Эротические рассказы

Hekayələr. Редьярд Джозеф КиплингЧитать онлайн книгу.

Hekayələr - Редьярд Джозеф Киплинг


Скачать книгу
onlar da məni söyürdü; onda mən də bir dənə ilişdirdim qıza, başladıq bir yerdə ağlamağa.

      – Dilənçi bunu etmirdi, – Qobind dedi, – çünki çox müqəddəs, yoxsul adam idi. Parbati onu zəvvarların keçib-getdiyi məbəd pillələrinin üstündə çılpaq oturmuş gördü və Şivaya dedi: “Tanrılar ki öz sitayişkarlarına belə yuxarıdan aşağı baxırlar, insanlar onlar barədə nə düşünərlər? Bu insan bizə qırx il dua edib, indi də qabağında bir neçə düyü dənəsi və qırıq kauridən3 başqa heç nə yoxdur. Bu, adamların qəlbini sərtləşdirər”. Şiva dedi: “Buna diqqət edərlər, – və o öz oğlu, fil başlı Qaneşin məbədində qışqırdı: – Oğlum, məbədin yanında yoxsul bir dilənçi oturub. Onun üçün nə edəcəksən?” Onda fil başlı böyük ilahi zülmətdə oyanıb cavab verdi: “İstəyirsənsə, üç gündən sonra onun bir lak rupisi olacaq”. Onda Şiva ilə Parbati getdilər. Lakin məbəd bağındakı gül-çiçəyin arasında bir sələmçi vardı, – uşaq əlindəki, əzilmiş çiçəklərə nəzər saldı, – hə, sarı güllərin arasında, – və o, tanrıların söhbətini eşitmişdi. Onda həmin sələmçi dilənçiyə yaxınlaşıb soruşdu: “Qardaşım, imanlı insanlar hər gün sənə nə qədər nəzir verirlər?” Dilənçi cavab verdi: “Deyə bilmərəm. Bəzən bir az düyü, tərəvəz, ya da bir neçə balıqqulağı; hərdən turşuya qoyulmuş manqo meyvəsi, pörtdənmiş balıq gətirdikləri də olur”.

      – Dadlı şeydir, – dodaqlarını yalayan uşaq dedi.

      – Onda sələmçi dedi: “Mən sənə çoxdan göz qoyuram. Baxdım və sənin səbrini, özünü sevdim. Odur ki növbəti üç gündə alacağın nəzirin yerinə sənə beş rupi pul verəcəyəm”. Lakin dilənçi dedi: “Sən divanəsən. Mən beş rupini heç iki ayda da qazanmaram”. Axşam bütün baş verənləri arvadına danışdı, o isə belə dedi: “Heç olub ki, sələmçi özünə sərf eləməyən işə girişsin? Canavar ova ona görə çıxır ki, ətli-canlı maral tutsun. Bizim taleyimiz tanrıların əlindədir. Onunla razılaşma”.

      Dilənçi qayıdıb sələmçiyə dedi ki, razı deyil. Pis adam bütün günü onun yanından əl çəkmədi, üçgünlük qazancına getdikcə daha yüksək qiymət təklif etdi. Əvvəlcə on, əlli, yüz rupi; sonra isə, tanrıların səxavətinə bələd olduğundan, minlərcə rupi təklif etdi, axırda qiyməti yarım lakadək yüksəltdi. Onda arvadı qərarını dəyişdi; dilənçi müqaviləni imzaladı, pul gümüş əsginaslarla verildi; onları bir cüt ağ öküz qoşulmuş arabada gətirdilər. Lakin dilənçi bu pullardan başqa tanrılardan heç nə almadı və sələmçinin qəlbində böyük narahatlıq baş qaldırdı. Ona görə də üçüncü günün günortası sələmçi məbədə gəldi ki, tanrıların məsləhətinə gizlincə qulaq assın və dilənçiyə mükafatlarını necə verəcəklərindən xəbər tutsun. O, dua edəndə döşəmənin daşları yarıldı, dabanı həmin yarıqda pərçim oldu. O, məbədin qaranlığında gəzən tanrıların səsini eşitdi. Şiva oğlu Qaneşə səsləndi: “Oğlum, dilənçinin bir lakı necə oldu?” Qaneş, deyəsən, yenə yuxudan oyandı, çünki sələmçi açılan xortumun küt səsini və verdiyi cavabı eşitdi: “Ata, pulun yarısı çatıb, ikincı yarısını da ödəyəcək adamın dabanından bərk-bərk yapışmışam, verənədək buraxan deyiləm”.

      Uşaq gülməkdən ölürdü.

      – Sələmçi pulun qalanını da verdi? – soruşdu.

      – Əlbəttə: tanrılar dabanından yapışan adam mütləq borcunun hamısını verməlidir. Pul elə həmin axşam gümüş sikkələrlə ödəndi və yekə arabalarda gətirildi. Qaneş öz işini belə başa çatdırdı.

      – Natu! Ehey, Natu!

      Qaranlıqda doqqazın ağzından bir qadın çağırırdı.

      Uşaq narahat halda qımıldandı.

      – Anamdır, – dedi.

      – Get, balaca, – Qobind dilləndi, – amma dayan, bir saniyə ayaq saxla.

      Sonra səxavətli əliylə yamaqlı örtüyündən iri bir tikə qoparıb Natunun çiyinlərinə saldı. Uşaq qaçıb getdi.

      LİSPET

      O, dağlı Sonu ilə arvadı Cadehin qızıydı. Bir il qarğıdalının məhsulu pis oldu; onların Kotqarx tərəfdə, Setlec vadisindən yuxarıda yerləşən yeganə xaşxaş tarlasında isə iki ayı gecələmişdi. Buna görə də qışda Sonu ilə arvadı xaçpərəst oldular və öz qızlarını xaç suyuna çəkmək üçün xaçpərəst missiyasına gətirdilər. Kotqarxın keşişi qızın adını Yelizaveta qoydu, ya da dağlı paxarilərin çağırdığı kimi – Lispet.

      Bundan bir neçə il sonra Kotqarx vadisinə vəba baş çəkdi, Sonu ilə Cadehi apardı, Lispet isə Kotqarx keşişinin arvadı üçün yarıqulluqçu, yarıortaq kimi bir şey oldu. Bu, Moraviya missionerlərinin oralara sahiblənməsindən sonra, amma Kotqarxın “Şimal dağlarının sahibi” şöhrətini itirməsinədək baş verdi.

      Bilmirəm Lispeti xristianlıqmı belə təkmilləşdirmişdi, yoxsa ölkəsinin ilahiləri ona elə xarakter bəxş etmişdilər ki, böyüyüb qəşəng bir qıza çevrilən kimi istənilən şəraitdə özünü büruzə verirdi. Əgər dağlı qızı gözəldirsə, ona baxmaq üçün əlli mil daş-kəsəkli yoldan ötməyə dəyər. Lispetin klassik yunan sifəti vardı – insanların tez-tez çəkdiyi, amma gec-gec gördüyü sifətlərdən biri. Üzünün rəngi fil dişi kimi solğun idi və qız öz qəbiləsi üçün qeyri-adi, çox uca qamətə malikiydi. Onun gözləri də ecazkar idi və əgər missionerlərin sevdiyi sarsaq çit paltarlardan geyməsəydi, siz onunla qəflətən dağda qarşılaşanda romalıların ova çıxmış Dianası sanardınız.

      Lispet yaxşı xristian idi və böyüyəndən sonra bir çox dağlı qızların etdiyi kimi, xristianlıqdan dönmədi. Yerlilərinin onu görməyə gözü yox idi, çünki özlərinin diliylə desək, “ağdərili qadın” olmuşdu və hər gün çimirdi. Kapellanın arvadı isə bilmirdi ki, onunla nə etsin. Beş fut on düym boyu olan mükəmməl ilahəyə qab-qaşıq yudurda bilməzsən axı. Lispet kapellanın uşaqlarıyla oynayır və bazar günləri məktəbində təhsil alırdı; evdə nə qədər kitab varsa, hamısını dəfələrlə oxumuşdu və günbəgün nağıllardakı şah qızları kimi gözəlləşirdi. Kapellanın arvadı deyirdi ki, Lispeti Simlada dayə kimi, ya da başqa “səviyyəli” yerdə işə düzəltmək lazımdır. Lakin Lispet kiməsə qulluq etmək istəmirdi. O elə indi yaşadığı yerdə də xoşbəxt idi.

      Səyyahlar – həmin vaxt onların sayı elə də çox deyildi – Kotqarxa gələndə o, adətən, öz otağına qapanırdı – qorxurdu ki, onu Simlaya, yad adamların yanına apararlar.

      Bir dəfə, artıq on yeddi yaşı olanda Lispet gəzməyə çıxmışdı. O, evdən ingilis xanımları kimi bir mil, mil yarım uzaqlaşıb sonra da geriyə faytonda, ya da at belində qayıtmırdı. Lispetin başmaqseyri Kotqarxla Narxund arasındakı iyirmi-otuz mil məsafə idi – gəzəndə belə gəzirdi. Bu dəfə o artıq qaş qaralanda qayıtdı – əlində nəsə ağır bir şey, dik yamacdan enirdi. Yükün ağırlığından əldən düşən Lispet nəfəsini zorla dərərək ayaqlarından daş asılıbmış kimi içəri girəndə keşişin arvadı qonaq otağında mürgü döyürdü. O, yükünü mizin üstünə qoyub sakitcə dedi:

      – Bu mənim ərimdir. Onu Baqi yolunun üstündə tapdım. Əzilib. Sağaldarıq onu, düzələndə sizin əriniz kəbinimizi


Скачать книгу

<p>3</p>

Kauri – pul kimi istifadə edilən balıqqulağı

Яндекс.Метрика