artıq dərk etməyə başladı ki, yer üzündə tək deyil və o, başqasının həyatı üçün də yaman qorxur. Bu qorxu isə insana bəlli olan qorxuların ən təsəllivericisiydi.
Komissarın dediyi kimi, iki aydan sonra təbiət qırmızı qələmini götürüb insanlarla haqq-hesab çəkməyə başladı. Yaz mövsümünün məhsul yığımından dərhal sonra çörək barədə qara-qışqırıq düşdü və bircə nəfərin belə acından ölməyəcəyi haqda qərar vermiş hökumət taxıl yolladı. Sonra dörd bir tərəfdən vəba keçdi hücuma. Xəstəlik müqəddəs mehrabın ətrafına yığışmış yarım milyon zəvvarın arasında partladı. Çoxları öz tanrılarının ayaqları altında öldü; digərləri başlarını götürüb oradan qaçaraq azarı bütün ölkəyə yaydılar. Vəba qala divarlarıyla üzük qaşı kimi dövrəyə alınmış şəhəri də başına götürdü və gündə iki yüz nəfəri öldürməyə başladı. Xalq qatarlarda əziyyət çəkir, qapılarından sallaşır, büzüşərək vaqonların damlarında yerləşirdi, vəba isə onları qarabaqara izləyirdi deyə hər stansiyada ölüləri, can verənləri çölə çıxarırdılar. Can çəkişənlər canını yollarda tapşırırdı, ingilislərin atları isə göy otun üstündəki meyitləri görəndə ürküb qaçırdı. Yağış yağmaq bilmirdi; torpaq da dəmirə dönmüşdü ki, kimsə onun qoynunda ölümdən gizlənə bilməsin. İngilislər arvad-uşaqlarını dağlara yollayıb işlərinə davam edirdilər, əmr veriləndə gələrək döyüş xəttində yaranmış boşluqları doldururdular. Yer üzünün onun üçün ən qiymətli varlığını itirməkdən qorxan Holden bütün imkanlarından istifadə etdi ki, Əmirəni anasıyla bir yerdə Himalaya getməyə razı salsın.
– Niyə gedim axı? – qadın bir axşam dedi.
– Burada xəstəlik var, camaat qırılır; mem-loqların da hamısı artıq çıxıb gedib.
– Hamısı?
– Hə, hamısı. Bilmirəm, bəlkə də, ərinin əsəbləriylə oynamaq üçün özünü ölüm təhlükəsinə məruz qoyan hansısa ərköyün qarı burada qalıb hələ.
– Yox;